"Heydər Əliyev və
inkişafın Azərbaycan modeli"
Ümummilli liderin anadan olmasının 87-ci
ildönümünə həsr edilmiş konfrans
Yeni Azərbaycan Partiyası mayın
8-də "Gülüstan" sarayında partiyanın
yaradıcısı, müasir müstəqil dövlətimizin
memarı və qurucusu, xalqımızın ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümünə həsr olunmuş "Heydər Əliyev
və inkişafın Azərbaycan modeli" mövzusunda
konfrans keçirmişdir.
Konfrans
iştirakçıları əvvəlcə Fəxri xiyabana
gələrək dünya şöhrətli siyasi xadimin xatirəsini
ehtiramla yad etmiş, məzarı önünə əklil və
gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi
anılmış, məzarı üzərinə
gül-çiçək düzülmüşdür.
Prezident Administrasiyasının məsul işçilərinin, nazirlərin, dövlət komitələri, şirkətləri və agentlikləri rəhbərlərinin, Milli Məclisin deputatlarının, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü ilə YAP sədrinin müavini - icra katibi, parlamentin deputatı Əli Əhmədov açmışdır. O bildirmişdir ki, 2003-cü ildən başlayaraq, Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi və təbliği məqsədi ilə hər il onun anadan olduğu gün ərəfəsində konfrans keçirir. Bu il də əvvəlki illərdə olduğu kimi, konfransın materialları partiyanın İcra Katibliyi tərəfindən toplanaraq eyniadlı kitab şəklində çap olunmuşdur.
YAP sədrinin müavini qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü hər il xalqımız tərəfindən geniş və yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Bu il də ölkəmizin hər yerində, dünyanın azərbaycanlıların yaşadığı hər bir ölkəsində ulu öndərin xatirəsi anılır, ona insanların dərin hörmət və ehtiramı bir daha vurğulanır.
Əli Əhmədov bildirmişdir ki, bütün bunların hamısı tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətə xalqımızın dərin məhəbbətini göstərməklə yanaşı, həm də Azərbaycanda formalaşmış dövlətçilik təfəkkürünün ifadə formalarından biridir. Müasir müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramın ifadə olunması, eyni dərəcədə dövlətçiliyimizə vətəndaş hörmət və ehtiramının ifadəsidir.
YAP sədrinin müavini vurğulamışdır ki, Azərbaycanın son 40 illik inkişaf tarixi birbaşa Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin formalaşması, bununla yanaşı cəmiyyətin bütün sahələrinin yüksək dinamik inkişafı Heydər Əliyevin adı, fəaliyyəti və ideyaları ilə əlaqədardır. Bu gün Azərbaycanın yüksək inkişaf nümunələri nümayiş etdiridiyini vurğulayan natiq bildirmişdir ki, ölkəmizin tərəqqisi, müasirləşməsi, ölkənin bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması ulu öndərin ideyalarının hər bir vətəndaşımız tərəfindən həyata keçirilməsinin bariz ifadəsidir.
Əli Əhmədov məmnunluq hissi ilə qeyd etmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət məhz ümummilli liderin ideyaları əsasında qərar tutmuşdur. Heydər Əliyev ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayanır.
Bugünkü konfransın inkişafın Azərbaycan modelinə həsr olunduğunu diqqətə çatdıran sədr müavini, həmin modelin tərkib hissələri olan yüksək iqtisadi dinamikanı, onun formalaşması üçün siyasi-ictimai zəmin hazırlamış daxili sabitliyi, bazar iqtisadiyyatı ilə sosial ədalət prinsiplərinin qovuşması nəticəsində yaranmış sosial bazar prinsiplərini, eyni zamanda, ölkəmizin beynəlxalq inteqrasiya proseslərinə qovuşmasını xüsusi qeyd etmişdir. Məhz bu modelin formalaşması nəticəsində Azərbaycanda bütövlükdə müasirləşmə və yeniləşmə prosesləri uğurla həyata keçirilmişdir. Bu modelin mahiyyətinin Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət etdiyi xüsusi vurğulanmışdır.
Konfransda YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov "İnkişafın Azərbaycan modeli və təhsilimiz" mövzusunda məruzə ilə çıxış etmişdir. Nazir qeyd etmişdir ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir.
Azərbaycan dövlətinin elmə, təhsilə həmişə xüsusi diqqət yetirdiyini vurğulayan nazir demişdir ki, təhsil xərclərinin ilbəil artması Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Bu mənada "təhsil əsri" elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.
Qeyd olunmuşdur ki, təhsilə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata çatmış, 2009-cu ildə isə 1,3 milyard manat təşkil etmişdir.
Təhsil tariximizdə ilk dəfə olaraq Prezident tərəfindən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi haqqında" Sərəncam imzalanmış, 2008-ci və 2009-cu illərdə müsabiqələr keçirilmiş, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş 50 məktəbin hər birinə 10 min manat, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş 100 müəllimin hər birinə 5 min manat məbləğində birdəfəlik pul mükafatı verilmişdir.
Məhz dövlətimizin başçısının təhsilə diqqət və qayğısının nəticəsidir ki, təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması mümkün olmuşdur.
Nazir qeyd etmişdir ki, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması həyata keçirilmişdir. Məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqla təchiz edilmişdir. 550-dən çox məktəb əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuşdur. 708 məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqla təchiz edilmişdir.
Bildirilmişdir ki, yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zəruri etmişdir. 2003-2009-cu illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 35 milyon nüsxə dərslik çap edilmişdir.
Dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblilərinin uğurları barədə danışan nazir vurğulamışdır ki, son illər bu yarışlarda 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla ümumilikdə 99 medal qazanılmışdır.
Davamlı insan inkişafı sahəsində ölkənin təhsil müəssisələrində həyata keçirilən islahatlar BMT tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan təcrübəsi bütün üzv ölkələrə nümunə kimi tövsiyə olunmuşdur.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Arif Rəhimzadə "Yeni inkişaf mərhələsində" mövzusunda məruzəsində bildirmişdir ki, Prezident İlham Əliyevin iqtisadi sahədə keçid dövrünün başa çatması barədə bəyanatı ölkəmizin irəliləyişində yeni mərhələnin başlandığını nümayiş etdirmişdir. Bu irəliləyiş təkcə ölkənin iqtisadi qüdrətinin artması ilə deyil, həm də keyfiyyətcə yeni hədəflərin müəyyənləşdirilməsi, daha mürəkkəb vəzifələrin yerinə yetirilməsi ilə bağlı olacaqdır.
Həmin vəzifələr sırasında ən vacibi idxalı əvəz edən məhsul istehsalının artırılması barədə dövlət başçısının göstərişidir.
İdxalın əvəz edilməsi problemi heç də bu gün əmələ gəlməmişdir. Ötən 15 ildə sənaye və kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi və istehlak olunan məhsullar içərisində özümüzün istehsal etdiyimiz malların payının artırılması üçün faydalı tədbirlər görülmüşdür. Bu tədbirlər ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən proqramın tərkib hissəsidir.
A.Rəhimzadə qeyd etmişdir ki, kredit siyasəti, elektroenergetika, yol və digər kommunikasiya obyektlərinin, məhsul emalı və saxlanması müəssisələrinin tikintisinə dair genişmiqyaslı proqram, kiçik və orta biznesin dəstəklənməsi, hüquqi şəxslərin qeydiyyatının sadələşdirilməsi xətti ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur və reallaşdırılan digər tədbirlər həmin məqsədlərin əldə edilməsinə yönəldilmişdir.
Milli Məclisin komitə sədri bildirmişdir ki, ideya nə qədər cəlbedici olsa da, əvvəllər o, üstün vəzifə kimi irəli sürülə bilmirdi. Ölkənin sosial-iqtisadi göstəriciləri, yüksək inkişaf dinamikası bu vəzifənin qarşıya qoyulması üçün təməl yaratmışdır. Ötən il dünyada maliyyə böhranının hökm sürdüyü şəraitdə belə, Azərbaycan ÜDM-in və sənaye istehsalının artımına görə lider mövqelərini qoruyub saxlaya bilmişdir. Kənd təsərrüfatı məhsullarının həcmi 3,5 faiz artmışdır. Makroiqtisadi sabitlik qorunmuş, investisiya və sosial proqramlar yerinə yetirilmiş, inflyasiyanın xeyli azaldılmasına nail olunmuşdur. Ölkənin valyuta ehtiyatları rekord göstəricilərə çatmışdır.
A.Rəhimzadə vurğulamışdır ki, aqrar sahə ölkə iqtisadiyyatında həmişə çox böyük yer tutmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu sahəni əsas prioritetlərdən biri sayırdı.
Ölkənin son illər artan iqtisadi potensialı və büdcə imkanları bu sahəyə dövlət dəstəyinin həcmini artırmağa imkan vermişdir. 2004-cü ildən başlayaraq fermerlərin yanacağa, sürtkü materiallarına və mineral gübrələrə çəkdikləri xərclərin xeyli hissəsi dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilir. Fermer təsərrüfatlarının və kənd təsərrüfatı məhsullarının emalı sahəsinin inkişafına güzəştli kreditlər ayrılır. Kənd təsərrüfatı maşınlarının və avadanlığının lizinqi getdikcə daha çox inkişaf edir. Təsərrüfatlar güzəştli şərtlər əsasında məhsuldar mal-qara ilə təmin edilir. Buğda becərilməsinə görə xeyli güzəştlər müəyyənləşdirilmişdir. Təsərrüfatların texnika və avadanlıqla təchizatı yaxşılaşdırılır, onlara aqrotexniki xidmət göstərən müəssisələr yaradılır. Kənd yerlərində məhsulun emalı, saxlanması və tədarükü müəssisələri tikilir ki, bu da itkilərin azaldılmasına, kəndlilərin istehsal fəaliyyətindən götürdükləri gəlirlərin artırılmasına şərait yaradır. 2008-2015-ci illərdə respublika əhalisinin etibarlı ərzaq təminatına dair dövlət proqramı həyata keçirilir.
Natiq qeyd etmişdir ki, idxalın əvəz edilməsi, daxili bazarın qorunması və özümüzün istehsal etdiyimiz məhsulların ixracının artırılması bütövlükdə aqrar sektorun inkişafına yeni yanaşmadır. Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni olan bu vəzifənin qarşıya qoyulması ölkəmizin iqtisadi qüdrətinin dinamik inkişafının bariz nümunəsidir.
Milli Məclisin komitə sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev "Azərbaycanda keçid dövrünün başa çatması və milli iqtisadi inkişaf modelinin formalaşması" mövzusunda məruzəsində bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və uğurla reallaşdırılan milli iqtisadi inkişaf strategiyasının hədəflərinin bir çoxuna nail olunması, milli iqtisadiyyatın formalaşması prosesinin başa çatması və onun keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması çox mühüm hadisə kimi qiymətləndirilməlidir.
Azərbaycanda inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə keçid prosesinin XX əsrin 90-cı illərinin əvvəllərindən başlandığını xatırladan Ş.Hacıyev vurğulamışdır ki, kifayət qədər mürəkkəb xarakterə malik olan və kompleks amillər sisteminin əsaslı şəkildə dəyişdirilməsini nəzərdə tutan bu prosesin iyirmi ildən də qısa müddətdə başa çatması diqqətəlayiqdir. Xüsusi qeyd edilməlidir ki, biz transformasiya dövrünü başa vuraraq bir istimai quruluşdan başqa quruluşa - həm də sadəcə olaraq klassik, yaxud neoliberal dəyərlərin hakim olduğu bazar iqtisadiyyatına deyil, sosialyönümlü bazar iqtisadiyyatına keçmişik.
Ş.Hacıyev bildirmişdir ki, Azərbaycan 2003-cü ildən sonrakı qısa müddət ərzində öz iqtisadiyyatının həsmini üç dəfədən də çox artırmışdır. Respublikamız bütün makroiqtisadi göstəricilərin səviyyəsinə görə indi orta səviyyəli inkişaf etmiş ölkələrlə bir sırada dayanır. Azərbaycan iqtisadi gücünə və potensialına görə regionun lider ölkəsinə çevrilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun "Sosial müdafiənin Azərbaycan modeli" məruzəsində bildirilmişdir ki, hər bir cəmiyyətin həyatının dəyərləndirilməsinə diqqəti çəksək, inkişafın əsas məqsədi olan sosial rifah ön plana çıxır. Azərbaycanın sosial müdafiə modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış, dövlət quruculuğu fəlsəfəsinin başlıca elementlərindən biri kimi meydana gəlmişdir.
S.Mövsümov vurğulamışdır ki, hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdur.
Müstəqillik dövründə sığorta-pensiya sisteminin Azərbaycan modelinin formalaşmasından danışan S.Müslümov bildirmişdir ki, ötən dövrdə sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulmuşdur.
Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının əmək pensiyaçıları arasında ədalətli bölgüsünə imkan vermişdir. Beləliklə, ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır.
Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3 dəfə, orta aylıq məbləği isə 3,4 dəfə artmışdır.
Sığorta-pensiya sisteminin
Azərbaycan modelinin digər mühüm bir cəhəti onun əhatəliliyidir.
2007-ci il yanvarın 1-dən hərbi qulluqçular və
xüsusi rütbəli şəxslərin məcburi dövlət
sosial sığortasına cəlb edilməsi və fərdi
uçotla əhatə olunmasına, həmin şəxslərin
və dövlət qulluqçularının əmək
pensiyaları ilə təminatına keçilmişdir.
İşləyənlərə pensiya və sosial
sığorta müavinətlərinin verilməsi də yeni
qaydalarla əhatə olunmuşdur.
Vurğulanmışdır
ki, Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri
ümummilli lider Heydər Əliyevin sosial müdafiənin
yenidən qurulması strategiyasının və onun icrası
sahəsində Prezident İlham Əliyevin həyata
keçirdiyi islahatların nə qədər düzgün və
alternativsiz olduğunu təsdiqləyir.
***
Fasilədən sonra konfrans
işini "Heydər Əliyev və müasir Azərbaycan
tarixi", "Heydər Əliyev - böyük
islahatçı" və "Böyük islahatların
uğurlu davamı" mövzularında bölmə
iclaslarında davam etdirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 9 may.- S.
1, 10.