Neftiylə döyüşən
Bakının "Qəhrəman şəhər" adı
daşıması tarixi ədalətin bərpası olardı
1942-ci il noyabrın 8-də
Çörçill Stalinə teleqram göndərir:
"Şübhəsiz sizə məlumdur ki, Hitler
Bakını almaq ümidini itirəndən sonra onu hava
hücumları ilə dağıtmağa cəhd edir. Xahiş
edirəm, mənim bu məlumatıma inanasınız".
Bir gün sonra Stalin cavab
teleqramında Bakı haqqında məlumata görə
Çörçillə təşəkkür edir və əks-hücumlara
hazırlıq aparıldığını bildirir. Əslində
Hitlerin məlum bəyanatı hamıya bəlli idi: "Əgər
Bakı neftini ələ keçirməsək, müharibəni
uduzacağıq". O düşünürdü ki, neft
resurslarına malik olmayan Almaniya dünyaya ağalıq
iddiasını yalnız bu yolla təmin edə bilər.
1941-ci il iyunun 23-də-müharibənin başlanmasından bir təqvim günü sonra "Pravda" qəzeti Bakı neftçilərinə istinadən "Cəbhəyə nə qədər neft lazımdır, verəcəyik" başlıqlı məqalə dərc edir və yazıda müharibənin taleyi üçün Bakı neftinin önəmini və azərbaycanlıların bu amansız savaşa qəhrəmanlıqla hazır olduqlarını qiymətləndirir. Müharibə gözlənildiyindən də dəhşətli olur, çünki "ildırım sürətli plan"a əsasən ilin axırınadək Xəzər sularında alman gəmiləri üzməli idi. Odur ki, çox keçmədən müharibəyə neftdən, tankdan, topdan, canlı qüvvədən başqa qan da lazım olur, insanların damarlarından axan qan. Bu məsələdə də Azərbaycan birinciliyi əldən vermir. Respublika Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Qan Bankının baş həkimi Qiyas Hüseynov görkəmli alim İsfəndiyar İbrahimbəyovun rəhbərlik etdiyi Respublika Qanköçürmə Stansiyası Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətilə birgə cəbhənin qanla fasiləsiz təchizatı işini təşkil etməyə başlayır. Donor hərəkatına bütün əhali, xüsusilə Bakıda fəaliyyət göstərən idarə və təşkilatlar, fabrik və zavodlar, elm və təhsil müəssisələri cəlb edilir. Bakının 19 rayonunun 16 poliklinikasında donor məntəqəsi yaradılır. İri zavod və fabriklərdə və başqa müəssisələrdə qan verən adamların yığılması və müayinədən keçməsi üçün müvafiq məntəqələr təşkil edilir. Müharibə başlayandan Azərbaycan cəbhəyə 1941-ci ildə 217 litr, 1942-ci ilin sonunda 1640 litr, müharibənin sonunadək isə 7 ton qan göndərir.
Bakı zavodları 130 növ müxtəlif silah və hərbi sursat-minomyotlar, tank əleyhinə minalar, qumbaralar, təyyarə, tanklar üçün detallar və sair istehsal etməklə ön cəbhəyə işləyirdi. Elektrik enerjisi ilə təchizatına görə də SSRİ-də 3-cü yeri tuturdu.
Həmin illərdə SSRİ, ABŞ və İngiltərə arasında bağlanan müqaviləyə görə SSRİ-yə hərbi texnika satıla bilərdi. Bu yüklər Afrika sahillərindən keçməklə Hind okeanından Xəzərə gətirilirdi. Oradan da Azərbaycan ərazisindən cəbhəyə göndərilirdi. 1942-ci il sentyabrın 1-də Zaqafqaziya Dəmiryolu xəttində dayanan 15.500 yük vaqonundan 11.500-ü Azərbaycana məxsus idi. Bunların 273 vaqonu hərbi sursat, 142-si hərbi əmlak, 89-u təyyarə, aviasiya əmlakı və digər yüklər idi. Digər iki respublikanın payına isə cəmi 4 min vaqon düşürdü.
Azərbaycan elmi ilə də SSRİ-ni qələbəyə aparırdı. Müharibə illərində Azərbaycanın neft mütəxəssisləri yalnız Bakıda deyil, SSRİ-nin digər neft hasil edən şəhərlərində, respublikalarında çalışırdı. Türkmənistanın, Tatarıstanın, Sibirin neft hasil edən zavodlarının bir çoxunun əsası azərbaycanlı mütəxəssislər tərəfindən qoyulub. Bu, texnikanın həlledici rol oynadığı ən böyük müharibə idi. Onun taleyi yüksək hərbi texnikanı hərəkətə gətirən neftdən, xüsusilə də aviasiya benzinindən asılı idi. Böyük alim Y.Məmmədəliyevin kəşf etdiyi yüksək oktanlı benzin, şaxtaya davamlı sürtkü yağları texnikanın işləməsində olduqca vacib idi. Məhz bu xidmətlərinə görə 1946-cı ildə Y.Məmmədəliyevə SSRİ Dövlət Mükafatı verilmişdi. Cərrah Fuad Əfəndiyevin tibbdəki xidmətləri - döş qəfəsinin yarılması prosesində qanaxmaların qarşısının alınması və qanköçürmə ilə əlaqədar elmi uğurları minlərlə yaralı əsgərin müalicə olunub döyüşə qaytarılmasında böyük rol oynadı. Leninqradın (Sankt-Peterburq) blokadasında azərbaycanlı cərrah Mahmudbəyov hospitalın baş cərrahı kimi minlərlə adamı həyata qaytarıb.
Ölkəmizdən cəbhəyə yollanan 700 min vətəndaşın 11 mini qadın idi.
Mazdok ətrafındakı döyüşlərdə iştirak edən Böyükxanım Mircavadlı 87 əsgəri döyüş meydanından çıxarıb, bir alman döyüşçüsünü əsir götürüb. O, "Qırmızı ulduz" ordeni almış ilk azərbaycanlı qadındır. Arxa cəbhədəki qadınlar da onlardan geri qalmırdı. Azərbaycanın rayonlarında, kəndlərində qadınlar əsgərlər üçün isti corab, əlcək toxuyub fabriklərdə isti paltarlar tikərək cəbhəyə göndərirdilər. Bir sözlə, müharibəni neftdən, paltardan, ərzaqdan tutmuş hər şeylə təmin edən Azərbaycan cəbhənin bazası idi.
Mədəniyyət və incəsənət xadimləri qələbə qazanılmasında böyük fədakarlıqlar göstərirdi. Şairlər, yazıçılar, müğənnilər ən qaynar cəbhələrə gedir, döyüşçülərin qələbə əzmini gücləndirirdilər.
İkinci Dünya müharibəsində göstərdiyi fədakarlıqlara görə Bakıya "Qəhrəman şəhər" adının verilməsi SSRİ dövründə dəfələrlə müzakirə olunub. Vaxtilə N.Baybakov Bakının "Qəhrəman şəhər" adını daşımasına layiq olduğunu deyib və xüsusilə vurğulayıb ki, müharibənin birinci ilində SSRİ-də 33 milyon ton neft istehsal olunub ki, bunun da 23,5 milyon tonu Azərbaycanın payına düşür: "Müharibəyə qədər Azərbaycanda neft sənayesində qadınlar rəhbər vəzifələrdə çalışmayıb, müharibə zamanı isə 5 müəssisənin rəhbəri qadınlar olub. Berlin alınarkən şəhərin səmasında dolaşan 5 min təyyarənin hamısı Bakı nefti ilə hərəkət edirdi. "Qəhrəman şəhər" adını daşımaq Bakının haqqıdır". Baybakov həmin toplantıda İ.Stalinin məlum və məşhur frazasını da xatırlatmışdı: "Hitler Qafqaza can atır. Elə etmək lazımdır ki, neftin bir damlası da düşmənə qismət olmasın. Əgər almanlar neftimizi ələ keçirsələr, sizin hamınızı güllələyəcəyik. Yadda saxlayın ki, siz neft sahələrini düşmənin əlinə keçməsin deyə əvvəlcədən məhv etsəniz və almanlar bu ərazini tutmasalar onda siz yenə də güllələnəcəksiniz".
Bakını və onun neftinin əhəmiyyətini bundan yaxşı daha necə ifadə etmək olar?!
Lakin hər dəfə bəhanələr gətirilərək haqq-ədalət öz yerini almır. Bəhanə də odur ki, Bakı cəbhə şəhəri olmayıb, orada döyüşlər getməyib. Müharibədən dərhal sonra 11 şəhərə - Moskva, Leninqrad, (Sankt-Peterburq), Stalinqrad (Volqaqrad), Kiyev, Minsk, Odessa, Tula, Brest, Kerç, Novorossiyk, Sevastopola "Qəhrəman şəhər" adı verildiyi halda Bakıya bu ad hələ də verilməyib.
SSRİ rəhbərliyi çox gözəl bilirdi ki, müharibənin gedişində ad gününü qeyd edən Hitlerə SSRİ formasında hazırlanmış tort təqdim ediləndə və ona deyiləndə ki, bu tortun hansı hissəsini yemək istərdiniz? Hitler düşünmədən tortun Bakı hissəsini kəsib götürmüşdü. Faşizm üzərində qələbədə göstərdiyi şücaət paytaxtımızın "Qəhrəman şəhər" imicini formalaşdırmış və qeyri-rəsmi olaraq ona bu adı qazandırmışdı.
Azərbaycan xalqının arzusu odur ki, 65 il keçməsinə baxmayaraq tarixi ədalət bərpa olunsun, Bakı layiq olduğu "Qəhrəman şəhər" adını daşısın.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2010.- 8 may.- S.
13.