Milli maraqların təminatçısı
Dirçəliş yolunda olan hər bir xalq çağdaş dünya reallıqlarına uyğun gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün ilk növbədə, konkret zaman və imkan daxilində keçdiyi mərhələlərin uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Tarixə öz möhürünü vuran liderlər mütərəqqi inkişaf modelinin siyasi və iqtisadi əsaslarını formalaşdırmaq kimi ağır missiyanı çiyinlərinə götürərək mənsub olduqları xalqların gələcək inkişaf strategiyasını müəyyənləşdirirlər.
XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Ümummilli lider qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir.
Böyük strateqin müdrikliklə formalaşdırdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modelini özünəməxsus uzaqgörənliklə əsaslandıran ümummilli lider bu inkişaf strategiyasının yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini diqqətə çəkmişdir. Heydər Əliyev böyük uzaqgörənliklə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratik prosesin iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf yolu hesab edir. Tətbiq olunan hər hansı mütərəqqi yeniliyin xalqın milli xüsusiyyətləri, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib sayır: "Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir".
Ümummilli lider Heydər Əliyev 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yeritmişdir. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Ulu öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider xarici siyasətdə yol verilmiş səhvlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar ataraq birinci növbədə, qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. Heydər Əliyev böyük strateq kimi aparıcı dünya dövlətlərini respublikamızın tarazlı və müstəqil siyasət yeridəcəyinə inandıra bilmişdir. "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyinin dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrin həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir" - deyən ümummilli lider həmçinin bildirmişdir ki, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur. Müstəqil respublikamızın 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk Konstitusiyasında xarici siyasətin konseptual xarakterinin, məqsəd və vəzifələrinin aydın şəkildə əksini tapması da məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur.
Azərbaycanın Heydər Əliyev siyasi kursuna əsaslanmaqla həyata keçirdiyi xarici siyasət də ümumən bu prinsiplərə əsaslanmış, respublikanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi milli diplomatiyanın əsas prinsiplərinə çevrilmişdir. Böyük strateq Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzlərinin rəqabət və qarşıdurma meydanına çevrilməsini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə olmuşdur. Respublikamız ötən illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda, demokratikləşmə xəttinə, Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə Qərbin diqqətini cəlb etmiş, Avropa məkanında etibarlı tərəfdaş imici qazanmışdır.
Cənubi Qafqaz xalqlarının iqtisadi və mədəni inteqrasiyasında maraqlı olan ulu öndər Heydər Əliyev Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi kimi qlobal əhəmiyyətli beynəlxalq layihənin gerçəkləşməsi təşəbbüsünü irəli sürmüş, beləliklə, Azərbaycanın perspektivdə strateji əhəmiyyətli tranzit məkana çevrilməsinə nail olmuşdur. TRASEKA layihəsi Avropa İttifaqının 1993-cü ildə Brüsseldə keçirilən sammiti zamanı Orta Asiya ölkələri, Cənubi Qafqaz respublikaları və təşkilatla imzalanmış sazişə əsasən həyata keçirilmişdir. 1993-cü ilin sonlarında Bakıda Avropa ittifaqının MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesi başlanmışdır. Məhz bu proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" layihəsi irəli sürülmüş, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan nümayəndələrinin iştirakı ilə onun müzakirəsi keçirilmişdir. Müzakirələrin yekunu olaraq "Brüssel bəyannaməsi" adlı iki rəsmi sənəd imzalanmış, qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır.
TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans da məhz ulu öndər Heydər Əliyevin səyləri ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmişdir. Konfransın yekun sənədi olaraq "Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş" adlanan mühüm sənəd imzalanmışdır. Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində "Böyük İpək yolu"nun bərpası üzrə keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.
Ulu öndərin uzaqgörən siyasəti nəticəsində respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması kimi mürəkkəb sosial, iqtisadi və təşkilati-texniki prosesdə yaxından iştirak edərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin gerçəkləşdirilməsi təşəbbüslərini də dəstəkləmişdir. Azərbaycanın əlverişli iqtisadi mövqeyə malik olması ona Şərq-Qərb və Şimal-Cənub əlaqələrində xüsusi əhəmiyyət verilməsinə gətirib çıxarmış, respublikamız bu əlverişli geoiqtisadi məkanda ticarət dəhlizi rolunu gücləndirmişdir. Avropa və Asiyanın, Şimal və Cənubun kəsişməsində yerləşən Azərbaycan regionda enerji və yük axınları üçün qovşaq yolunu oynamaq üçün unikal imkanlara malik olduğunu nümayiş etdirmişdir.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında ən böyük, misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsidir. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azəbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. 16 ildə bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu layihə eyni zamanda, Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.
Zaman keçdikcə ölkə vətəndaşları müstəqil Azərbaycan dövlətinin memarı, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin polad əzmi, qətiyyəti və uzaqgörənliyi sayəsində əfsanədən gerçəkliyə çevrilən bu hadisənin siyasi və iqtisadi əhəmiyyətini, bugünkü uğurların əsasında məhz yeni neft strategiyasının dayandığını daha dolğun şəkildə dərk edirlər. "Əsrin müqaviləsi"nin fövqəladə əhəmiyyəti həm də onunla şərtlənir ki, məhz bu tarixi sənəd əsasında Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlığın əsası qoyulmuş, region dövlətlərinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesində müsbət presedent yaranmış, transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinə start verilmiş, ümumən regionun hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Müqavilə çərçivəsində Qərb şirkətlərinin respublikamıza 20 milyard dollardan artıq investisiya yatırması Azərbaycana ən müasir texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə böyük təkan vermişdir.
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmişdir. Böyük strateq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü nitqlərində vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir. Ölkənin idarəetmə sistemində siyasi mədəniyyət elementləri güclənmiş, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi artmış, yerli özünüidarə orqanları formalaşmışdır. Eyni zamanda, ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.
Ulu öndər Heydər Əliyev birləşdirici qüvvə kimi respublikamızdan kənarda güclü diaspor və lobbi təşkilatlarının formalaşdırılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Onun Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycancılıq ideyasını irəli sürməsi, milli birlik meyillərini daha da dərinləşdirməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması da milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirir.
Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. O, daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".
Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqın milli kimliyinin təcəssümü olan maddi-mənəvi mədəniyyət abidələrinin, adət-ənənə və ritualların, milli irsin qorunması və gənc nəslə aşılanması məsələlərinə xüsusi diqqət yetirmişdir. Böyük strateq Heydər Əliyev çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Problemi aktuallaşdıran başlıca amil budur ki, qloballaşma prosesinin və çoxqütblü inteqrasiyanın diktələri bir çox hallarda milli-mənəvi dəyərlərə, adət-ənələlərə, saf duyğulara qarşı yönəlir. Məhz Heydər Əliyev dühasının vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur. Bu dahi şəxsiyyət Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, folkloruna həddən artıq bağlı olmaqla, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir. Milli ənənə və dəyərlərə sadiqlik əsla Heydər Əliyevin daxili demokratizminin inkarına yönəlməmiş, bu xariqüladə şəxsiyyət düşüncələrində böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu ansamblını yarada bilmişdir. Ulu öndər öz davranışı ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı göstərmişdir. Azərbaycanın qapıları ən ali, bəşəri və universal dəyərlərin üzünə məhz onun əlləri ilə açılsa da, bu qapıdan həyatımıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gələn, bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri üstələyə bilməmişdir. Xalqımıza xas mənəvi keyfiyyətlər yad mədəniyyət stereotiplərinin milli ənənələr üzərində hakim mövqeyə sahib olmasına heç zaman imkan verməmişdir. Ulu öndər Heydər Əliyev bu mənada həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış liderdir.
İndi Heydər Əliyev cismən həyatda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toparlayır. Həm də onunla təsəlli tapırıq ki, ulu öndərin möhtərəm Prezident İlham Əliyev kimi müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 7 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.
"Əsl siyasət konkret, real iş görməkdir" devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının qayəsində hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi öndədir. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı 2003-cü ildən bu sahədə inamlı addımlar atır. Cənab İlham Əliyev son bir ildə imzaladığı məqsədyönlü fərman və sərəncamlar, habelə praqmatik qərarları, obyektiv reallıqdan irəli gələn addımları ilə dünyanı ağır vəziyyətə salan qlobal böhrana qarşı Azərbaycanın effektiv müqavimət əzmini təmin etmiş, hətta iqtisadi inkişafa da nail ola bilmişdir.
Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində güclü, monolit komanda amili də mühüm əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin idarəçilik üslubunda kadrların peşəkarlığı, vəzifə borcu, məsuliyyəti, xalqa təmənnasız xidməti mühüm rol oynayır. Çünki ulu öndər uzun illər ərzində elə bir dövlətçilik təsisatı formalaşdırmışdır ki, müasir dövrdə hansısa kadr öz liderinə xəyanəti, qeyri-qənaətbəxş fəaliyyəti ilə bu təsisatın işinə əngəl törədə bilməz. Bu zaman sistem özü onu dərhal kənarlaşdıracaq, icra etdiyi səlahiyyətlər saf əqidəyə malik digər şəxsə həvalə ediləcəkdir. Bununla belə, cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun əsasını sadiqlik amili təşkil edir. Bu sadiqlik anlayışı daha çox hər hansı kadrın müasir təfəkkürə, mütərəqqi baxışlara malik olması, ona tapşırılmış sahədə vicdanla fəaliyyət göstərməsi, xalqın problemlərinə həssas, səmimi münasibəti əsasında müəyyənləşir. Azərbaycan Prezidentinin son illərdəki kadr dəyişiklikləri də məhz hakimiyyət komandasının xalqa daha layiqli xidmət göstərməsi məqsədindən irəli gəlmişdir.
İqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipi son 7 ildə Azərbaycanın demokratikləşməsi və ümumən cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesinin fundamental əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Dövlət başçısının dünya siyasi arxitekturasının tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla, inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi, hüquqi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir" - deyən Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratik-hüquqi inkişaf prosesi insanların sosial-siyasi, mədəni və iqtisadi rifahına adekvat olmalı, cəmiyyətin siyasi şuur səviyyəsinin yüksəlməsi ilə paralel şəkildə həyata keçirilməlidir.
Zaman etibarilə qısa prezidentlik dövründə xarici siyasət məsələlərinə də xüsusi diqqət yetirən, Azərbaycanın hücumçu diplomatiyasını, habelə qlobal həmlələrə qarşı adekvat reaksiyasını təmin edən, respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməyən cənab İlham Əliyev bu sahədə də həlledici nailiyyətlərə imza atmışdır. Milli mənafeləri önə çəkən bu çevik və qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə və ümumən Avropa geopolitik arealında nüfuzu artmış, mövqeləri möhkəmlənmişdir. Cənab İlham Əliyevin fenomenal siyasi liderliyi sayəsində Azərbaycan milli mənafelərini bəşəri miqyasda müdafiə edə bilən praqmatik, çevik, təmkinli və səriştəli xarici siyasətini yeritməyə nail olmuşdur. Eyni zamanda, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməklə, Azərbaycanın heç bir dövlətdən asılı olmadan tamamilə müstəqil siyasət yeritməsini, beynəlxalq mövqelərinin güclənməsini təmin etmişdir.
Hazırda respublikamızın özündən asılı olmayan səbəblərdən həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Nəticədən asılı olmayaraq, hazırda Azərbaycanın danışıqlar prosesində iştirakını şərtləndirən mühüm amillərdən biri də respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda və əsasən də, mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt imkanı əldə etməsidir. Yəni, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi son nəticədən asılı olmayaraq, Azərbaycana təcavüzkar dövləti ifşa etmək, onun işğalçı siyasəti barədə beynəlxalq miqyasda obyektiv rəy formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Rəsmi Bakının danışıqlar prosesində sonadək təmkinlə iştirakı ona həm də hərb yolunun seçilməsi üçün əsaslı arqumentlər verir. Yəni, danışıqlar prosesi sonadək nəticə verməsə, Azərbaycan hərb yolunun qaçılmazlığını beynəlxalq ictimaiyyətə əsaslandırmaq imkanı qazanacaqdır.
Tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır. Müvəqqəti hərbi üstünlüyü ilə manipulyasiya etməyə çalışan Ermənistan danışıqlar prosesini bu və digər vasitələrlə uzatmağa çalışmaqla "nə hərb, nə sülh" vəziyyətinin davamlı olmasını istəyir. Açıq demək lazımdır ki, son 16 ildə həmsədrlərin münaqişənin həlli ilə bağlı real təsir mexanizmlərinə malik olmadığı göz önündədir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə, həmsədrlər 15 ildən çox müddətdə "Ermənistanın və Azərbaycanın öz aralarında razılığa gəlməsi" kimi gülünc mövqeni önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə bir mövqe son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır.
İkili standartların əsirinə çevrilmiş müəyyən aparıcı dövlətlərdə də yaxşı başa düşürlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhdid kimi çıxış edir. Belə olan təqdirdə onlar təcavüzkara təsir göstərmək, beynəlxalq hüquq normalarını təmin etmək əvəzinə, ermənilərin qondarma, tarixi faktlardan tamamilə uzaq olan "soyqırımı" iddialarını dəstəkləyir, Ermənistanı regionda üzləşdiyi təcrid vəziyyətindən çıxarmağa çalışırlar.
Aprelin 23-də Müdafiə Nazirliyində hərbi quruculuq məsələləri ilə bağlı müşavirə keçirən dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün sərt və qətiyyətli addımlar atmaq məcburiyyətində qalacağı ilə bağlı həm cəmiyyətə, həm də dünyaya sərt mesaj vermişdir. Həmin müşavirənin gedişi bir daha göstərir ki, respublikamızda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, inkişaf etmiş dövlətlərin təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Dövlət başçısı İlham Əliyev ilk gündən bəyan etmişdir ki, ordunun möhkəm, qüdrətli olması üçün dövlətin iqtisadiyyatının güclü olması vacib şərtdir. Bu reallığa nəzərən ölkə rəhbərliyi iqtisadiyyatın inkişafına adekvat olaraq ordu quruculuğu istiqamətində də qətiyyətli addımlar atır. "Ermənistanın qeyri-səmimi davranışı artıq özünü açıq şəkildə büruzə verir, biz danışıqlar prosesinə hələ ki, müsbət yanaşırıq. Hələ ki, Ermənistan tərəfindən cavab gözləyirik. Son təkliflər qəbul olunarsa, onda sülh sazişi üzərində iş başlana bilər. Əgər təkliflər qəbul olunmazsa onda, ümumiyyətlə, danışıqlar prosesinə yenidən baxılmalıdır və əlbəttə ki, Azərbaycan yaranacaq vəziyyətə adekvat mövqe nümayiş etdirəcəkdir" - deyə dövlət başçısı, Ali Baş Komandan vurğulamışdır..
Ulu öndər Heydər Əliyevin hücum xətti üzərində əsasını qoyduğu xarici siyasət strategiyası bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Azərbaycanın xarici siyasət kursu milli maraqların prioritetliyi şərti ilə respublikamızın beynəlxalq miqyasda özünü təsdiqləməsinə, iqtisadi-siyasi potensialını effektiv surətdə reallaşdırmasına və təhlükəsizliyini hərtərəfli təmin etməsinə təminat yaradır.
İradə HÜSEYNOVA,
təhsil nazirinin müavini,
tarix elmləri doktoru, professor,
əməkdar müəllim
Azərbaycan.- 2010.- 9 may.-
S. 6.