Mükəmməl qanunvericilik sisteminin banisi
Dünya təcrübəsi
göstərir ki, hər bir xalqın yaranmış tarixi
imkandan bəhrələnərək öz müstəqil
dövlətini qurması, ilk növbədə lider amili ilə
bağlı olmaqla onun yaradıcı təfəkkürü,
siyasi əzmi, yüksək intellekti, qətiyyəti və
dövlətçilik səriştəsi sayəsində
gerçəkləşir. Bütövlükdə millətin
taleyində tarixi dönüşə zəmin yaradan
taleyüklü məqamlarda bir daha təsdiqlənir ki, əsl
siyasi lider öz cəsarəti, çevik və prinsipial qərarları,
ən çətin şəraitdə çıxış
yolu tapmaq məharəti ilə seçilən fitri istedada
malik insanlardır. Milli tariximizə bu kimi keyfiyyətləri
ilə öz adını əbədi həkk etmiş lider
Heydər Əliyevdir. Məhz bu nadir tarixi sima XX əsrin
sonunda xalqımızı əsrlər boyu can
atdığı həqiqi müstəqillik amalına qovuşdurmuş,
mütərəqqi tarixi ənənə əsasında yeni
dövlətçilik konsepsiyasını irəli
sürmüş, onun dayanıqlı inkişafı
üçün etibarlı zəmin yaratmışdır.
Ümummilli lider daim
xalqın saf və ali məqsədlər uğrunda mübarizəsinin
önündə dayanmış, əlverişli siyasi şansdan
böyük ustalıqla bəhrələnmişdir. Heydər Əliyev
dühası Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların
istiqlal duyğularında qığılcım kimi közərən
milli dövlətçilik düşüncəsini - müstəqil
Azərbaycan dövləti kimi əzəmətli
reallığa qovuşdurmuşdur. Sağlığında
ümummilli liderlik ucalığına qovuşmuş bu
müdrik şəxsiyyət böyük fədakarlıqlar
hesabına qurub-yaratdığı dövlətin
sarsılmazlığını, demokratik yüksəlişini,
Azərbaycanın müstəqilliyinin əbədiliyini,
daimiliyini, dönməzliyini təmin etmişdir.
Hər bir millətin tarixi
inkişafı, qarşıya qoyduğu hədəflərə
yetişmək əzmi, ilk növbədə onun malik olduğu
milli-mənəvi potensialdan, dəyərlər sistemindən
qaynaqlanır. Bu reallıqdan çıxış edən ulu
öndər Heydər Əliyev Azərbaycanı qoruyub
inkişaf etdirmək, hansısa mərhələdə milli
müstəqilliyə qovuşdurmaq üçün ilk
növbədə xalqımızın zəngin milli-mənəvi
irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə
özünəməxsusluğunu şərtləndirən dəyərlərini
qorumağa çalışmışdır. Əslində,
ümummilli lider Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycanda
siyasi hakimiyyətə gəlişinin ən qabarıq siyasi təzahürü
də imperiyanın sərt ideoloji qəlibləri, buxovları
şəraitində azərbaycançılıq məfkurəsinin,
milli ruhun yüksəlişi, xalqın tarixi kökünə
qayıdışı kimi fundamental prinsiplər əsasında
milli dövlətçilik arzularının və hisslərinin
güclənməsinin real siyasi amilə çevrilməsidir.
Respublika rəhbərliyinə
irəli çəkildiyi ilk gündən mövcud
nöqsanları açıq-aşkar ictimai müzakirəyə
çıxararaq onların həlli yollarını göstərən
Heydər Əliyev problemlərin tez bir zamanda aradan
qaldırılması üçün lazımi iradə, qətiyyət
və prinsipiallıq göstərmiş, intibah prosesinə təkan
vermişdir. Bu baxımdan ümummilli liderin Azərbaycan KP
MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu,
eyni zamanda tənqidi ruhlu çıxışı sovet Azərbaycanını
problemlər məngənəsindən dinamik inkişaf yoluna
çıxaran pozitiv prosesin başlanğıcı kimi
ehtiramla xatırlanır. Heydər Əliyev plenumda mövcud
problemləri konkret şəkildə,
çılpaqlığı ilə önə çəkmiş,
dövlət idarəçiliyi sistemində
formalaşmış regionçuluq, bürokratiya və
korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu
demişdir. Ümummilli lider, eyni zamanda çoxsaylı problemlərin
həllində bir sıra rəhbər şəxslərin məsuliyyət
daşıdığını da açıq bəyan
etmişdir.
Ulu öndər
keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli
xammal bazasına çevrilmiş Azərbaycanın yeni
inkişaf strategiyasını böyük uzaqgörənliklə
işləyib həyata keçirmişdir. Bunun nəticəsi
kimi bir sıra əsas göstəricilər üzrə geridə
qalmış Azərbaycan qısa müddətdə
inkişafının yeni mərhələsinə qədəm
qoyaraq keçmiş ittifaqın qabaqcıl respublikalarından
birinə çevrildi. Bugünkü müstəqil Azərbaycan
dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr
potensialının formalaşması, strateji əhəmiyyətli
sənaye və istehsal müəssisələrinin
açılması da məhz ötən əsrin 70-80-ci illərinə
təsadüf edir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti,
iradəsi və təşəbbüskarlığı ilə
keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli
müəssisələri məhz Azərbaycanda inşa
olunmuş, bununla da, ölkəmizin gələcək müstəqilliyinin
iqtisadi əsası formalaşdırılmışdır.
Ulu öndər Heydər Əliyev
kosmopolit ideyaların zehinlərə zorla
sırındığı bir dövrdə milli məfkurənin
qorunub saxlanılması, habelə azərbaycançılığın
ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi
sahəsində də mühüm tədbirlər həyata
keçirmişdir. Heydər Əliyev üçün ana dili
azərbaycançılığın təməl prinsipi
olmuş, imkan daxilində özü rəsmi nitqlərini Azərbaycan
dilində etmiş, bunu bütün rəhbər vəzifəlilərdən
də qətiyyətlə istəmişdir. Ulu öndər
sovet Azərbaycanında hakimiyyətə gəlişindən
dərhal sonra Azərbaycan Dövlət Universitetinin 50 illik
yubileyinin keçirilməsi barədə qərar verərək
1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə
totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri
aşaraq Azərbaycan dilində çıxış
etmişdir. Bununla da, böyük strateq cəmiyyətə
milliləşmənin zəruriliyi mesajını vermiş,
milli dilə, dəyərlərə bağlı
olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük
müdrikliklə aşılamışdır. 1978-ci ildə
Azərbaycan SSR-nin konstitusiya layihəsi qəbul edilərkən
ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə
dövlət dili kimi təsbitlənməsi və qorunub
saxlanılması sahəsində nümayiş etdirdiyi qətiyyəti
bu məqamda xüsusi xatırlatmaq lazımdır. Mərkəzin
nümayəndələri dəfələrlə Bakıya səfər
edərək Heydər Əliyevi bu məsələ ilə
bağlı fikrindən daşındırmağa səy
göstərsələr də, məqsədlərinə nail
olmamışlar.
Böyük siyasət
ustadının yaratdığı spesifik idarəçilik
modelinin üstün cəhətlərindən biri də kadr
seçimində sosial ədalətsizliyin aradan
qaldırılması - daha çox yüksək mənəvi-əxlaqi
keyfiyyətləri, intellektual səviyyəsi və yüksək
biliyi ilə fərqlənən gənclərə
üstünlük verilməsidir. 1970-ci illərin əvvəllərindən
etibarən Heydər Əliyevin hüquqşünas
kadrların hazırlanması işinin keyfiyyətini
birbaşa nəzarətə götürməsi bunu bir daha təsdiqləyir.
Ulu öndər Heydər Əliyev
Azərbaycana birinci rəhbərliyi dövründə
respublikanın qanunvericilik sisteminin möhkəmləndirilməsi,
bu prosesdə əsas ağırlığı üzərinə
götürən ali qanunverici orqanın fəaliyyətinin təkmilləşdirilməsi
işinə də xüsusi qayğı ilə
yanaşmışdır. Böyük rəhbərin təşəbbüsü
ilə həmin dövrdə Azərbaycan SSR Ali Sovetində
milli-mənəvi dəyərlərin və mədəni irsin
qorunub saxlanılmasına, elmi-intellektual tərəqqiyə
xidmət edən mühüm qanunların, qərarların qəbulu
xalqda milli oyanışı və özünüdərk
hissini gücləndirmişdir.
Keçən əsrin 70-ci
illərində Heydər Əliyev respublikanın birinci katibi
olmaqla yanaşı SSRİ Ali Sovetinin (VIII-X çağırışlar)
deputatı, yuxarı palatanın - ittifaq sovetinin sədr
müavini (IX çağırış), habelə Azərbaycan
SSR Ali Sovetinin (VII-X çağırışlar) deputatı və
rəyasət heyətinin üzvü olmuş, bu imkanlardan
xalqımızın mənafeyi naminə layiqincə istifadə
etmişdir. Qanunverici orqanla sıx təmasda fəaliyyət
göstərən Heydər Əliyev onun cəmiyyət və
dövlət həyatındakı müstəsna rolunu
düzgün dəyərləndirmişdir. IX, X və XI
beşilliklərin proqramlarının təsdiq olunmasında,
respublikanın illik büdcələrinin qəbulunda
yaxından iştirak etmiş ulu öndər milli mənafeyə
əsaslanan parlamentarizm ənənələrinin
formalaşmasına çalışmışdır. Azərbaycan
SSR Ali Soveti və SSRİ Ali Sovetinin tribunalarından məharətlə
istifadə edən Heydər Əliyev rəhbəri olduğu
deputat qrupunun Moskvadakı fəaliyyətini də
respublikanın mənafeyi baxımından düzgün istiqamətləndirmişdir.
Azərbaycan SSR Ali Soveti Heydər
Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən
möhtəşəm quruculuq işlərinin mükəmməl
hüquqi bazasının formalaşdırılması prosesində
yaxından iştirak etmiş, dayanıqlı inkişafa zəmin
yaradan mühüm qərarlar qəbul etmişdir. 70-80-ci illərdə
icra orqanları ilə parlamentin işinin səmərəli
koordinasiyası milli tərəqqi üçün zəruri əsaslar
formalaşdırmış, Azərbaycanın gələcək
siyasi müstəqilliyinə möhkəm körpü
salmışdır. Qürur hissi ilə qeyd etmək
lazımdır ki, Azərbaycan Milli Məclisinin hazırkı
möhtəşəm binası da məhz Heydər Əliyevin
respublikaya birinci rəhbərliyi dövründə inşa
olunaraq istifadəyə verilmişdir.
Ulu öndər Heydər Əliyev
sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə
böyük strateq kimi dövlət müstəqilliyinə zəmin
yaradan bir sıra tədbirləri uğurla həyata
keçirmiş və bu istiqamətdə ciddi nailiyyətlər
əldə etmişdir. Həmin illərdə Azərbaycanda
aparılan misli görünməmiş quruculuq işlərini
də dövlət müstəqilliyinə təminat yaradan
başlıca faktor kimi nəzərdən keçirmək
lazımdır. Keçmiş imperiya daxilində hansı
qlobal proseslərin getdiyini daha dərindən müşahidə
etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın
nə vaxtsa müstəqillik əldə edəcəyini
öncədən görərək bunun üçün
iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır.
Həmin dövrün statistikasına əsasən Azərbaycan
Ukrayna və Rusiya da daxil olmaqla SSRİ büdcəsindən
dotasiya almadan öz problemlərini həll etməyə qadir
üç respublikadan biri olmuşdur.
XX əsrin sonlarına
doğru dünyada cərəyan edən qlobal proseslər
fonunda Azərbaycanda geniş vüsət almış milli
azadlıq hərəkatı ilə eyni dövrdə xalqda
milli heysiyyəti, özünüdərki daha da gücləndirən,
milli dövlət rəmzlərinə hörmət təlqin
edən genişmiqyaslı addımlar məhz ulu öndər
Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə
atılmışdır. Muxtar respublikanın ali qanunverici
orqanının 1990-cı il noyabrın 17-də
keçirilmiş birinci sessiyasında Azərbaycanın milli
dövlət dirçəlişi prosesinin həyata
keçirilməsi məsələsi geniş müzakirə
olunmuş və keçmiş Naxçıvan MSSR-in
adının dəyişdirilərək Naxçıvan Muxtar
Respublikası adlandırılması barədə tarixi qərar
verilmişdir. Həmin sessiyada həmçinin Azərbaycan
Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli
Dövlət Bayrağının bərpa edilməsi, onun
Naxçıvan Muxtar Respublikasının Dövlət
Bayrağı kimi qəbul edilməsi haqqında da yekdilliklə
qərar qəbul edilmişdir.
Azərbaycan 1991-ci il 18
oktyabr tarixli dövlət müstəqilliyi haqqında
Konstitusiya aktında demokratik, hüquqi və dünyəvi
dövlət olduğunu bəyan etmiş, ümumbəşəri
yolla qarşıya qoyduğu strateji hədəflərə
doğru irəliləmək istəyini nümayiş
etdirmişdir. Demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini
gələcək inkişaf modeli kimi seçmiş Azərbaycanda
hakimiyyətin və bütün təbii sərvətlərin
xalqa mənsubluğu, mülkiyyətin bütün
formalarının bərabərliyi, vətəndaşların
seçki hüququnun, çoxpartiyalı sistemin təminatı,
habelə insan və vətəndaş hüquq və
azadlıqlarının ümumi prinsipləri rəsmən elan
edilsə də, 1991-1993-cü illərdə rəhbərlikdə
xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması
zəminində baş qaldırmış xaotik və ziddiyyətli
proseslər - qanunçuluğun, hüquq qaydalarının zəifləməsi,
ictimai-siyasi sabitliyin təminatında ciddi problemlərin yaranması,
vətəndaşların təhlükəsizliyi
üçün real təhdidlərin meydana
çıxması, sosial-iqtisadi tənəzzülün dərinləşməsi
bu istəyin reallaşmasında ciddi maneəyə
çevrilmişdi. 90-cı illərin əvvəllərindən
başlayaraq bir tərəfdən Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasətinin
genişlənməsi, digər tərəfdənsə hakimiyyətə
qeyri-qanuni yolla yiyələnmiş diletant qüvvələrə
qarşı ictimai inamsızlığın dərinləşməsi,
sosial-iqtisadi tənəzzül, vətəndaş
qarşıdurması, xaos və özbaşınalıq,
habelə yeni dövrün tələblərinə cavab verən
qanunların yoxluğu xalqın demokratik və hüquqi
dövlətdə yaşamaq istəyini əlçatmaz ideyaya
çevirmişdi.
Belə böhranlı vəziyyətdə
xalq çıxış yolunun müdrik rəhbərinin - ulu
öndər Heydər Əliyevin hakimiyyət sükanı
arxasına qayıtmasında görməsi bir sıra obyektiv
reallıqlarla şərtlənirdi. Əksəriyyət
başa düşürdü ki, yaranmış ekstremal şəraitdə
ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq,
qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək,
dövlət təsisatlarının normal fəaliyyətini təmin
etmək bacarığına malik yeganə lider məhz Heydər
Əliyevdir! Həmin dövrdə xalqın ulu öndərə
olan böyük sevgi və inamını etiraf etmək məcburiyyətində
qalan AXC iqtidarının Heydər Əliyevi acizanə şəkildə
Bakıya dəvət etməsi də məhz bu reallıqla
şərtlənmişdir.
Ümummilli liderin 1993-cü
il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək
Bakıya qayıtması isə onun nə qədər qətiyyətli,
prinsipial, heç bir riskdən çəkinməyən,
dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət
olduğunu bir daha təsdiqləyir. Heydər Əliyevin iyunun
15-də Ali Sovetin Sədri seçilməsi isə
böyük strateqin sadəcə hakimiyyətə
qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və
özünütəsdiq tarixidir. Bu tarixi qayıdış ilk
növbədə Azərbaycanın varlığını,
müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış,
ölkəni parçalanmadan, vətəndaş müharibəsindən,
düşmən işğalının geniş miqyas
almasından xilas etmişdir.
1993-cü ilin 15 iyununda Azərbaycan
Ali Sovetinin Sədri seçilmiş ulu öndər Heydər Əliyev
ölkədə qanunçuluğun bütün sahələrdə
möhkəmlənməsini təmin etməklə
yanaşı qanunverici orqanın cəmiyyətdəki
nüfuzunu qaldırmış, onun təşəkkülünə,
ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə,
habelə milli parlamentarizm ənənələrinin
inkişafına böyük zəmin yaratmışdır. Həmin
iclasda dərin məzmunlu tarixi nitq söyləyən Heydər
Əliyev ona göstərilən yüksək etimadı
doğrultmağa çalışacağını
vurğulamışdır: "Bildirmək istəyirəm ki,
Azərbaycan Respublikasının bugünkü ağır,
mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə
dərk edirəm. Bu vəzifəni üzərimə
götürərək öz məsuliyyətimi anlayıram və
bunların hamısını rəhbər tutaraq əlimdən
gələni edəcəyəm".
Ali Sovetin Sədri kimi
qısa müddətdə qurumun cəmiyyətdə
nüfuzunu qaldıran, cılız çəkişmə və
dartışma meydanına çevrilməsinin
qarşısını alan Heydər Əliyev eyni zamanda ali
qanunverici orqana yeni ruh və müasirlik gətirmişdir. Ulu
öndərin fitri idarəçilik keyfiyyətləri, səlis,
rəvan və yüksək məntiqə söykənən
nitqi, qətiyyətli mövqeyi, ən çətin
situasiyalarda çevik qərarlar qəbul etmək qabiliyyəti
hər zaman böyük ehtiramla, rəğbətlə
anılır. Bir ictimai-iqtisadi formasiyadan digərinə
keçid dövründə qanunların yeni dövrün tələblərinə
uyğun müasirləşdirilməsini və dayanıqlı
inkişafa zəmin yaradan mükəmməl qanunvericilik
sisteminin formalaşdırılmasının zəruriliyini
düzgün dəyərləndirən Heydər Əliyev bu məqsədlə
parlamentin geniş imkanlarından düzgün bəhrələnmişdir.
Müharibə şəraiti ilə əlaqədar ulu öndər
ilk növbədə müdafiə sisteminin hüquqi
bazasının möhkəmləndirilməsinə diqqət
yetirmiş, nizami ordu quruculuğuna xidmət edən
qanunların hazırlanmasını və qəbulunu təmin
etmişdir. Bu dövrdə "Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər
haqqında" 3 sentyabr 1993-cü il tarixli qanun qəbul olundu.
Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə
dəyişikliklər edildi.
1993-cü ilin 3 oktyabrında
Azərbaycan Respublikasının Prezidenti seçilən ulu
öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü
hüququndan istifadə etməklə bu istiqamətdə əlavə
tədbirlərin həyata keçirilməsini təmin
etmişdir. Ölkənin müdafiə qabiliyyətinin
möhkəmləndirilməsinə və hərbi sahənin
inkişafına yönəlmiş hüquqi sənədlər
sırasında 1994-cü il 4 yanvar tarixli "Sərhəd
Qoşunları haqqında", 1994-cü il 8 fevral tarixli
"Daxili Qoşunların statusu haqqında", 1994-cü il
23 sentyabr tarixli "Silahlı Qüvvələrin intizam Nizamnaməsinin
təsdiqi haqqında", 1995-ci il 10 yanvar tarixli "Hərbi
qulluqçuların dövlətə vurduqları ziyana
görə maddi məsuliyyət haqqında Əsasnamənin təsdiqi
haqqında" qanunlar xüsusi əhəmiyyət
daşımışdır.
Bu gün böyük
qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycanda
sivil parlamentarizm ənənələrinin formalaşması da
məhz ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. 1995-ci ilin 12 noyabrında Konstitusiyanın
ümumxalq referendumuna çıxarılması ilə paralel
şəkildə Azərbaycan Respublikası Milli Məclisinə
ilk demokratik, azad seçkilərin keçirilməsi təmin
edilmişdir. Müstəqil Azərbaycanın tamamilə şəffaf
şəraitdə formalaşmış I
çağırış Milli Məclisi ilk gündən fəaliyyətini
demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi
prinsipləri üzərində qurmuş, çevik və məhsuldar
fəaliyyətə başlamış, milli qanunvericiliyin
Avropa standartlarına uyğunlaşdırılması naminə
gərgin çalışmış, ictimai etimadı
doğrultmağa səy göstərmişdir. İnsan
hüquq və azadlıqlarının müdafiəsi, qanunun
aliliyinin təmini məqsədilə aparılan islahatların
əsasında inkişaf etmiş dövlətlərin
hüquqi dövlət quruculuğu təcrübəsi,
ümumbəşəri demokratik prinsiplər, Azərbaycan
xalqının dövlətçilik tarixi və ənənələri
dayanmışdır.
Qanun
yaradıcılığı prosesində dünyanın
aparıcı demokratik ölkələrinin təcrübəsindən
bəhrələnən Milli Məclis Azərbaycanın beynəlxalq
nüfuzunun daha da möhkəmlənməsi üçün
üzərinə düşən vəzifələri inamla həyata
keçirmişdir. 1993-cü il oktyabrın 10-dan 2002-ci il
dekabrın 30-dək Milli Məclisdə qəbul edilmiş 1715
qanun və qərardan 975-nin məhz ümummilli lider Heydər Əliyevin
qanunvericilik təşəbbüsü əsasında parlamentə
təqdim olunması da böyük öndərin bu sahədəki
fəaliyyətinin gerçək mahiyyəti barədə əyani
təsəvvür yaradır.
Milli Məclis qanunların təkmilləşdirilməsi
mərhələsində təkcə beynəlxalq təcrübəni
öyrənib presedent kimi tətbiq etməklə kifayətlənməmiş,
eyni zamanda milli maraqları əsas tutmaqla müxtəlif beynəlxalq
konvensiya və sazişləri ratifikasiya etmişdir.
Konstitusiyamızın 151-ci maddəsinə əsasən Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan normativ
hüquqi aktlar ilə (Azərbaycan Respublikasının
Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna
olmaqla) Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa beynəlxalq
müqavilələr tətbiq edilir. Bu maddə Azərbaycan
Konstitusiyasının liberallığını və
demokratikliyini bir daha sübuta yetirməklə yanaşı həm
də son 15 ildə ölkədə milli qanunvericiliyin mütərəqqi
standartlara uyğunlaşdırılmasına yaxşı imkanlar
açmışdır. Əsas Qanunumuzda əksini
tapmış insan hüquq və azadlıqları Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tətbiq
edilmişdir.
2000-ci ildə
keçirilmiş ikinci çağırış Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər də
ölkədə demokratiyanın inkişafı, hüquqi
dövlət quruculuğu yolunda irəliyə doğru
mühüm addım olmuşdur. Seçicilərin yüksək
fəallığı şəraitində ikinci
çağırış Milli Məclisə ölkəmizdə
fəaliyyət göstərən 9 siyasi partiyanın təmsilçiləri
seçilmiş, Azərbaycanın aparıcı siyasi qüvvəsi
olan Yeni Azərbaycan Partiyası böyük qələbə
qazanaraq deputat mandatlarının əksəriyyətini əldə
etmişdir. Məhz ikinci çağırış Milli Məclisin
fəaliyyəti dövründə 2001-ci il yanvarın 17-də
ölkəmiz Avropa Şurası kimi mötəbər beynəlxalq
təşkilata tamhüquqlu üzv qəbul edilmiş, beləliklə,
milli qanunvericiliyin Avropa standartlarına uyğun təkmilləşdirilməsi
sahəsində keyfiyyətcə yeni mərhələnin əsası
qoyulmuşdur. Xüsusi xatırlatmaq lazımdır ki,
2000-2003-cü illərdə Azərbaycanın AŞ PA-dakı
parlament nümayəndə heyətinin rəhbəri olmuş
cənab İlham Əliyev təşkilat çərçivəsində
Azərbaycanın milli maraq və mənafeyini layiqincə təmsil
etmiş, Avropa məkanında sayılıb-seçilən
nüfuzlu siyasətçilərdən birinə
çevrilmişdir.
Ölkə rəhbərliyinin
mükəmməl milli qanunvericilik sisteminin
formalaşdırılması istiqamətindəki fəaliyyəti
eyni zamanda Milli Məclisin beynəlxalq əlaqələrinin
genişlənməsinə, keyfiyyətcə yeni mərhələyə
yüksəlməsinə təkan vermişdir. Ötən
dövrdə Milli Məclisdə dünyanın 70-dək
ölkəsinin parlamenti ilə əlaqələr üzrə
işçi qrupları yaradılmış, qanunverici
orqanın beynəlxalq əlaqələri genişlənmişdir.
Azərbaycanın parlament nümayəndə heyəti tez-tez
xarici ölkələrdə işgüzar səfərlərdə
olur, habelə Milli Məclisdə xarici ölkələrin
siyasi və dövlət xadimləri, parlament üzvləri ilə
görüşlər təşkil edilir. Bütün bunlar həm
də qanun yaradıcılığı sahəsində təcrübə
və informasiya mübadiləsi baxımından əhəmiyyətlidir.
Azərbaycan parlamenti ölkənin beynəlxalq əlaqələrinin
inkişafına layiqli töhfəsini verməklə
yanaşı, ölkənin demokratik imicinin yüksəlməsində
də öz sözünü deyir.
2003-cü ilin oktyabrından
ulu öndərin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev
də qanun yaradıcılığı prosesinə dövlət
quruculuğunun mühüm sahələrindən biri kimi
yanaşmış, Milli Məclisin müasirləşməsinə,
maddi-texniki bazasının yüksəlməsinə, iş
üsul və vasitələrinin daha da təkmilləşməsinə
çalışmışdır. 2005-ci il noyabrın 6-da
keçirilmiş üçüncü
çağırış Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilər Azərbaycan
xalqının Heydər Əliyevin siyasətinə
inamının, hörmət və ehtiramının əyani
göstəricisi olmuşdur.
Dövlət
başçısının xüsusi
tapşırığı və qayğısı ilə Azərbaycan
Respublikası Milli Məclisinin inzibati binası ən
müasir tələblər səviyyəsində əsaslı
təmir olunmuş, onun yeni korpusu inşa edilmiş, eksteryeri və
interyeri əsaslı şəkildə müasirləşmiş,
ətraf ərazidə genişmiqyaslı abadlıq-quruculuq
işləri aparılmışdır. Nəticədə ulu
öndərin yadigarı olan bu möhtəşəm kompleks
hazırda paytaxt Bakının ən modern və görkəmli
tikililərindən biri kimi şəhərimizin qonaqlarında
da yüksək təəssürat doğurur. Xüsusi
vurğulamaq istərdik ki, ulu öndər Heydər Əliyevin
dövlət və xalq qarşısında misilsiz xidmətlərinin
obyektiv dəyərləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Milli Məclisin foyesində büstü
qoyulmuş, eyni zamanda parlamentdə Heydər Əliyev xatirə
zalı yaradılmışdır.
Milli qanunvericilik sisteminin təkmilləşdirilməsi
prosesinə xüsusi qayğı ilə yanaşan dövlət
başçısı İlham Əliyevin təşəbbüsü
əsasında son 6 ildə ölkə həyatı
üçün mühüm əhəmiyyət kəsb edən
çoxlu sayda qanun və qərarlar qəbul edilmiş,
parlamentin ölkənin ictimai-siyasi həyatında rolu daha da
yüksəlmişdir. Üçüncü
çağırış Azərbaycan Respublikası Milli Məclisinin
sessiyalarının yekunları göstərir ki, bu gün
parlamentdə həyata vəsiqə alan qanunlar hüquqi
bazanı möhkəmləndirməklə yanaşı Azərbaycan
hakimiyyətinin ölkənin kompleks inkişafına dair həyata
keçirdiyi siyasi kursa da töhfələr verir.
Müstəqil Azərbaycanın
sürətli sosial-iqtisadi inkişaf mərhələsinə
qədəm qoyması və bütövlükdə beynəlxalq
aləmə inteqrasiyasının güclənməsi bir
sıra yeni qanunvericilik aktlarının qəbulunu, əvvəllər
qəbul olunmuş qanunlara əlavələrin və dəyişikliklərin
edilməsini zərurətə çevirir. Bu baxımdan qətiyyətlə
demək olar ki, üçüncü
çağırış Azərbaycan Milli Məclisinin
ötən dövrdəki fəaliyyəti müsbət və
uğurlu olmuşdur. 5 ilə yaxın vaxtda Milli Məclis səmərəli
işləmiş, yüzlərlə qanun və qərar, həmçinin
müxtəlif qanunlara əlavə və dəyişikliklər
qəbul olunmuşdur. Beynəlxalq müqavilə və
konvensiyalar ratifikasiya edilmiş, bir sözlə ölkəmizin
qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.
2006-ci il oktyabrın 2-də
Milli Məclisin payız sessiyasının
açılışında iştirak edən Prezident
İlham Əliyev ali qanunverici orqanın hüquqi dövlət
quruculuğu sahəsindəki fəaliyyətini yüksək
qiymətləndirmişdir: "Bu gün çox gözəl
və əlamətdar bir gündür. Həm Milli Məclis
öz işinə başlayır, eyni zamanda, Milli Məclisin
binası tam yeni görkəm almışdır. Həm xarici
görünüşü, həm də daxili interyeri ən
yüksək standartlara cavab verir. Burada deputatlar
üçün çox gözəl iş şəraiti
yaradılmışdır. Qısa müddət ərzində
əsaslı təmir işləri aparılmışdır.
Bu gün bu gözəl salonda işləmək, əlbəttə,
çox rahatdır və əminəm ki, deputatlarımız
üçün çox uğurlu olacaqdır. İndi Azərbaycanda
gedən abadlıq quruculuq işləri bütün sahələri
əhatə edir, binalar abadlaşır, yeni xiyabanlar
salınır, inzibati binalar təmir olunur. Biz hamımız
istəyirik ki, təmir olunmuş bütün binalar ən
yüksək standartlara cavab versin. Əminəm ki, Milli Məclisin
fəaliyyəti Azərbaycanın hərtərəfli
inkişafı üçün öz töhfəsini verəcək
və iş şəraitinin yaxşı olması, Milli Məclis
binasının yeni, müasir avadanlıqla təchiz
olunması əlbəttə ki, işin səmərəliliyini
də artıracaqdır".
2007-ci il noyabrın 3-də
isə Milli Məclisin tarixində yeni bir əlamətdar hadisə
baş verdi - parlamentin inzibati binasının 15 mərtəbədən
ibarət yeni korpusunun təməlqoyma mərasimi
keçirildi. Prezident İlham Əliyevin göstərişi
ilə dünya standartları səviyyəsində inşa
olunan bina vaxtından əvvəl təhvil verildi. Ötən
il sentyabrın 25-də parlamentin yeni korpusunun istifadəyə
verilməsi mərasimində iştirak edən dövlət
başçısı görülən işləri yüksək
dəyərləndirdi. Bəli, bu gün ölkənin
qanunvericilik orqanında deputatlarımızın ən yüksək
standartlara cavab verən iş şəraitində daha məzmunlu
qanun yaradıcılığı, xalqımızın
maraqlarına xidmət edən səmərəli fəaliyyəti
üçün hər cür imkan
yaradılmışdır.
Azərbaycan dövlətinin
xilaskarı və qurucusu kimi əbədiyaşarlıq zirvəsinə
yüksəlmiş Heydər Əliyevin böyük uzaqgörənliklə
formalaşdırdığı parlamentarizm ənənələri
son illərdə möhkəmlənmiş, sivil ölkələrin
təcrübəsinin pozitiv elementləri ilə zənginləşmişdir.
Bu gün hüquqi, demokratik dövlət quruculuğu
prosesındə yaxından iştirak edən Milli Məclis
ölkə həyatının müxtəlif sahələrində
ictimai münasibətləri tənzimləyən mütərəqqi
ruhlu qanunlar, qərarlar qəbul edir, ölkəmizin milli
maraqları ilə bağlı məsələlərdə
daim prinsipial, qətiyyətli mövqe göstərir. Eyni
zamanda Heydər Əliyev ideallarına sadiq qalaraq hər bir məsələdə
məhz ölkə vətəndaşlarının mənafeyini
uca tutur, yeni qanunların insanların maraqlarına maksimum dərəcədə
cavab verməsinə çalışır.
Qarşıdan Azərbaycan
üçün daha məsuliyyətli mərhələ -
müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə
IV çağırış seçkilər gəlir.
Şübhə yoxdur ki, növbəti parlament seçkiləri
də Heydər Əliyev dühasının mütərəqqi
ənənələrinə uyğun təşkil olunmaqla
tamamilə demokratik, azad və ədalətli keçəcək,
ölkə vətəndaşlarının prinsipial iradəsi
əsasında formalaşacaq Milli Məclis qarşıdakı
müddətdə də ölkənin hərtərəfli tərəqqi
yolunda bütün səy və imkanlarını səfərbər
edəcəkdir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Azərbaycan.- 2010.- 9 may.- S.
2.