Milli dəyərlərimizin
ensiklopediyası
XX yüzilliyin sonlarından Azərbaycan Respublikası müstəqil, suveren və demokratik bir dövlət kimi dünya dövlətləri sırasına daxil olandan sonra respublika rəhbəri, ümummilli liderimiz Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın milli-mənəvi və maddi dəyərləri daha çox diqqət mərkəzinə çəkilməyə, bu zəngin irsə dövlət səviyyəsində qiymət verilməyə və azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi dəyərləndirilməyə başlanmışdır.
Milli-mənəvi dəyərlərimizin dəqiq elmi və mənəvi-əxlaqi mahiyyətini açan ümummilli lider deyirdi: "Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".
Xalqımızın əsrlər boyu yaratdığı zəngin milli-mənəvi və maddi irsə yüksək qiymət verən ulu öndər arxeoloji və etnoqrafik tədqiqatları daim diqqət mərkəzində saxlayır, bu sahəyə qayğı göstərirdi. Elə 1993-cü ildə AMEA-nın müstəqil sahə institutu kimi Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılması da ulu öndərin təşəbbüsü ilə olmuşdur.
Ümummilli liderimizin varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də özünün uğurlu idarəetmə siyasətində milli-mənəvi və maddi dəyərlərimizə böyük önəm verir, qloballaşma prosesinin hüdudları çərçivəsində bu dəyərlərin dünya sivilizasiyasının yaratdığı şedevrlərlə bir sırada durmasına nail olmaq uğrunda fədakarcasına çalışır. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə birgə Prezidentimiz musiqi mədəniyyətimizin əsas sahələrindən biri olan muğam sənətini YUNESKO səviyyəsində dünyaya tanıtdırmış, aşıq sənətinin də bu zirvəyə çatdırılmasında məqsədyönlü işlər aparırlar. Bundan başqa, Açıq Səma altında Etnoqrafiya Muzeyinin təşkili ilə bağlı Respublika Prezidentinin verdiyi sərəncam da milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına böyük diqqətin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı Azərbaycanın bir sıra elm sahələrinin nümayəndələri kimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Tarixi etnoqrafiya" şöbəsinin əməkdaşlarını da ruhlandırmış, şöbə özünün kadr potensialına arxalanaraq AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor Teymur Bünyadovun rəhbərliyi ilə üçcildlik "Azərbaycan etnoqrafiyası" əsərini nəşrə hazırlamış və bu əsər "Şərq-Qərb" nəşriyyatında nəfis şəkildə çap edilmişdir. Redaksiya heyəti haqlı olaraq bu əsəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf etmiş və bununla da ulu öndərin Azərbaycan etnoqrafiyası elminə göstərdiyi böyük qayğının əvəzsiz olduğunu bildirmişlər.
Üçcildlik "Azərbaycan etnoqrafiyası" əsərini tam cəsarətlə milli-mənəvi dəyərlərimizin geniş tarixi-etnoqrafik ensiklopediyası adlandırmaq olar. Cildlərdə Azərbaycan etnoqrafiyası elminin dörd böyük problemi - təsərrüfat və ailə məişəti, maddi və mənəvi mədəniyyət problemləri özünün tarixi-etnoqrafik baxımdan ümumiləşdirilmiş əksini tapmışdır.
Bu fundamental tədqiqat əsərinin cildləri ilə yaxından tanış olduqca Azərbaycanın xalqşünas alimlərinin - tarixçi-etnoqraflarının böyük əmək və zəhmət bahasına toplayaraq itib-batmağa qoymadıqları empirik biliklər, təcrübələr və əməli vərdişlər sisteminə heyran qalır, onların necə bir şərəfli işlə məşğul olduqlarına ən azı həsəd aparırsan. Doğrudan da zaman dəyişir, sosial-iqtisadi quruluşlar bir-birini əvəzləyir və buna müvafiq olaraq da məişət və mədəniyyətdə yeni keyfiyyət dəyişiklikləri baş verir, keçmiş məişətə və mədəniyyətə xas olan maddi mədəniyyət nümunələri, təsərrüfat sistemləri, ailə normaları yeniləşir, köhnələr isə unudulur. Etnoqraf-alimlərimizin ən böyük fədakarlığı ondan ibarətdir ki, onlar aradan çıxan, tarixə çevrilən hər bir milli-mənəvi və maddi dəyəri, xalq təcrübəsini qələmə alıb nəsillər arasında körpü yaradırlar. Bu baxımdan üçcildlik "Azərbaycan etnoqrafiyası" əsərinin həm elmi ictimaiyyət, həm də geniş xalq kütlələri içərisində necə böyük elmi və təcrübi əhəmiyyətə malik olduğunu ortaya qoymuş olur. Əsərdə xalqımızın təsərrüfat və ailə məişətinin, sənət dünyasının, maddi və mənəvi aləminin elə köklü məsələləri öz əksini tapmışdır ki, bunlar bu gün də öz milliliyini, türk etnik-mədəni mühitinin milli müəyyənlik göstəricisi kimi əhəmiyyətini qoruyub saxlayır, xalq təcrübəsinin geniş mənzərəsini göz önündə canlandırır. Əkinçi babalarımızın, maldar elatlarımızın, sənət yanğısı ilə yaşayan və yaradan el sənətkarlarımızın, sinəsi minbir hikmət yatırlı ağsaqqal və ağbirçəklərimizin əsrlər boyu sınaqdan keçirərək zənginləşdirdiyi məişət və mədəniyyət xalqımızın tarixi keçmişini, adət-ənənələrini, təxəyyül və fəhm imkanlarını, inam və etiqadlarını, dünyabaxışını və s. öyrənmək üçün olduqca dəyərli milli zəmin yaradır.
"Azərbaycan etnoqrafiyası"nın birinci cildində yardımçı təsərrüfat sahələrindən olan ovçuluq, balıqçılıq və arıçılıq haqqında da olduqca dəyərli etnoqrafik materiallarla tanış ola bilirik.
"Azərbaycan etnoqrafiyası"nın ikinci cildini bütövlükdə maddi mədəniyyət və ailə məişəti problemlərinin öyrənilməsinə həsr edən etnoqraf-alimlər ilk dəfə olaraq xalqımızın maddi mədəniyyətinin təkamülünə, daxili imkanları hesabına inkişaf edərək zənginləşməsinə təsir göstərən bütün təbii-tarixi, iqtisadi-sosial və etno-mədəni amilləri yeni baxış prizmasından araşdırmış, maddi mədəniyyətin formalaşmasında tarixi varislik prinsipinin, genetik yaddaşın və xalqın əsrlər boyu yaratdığı bilik və bacarıqlar, əməli vərdişlər sisteminin rolunu göstərmiş, ayrı-ayrı bölgələrin maddi mədəniyyətinin spesifik-lokal cəhətlərini ümumiləşdirərək maddi mədəniyyət kompleksimizin tam elmi-etnoqrafik mənzərəsini yaratmışlar.
Üçcildliyin ikinci cildinin sonuncu - VI fəsli xalqımızın ailə və ailə-məişəti məsələlərinin geniş tarixi-etnoqrafik tədqiqinə həsr olunmuşdur. Bu fəsildə ailə (böyük ailə və ya ailə icması, patronimiya, kiçik ailə), nikah (monoqamiya, poliqamiya, ekzoqam və endoqam nikahlar, kuzen nikahlar) və onunla bağlı məsələlər - nikah adətləri, nikah üsulları və s. toy, uşaqların tərbiyəsi və dəfn kimi ailə və ailə məişəti problemlərinə bütün təfərrüatı ilə aydınlıq gətirilmiş, ailə sosial-tarixi kateqoriya, insan cəmiyyətinin ilkin özəyi kimi təqdim olunmuş və tarixi təkamül, inkişaf kontekstində araşdırılmışdır. Əsərdə təkamül prosesi Eneolit (Mis-Tunc) dövrünün sonlarına təsadüf edən ailə mənəvi dəyərlərin, adətlərin və mərasimlərin icra edildiyi kiçik təbii kollektiv, təbii və sosial münasibətlərin dialektik vəhdəti və birliyi kimi dəyərləndirilmişdir. Əsərdə Azərbaycan ailəsinin keçdiyi təkmilləşmə yolu ətraflı izlənmişdir.
Fundamental tədqiqat əsərinin üçüncü cildi mənəvi mədəniyyət problemlərinin öyrənilməsinə həsr olunub. Ulu öndər Heydər Əliyev xalqımızın mənəvi dünyasının zənginliyini yüksək qiymətləndirərək yazırdı ki, xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Üçcildlik "Azərbaycan etnoqrafiyası" Azərbaycan dilində yazılan, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda qələmə alınan geniş, əhatəli, etnoqrafik problemlərin tədqiqində və şərhində obyektiv reallığa əsaslanan, milli-mənəvi və maddi dəyərlərimizin dünya çapında təbliğinə xidmət edən tarixi-etnoqrafik ensiklopediyadır.
Üçcildlik "Azərbaycan etnoqrafiyası" kimi fundamental tədqiqat əsərini araya-ərsəyə gətirdikləri üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinə, "Tarixi etnoqrafiya" şöbəsinin yaradıcı kollektivinə, xüsusilə tədqiqat işinin rəhbəri, akademik Teymur Bünyadova və bütün texniki personala minnətdarlığımızı bildirir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Belə hesab edirik ki, üçcildlik "Azərbaycan etnoqrafiyası" adlı fundamental tədqiqat əsəri Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatına təqdim olunan layiqli əsərdir.
Asəf NADİROV,
Akademik
Azərbaycan.- 2010.- 8 may.- S.
15.