Heydər Əliyevin yaratdığı Azərbaycan Konstitusiyasında insan hüquqları

 

İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. İnsan hüquqları ciddi elmi araşdırmaların predmetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin Konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.

 

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə ulu öndər dövlətçiliyimizi təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını (Azərbaycançılıq ideologiyası və "Əsrin müqaviləsi") möhkəmləndirildikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərin dəmir məntiqi, silinməz dəsti xəttinin, zəngin həyat təcrübəsinin və işıqlı zəkasının ən böyük əsəri olan, dünya standartlarının tələblərinə tam dolğunluğu ilə cavab verən Konstitusiya layihəsi hazırlanaraq noyabrın 12-də ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu. Bu gün Əsas Qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq "Heydər Əliyev Konstitusiyası" adlandırır, eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Bu, xalqın ulu rəhbərə olan sonsuz və ülvi məhəbbətin ifadəsi, Konstitusiyanın hazırlanmasında, müzakirəsində və qəbul edilməsində yorulmaz fəaliyyətinə verdiyi halal qiymətdir.

Konstitusiyanın qəbul ediməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmmasında yeni bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı.

Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməli olan, habelə cəmiyyət üzvləri tərəfindən etibar edilən və etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır. Konstitusiyanın ən üstün və fərqli cəhətlərindən digəri budur ki, orada ictimai quruluş haqqında konkret müddəa yoxdur, iqtisadi münasibətlərin forma və inkişafını məhdudlaşdıran heç bir sədd müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə insan azadlığına və onun fəaliyyətinin sərbəstliyinə tam təminat verir.

Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycanın dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetməni prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir. Konstitusiyaya görə respublikamızda hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Hər bir hakimiyyət yalnız xalqın iradəsi əsasında əldə oluna bilər. Beləliklə, hakimiyyət icra, qanunverici və məhkəmə hakimiyyətlərinə bölünərək, yüksək hüquqi inperativlərə və hüququn aliliyinə tabe edilmişdir. Icra, qanunverici və məhkəmə orqanlarının hüquqları konkret və düzgün müəyyənləşdrildiyindən hakimiyyət orqanlarının bir-birini çəkindirə bilməsi də real sürətdə təmin olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.

Yeni Konstitusiyamız Azərbaycanın müstəqillik qazanmasının, iqtisati-siyasi və sosial mədəni sahədə ictimai münasibətlərin əsaslı keyfiyyət dəyişikliklərinin nəticəsi hesab olunduğundan, onun əvvəllər qəbul edilmiş və hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarına zidd olması şübhəsizdir. Belə vəziyyətdə Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar Əsas Qanuna zidd olmayan tərzdə qüvvəsini saxlayır. 147-ci maddəyə əsasən Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Deməli, Konstitusiyaya zidd olan bütün qanunvericilik aktları və ya onların müəyyən müddəaları qüvvəsini itirmiş hesab olunur. Həmin aktlar və ya müddəalar istinad mənbəyi ola bilməz. Hər hansı qərar qəbul edilərkən və ya məsələ həll olunarkən əsas götürülə bilməz.

Hüquq və dövlətin ən mühüm prinsiplərindən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqlarının geniş kompleksini qanunvericilik yolu ilə təsbit etmək, onun reallığına, hüquqi, mənəvi və digər üsullarla təminat vermək, hər hansı qəsddən hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu da Konstitusiyamızda öz əksini tam dolğunluğu ilə tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı göstərilir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur. Yeni Konstitusiyamız hüquqları və azadlıqları pozulan insanları süründürməçilikdən, ötür-ötür oyunundan xilas edərək 71-ci maddənin 7-ci bəndində, hüquqi dövlətin təbiətinə uyğun olaraq göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Bu o deməkdir ki, məhkəmədən başqa heç bir orqan həmin hüquqların pozulması ilə əlaqədar mübahisəni həll edə bilməz. Mütərəqqi cəhət odur ki, Azərbaycan Konstitusiyasının hazırlanması zamanı bu sahədə o dövrə qədərki dünya təcrübəsi, insan hüquq və azadlıqlarının keçdiyi inkişaf yolu ümumiləşdirilmiş və ölkəmizin reallıqlarına, ənənələrinə tam uyğunlaşdırılmışdır.

Dünyanın özü kimi qədim olan (yəqin ki, cəmiyyətlə birgə yaranan) insan hüquqları ideyasının fəlsəfi əsaslarının işlənib hazırlanması və bu ideya uğrunda səmərəli mübarizə aparılması son üç əsrin payına düşmüşdür. XVIII əsrdə Avropa ayrılmaz insan hüquqlarının (yaşamaq hüququ, azad olmaq hüququ) və vətəndaş hüquqlarının (söz və vicdan azadlığı, təhlükəsizlik və mülkiyyət hüququ) meydana çıxmasının şahidi olmuşdur. Siyasi hüquqlar (ümumi seçki, gizli səsvermə, respublika quruluşu, xalq özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi, siyasi həyatda və hakimiyyət sistemində iştirak etmək və s. hüquqlar) XIX əsrdə əldə edilmişdir. XX əsr bütün hüquqlar sırasına sosial hüquqları (sosial təminat hüququ, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi və uşaqların müdafiə hüquqları) əlavə etmiş, insan hüquqları ideyasını və həmin ideyanı həyata keçirmək təcrübəsini bütün dünyaya yaymışdır.

İnsan hüquqlarının beynəlxalq təminatı ilə bağlı müasir hərəkat məhz İkinci Dünya müharibəsi dövründə başlanmışdır. Böyük Britaniya və ABŞ-ın müharibəyə qoşulmasının səbəbi, özlərinin bəyan etdiklərinə görə, heç də Birinci Dünya müharibəsindəki kimi "demokratiyanın inkişafı naminə sülhü bərqərar etmək cəhdi" ilə yox, insan hüquqlarının (Ruzveltin göstərdiyi dörd cür azadlığın) hər bir ölkədə hər bir insan üçün bərqərar olması ilə əlaqədar idi. Faşizmə qarşı mübarizədə irəli sürülmüş bu şüar maharibədən sonrakı dövrdə də beynəlxalq sabitliyin planlaşdırılmasının əsasını təşkil etdi.

Müharibə başa çatdıqdan sonra qalib dövlətlər ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə dövlətlər arasında sülh və bütün dünyada insan hüquqlarını təmin edə biləcək daimi beynəlxalq təşkilat - Birləşmiş Millətlər Təşkilatını yaratmaq qərarına gəldilər. BMT-nin 26 iyun 1945-ci ildə qəbul olunmuş xartiyasının (nizamnaməsinin - red.) maddələrinin birində göstərildi ki, bu təşkilatın vəzifəsi "hamı üçün irqinə, cinsinə və dininə görə heç bir ayrı-aseçkiliyə yol vermədən insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət və əməl edilməsinə kömək etməkdir" (1.55-ci maddə). Beləcə, insan hüquqlarının beynəlxalq hüququn subyekti kimi tanınması yolunda ilk addım atıldı.

BMT-yə daxil olan ölkələr 10 dekabr 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi (o vaxtdan 10 dekabr dünyada insan hüquqları günü kimi qeyd olunur). İnsan hüquqlarını dövlət mənafeyindən üstün tutan bu bəyannamə dünya dövlətlərini insan hüquqlarına görə cavabdehlik daşımağa çağırdı. Bəyannamə vətəndaş və siyasi hüquqlarla bərabər, o vaxtlar demokratik ictimaiyyət tərəfindən qəbul edilmiş sosial və iqtisadi hüquqları da əhatə etmişdir. Həmçinin orada ədalətli məhkəmə təhqiqatı hüququ, dövlət təqiblərindən gizlənmək, ölkəni tərk etmək, ölkəyə qayıtmaq, ailə qurmaq hüquqları, vicdan, söz, yığıncaq və şəxsi həyat azadlıqları, bərabər zəhmətə görə bərabər ödəniş hüququ, layiqli yaşayış səviyyəsi hüququ, cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ öz əksini tapmışdır.

Bəyannamə bütün ölkələrin əməl edəcəyi beynəlxalq qanun kimi yox, BMT-yə daxil olan dövlətlərin can atacağı bir standart kimi qəbul edilmişdir. Ona görə BMT-yə daxil olan ölkələrin növbəti addımı bəyannamənin müddəalarının beynəlxalq sazişin müddəalarına çevrilməsindən ibarət olmuşdur. Sazişdə insan hüquqlarını qorumaq artıq çağırış kimi yox, ölkələrin yerinə yetirməli olduqları bir öhdəlik kimi irəli sürülmüşdür. Bu, çox da asan olmayan bir məsələ idi: çünki bəyannamənin çağırışları belə SSRİ və sosialist blokuna daxil olan digər ölkələr, eləcə də Cənubi Afrika və Səudiyyə Ərəbistanı tərəfindən müdafiə olunmamışdı.

Beynəlxalq sazişlərin qəbul olunması sahəsindəki təşəbbüslər ancaq 18 il sonra "Mülki və siyasi hüquqlar haqqında Pakt"ın və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ın imzalanması ilə nəticələndi. Əvvəlcə yalnız 35 ölkə tərəfindən imzalanmış "Mülki və siyasi hüquqlar haqqında Pakt" dövlətlərin öz vətəndaşlarının hüquqlarını pozmaq imkanlarını xeyli dərəcədə məhdudlaşdırdı. Bu paktları imzalayan ölkələrin sayı 100-ü keçmişdir.

Bəyannamənin beynəlxalq sənəd statusu yox idi. Lakin bu sənədin olduqca mənəvi və ideoloji əhəmiyyəti var idi. İlk dəfə etiraf olunurdu ki, insan hüquqları universal - ümumdünya xarakteri daşıyır və dünya ölkələri arasındakı mədəni, tarixi və ictimai fərqlərdən asılı deyildir. Bundan başqa insan hüquqları daha ölkənin daxili işi sayıla bilməzdi. Bir çox ölkələr hələ də bəyannamənin ayrı-ayrı maddələrini pozmaqda davam etsə də, açıq şəkildə ona qarşı çıxmağa heç kəs cəsarət göstərmir. Sənədin mətni insanları hökumətin bəyannamədə göstərilmiş standarta uyğun şəkildə təmin etməyə borclu olduğu hüquqlar uğrunda mübarizəyə ruhlandırırdı. Bəyannamədə yazılan və Azərbaycan Konstitusiyasında əksini tapan insan hüquqlarını təxminən bir neçə qrupa bölmək olar:

Fərdi hüquqlar - fiziki və mənəvi təhlükəsizliyin minimum təminatlarını qoruyur (BMT Insan Hüquqları Bəyannaməsində 1; 2; 4; 5; 6; 15-ci maddələr). Azərbaycan Respublikası Konstitusiyasındakı 24, 25, 26, 28, 31, 32, 46, 53-cü maddələr;

Prosessual hüquqlar - insan dövlətin hüquq-mühafizə sistemi ilə qarşılaşanda onun prosedur müdafiəsini təmin edir (BMT Insan Hüquqları Bəyannaməsində 9; 10; 11-ci maddələr). Azərbaycan Respublikası Konstitusiyasındakı 32, 33, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71-ci maddələr;

Vətəndaş azadlıqları - dövlətin həm intellektual (vicdan, söz, mətbuat azadlığı), həm də ictimai sahədə (yığıncaqlar və təşkilatlar azadlığı) insanın fəaliyyətinə, müdaxiləsinə məhdudiyyətlər qoyur (BMT Insan Hüquqları Bəyannaməsində 18; 19; 20-ci maddələr). Azərbaycan Respublikası Konstitusiyasındakı 44, 45, 46, 47, 48, 49, 50, 51-ci maddələr;

Siyasi hüquqlar - insanın dövlətin idarə olunmasında və onun üzərində nəzarət işində iştirak etmək hüququdur (BMT Insan Hüquqları Bəyannaməsində 21-ci maddə). Siyasi hüquqlara həmçinin bəzi vətəndaş azadlıqları - fikir, vicdan, söz, mətbuat, yığıncaqlar və təşkilatlar azadlığı da aid edilir. Azərbaycan Respublikası Konstitusiyasındakı 52, 53, 54, 55, 56, 57, 58-ci maddələr;

Yaşamaq (ömür sürmək) hüququ - insanın sağ qalıb yaşaması üçün minimum zəruri şərtləri təmin edir; bu, başlıca olaraq qidaya və tibbi xidmətə aiddir (BMT İnsan Hüquqları Bəyannaməsində 25-ci maddə). Azərbaycan Respublikası Konstitusiyasındakı 27 və 43-cü maddələr;

İqtisadi hüquqlar - buraya sosioloji təhlükəsizlik, əmək, istirahət və həmkarlar azadlığı hüquqları daxildir (BMT İnsan Hüquqları Bəyannaməsində 22; 23; 24-cü maddələr). Azərbaycan Respublikası Konstitusiyasındakı 35, 36, 37, 38, 39, 59-cu maddələr;

Sosial hüquqlar - bunlar təhsil almaq, ailə qurmaq və onu qoruyub saxlamaq hüquqlarıdır (BMT İnsan Hüquqları Bəyannaməsində 12; 16; 26-cı maddələr). Azərbaycan Respublikası Konstitusiyasındakı 34, 41, 42-ci maddələr;

Mədəni hüquqlar - cəmiyyətin mədəni həyatında iştirak etmək hüququdur. Bəzən buraya təhsil hüququ da aid edilir (BMT İnsan Hüquqları Bəyannaməsində 27-ci maddə). Azərbaycan Respublikası Konstitusiyasındakı 40-cı maddələr.

1966-cı ildə BMT Qərb ölkələrinin təşəbbüsü ilə insanların "İqtisadi, sosial və mədəni hüquqları haqqında" və "Mülki və siyasi hüquqlar haqqında" Ümumdünya Bəyannaməsinin müddəalarını inkişaf etdirən paktları qəbul edir. Bu paktların artıq beynəlxalq müqavilə statusu var idi. İnsanların "Mülki və siyasi hüquqlar haqqında Pakt"da, bu sənədi imzalamış ölkələrdə insan hüquqları üzərində beynəlxalq nəzarət mexanizmi müəyyən edilmişdi. Bu paktlardan sonra BMT qadınların, uşaqların, dini azlıqların və başqalarının hüquqlarının tapdalanması hallarının kökünün kəsilməsinə yönəldilmiş çox sayda paktlar və konvensiyalar qəbul edib. Bütün bu sənədləri Azərbaycan da imzalamışdır. Bu gün BMT Bəyannaməsində yazılmış insan hüquqları yeni-yeni demokratik ölkələrin konstitusiyalarına daxil edilir. Yuxarıda qeyd etdiyimiz kimi, bu hüquqlar Azərbaycanın 1995-ci il Konstitusiyasında da əks olunmuşdur.

İnsan hüquqlarının bir qismi ayrılmaz hüquqlardır. Dövlət insanı hüquqlarından məhrum edə bilməz. Hətta insanın özü belə könüllü olaraq öz hüquqlarından imtina edə bilməz. Əgər bir adam sənəd imzalayıb könüllü şəkildə azadlıqdan imtina edərsə və özünü qula çevirərsə, bu sənəd məhkəmədə həqiqi sənəd sayılmaz. Lakin insan qərar verib özünü mülkiyyətdən təcrid edə bilər, çünki mülkiyyət hüququ insanın ayrılmaz hüquqlarından deyil. Dövlətə (adətən, hüquqlarımızı pozan dövlət məmurlarına) etiraz etmək haqqı insan hüquqları ideyasının əsas müddəalarından biridir. Insan hüquqları ictimai yox, fərdiyyət məsələsidir. Ona görə də insan hüququ anlayışı altında azlığın hüquqları yox, bu azlığa daxil olan konkret şəxsin hüquqları nəzərdə tutulur.

Öz konstitusiyası olan respublikalarda insan hüquqları məhz konstitusiya qanunu kimi müəyyən edilir və bu qanun parlamentin qəbul etdiyi digər qanunlardan yüksəkdə dayanır. Odur ki, insan hüquqlarını bəzən "Konstitusiya hüquqları" da adlandırırlar. Insan hüquqları yalnız insanın dövlətə qarşılıqlı münasibətlərinə aid məsələdir. Əgər kimsə öz hərəkətləri ilə hər hansı bir insana zərər vurursa, bu, artıq insan hüququ məsələsi yox, qanunçuluq məsələsidir.

Insan hüquqları iki əsas qrupa ayrılır: maddi hüquqlar və prosessual hüquqlar. Maddi hüquqlar insana məxsus olan bir çox hüquq və azadlıqlardır ki, buraya fikir azadlığı, vicdan azadlığı və seçki azadlığı daxildir. Prosessual hüquqlar insana məxsus hərəkət üsullarını və onlarla bağlı olan məhkəmə, prokurorluq institutlarını əhatə edir ki, həmin institutların köməyi ilə insan ədalətin bərpasına nail olur, cinayət törətməkdə ittiham olunarkən hakimiyyət qarşısında öz hüquqlarını müdafiə edir. Maddi hüquqlara hüquq və azadlıqlar daxildir. Vətəndaş hüquqları dövlətin hər bir insan qarşısında eyni dərəcədə daşıdığı vəzifələrdir.

İnsan hüquqları hökumətin mənafeyi, mənəvi əxlaq anlayışı, cəmiyyətin iqtisadi maraqları ilə tez-tez toqquşur, amma hər dəfə insan hüquqları ilə digər dəyərlər arasında toqquşmalar baş verəndə üstünlük insan hüquqlarına verilir. Məhz buna görə deyirlər ki, insan hüquqları digər dəyərlərdən daha üstün və əsasdır. Digər dəyərlərlə müqayisədə insan hüquqlarının bəziləri daha vacib və üstün sayılsa da, onlar hər halda mütləq hüquqlar hesab edilmir və başqa hüquqlarla toqquşmada onlara müəyyən məhdudiyyət qoymaq olar. Məsələn, söz azadlığına irqçiliyi təbliğ etmək qadağası qoyula, yaxud mənzilin toxunulmazlığı hüququ cinayət axtarışı prosesində pozula bilər. Hüquqların məhdudlaşdırılması hakimiyyətin qərarı ilə yox, qanun əsasında həyata keçirilməlidir. İnsan hüquqlarının məhdudlaşdırılmasının dərəcəsi bu qanunda məhdudlaşdırmanı doğuran vəziyyətin gərginliyi ilə və bu məhdudlaşdırma müqabilində başqa bir dəyərin qorunmasının vacibliyi ilə müəyyən olunmalıdır.

Beynəlxalq və milli hüquq normalarının qarşılıqlı əlaqəsi və təsiri məsələlərinin ətraflı araşdırılması beynəlxalq ümumi hüququn və dövlət və hüquq nəzəriyyəsinin və ümumilikdə yurisprudensiyanın ən aktual məsələlərindən biridir. Bu, bir tərəfdən dövlətdaxili hüquq nomalarının beynəlxalq hüquq normalarına uyğunlaşdırılması ilə, digər tərəfdən beynəlxalq münasibətlərdə beynəlxalq hüququn artan rolu ilə bağlıdır.

Hüquq ədəbiyyatında bəzən qeyd edilir ki, beynəlxalq və dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqə problemi beynəlxalq hüquq elmi tərəfindən inhisara alınmışdır. Bu fikirlə razılaşmaq çətindir. Hazırda məsələnin öyrənilməsində hüquq nəzəriyyəsi kimi fundamental hüquq elminin rolu danılmazdır. Söhbət yalnız çağdaş dövrümüzdə bu sahədə beynəlxalq hüququn aparıcı rol oynamış, həmçinin beynəlxalq hüquq normalarının müxtəlif sahələrdə beynəlxalq hüququn əsas subyektləri kimi dövlət tərəfindən razılaşdırılmış iradələri kimi yaradılması ilə izah edilməsindən gedə bilər. əsas insan hüquqlarının beynəlxalq hüquq normaları tərəfindən müəyyən edilməsini xatırlamaq bu zaman kifayətdir. Eyni zamanda bu xüsusiyyətləri nəzərə alaraq beynəlxalq hüququn milli qanunvericiliyin təkmilləşdirilməsi amili kimi çıxış etməsi tam əsaslıdır. Belə ki, doktrinada haqlı olaraq qeyd edilir ki, beynəlxalq hüquq milli hüquq sistemlərinin normal fəaliyyət göstərməsi üçün, onların inteqrasiyası üçün əlverişli şərait yaradır və ya beynəlxalq hüquq olmadan milli hüquq sistemlərinin zənginləşməsini təsəvvür etmək çətindir.

İnsan hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq hüququn əhəmiyyətli rol oynaması da xüsusi olaraq qeyd edilə bilər. Məsələn, dövlətlərin insan hüquqları sahəsində öz üzərinə götürdükləri öhdəlikləri nəzərə alır, bu problem daim beynəlxalq hüququn diqqət mərkəzində olur və yeni normaların qəbul edilməsi ilə bu sahədə əməkdaşlıq inkişaf edir.

Hüquq ədəbiyyatında göstərilir ki, insan hüquqları sahəsində çoxlu sayda beynəlxalq sazişlərdə iştirak edən dövlətlər Pacta sund servanda (Beynəlxalq müqavilələrin sarsılmazlığı) prinspinə uyğun olaraq onları vicdanla yerinə yetirməli və bu məqsədlə də beynəlxalq öhdəliklərin realizəsi üçün dövlətdaxili tədbirlər həyata keçirməlidirlər. Hər bir dövlətin insan hüquqlarına hörmət və əməl etmək öhdəliyi bilavasitə müasir beynəlxalq hüququn əsas prinsiplərindən biri olan insan hüquqlarına hörmət etmək pirsipindən irəli gəlir. Insan hüquqlarına hörmət prinsipinin məzmunu isə ilk növbədə dövlətlərin onların yurisdiksiyası sferasında yerləşən bütün şəxslərə münasibətində hər hansı diskriminasiya olmadan bu hüquqlara hörmət və əməl etmək öhdəliyidir. Bununla da insan hüquqları sahəsində dövlətin üzərinə mühüm öhdəliklər qoyulur və onların yerinə yetirilməsinə nəzarət edilir. Bundan başqa müasir beynəlxalq hüquq həmin normaların dövlətdaxili münasibətlər sferasında təsbit edilməsi ilə xarakterizə olunur ki, bu da beynəlxalq hüquq normalarına hörmət prisipi əsasında həyata keçirilməlidir.

Yuxarıda göstərilənlərdən belə qənaətə gəlmək olar ki, dövlətlər qarşısında duran əsas və birinci dərəcəli vəzifələrdən biri insan hüquq və azadlıqları sahəsində beynəlxalq hüquq normalarının realizəsi üçün zəruri şəraitin yaradılmasıdır. Çağdaş dövrümüzdə bu, Azərbaycan Respublikası qarşısında əsas vəzifə kimi dayanır. Müstəqil Azərbaycan Respublikası da dövlətdaxili hüquq normalarını beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurmuşdur. Hələ 18 oktyabr 1991-ci il tarixli "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının 19-cu maddəsində Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etdi. Bu sonradan 12 noyabr 1995-ci il tarixli ümumxalq səsverməsi (referendumu) yolu ilə qəbul edilmiş, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində ümumxalq səsvermələri (referendumu) yolu ilə bir sıra dəyişiliklər edilmiş Azərbaycan Respublikası Konstitusiyasında daha da inkişaf etdirilmişdir. Bununla da, Azərbaycan Respublikasında dövlət tərəfindən öz üzərinə götürülmüş beynəlxalq öhdəliklərin milli hüquqi implementasiyası üçün adekvat konstitusiyon əsas yaradılmışdır.

Müstəqillik tarixi çox olmayan Azərbaycan Respublikası üçün beynəlxalq və dövlətdaxili hüququn qarşılıqlı əlaqəsinin müəyyən edilməsi üzrə siyasətin müəyyənləşdirilməsi, nəhayət öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə ilk implementasiya formalarının seçilməsi mühüm yer tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsi AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi kimi müəyyən edir. Başqa sözlə, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarının implementasiyası zamanı inkorporasiya yolunu seçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası ilə və referendumu qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Bununla bərabər qeyd etmək lazımdır ki, bu zaman məsələ beynəlxalq müqavilənin müddəaları ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları arasında mümkün ziddiyətləri həll etmək rolunu oynayır.

Insan hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Belə ki, 12-ci maddənin 1-ci hissəsində dövlətin ali məqsədi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi göstərilirsə 12-ci maddənin 2-ci hissəsində qeyd edilir ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Hazırda müstəqil Azərbaycan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Nailiyyətlərin təməlində gələcəyə yönələn hüquqi "çərçivə" və ya "layihə" potensialı yüksək olan 1995-ci ilin "Heydər Əliyev Konstitusiyası" dayanır və bundan sonra da uzun illər uğurla dayanacaqdır.

 

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2010.- 9 may.- S.  7.