Biz o şəhərə gedəcəyik

 

Şuşaya uzanan yollar isə Ağdamdan, Xocalıdan keçir

 

1992-ci ilin 8 may gününü Qəbələdə necə qarşıladığım bütün təfərrüatı, danışılanların və eşitdiklərimin dəqiq çərçivəsi və mahiyyəti ilə necə var o cür də yadımdadır. Donmuş xatirələrin soyuğu yəqin ki, heç vaxt canımdan çıxmayacaq. Qohum toyunda iştirak etməməyin sonralar həmişə yüngülcə məzəmmət, azacıq da olsa giley-güzarla xatırlandığını nəzərə alıb ailəlikcə dəvət olunduğumuz xeyir işə qatılmışdıq.

Paytaxtda baş verən çeşidli siyasi hadisələrin, fırtınalı dənizi xatırladan narahatçılığın, nigarançılığın və gümansızlığın içindən sıyrılıb uzaq dağ rayonuna yollansam da, ürəyim Bakıda, Qarabağda baş verənlərin axarı ilə çırpınırdı. Erməni fitnəkarlığının cövlan etdiyi məqamda çoxları kimi mənim də ürəyimdən hadisələrin mərkəzində olmaq, hər şeyi gözlərimlə görmək, işin xeyrinə azacıq da olsa fayda vermək keçirdi. Amma hər kəsin öz vəzifəsi, taleyi, qisməti vardı və ön cəbhədə nələr baş verdiyini, vətən oğullarının necə cəsurluqla vuruşduğunu, istiqlaliyyətimizi və suverenliyimizi öz qanları, canları hesabına qoruduqlarını milyonların diqqətinə çatdırmaq da lazım idi və biz qələm sahiblərinin də üzərinə məhz bu vəzifə düşürdü.

Toy sahibləri, məclisə dəvət olunanlar, elə yeni ailə quran cavanın özü də sanki günah iş görmüş adamlar kimi hərəkət edir, bir-biri ilə astadan, ehmalca danışırdılar. Hamının gözü yol çəkir, sanki nə isə bəd xəbər gözləyirdilər. Bəyin atası qonaqları qarşılayarkən bircə-bircə hamıya pıçıldayırdı ki, vallah, vətənin bu günündə istəməzdim toy eləyək, camaat neçə vaxtdı məni qınayır ki, uşaqları bu qədər nişanlı saxlamaq dədə-baba adətinə görə düz deyil. Nə isə... Axırı xeyir olsun.

...Toy sahibi ürəyini boşaltdığı dəqiqələrdə Şuşada döyüşlər gedirdi, yiyəsiz, sahibsiz şəhərin dinc sakinləri öz yurdlarını düşmən gülləsinin altında çarəsiz tərk edirdilər. Toya öz gitarası ilə gələn köhnə dostum, Ağdaş musiqi məktəbinin müəllimi Akif Hacıbalayev qoluma girib məni kənara çəkdi: "Adaş, yolda maşının radiosunda "Mayak"dan eşitdim ki, ermənilər Şuşaya giriblər. Sən bilən, düz olar?!

Sözün düzü, mayın əvvəllərindən hər dəqiqə bu acı xəbəri gözləyənlərdən biri kimi möhkəm sarsıldım. Toya musiqi bəzəyi verəcək bir adamın təbii ki, bəzəkli-düzəkli yalana qətiyyən ehtiyacı yox idi. O vaxtlar yerli informasiya mənbələrinin astagəlliyi, necə deyərlər, suyu üfürə-üfürə içdiyi çoxlarının yadındadır və kimsə Moskva radiosundan, "Azadlıq"dan, "Bi-Bi-Sİ"dən eşitdiyi informasiyalara əsasən nə isə danışırdısa, o adamları da qınamaq olmurdu.

- Akif müəllim, inanmıram, Şuşa kimi qalaya erməninin ayaq basmasını heç cür təsəvvür eləmirəm - dedim. Sən cavanların xeyir işini yola ver, inşallah, hər şey yaxşı olar.

Akif Hacıbalayevi bütün Şirvanda istedadlı gitaraçı, həm də gözəl insan kimi tanıyırlar. Onun dəvət olunduğu toylar həmişə şurlu keçib, indi də belədir. Akif müəllim dünyagörüşünə, savadına, erudisiyasına görə də həmkarları arasında seçilir. Onun sözünə inanır, razılaşırlar. Bilirdim ki, musiqiçilərə, toya gələnlərə eşitdiyini danışsa, məclisə bir soyuqluq, pərişanlıq qatılacaq. Hər halda neçə ilin gözləntisinə son qoyulur, təzə ailə qurulurdu. Odur ki, min cür fikir-xəyalın içində musiqiyə qulaq asmalı, deyilənləri dinləməli olduq.

O toyun, büsatın görüntüləri, oynanan rəqslər, ifa olunan muğamlar, mahnılar, söylənilən tostlar hələ də göz yaddaşımda səssiz və ləngidilmiş formatda təqdim edilən videomənzərələr kimi yaşayır. Cavanların çılğın, yüyrək rəqsləri, müğənninin əlində mikrofon bəy tərifi deməsi, Akif müəllimin uzun nazik barmaqlarını gitaranın simlərində ustalıqla gəzdirməsi xatirimdəcə donub qalıb - lap qədim qayaüstü rəsmlər kimi...

Şuşa da yaddaşımdan sanki istedadlı fırça ustalarının yığılıb birgə yaratdığı natürmort və qravürlər toplusu kimi boy göstərir. İsa bulağının dondan sırsıra bağlamış suyu, Xan mağarasının, Şuşa qalasının, Bülbülün ev-muzeyinin, Xurşud banu Natəvanın saray kompleksinin, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrinin, Mir Mövsüm Nəvvabın evinin, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsinin yanıb qarsalanmış siluetləri gözlərim önündən çəkilmir. Hələ ötən əsrin 70-ci illərində tələbə ikən yolumuz Qarabağa düşəndə mütləq Qalaya da qalxardıq. Azərbaycanın fəxri sayılan söz-sənət adamları ilə Cıdır düzündə yarımca saatlıq gəzinti, İsa bulağının başında samovar çayı içməyimiz, Üzeyir bəyin, Bülbülün evmuzeylərinə, Cümə məscidinə baş çəkməyimiz bizi nə qədər də zənginləşdirirdi. Dəfələrlə Xudu Məmmədovun, Şahmar Əkbərzadənin, Zeynal Məmmədovun (hər üçü haqq dünyasındadır, qəbirləri nurla dolsun) dəvəti ilə Şuşanı qarış-qarış gəzmiş, dolaşmış, amma doymamışdıq, yorulmamışdıq.

...1982-ci il yanvar ayının 14-də Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gedən media nümayəndələri sırasına telejurnalist kimi düşmək lap ürəyimdən idi. Az.TV-nin çəkiliş qrupunda iki kinooperator vardı - Rüstəm Zülalov və Sergey İşxanov. Xankəndidə qatardan düşəndə ermənilərin Sergeyi duz-buz kimi "yalamaları" indi də gözümün qabağındadır. Bizimlə isə candərdi görüşdülər. Bir-iki saatı bu şəhərdə necə keçirdiyimizi təsəvvür etməzsiniz. Sanki Azərbaycandan minlərlə kilometr uzaqlarda, düşmənlər arasında idik. Ermənilərin buz kimi donuq sifətləri qəlbimizi üşüdürdü. Şuşada isə əhvalımız tamam dəyişdi. Şəhər sakinləri, rayon rəhbərləri bizi doğmaları, əzizləri kimi bağırlarına basdılar, "xoş gəldin" elədilər. Sergeylə də yaxın adamları kimi görüşdülər, hal-əhval tutdular. Qəribəsi bu idi ki, operatorumuz burada özünü sudan çıxmış balıq kimi hiss edirdi. Gözləri yol çəkir, özünü qəribə aparırdı. Əlbəttə, "Miatsum"a hələ altı il qalsa da, azacıq müşahidə erməninin içindən üzünə vuran hissləri duymağa imkan verirdi.

Şuşaya əvvəlcədən gələn qonaqlar, jurnalistlər, dövlət məmurları Azərbaycanın rəhbəri Heydər Əliyevi Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində böyük sevinclə qarşıladılar. Qarlı-şaxtalı gün olsa da, hamının üzündə bir sevinc, nur, qəlbində hərarət vardı. Paytaxtdan gələn adlı-sanlı qələm sahibləri, Şuşa camaatı, televiziya və qəzet müxbirləri xalqın böyük oğlunu səmimiyyətlə, qayğı ilə əhatələmişdi. Heydər Əliyev mərasimdə geniş nitq söylədi, Vaqif yaradıcılığını, fəaliyyət göstərdiyi dövrü ətraflı təhlil etdi, şairin misralarını əzbər söylədi. Məqbərənin açılış mərasimindən sonra Şuşadakı doqquzmərtəbəli mehmanxananın restoranında böyük ziyafət verildi. Heydər Əliyev adəti üzrə jurnalistləri lap yaxınlığında əyləşdirmişdi. Dediklərini tam aydınlığı və dəqiqliyi ilə eşidirdik. Dağlıq Qarabağın rəhbəri Boris Kevorkova tutduğu iradlar da yaxşı yadımdadır. Heydər Əliyev onu Xankəndidə rastlaşdığı erməni dilində yazılmış lövhə və reklamlara, hətta məclisdə gördüyü mineral suların, içki şüşələrinin üstündəki yazılara görə əməlli-başlı məzəmmət etdi, bildirdi ki, bu yazılar ilk növbədə, dövlət dili olan Azərbaycan dilində yazılmalıdır. Yəqin ki, böyük şəxsiyyətin qarşısında Borisin hansı hisslər keçirdiyini, necə utanıb-qızardığını təsəvvür etmək o qədər də çətin deyil...

Şuşa səfərimiz Vaqifin məqbərəsinin açılışı barədə telereportaj hazırlamaqla məhdudlaşmamışdı. İki gün də əlavə bu şəhərdə qalmış, müxtəlif mövzulu materiallar işləmişdik. O illərdə dövlət televiziyasının Dağlıq Qarabağ üzrə təmsilçisi olan Raqub Mustafayev bu işdə bizə yaxından kömək göstərmişdi. Raqub müəllim bizi Şuşanın tarixi-mədəniyyət abidələrinə, sənaye müəssisələrinə, təhsil ocaqlarına aparmış, nüfuzlu simaları ilə tanış etmiş, maraqlı videosüjetlərin hazırlanmasına şərait yaratmışdı. Onu da deyim ki, Sergey İşxanov "xəstəliyi" ucbatından bizi vaxtından əvvəl tərk etmiş, Xankəndiyə, sonra da Bakıya yola düşmüşdü...

Şuşa 18 ildir ki, düşmən əsarətində üzü bizə sarı inləməkdədir. Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi, Zöhrabbəyovların malikanəsi, Cümə məscidinin minarələri, yamyaşıl Qala düzü, ilin bu vaxtları salxımlanan boy-boya söyüdlər bizi soraqlayır, yolumuzu gözləyir. Ürək ağrıdan statistikaya görə, erməni işğalı nəticəsində Şuşada bütövlükdə 279 dini, tarixi və mədəniyyət abidəsi yerlə yeksan edilib. Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşud banu Natəvanın güllələnmiş heykəlləri uzun, əzablı yollar keçərək Azərbaycan paytaxtına gəlib çıxıb. Bu monumental abidələr hazırda İncəsənət Muzeyində saxlanılır.

Şuşaya nə vaxt qayıdacağıq?! İllər uzunudur ki, bu dilemma ilə üzbəüzdəyik. Dördyaşlı nəvəm Kənan bizə gələndə həmişə məni Şuşaya aparacağına söz verir. Mən də ona vəd etmişəm ki, Şuşa azad olunanda mütləq nəvəmin Şuşadakı dədə-baba evinə köçəcəyəm, yəqin ki, o genişlikdə hamımıza yer çatar... Bu şəhərdə yaşamaq çoxdandır ki, arzumdur. Gedəcəyik, inşallah! Amma Kənan kimi balaların böyüməyini, bizi o şəhərə aparmalarını gözləməməliyik. O uşaqları öz əzəli yurdlarına biz böyüklər götürüb getməliyik. Şuşaya gedən yollar isə Ağdamdan, Xocalıdan keçir...

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2010.- 8 may.- S.  14.