XX əsrin ictimai-siyasi fenomeni

 

Azərbaycan Prezidentinin Qafqazda atdığı addımlar Birləşmiş Ştatlarda diqqətlə izlənilir. Azərbaycan çox mürəkkəb coğrafi məkanda yerləşən bir dövlətdir. ABŞ və Qərb ölkələri ilə əlaqələri inkişaf etdirməyi, bazar iqtisadiyyatının və demokratiyanın bərqərar olması üçün əzmlə çalışmağı qarşısına məqsəd qoyan Prezident Heydər Əliyevin fəaliyyəti təqdirə layiqdir. Heydər Əliyev müstəqilliyi qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə aparır.

 

Henri Kisincer,

ABŞ-ın keçmiş dövlət katibi

 

Ümummilli lider Heydər Əliyevi XX əsrin ictimai-siyasi fenomeni kimi artıq bütün dünya qəbul edir. Birmənalı demək olar ki, zəmanəmizin ən böyük azərbaycanlısı olan Heydər Əliyev həm millətin, həm də bəşəriyyətin dahilik meyarlarına cavab verən tarixi şəxsiyyətdir. Bəşəriyyət dahi dedikdə fenomenal şəxsi keyfiyyətlərlə, şəxsiyyətin ensiklopedik savadı, təfəkkürünün elmin və təcrübənin bütün istiqamətlərində fəaliyyətə qadir olması ilə yanaşı onun ictimai maraqları şəxsi maraqlardan üstün tutmasını, yalnız öz xalqı üçün deyil, dünya, bəşər üçün gördüyü işlərin miqyasını əsas götürür.

Düşünürəm ki, Heydər Əliyev dühası Allah vergisi olan fitri istedadla, nəhəng intellektual potensialla yanaşı ölçüyəgəlməz iş qabiliyyətinin, sonsuz öyrənmək istəyinin və böyük vətən sevgisinin nəticəsidir. Taleyin qismətilə mən ömrümün böyük bir hissəsini bu dahi şəxsiyyətin rəhbərliyi altında işləmişəm və onun nadir şəxsi və insani keyfiyyətlərini müşahidə etmişəm: Ailə tərbiyəsinin nəticəsi olan düzlük və təmizlik, sadəlik və səmimiyyətlə səciyyələnən mədəniyyət, mərdlik və mübarizlik, fikirlərində və prinsiplərində dönməz ardıcıllıq, sözü harda və necə demək qabiliyyəti, səbrlə qulaq asmaq, dinləmək məharəti... Onda qeyri-adi bir fəhm, dərin hissiyat vardı, hadisələri hiss etdiyi kimi, insanları da hiss edirdi, psixologiyanı çox gözəl bilirdi, hər insanı oz dilində dindirirdi. Xeyirxahdı, alicənabdı, öz əməkdaşlarının, iş yoldaşlarının qayğısına qalmağı bacarırdı. Heydər Əliyevdə qəribə bir maqnetizm vardı, insanları özünə çəkirdi, insanlar ona inanır, etibar edirdilər, arxasınca gedirdilər. Bu onun təbii sadəliyindən, səmimiyyətindən, yüksək təşkilatçılıq qabiliyyətindən və xarizmatik lider olmasından irəli gəlirdi. Heydər Əliyev dühasının sirri də bu keyfiyyətlərin onda cəm halında olması idi.

Heydər Əliyevin görkəmli siyasətçi, ümummilli lider kimi fenomenal xüsusiyyətlərindən biri də orijinal fikirlərini, möhtəşəm ideyalarını bəlağətli sözlə, dəmir məntiqlə xalqa çatdıra bilməsi idi. O, istedadlı siyasətçi olmaqla bərabər məharətli natiq idi. Gur səsi və maraqlı nitqi ilə dərhal auditoriyanın diqqətini cəlb edir, siyasət, iqtisadiyyat, mədəniyyət və s. mövzularda təkrara və fasiləyə yol vermədən saatlarla danışa bilirdi, qeyri-adi yaddaşı vardı, intellekti kimi yaddaşının da hüdudları bilinmirdi. Amma öyrəndiklərini, eşitdiklərini, gördüklərini yalnız yadında saxlamaqla kifayətlənmirdi, onun böyüklüyü onda idi ki, yaddaşındakıları məqamında yadına salıb yerində auditoriyaya çatdıra bilirdi. Şərqin böyük sərkərdələrindən biri olan Teymurləng deyib: "Hökmdarın sözü qılıncından kəsərli olmalıdır". Bəli, dövləti ancaq qılıncla saxlamaq olmaz, bizə qılınc da, qılınc kimi iti söz də gərəkdir. Bunlar hər ikisi Heydər Əliyevdə vardı və ən başlıcası o, harada hansından istifadə etməyi fitrən bacarırdı. Deyirdi insan gərək öz sözünün çəkisini, qiymətini bilsin ki, xalq da onun sözünə qiymət versin. Heydər Əliyevin qulaq asmaq bacarığı, dinləmək məharəti də yüksək mədəniyyəti ilə bərabər, sözə hörmətinin, sözün qiymətini bilməsinin nəticəsi idi.

Heydər Əliyev sövet dövrünün ən sərt, güclü və qapalı sistemlərində - təhlükəsizlik və partiya orqanlarında işləyib, öyrənib, yetişib və bu orqanlara rəhbərlik edib. Amma işlədiyi sistemdən, tutduğu vəzifədən asılı olmayaraq daim milli maraqlara xidmət edib, milli təəssübkeşlik nümayiş etdirib. Çünki azərbaycanlı olmağı ilə fəxr edirdi, vətənini, millətini dərin məhəbbətlə sevirdi. Ulu öndər təhlükəsizlik orqanlarında işlədiyi vaxtlarda xalqın milli maraqlarına zidd olan, milli ziyalılara qarşı yönələn tədbirlərin həyata keçirilməsinə heç vaxt yol vermirdi, müxtəlif yollarla onları aradan qaldırmağa çalışırdı. Bu işləri ilə o, təhlükəsizlik orqanlarının fəaliyyətinə, bu orqanlarda milli kadrların yetişməsinə, milli dəyərlərə yüksək qiymət verilməsinə ciddi təsir edirdi. Həmin dövrdə Azərbaycanın bir çox görkəmli ziyalıları - akademik Ziya Bünyadov, şairlərdən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, yazıçılardan Rüstəm və Maqsud İbrahimbəyovlar, Əkrəm Əylisli, Anar Rzayev və başqaları milli düşüncələrinə görə təqib edilirdilər. Ümummili lider onları müdafiə etməklə əslində milli şüuru oyatmağa xidmət edir, özünü təhlükə altına qoyaraq milli ruhu və milli düşüncəni müdafiə edirdi.

Heydər Əliyevin gənclik arzusu memar olmaq olmuşdu. O, ixtisasca memar olmasa da, təbiətcə, qismətcə memar idi. O, əsl memar kimi görəcəyi işin layihəsini əvvəlcədən beynində hazırlayır, çertyojlarını cızır, yalnız bundan sonra praktikada həyata keçirirdi. Heydər Əliyev millətin tarixinin, müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu idi. O, hələ sövet dövründə bir peyğəmbər bəsirəti ilə Azərbaycanın gələcək müstəqilliyinin üfüqlərini görürdü və müstəqil dövlətin iqtisadi əsaslarını, kadr potensialını yaradırdı. Heydər Əliyev ixtisasca tarixçi idi, amma tarixi və milli lider olaraq onun missiyası tarixi yazmaq yox, yaratmaq idi! Ulu öndərin əsas xüsusiyyətlərindən biri onun yüksək peşəkarlığı idi, o təhlükəsizlik orqanlarında da, partiya-dövlət rəhbərliyində də əsl peşəkar idi. O, SSRİ kimi fövqəldövlətin rəhbərlərindən biri olsa da, kiçik bir əyalətin - Naxçıvanın problemlərini öz çiyinlərinə götürməkdən və eyni qətiyyətlə, səbr və tədbirlə həll etməkdən çəkinmirdi. O, kiçik Azərbaycanı təmsil etsə də, dünyanın fövqəldövlətlərinin rəhbərləri ilə eyni səviyyədə durmağa və müzakirələr aparmağa qadir idi.

Heydər Əliyevin Azərbaycanın tarixi, elmi, mədəniyyəti, ictimai-siyasi və fəlsəfi fikri ilə bağlı hərtərəfli bilgilərə malik olması, dərin fəlsəfi təfəkkür və yüksək xarizm sahibi olması, milli maraqlara sadiq olması Azərbaycan xalqının rəhbər, lider təsəvvürləri ilə üst-üstə düşürdü. O, təhlükəsizlik orqanları, partiya sıraları kimi ali həyat məktəbləri keçmiş, bu məktəblərdə sıravidən rəhbərə kimi yüksəlmişdi. Ulu öndər bütün mənalı həyatını xalqına həsr etmişdi, faktiki olaraq Azərbaycan üçün yaşamışdı, öz ideyaları, amalları, idarəçilik və diplomatik təcrübəsi ilə mükəmməl bir elmi-siyasi məktəb yaratmışdı. Bu gün Azərbaycanın milli ideologiyasını, iqtisadi-siyasi gerçəkliyini, mədəni həyatını özündə əks etdirən və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs da bu məktəbdən qidalanır, gücünü, qüvvətini Heydər Əliyevin amallarından alır. Bu məktəbi sistemli öyrənmək, təhlil etmək, cəmiyyətdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq isə alimlərin və siyasətçilərin vəzifəsidir.

Heydər Əliyev dühası yalnız bir şəxsiyyətin fərdi qabiliyyətinin nəticəsi deyildi, bütövlükdə xalqın tarixi iradəsinin ifadəsi idi. Bu nəhənglikdə bir tarixin məntiqini özündə yaşatmaq, adi və ali məsələlərə öz xalqının mənafeyindən yanaşmaq, xalqın taleyini təyin etmək kimi ağır və şərəfli məsuliyyəti daşımağa hər zaman hazır olmaq asan deyildi. Heydər Əliyevin xarizmi, enerjisi bir qrupun, bir partiyanın miqyasına sığa bilməzdi. Odur ki, xalqın, Azərbaycanın lideri olmaq, dünya səviyyəsinə ucalmaq Heydər Əliyevin missiyası, alın yazısı idi. Amma xalqın lideri olmaq üçün uzun bir təkamül prosesi keçmək, xalq və tarix qarşısında imtahan vermək, milli maraqlara sadiqliyini yalnız sözdə yox, həm də işdə, siyasi fəaliyyətdə göstərmək, sübut etmək lazım idi! Millətin mentalitetini özündə əks etdirməyən, onun tarixi və əfsanəvi qəhrəmanlarının səviyyəsinə yüksəlməyən insanı xalq lider kimi qəbul etməzdi. Heydər Əliyev hələ sovet dövründə Azərbaycana birinci rəhbərliyi zamanı xalqla birlikdə bu imtahanlardan şərəflə keçmişdi. O, xalqına arxalanır, xalq da ona inanır, etibar edirdi. Onun şəxsiyyəti kimi siyasi fəaliyyəti də açıq idi, xalqın gözü qarşısında idi. Ulu öndər həmişə deyirdi ki, xalq hər şeyi bilməlidir, xalqın gözü tərəzidir. Bu nöqteyi-nəzərdən Heydər Əliyev ümummilli lider kimi yalnız tarixin, taleyin seçimi deyildi, həm də xalqın seçimi idi!

1990-cı ilin 20 Yanvar faciəsi günlərində də Heydər Əliyev böyük vətənpərvər insan, əsl qəhrəman kimi hərəkət etmişdi. Bakıda günahsız insanların qanının töküldüyü, yalançı liderlərin qaçıb gizləndyi bir vaxtda ağır xəstəlikdən yenicə ayağa qalxmış Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gəlmiş və mətbuat konfransı keçirərək Qorbaçov siyasətini kəskin tənqid etmişdi: "Çoxlu sayda insanın həlakına gətirib çıxarmış sovet qoşunlarının böyük kontingentinin Bakıya yeridilməsi ilə bağlı xalqımıza üz vermiş faciə barədə dərin ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günlərində həlak olanların ailələrinə və qohumlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən bu aksiyanı pisləyir, onu antihumanist, antidemokratik və hüquqa zidd sayıram. Bu ağır günlərdə sizləri ağıla, kamala, həmrəyliyə və birliyə çağırıram". Göründüyü kimi Heydər Əliyev təhlükəyə baxmayaraq sözünü deyirdi, onu həmin çıxışlarına görə həbs və hətta məhv edə bilərdilər. O, təcrübəli siyasətçi kimi bunu bilirdi. Amma deməyə bilməzdi, çünki o, Heydər Əliyev idi! Çünki dedikləri xalqın, doğma Azərbaycanın problemləri idi.

1991-ci ildə Heydər Əliyev artıq Bakıda Ali Sovetin tribunasında çıxış edirdi. Mütəllibov hakimiyyətdə idi, zalda yüzlərlə mütəllibovçu deputat vardı. Deputat Heydər Əliyev isə tək idi, amma o, çəkinmirdi, üzünü onlara tutub cəsarətlə öz sözünü deyirdi. Deyirdi, siz ölkədə kommunist diktaturasını fövqəladə rejimin köməyi ilə saxlayırsınız. Deyirdi, siz 20 Yanvar qırğınında birbaşa məsuliyyət daşıyırsınız. Bəli, Heydər Əliyev Mütəllibovun hakimiyyəti dövründə, mütəllibovçu Ali Sovetlə üz-üzə durur və hakimiyyətin xalqa zidd fəaliyyətini qətiyyətlə tənqid edirdi. Həmin çıxışın xalq tərəfindən necə qarşılandığı isə hamının yadındadır. Mütəllibov olan-qalan nüfuzunu da itirdi, Heydər Əliyevə qarşı çıxan mütəllibovçu deputatlar isə xalqın gözündən düşdü. Bu hadisə bir daha sübut etdi ki, xalq - Heydər Əliyev birliyi yenilməzdir, Heydər Əliyev xalqın əbədi lideridir.

Konfutsi deyir ki, insanın müdrikliyi, böyüklüyü onun öz gücünü qiymətləndirməsindədir, nəyi bacarıb, nəyi bacarmayacağını bilməsindədir. Napoleon da deyirdi ki, dahilik mümkün olanı mümkün olmayandan fərqləndirmək qabiliyyətidir. Heydər Əliyev isə deyirdi: "Kim ki öz imkanlarından artıq iddialı olur, o, mütləq məğlub olur". Heydər Əliyevin iddiaları onun imkanları daxilində idi, o, özünün və dövlətin real imkanlarını qiymətləndirə bilir, yalnız mümkün olan, real yolla gedirdi. Gücü və imkanları isə böyük idi. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdanda Azərbaycanın iqtisadiyyatı dağılmışdı, ictimai-siyasi həyatın bütün sahələrini böhran çulğamışdı, bərpa prosesi dövrün tələbinə və ölkənin imkanlarına uyğun aparılmalı idi. Heydər Əliyev də mövcud imkanlar vasitəsilə mümkün olanı reallaşdırdı, ilk növbədə qanunsuz silahlı dəstələrin ləğvinə və ictimai-siyasi sabitliyin bərpasına nail oldu. Sonra Qarabağ müharibəsində atəşkəs elan olundu, "Əsrin müqaviləsi" imzalandı...

Müstəqilliyi yenicə qazanıldığı və təhlükə altında olduğu illərdə onu qoruyub saxlamaq, müasir demokratik dövlət qurmaq böyük idarəçilik təcrübəsi, diplomatik məharət, siyasi iradə tələb edirdi. Ümummilli lider Azərbaycanı düşdüyü böhranlardan qurtarmaq və onu dünyanın sivil ölkələri sırasına çıxarmaq üçün öz nadir intellektindən və tükənməz enerjisindən məharətlə istifadə edirdi. Şübhəsiz ki, dövlətin gücü və nüfuzu onu təmsil edən rəhbərin şəxsiyyətindən, diplomatiyasının səviyyəsindən birbaşa asılıdır. Dünyanın aparıcı dövlətlərinin respublikamıza marağı bir tərəfdən onun zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi ilə əlaqədar idisə, digər tərəfdən dövlət başçımızın yürütdüyü praqmatik və iqtisadi cəhətdən perspektivli siyasətlə, bu siyasətin yaratdığı ictimai-siyasi sabitliklə, investisiya mühiti ilə bağlı idi. Heydər Əliyevin ölçülüb-biçilmiş, müdrik xarici siyasəti bizə dost ölkələrlə əlaqələri daha da möhkəmlətməyə, dost olmayanların isə Azərbaycana qarşı münasibətlərini yaxşıya doğru dəyişməyə, bu münasibətlərdən isə milli maraqlar naminə daha səmərəli istifadə etməyə xidmət edirdi. Həmin dövrdə görülən taleyüklü işlər, atılan həlledici addımlar olmasaydı, dövlət quruculuğunun təməl daşları qoyulmasaydı, dayanıqlı sabitliyə malik indiki siyasi sistem və maliyyə böhranlarına davamlı iqtisadiyyat da qurula bilməzdi.

Heydər Əliyevin ən nadir, onu fərqləndirən və yüksəldən cəhətlərindən biri də unikal vaxt hissi idi. O, özünün və rəhbərlik etdiyi ölkənin real imkanlarını qiymətləndirə bildiyi kimi, hər işi vaxtında, məqamı çatanda görə bilirdi. Əgər həlli vaxtı çatmayıbsa, məqamı yetişməyibsə, hansı məsələ olursa-olsun, nə qədər vacib olursa-olsun, onu təxirə salırdı. 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan və Ali Sovetin sədri seçildikdən sonra Azərbaycanın dövlətçiliyini istəməyən xarici qüvvələr dərhal hərəkətə keçmişdi. Onların maddi və mənəvi dəstəyi, siyasi sifarişi ilə separatçı ünsürlər ölkənin cənub regionunda "Talış-Muğan" adlandırılan oyuncaq bir qurum yaratmağa cəhd etmişdilər. Həmin dövrdə Milli Məclisdə bəzi müxalifətçi deputatlar bu məsələni qabartmağa çalışır, təcili tədbirlərin görülməsinin vacib olduğunu diqqətə çatdırırdılar. Heydər Əliyev isə öz müdrikliyinin zirvəsindən hadisələrin axarını diqqətlə izləyir və məsələnin həlli vaxtının hələ yetişmədiyinin deyirdi. Vaxt yetişən kimi təcili tədbirlər görüldü və separatçı ünsürlər yerli əhalinin öz qüvvəsi ilə, qan tökülmədən tərksilah olundu, regiondan qovuldu.

Yuxarıda qeyd etdik ki, Heydər Əliyev həm millətin, həm də bəşəriyyətin dahilik meyarlarına cavab verən tarixi bir şəxsiyyət idi. Azərbaycan xalqının bu sahədə bəxti gətirmişdi, xalqımız dünya miqyaslı nəhəng işlər görən bir lider yetişdirmişdi. Dünya səviyyəli işlərdən ən böyüyü isə şübhəsiz ki, sülh, sabitlik məsələsidir. Müasir dünya müharibəni və müharibə edənləri qəbul etmir, çünki müharibə siyasi, iqtisadi inkişafa mane olur, insanların yaşamaq hüququnu əlindən alır. Heydər Əliyev Azərbaycan rəhbərlərindən birincisi idi ki, bu qaçılmaz reallığı qəbul etdi: "Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur. Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir". Sülh arzularını bəyan edən Azərbaycan lideri əlverişli imkan yaranan kimi onları reallaşdırmaq istiqamətində addımlar atdı, sülh danışıqlarına başladı. Həmin dövrdə Azərbaycan Ordusunun əks-hücumlarından qorxuya düşən erməni tərəfi də atəşkəsə getdi. Ümummilli liderin xalqımıza, regiona və bütün dünyaya ən böyük xidməti Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin həllini hərb müstəvisindən sülh müstəvisinə keçirməsi oldu. Müharibə dayandı, regionda sabitlik yarandı, bütün dünya Azərbaycan liderini alqışladı.

Heydər Əliyev dahi siyasətçi, təcrübəli dövlət xadimi kimi həmişə yeganə düzgün yolu seçməyə qadir olmuşdur. O, əsl peşəkar olaraq əvvəlcə bütün variantları müzakirə edir, mütəxəssislərin fikrini öyrənir, mövcud imkanları qiymətləndirir, fikrin və düşüncənin ələyindən keçirir, sonda isə qərar qəbul edirdi. Müstəqil Azərbaycanın neft strategiyasının seçilməsi də ulu öndərin xidmətidir və bu, faktiki olaraq onun əsəridir. Məlum olduğu kimi, "Əsrin müqaviləsi"nin bağlandığı dövrdə bu məsələyə baxış birmənalı deyildi. Bəzi mütəxəssislər və iqtisadçılar "Əsrin müqaviləsi"ndən sonra Azərbaycanın xarici şirkətlərlə sazişlər bağlamasının əleyhinə idilər. Onlar iddia edirdilər ki, Azərbaycan hökuməti gözləməli, "Əsrin müqaviləsi"ndən gələn gəlirlərlə başqa neft strukturlarını özü işləməlidir. Azərbaycan neftçiləri isə ayrı fikirdə idilər. Onlar hesab edirdilər ki, neft strukturlarının işlənməsi çox bahalı və riskli bir işdir, odur ki, Azərbaycan xarici neft şirkətləri ilə sazişlər bağlamalı, neft strukturlarını müştərək işləməlidir. Eyni zamanda bir çox qonşu ölkələr də "Əsrin müqaviləsi"nin əleyhinə idilər və açıq-aydın Azərbaycana təzyiq göstərirdilər. Amma Azərbaycanın lideri siyasi iradə nümayiş etdirdi və yeganə düzgün yolu seçdi, dünyanın aparıcı neft şirkətləri ilə ilk neft müqaviləsi imzalandı. "Əsrin müqaviləsi"ndən sonra 22 neft sazişi bağlandı və Milli Məclisdə ratifikasiya olunaraq qanun statusu aldı. Məhz Heydər Əliyev siyasi uzaqgörənliyinin nəticəsi olan bu müqavilələr Bakı- Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng beynəlxalq layihələrin həyata keçirilməsinə yol açdı. Azərbaycanın dünyaya inteqrasiyasına və Ermənistanın təcrid olunmasına xidmət edən bu beynəlxalq layihələr hazırda regionumuza əmin-amanlıq gətirdiyi kimi, xalqımıza da firavanlıq gətirir.

Heydər Əliyev həmişə deyirdi: "Yönümüz Şərqə olsa da, yolumuz Qərbədir". Ümummilli lider Azərbaycanın sivil dünyaya inteqrasiyasının tərəfdarı idi, bu, onun xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edirdi. O, Azərbaycanın qonşu dövlətlərlə, Avropa, bütün dünya ilə münasibətlərini bir zərgər dəqiqliyi ilə qura bilirdi, böyük maraqların kəsişdiyi dünyada kiçik Azərbaycanın maraqlarını qoruya bilirdi. Amma Heydər Əliyev Qərb demokratiyasının Azərbaycana süni surətdə, yamaq kimi gətirilməsininin tərəfdarı deyildi, istəyirdi ki, Qərb demokratiyası Azərbaycanda Şərq ənənələri üzərində yetişsin, inkişaf etsin. Ümummilli liderin "Demokratiya alma deyil ki, bazardan alasan" kəlamı da bu məqsədə xidmət edirdi. Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasında Heydər Əliyevin misilsiz xidmətləri haqqında həmin dövrdə Fransa Respublikasının Prezidenti olan Jak Şirak deyirdi: "Azərbaycanın Avropa ölkələri arasında özünə layiq yer tutmasını böyük təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirirəm. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, bu ölkədə insan haqlarının qorunması, demokratiyanın möhkəmlənməsi, daim inkişafda olması məhz Heydər Əliyevin siyasətinin nəticəsidir".

Böyük şəxsiyyətləri, dünya səviyyəli liderləri səciyyələndirən əsas cəhətlərdən biri də hadisələrə miqyaslı baxış, onları əlaqəli şəkildə kompleks görmək bacarığıdır. Heydər Əliyev dahi siyasətçi, əsl filosof kimi həmişə tarixin və müasirliyin vəhdətinə üstünlük verirdi. O, təbiətcə də belə idi, müdrik olduğu qədər də yenilikçi idi. Tarixin dərslərindən öyrənmək və dünyada yeni, mütərəqqi nə varsa Azərbaycana gətirmək, tətbiq etmək - Heydər Əliyev müəllifi olduğu müstəqil respublikanı bu yolla qururdu. Lakin tarixdən dərs almaq üçün onu dəyərləndirmək, yenilikləri tətbiq etmək üçün onları qiymətləndirmək lazımdır. Bunun üçün də Heydər Əliyev azərbaycançılıq ideyasını irəli sürmüşdü. Onun təbirincə desək, azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Ali məqsədi adi məqsədlərdən fərqləndirmək, adi məqsədləri ali məqsədə doğru yönəltmək - Heydər Əliyev şəxsiyyətini səciyyələndirən əsas cəhətlərdən biri də bu idi. Azərbaycançılıq ali məqsəd - strategiya idi, bütün adi, taktiki məqsədlər planlı şəkildə həyata keçirilir və strategiyanın reallaşmasına xidmət edirdi. Bu da Heydər Əliyev dühasına xas olan elmi yanaşma, təkamülçülük və ardıcıllıq metodologiyanın əsasını təşkil edirdi.

Heydər Əliyev uzaqgörən siyasətçi, ümummilli lider kimi Azərbaycanın gələcəyini fikirləşərək özündən sonra siyasi kursu davam etdirəcək monolit siyasi komandanın və möhtərəm İlham Əliyev kimi müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdır. Prezident İlham Əliyev öz səlahiyyətlərini icra etdiyi illər ərzində Heydər Əliyev siyasətini uğurla və yaradıcılıqla həyata keçirdiyini sübut etmişdir. Dövlət başçımız əsası ulu öndər tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq dönməzliyə çevirmişdir. Azad, demokratik və hüquqi dövlət quruculuğu zamanı isə daxili sabitliyin qorunub saxlanılması ölkədə həm iqtisadi inkişafa, həm də dövlət quruculuğu prosesinə təkan verən, onu sürətləndirən amillərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmışdır. Son 5-6 ildə Azərbaycanda ümumi daxili məhsul iki dəfə, Dövlət büdcəsi isə on dəfə artmışdır. Dünyanın qabaqcıl ölkələrinin maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan öz iqtisadi inkişaf sürətinə görə bütün dünyada öncüllər sırasındadır. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, sosial problemlər sürətlə həll edilir, insanların sosial rifahı daha da yüksəlir. Bütün bunlar, qazanılan uğurlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyev cismən aramızda yoxsa da, onun parlaq amalları yaşayır, müdrik siyasəti davam edir.

Hazırda Azərbaycanın müşkülə düşən yeganə problemi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, qaçqınların, köçkünlərin doğma yurdlarına qayıtmasıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici və daxili siyasət nəticəsində bu gün Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları əsasında həll etmək və ərazi bütövlüyünü bərpa etmək üçün həm mənəvi, həm hüquqi, həm də hərbi imkanlara malikdir. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan iqtisadi və siyasi cəhətdən sürətlə inkişaf edir, ordusu güclənir. Artıq Azərbaycan Ordusunun illik büdcəsi, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, son 5-6 ildə 10 dəfə artmış və Ermənistan dövlətinin büdcəsinə bərabər olmuşdur. Bu gün qürurla demək olar ki, Azərbaycanın güclü ordusu var və dövlətin, Prezidentin qarşıya qoyduğu bütün vəzifələri həll etməyə, işğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadirdir. Prezident İlham Əliyev isə müdrik siyasətçi, dahi Heydər Əliyevin siyasi varisi kimi müharibə yolunu yox, sülh yolunu seçir, xalqları faciələrə sürükləmək istəmir, amma Müdafiə Nazirliyində keçirilən müşavirədə də qeyd etdiyi kimi, mövcud vəziyyətlə barışmaq niyyətində də deyil! Vəziyyət belə davam edərsə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqları erməni tərəfin qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməzsə, Azərbaycan danışıqlar xatirinə danışıqları davam etdirməyəcək, başqa variantları nəzərdən keçirəcək, işğal altında olan torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir! Yeri gəlmişkən, Azərbaycan torpaqlarının azad olunması, qaçqınların, məcburi köçkünlərin doğma yurdlarına qayıtması ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi...

Sonda qeyd etmək istəyirəm ki, biz Heydər Əliyevin müasirləriyik, ona görə də onun nəhəngliyini, əzəmətini, miqyasını yetərincə hiss etmirik, qiymətləndirə bilmirik. Hazırkı zamanda bu, mümkün də deyil, mərhum Turqut Özal demiş, bunun zamana ehtiyacı var. Biz Heydər Əliyev zirvəsinin ətəklərində dayanmışıq, uca dağlar isə uzaqlaşdıqca yaxşı görünər, hündürlüyü, əzəməti hiss olunar.

 

 

Ziya YUSİFZADƏ,

MTN-in Heydər Əliyev adına

Akademiyasının rəisi,

general-leytenant

 

Azərbaycan.- 2010.-  9 may.- S.  4.