Güllələnmiş heykəllərin
fəryadı
Minlərlə günahsız insanın
qanını tökməklə
kifayətlənməyən erməni cəlladları cansız heykəlləri də gülləbaran etdilər. Çox qəribədir, düşmən
əsirliyindən azad
edilmiş, Vətənə,
doğmalar arasına gətirilən "yaralı"
Xan qızının,
Üzeyir bəyin,
böyük nəğməkar
Bülbülün üzlərində
donmuş ifadə elə bil bu
gün daha təsirli görünür.
Sanki qəmli Natəvanın baxışları uzaqlara
dikilib, həsrətdən
üzülübmüş kimi.
Varımdı sinədə dərdü-qəmü nəhan ölürəm,
Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm –
demək istəyir.
Erməni mənəviyyatsızlığına, qəddarlığına yaxşı bələd olan Üzeyir bəy də fikrə dalıb. Gözləri bu günün Koroğlusunu, onun qoç dəlilərini axtarır. Həmişə şaqraq cəh-cəhləri ilə könülləri riqqətə gətirən nəğməkar Bülbül də dərin xəyaldadır. Donmuş dodaqları elə bil bu saat "Sənsiz" fəryadı çəkəcək. Güllələnmiş heykəllərdən göründüyü kimi, erməni cəlladları dünyanın heç bir xalqına mənsub olmayan vəhşilik törətməkdən, cansız heykəlləri bərbad hala gətirməkdən belə çəkinməmişlər. Təəssüf ki, işğal olunmuş torpaqlarımızda yüzlərlə belə qiymətli heykəlin, milli memarlıq abidələrinin, qiymətli muzey əşyalarının taleyi hələ də düşmən əlindədir...
Zəkurə Quliyeva
Azərbaycan.- 2010.- 8 may.- S.
14.