Davamlı inkişaf
strategiyasının müəllifi
Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki dövlətin böyük və ya kiçikliyindən, malik olduğu iqtisadi potensialdan asılı olmayaraq, son nəticədə onun hərtərəfli tərəqqsini müəyyən edən əsas məqamlardan biri məhz lider faktorudur. Mürəkkəb, ziddiyyətlərlə dolu tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqının maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını ən azı bir neçə on il qabaqlaya bilən lider ölkəsinin inkişafı, təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini gücləndirir.
Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də liderin xalqının inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edir. Fəaliyyətləri ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq siyasətdə də heyranlıq duyulan şəxsiyyətlər sırasında yer alır, daim böyük hörmət və ehtiramla anılır. Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli, dönməz inkişaf yoluna qədəm qoymuşdur.
Hələ
ötən əsrin son onilliyində yenidən dövlət
müstəqillyini əldə edən Azərbaycana
dağılmış sovet imperiyasından qalan bir miras da bərbad
vəziyyətə düşmüş iqtisadiyyat, bu zəmində
qabarmaqda olan sosial problemlər olmuşdur. Ənənəvi
planlı təsərrüfat iqtisadiyyatından imtina edilərək
yeni iqtisadi formasiyaya keçid fonunda isə lazımi
bazanın yoxluğu, ilk illər hakimiyyətdə olan və
tez-tez dəyişən qüvvələrin idarəçilik
qabiliyyətlərinin aşağı səviyyədə
olması, səriştəsizlikləri bu sahədə vəziyyəti
daha da ağırlaşdırırdı. Təbii ki,
bütün bunlar əhalinin maddi rifah halında əks
olunmaqda, yaşayış səviyyəsinin sürətlə
aşağıya düşməsinə, sosial
qayğıların miqyasının genişlənməsinə
səbəb olmaqda idi. Ölkənin zəngin təbii
ehtiyatalara, lazımi elmi və insan potensialına malik
olmasına baxmayaraq, iqtisadi, sosial zəmində də vəziyyətin
hər keçən gün daha da pisləşməsi Azərbaycanda
o dövr üçün onsuz da tez-tez pozulan daxili sabitliyə,
o cümlədən dövlət müstəqilliyinə
yaranmış təhdidin miqyasını genişləndirməkdə
idi.
Belə vəziyyətdə Azərbaycanı yaranmış daxili və xarici təhlükələrdən hifz edə biləcək, onu həqiqi müstəqillyinə qovuşduracaq, bazar iqtisadiyyatına sürətli keçidini təmin edəcək yeganə şəxs, ümid yeri hələ SSRİ dönəmində göstərdiyi fəaliyyətinə görə adı ölkəmizin tarixində qızıl hərflərlə həkk olunan ümummilli lider Heydər Əliyev idi. Bu mənada ulu öndərin yenidən hakimiyyət rəhbərliyinə qayıdaraq Azərbaycanı düşdüyü bəlalardan xilas etməsi üçün xalqın istək və təkidli tələbi tamamilə təbii xarakter daşıyırdı. Beləliklə, 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyət başına gələn Heydər Əliyev müstəqil Azərbaycanın, eləcə də azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasının banisi oldu. Azərbaycanın qısa zaman kəsiyində iqtisadi sferada böyük uğurlara imza atması bu sahədə də uğurlu idarəçiliyin, Heydər Əliyev uzaqgörənliyinin, onun müəyyənləşdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi idi.
Xatırlatmaq yerinə düşərdi ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı. O dövrün iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdır. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1763,5 faizə çatmışdı. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı. Əslində ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Qeyd olunan proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı isə 5,7 dəfə azalmışdı.
Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 32 ölkədən tamhüquqlu üzv statusunu almış ilk ölkə Azərbaycandır.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı.
Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara müddətli vergi tətillərinin verilməsinə başlandı. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər.
Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi bu gün demək olar ki, 100 faizə çatmışdır.
Bununla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu. Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil etmişdir.
Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı.
Eyni zamanda ölkədə sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görüldü. Sosial sahədə mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin, xüsusilə təhsil və səhiyyə xidmətlərinin həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması istiqamətində köklü islahatlara başlandı.
Qeyd olunanlarla bərabər, Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer tutması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması məqsədilə investisiyaların qorunması üçün qanunvericilik bazası formalaşdırılmış, 40-a yaxın ölkə ilə ikitərəfli sazişlər imzalanmış, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur.
Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin edilməsidir. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və onlar hazırda uğurla icra olunur.
Bu baxımdan böyük potensiala malik aqrar sahənin dayanıqlı inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə ölkəmizdə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının, mineral gübrələrin 50 faiz güzəştlə satılması, toxum və tinglərə görə subsidiyaların ödənilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir etmişdir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının güzəştli şərtlərlə texnika və texnoloji avadanlıqlarla təmin edilməsi, damazlıq heyvandarlığın inkişaf etdirilməsi üçün lizinq xidmətləri göstərilmiş, 2014-cü ilə qədər kənd təsərrüfatı mülkiyyətçiləri torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad edilmişlər. Bu kimi digər səmərəli tədbirlərin həyata keçirilməsi nəticəsində ilk dəfə olaraq 2009-cu ildə rekord miqdarda taxıl istehsal olunmuş və əsas ərzaq malları ilə əhalinin tələbatı yerli istehsal hesabına təmin edilmişdir ki, bu da ərzaq təhlükəsizliyində ciddi nailiyyətdir.
Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.
Ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması məqsədilə Prezidentin sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan") icra olunmuş, ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyası təmin edilmişdir. Ölkə rəhbərliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı prioritet sahələrdən biri kimi müəyyən edilmişdir. Bu baxımdan, müasir standartlara cavab verən informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsi istiqamətində önəmli işlər görülmüşdür. 2012-ci ildə milli telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur.
Transmilli nəqliyyat proqramları və layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidənqurulması, regionlarda, xüsusən dağ rayonlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir. Azərbaycanda hasil edilmiş karbohidrogenin dünya bazarlarına nəql edilməsi üçün illik layihə gücü 50 milyon ton olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxrac Kəməri, eləcə də Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri istismara verilmişdir. Bütün bunlar isə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını şərtləndirən Heydər Əliyevin ideyalarının reallaşmasının bariz nümunələridir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi çevik və ardıcıl siyasət Azərbaycanı Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq aləmdə əhəmiyyət kəsb edən neft və qaz tranziti ölkəsinə çevirmişdir.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış "Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti haqqında" sazişə müvafiq olaraq, Türkiyə və Gürcüstanın ərazilərində dəmir yolu xətlərinin inşası və yenidənqurulması işlərinin aparılması nəticəsində Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması və Qara dəniz və Xəzəryanı ölkələrinin Avropanın dəmir yolu şəbəkəsinə qoşulması mümkün olacaq.
Elektrik enerjisi istehsalının generasiya gücləri artırılmış, bu məqsədlə müasir tipli yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilmiş və zəruri institusional tədbirlər həyata keçirilmişdir. Ümumilikdə ölkənin elektroenergetika sisteminin ümumi generasiya gücü 6 min meqavatı üstələmiş, ölkənin elektrik enerjisinə olan tələbatı tam ödənilmiş və Azərbaycan enerji idxalçısından ixracatçısına çevrilmişdir. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin fəal iştirakçısıdır.
Prezidentin tapşırıqlarına uyğun olaraq, elektrik enerjisi, qaz, su, kanalizasiya və digər kommunal təsərrüfatı sektorlarının idarəetmə strukturunun bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılması, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, maliyyə intizamının gücləndirilməsi və investisiyaların cəlb olunması istiqamətində bir sıra əsaslı tədbirlər həyata keçirilmişdir. Eyni zamanda əhalinin su ilə fasiləsiz təmin edilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəməri tikilir.
Ümummilli lider Heydər Əliyevin "Bazar iqtisadiyyatının aparıcı qüvvəsi iş adamlarıdır, özəl şirkətlərdir, xarici sərmayəçilərdir" fəlsəfəsi bu gün də özəl bölmənin inkişafının əsasını təşkil edir. Sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafına nail olunması həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artmışdır. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanmışdır.
Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması "bir pəncərə" prinsipinə uyğun təşkil edilmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır. Təsadüfi deyildir ki, 2009-cu ildə sahibkarlara 130 milyon manat güzəştli kreditlər verilmiş, güzəştli kreditlərdən yararlanan iş adamlarının sayı 2100-ü ötmüşdür. Sahibkarlığın inkişafında əhəmiyyətli dövlət dəstəyi mexanizmi olan xüsusi iqtisadi zonaların yaradılmasının qanunvericilik bazası formalaşdırılmışdır.
Bütün bunlar bir daha göstərir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi, yaradılmış münbit iqtisadi şərait davamlı və sürətli iqtisadi inkişafı təmin etmişdir. Belə ki, 2004-2009-cu illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artaraq, onun adambaşına düşən həcmi 2009-cu ildə 4874,1 ABŞ dollarına çatmışdır.
Eyni zamanda ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 22 milyard ABŞ dollarına çatmışdır ki, bu da ölkənin xarici dövlət borcunu 6 dəfə üstələyir və 40 aylıq qeyri-neft idxalının maliyyələşdirilməsinə kifayət edir. Formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmişdir. Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 70 milyard dolları ötmüşdür ki, bunun da yarısı xarici investisiyaların payına düşür.
Xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8, ölkə üzrə orta aylıq əməkhaqqı 3, əhalinin gəlirləri 3,4, onun adambaşına düşən həcmi isə 3,2, minimum pensiyanın məbləği 3,8, minimum əməkhaqqı 6,3 dəfə artırılmışdır. Göstərilmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmişdir. Son 6 ildə 840 min yeni iş yeri yaradılmışdır.
2009-cu ildə əhalinin banklardakı əmanətləri 23 faiz, iqtisadiyyata banklar və kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi isə 17 faiz artmışdır. 2009-cu ildə əvvəlki illə müqayisədə 12,5 faiz çox pullu xidmətlər göstərilmiş, 8,9 faiz çox istehlak malları satılmışdır. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2008-ci ilə nisbətən 6,7 faiz, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 8,6 faiz artmışdır.
Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business 2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir.
Son dövrlər dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi. Qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox ölkələrdə ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə olduğu kimi, 2010-cu ildə də davam edir. Belə ki, 2010-cu ilin birinci rübündə ÜDM-nin real artımı 5,4 faiz, o cümlədən neft-qaz sektorunda 6,9 faiz, qeyri-neft sektorunda 4,3, təşkil etmişdir. Bu dövrdə sənayedə 6,2 faiz, kənd təsərrüfatında 1,5 faiz, rabitədə 24,8 faiz, ticarətdə 6,2 faiz, nəqliyyatda 2,6 faizlik artıma nail olunmuşdur.
Bütövlükdə Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. Təsadüfi deyildir ki, nüfuzlu "Standard and Poors" beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının hazırkı durumunu "Stabil"dən "Pozitiv"ə yüksəltmişdir. Beləliklə, ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl, Prezident İlham Əliyevin müdrik, düşünülmüş, uzaqgörən, zamanın sınağından uğurla çıxmış siyasəti nəticəsində ölkəmiz həm forma, həm də məzmun etibarilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının qeyd etdiyi kimi: "Azərbaycan iqtisadiyyatına çox böyük təkan verilmişdir və o, bu gün də davam etdirilir. Bütün bunlar, əlbəttə ki, növbəti illərdə iqtisadiyyatımızın daha da şaxələndirilməsinə gətirib çıxaracaqdır".
Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında postsosilasit düşərgəsində iqtisadi sahədə keçid dövrünü tarix üçün o qədər də böyük olmayan qısa zaman kəsiyində başa vurmağı bacaran Azərbaycan bununla daha bir möhtəşəm nailiyyətə imza atmışdır. Keçid dövrünün başa çatması ilə əlaqədar sosial-iqtisadi inkişafın qarşıya qoyduğu yeni vəzifələrin uğurlu həlli ilə isə qarşıdakı dövr ərzində də Azərbaycanın tərəqqi tempinin yüksək göstəricilərlə ifadə olunacağını deməyə əsas verir.
Şahin MUSTAFAYEV,
İqtisadi inkişaf naziri
Azərbaycan.- 2010.- 9 may.- S.
5.