Azərbaycanın Moskvadakı səfirliyində
azərbaycanlı veteranlarla görüş
keçirilmişdir
Böyük Qələbənin 65 illiyi ərəfəsində Azərbaycanın Moskvadakı səfirliyində Böyük Vətən müharibəsinin Moskvada yaşayan azərbaycanlı veteranlarının səfir Polad Bülbüloğlu ilə görüşü keçirilmişdir.
Səfir soydaşlarımızı bu əlamətdar bayram münasibətilə təbrik etmiş, göstərdikləri rəşadətə görə onlara təşəkkürünü bildirmişdir. O, ölkəmizin rəhbərliyinin müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışdır. Azərbaycanda müharibədə həlak olanların xatirəsi həmişə əziz tutulur, veteranlara böyük ehtiram göstərilir. Azərbaycandan 600 mindən çox adam cəbhəyə yola düşmüş, onların yarısı döyüş meydanlarında həlak olmuşdur. Sankt-Peterburqdakı Piskaryov məzarlığında Azərbaycanda müharibəyə getmiş və Leninqradın müdafiəsi zamanı döyüşlərdə həlak olmuş əsgərlərin xatirəsinə memorial lövhə açılmışdır. P.Bülbüloğlu vurğulamışdır ki, Böyük Vətən müharibəsində qələbənin qazanılmasında cəbhəni yanacaq və sürtkü yağları ilə təchiz etmiş Bakı neftçilərinin əvəzsiz rolu olmuşdur.
Diplomat demişdir ki, Azərbaycan Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcəkdir və artıq 75 Azərbaycan hərbçisi Rusiya paytaxtına gəlmişdir. Onların 70 nəfəri Qızıl meydandan təntənəli marşla keçəcəkdir.
Azərbaycan veteranları Hüseyn Axundov, Əbdül Hüseynov, Cahangir Kərimov, Əhməd İskəndərov, Bəhram Rəcəbov, Güldadaş Dadaşov, Əli Hüseynov səmimi görüşə görə səfirə təşəkkürlərini bildirmişlər.
Görüşün sonunda veteranlara xatirə hədiyyələri və pul mükafatları təqdim olunmuşdur. Görüşdə iştirak edə bilməmiş iki veteran qadın - Qədriyə-Ülkər Səlimova və Zəkiyə Usubovanı səfirliyin nümayəndələri evlərində təbrik etmişlər.
Görüşdə səfirliyin hərbi attaşesi Tofiq Salmanov iştirak etmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2010.- 8 may.- S.
14.