Azərbaycanın inkişaf strategiyası: modernləşdirmə xətti

 

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub.

İnkişafa aparan yol heç də hamar olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti bir çox siyasi və iqtisadi problemlərlə üzləşib. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkənin inkişafında dönüş yarandı. Belə ki, uzun müddət ərzində Sovetlər birliyinin tərkibində olduğundan Azərbaycan iqtisadiyyatı vahid məkan çərçivəsində inkişaf edirdi. Sovetlər ittifaqının dağılması ilə planlı sosialist sistemində birgə fəaliyyət göstərmiş müttəfiq respublikalar arasında dezinteqrasiya prosesləri başlandı. Dövlət müstəqilliyini əldə etmiş ölkələrdə, o cümlədən Azərbaycanda yeni bir tarixi mərhələnin - keçid dövrünün əsası qoyuldu.

Keçid dövrünün ilk illərində müharibə, qeyri-sabit siyasi şərait və tənəzzüllə üzləşmiş Azərbaycan digər ölkələrə nisbətən daha ağır vəziyyətdə idi. Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar siyasətin nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün şəraitində yaşamağa məhkum edilmişdi. Azərbaycanın hərbi təcavüz, daxili çəkişmələr, iqtisadi tənəzzüllə üzləşdiyi bir vaxtda iqtisadiyyatın bütün göstəriciləri neqativ meyillərlə xarakterizə olunurdu. Belə ki, 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ÜDM-in istehsalında artım əvəzinə hər il azalma müşahidə edilirdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizliyin səviyyəsi xeyli yüksəlmişdi. Həmin dövrdə maliyyə-bank sistemi iflic vəziyyətdə idi. Tədavülə buraxılmış milli valyuta - manat qiymətdən düşmüşdü. Ölkədə inflyasiya özünün pik səviyyəsinə çatmış, iqtisadiyyata xarici sərmayə qoyuluşları tamamilə dayanmışdı.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu tarixi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dayanıqlı inkişaf mərhələsi başlandı. Bundan sonra ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı.

Bu strategiya xarici kapitalın və təcrübənin cəlb edilməsi, çoxvariantlı nəqliyyat sisteminin yaradılması, gəlirlərin toplanması və səmərəli idarə edilməsi kimi üç əsas hissədən ibarət idi.

Ən əvvəl xarici kapitalın, ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üçün böyük təcrübəyə və geniş maliyyə imkanlarına malik olan beynəlxalq neft şirkətlərinin Azərbaycana cəlb olunması lazım idi. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Nüfuzlu neft şirkətləri ilə iş birliyinin qurulması Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə şərait yaratdı. "Əsrin müqaviləsi"ndən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana marağı artdı, iqtisadiyyata, xüsusilə də neft sektoruna çoxmilyardlı xarici investisiyaların axını başlandı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.

Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən-ilə genişləndi və ölkəmiz özünün enerji təhlükəsizliyini tam təmin etdi. Dünyanın enerji təminatında da Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti artdı. "Şahdəniz" yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünü beynəlxalq bazarlara ixrac etmək imkanı qazandı.

Bunlar çoxvariantlı nəql sisteminin yaradılmasını gündəmə gətirdi. Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Belə ki, neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verildi. Həmin kəmərlərin işə düşməsi Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verdi. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti ilə əlaqədar Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrildi. Azərbaycanın enerji təhlükəsizliyi təmin olundu, dünya enerji təchizatında xüsusi çəkisi artdı.

Boru nəqliyyat infrastrukturu istismara veriləndən sonra karbohidrogen ehtiyatlarının dünya bazarına genişmiqyaslı ixracına, çoxvektorlu nəql siyasətinin həyata keçirilməsinə nail olundu və bununla əlaqədar ölkəyə valyuta daxilolmaları sürətlə artdı.

Gəlirlərin toplanması və səmərəli idarə edilməsi də mühüm əhəmiyyətə malik idi. Hasilatın pay bölgüsü sazişlərinin xarici şirkətlərlə imzalanması və bu sazişlərin təsdiqi prosesinin ictimaiyyətə açıq şəkildə çatdırılması neft sərvətlərinin idarə edilməsində şəffaflığın qurulması istiqamətində ilk addım oldu. Eyni zamanda xarici investorlar üçün yaradılmış əlverişli şərait beynəlxalq standartların və şəffaf idarəetmə üsullarının tətbiqinin əsasını təşkil etmişdir. Dünya sisteminə uğurlu inteqrasiya neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açdı.

Neft və qaz satışından əldə olunan gəlirlərin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin müxtəlif sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədilə 1999-cu ildə Heydər Əliyevin qərarı ilə Dövlət Neft Fondu yaradıldı. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Neft Fondunun aktivlərinin həcmi on il sonra 15 milyard ABŞ dollarını keçmişdir. Dövlət Neft Fondunun yaradılması neft gəlirlərinin idarə edilməsinin ən yaxşı təcrübəsidir və bu təcrübə Azərbaycanda tətbiq edildi.

Azərbaycanda mövcud olan iqtisadi və sosial problemlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdikləri sosial-məişət çətinlikləri və sərbəst maliyyə resurslarının məhdudluğu ölkədə investisiyalara böyük tələb yaratmışdır. Bununla əlaqədar olaraq, Azərbaycanda Neft Fondu yaradılarkən neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə yanaşı, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan model seçilmişdir.

Milli neft strategiyasının uğurla reallaşması digər sahələrin inkişafına güclü təkan verdi. Azərbaycanın sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə ölkədə bir sıra mühüm əhəmiyyətə malik və strateji mahiyyət kəsb edən addımlar atılmış, genişmiqyaslı sosial-iqtisadi tədbirlər planı hazırlanmışdır. Qısa müddət ərzində çoxsaylı dövlət proqramları qəbul edilmış, infrastruktur sahələrin, sahibkarlığın, ölkədə işgüzar mühitin inkişaf etdirilməsi və məşğulluğun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)" qəbul edildi. Bu proqramın həyata keçirilməsi bölgələrin inkişafına, o cümlədən infrastruktur sahələrin genişlənməsinə, sosial obyektlərin və yeni iş yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına təkan verdi. Proqramın icrası dövründə 27 mindən artıq yeni müəssisə yaradılmış, 71,5 faizi daimi olmaqla 766 min yeni iş yeri açılmışdır. Yeni müəssisələrin 40 faizə qədəri, yeni iş yerlərinin 80 faizi regionlarda yaradıldı.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bütün sahələrində sıçrayışlı inkişaf əldə edilmiş və bu inkişaf istehsalın və investisiyaların həcminin artmasına, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərmişdir. Maliyyə imkanlarının artmasının nəticəsi olaraq dövlət büdcəsinin xərcləri 2000-ci ildəki 763,8 milyon manatdan 2009-cu ildə 12,4 milyard manata qədər artmışdır.

Azərbaycanın malik olduğu neft sərvətləri hesabına ölkədə formalaşan güclü neft sektoru ilə bərabər tarazlı iqtisadiyyatın qurulması və dinamik qeyri-neft sektorunun inkişaf etdirilməsi kimi məsələlər yeni prioritet vəzifəyə çevrildi.

Neft sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşməsinə investisiya qoyuluşlarının təşviqi məqsədilə dövlət başçısı tərəfindən digər önəmli bir qərar qəbul edildi. Prezidentin 30 mart 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyəti yaradıldı və şirkətin ilkin nizamnamə kapitalı Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşdırıldı. Şirkətin investisiya fəaliyyətinin məqsədini əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir.

Ölkənin durmadan artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr də təkcə Azərbaycanın deyil, bötüvlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Həmin layihələrdən biri - Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında mühüm yer tutan Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası layihəsi Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikanın Qərbə doğru inteqrasiyasına və Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaradacaqdır.

Son illər ərzində Azərbaycanda baş verən iqtisadi inkişaf bu gün dünyada heyrətlə qarşılanır. Azərbaycanın iqtisadi potensialının artması nəticəsində ölkənin dünya birliyində mövqeləri güclənib, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənib. 2007-2009-cu illər ərzində biznesə başlama, işəgötürmə, əmlakın qeydiyyatdan keçirilməsi, kredit əldə edilməsi, investorların maraqlarının qorunması, vergi ödəmələri və müqavilələrin bağlanması sahəsində aparılmış islahatlar Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli imkan yaratmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatına əsasən, biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılmış islahatlara görə Azərbaycan 181 dövlət arasında ən islahatçı ölkə elan edilmişdir.

Davamlı iqtisadi inkişaf ən zəruri makroiqtisadi göstəricilərdən biri olan adambaşına düşən ÜDM-in həcmində özünü aydın şəkildə göstərmişdir. Bu göstərici 2003-cü ildə 880,8 manatdan 2009-cu ildə 5 040,6 manata qədər yüksəlmişdir. Neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişafında da əhəmiyyətli sıçrayış qeydə alınıb. Belə ki, qeyri-neft ÜDM-in həcmi 2000-ci ildə 3,1 milyard manat təşkil etdiyi halda, 9 ildə bu göstərici təqribən 6 dəfə artaraq 17,8 milyard manata çatmışdır.

Ötən bir neçə ilin nəticələri göstərir ki, ölkənin iqtisadi inkişafında özəl sektorun rolu durmadan artır. Belə ki, sənaye məhsulunun 22,7 faizi dövlət müəssisələrində, 77,3 faizi özəl bölmədə istehsal edilmişdir.

Ölkənin artan maliyyə potensialı sayəsində iqtisadiyyata kredit qoyuluşlarının həcmi əhəmiyyətli dərəcədə genişlənmişdir. Statistik məlumatlara əsasən, 2001-ci ildə kredit qoyuluşlarının ümumi həcmi 486,2 milyon manat təşkil etdiyi halda, 2009-cu ildə bu rəqəm 8,4 milyard manata çatmışdır. Dövlət investisiyaları ilə bərabər qeyri-neft sektoruna sərmayə qoyuluşlarının həyata keçirilməsində bank kreditlərinin rolu da ildən-ilə artır.

Əhalinin pul gəlirlərinin artması, eyni zamanda makroiqtisadi sabitliyin dayanıqlığı, bank sektorunda aparılan islahatlar, əmanətlərin sığortalanması fondunun həcminin ildən-ilə çoxalması əhalinin banklara olan etimadının artmasına şərait yaratmışdır. Belə ki, 2001-ci ildə əhalinin banklarda olan əmanətləri 413 milyon manatdan 2009-cu ildə 4,6 milyard manata çatmış və yaxud ÜDM-in təqribən 10 faizini təşkil etmişdir.

Qeyri-neft sahələrinin inkişafı ilk növbədə ölkədə makroiqtisadi sabitliyin qorunmasını tələb edir. Ölkədə son illər ərzində yaradılmış inkişaf bazası, o cümlədən strateji valyuta ehtiyatları və bu resurslardan səmərəli istifadə olunması siyasəti dünyanı əhatəsinə almış qlobal böhrana qarşı aparılan tədbirlərin uğurla nəticələnməsinə və eyni zamanda qarşıya çıxan iqtisadi problemlərin tez bir zamanda aradan qaldırılmasına şərait yaradır. Bununla əlaqədar ölkə iqtisadiyyatı davamlılıq nümayiş etdirərək artım tempini və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Hökumətin həyata keçirdiyi antiinflyasiya tədbirləri və çevik monetar siyasəti sayəsində inflyasiyanın səviyyəsi 2009-cu ildə 1,5 faizə qədər azalmış, milli valyutanın məzənnəsi sabit səviyyədə saxlanılmışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli iqtisadi siyasət sayəsində ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin göstərdiyi yüksək iqtisadi nəticələr onu deməyə əsas verdi ki, ölkədə keçid dövrü başa çatmışdır və Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir. Bununla əlaqədar hazırda özəl sektorun və bütövlükdə qeyri-neft sahələrinin inkişafı hökumətin yeni prioritetini təşkil etməkdədir.

Qeyri-neft sektorunu inkişaf etdirərkən, ənənəvi sahələrlə bərabər, yeni iqtisadi sahələrin, xüsusilə də idxalı əvəzləyəcək və eyni zamanda əlavə dəyərin yaradılmasında payı çox olan sahələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmalıdır. İdxal olunan malların ölkə daxilində istehsalının stimullaşdırılması idxaldan asılılığın maksimum azaldılmasına imkan verəcək, ixracyönümlü qeyri-neft sahələrinin inkişafı isə ölkəyə valyuta daxilolmalarının artmasına şərait yaradacaqdır.

Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası milli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Neft sektorunda olduğu kimi, qeyri-neft bölməsinə də xarici investisiyaların cəlb edilməsi və bu məqsədlə ölkədə əlverişli və dinamik tənzimlənən biznes mühitinin formalaşdırılması bu sektorda sıçrayışlı inkişafa təkan verəcəkdir. Eyni zamanda xarici investorların iştirakı ilə istehsalyönümlü birgə layihələrin həyata keçirilməsi ölkədə qeyri-neft sahələrinin inkişafına, ixracyönümlü məhsul istehsalının artımına şərait yaradacaqdır. Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycanda İnvestisiya və İxracın Təşviqi Fondunun bu istiqamətdəki fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

Qeyri-neft sektorunu inkişaf etdirərkən daha çox əməktutumlu sahələrin, xüsusilə sənaye müəssisələrinin açılmasının və bu sahəyə investisiya qoyuluşunun təşviqi ölkədə məşğulluğun və eyni zamanda qeyri-neft sektorundan vergi daxilolmalarının artırılmasına da xidmət edəcəkdir.

Qeyri-neft sektorunda artıma müasir bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq sahibkarlığın və özəl sektorun inkişafını stimullaşdıran əlverişli şəraitin yaradılması və digər tərəfdən ölkənin kommunikasiya və infrastruktur sistemlərinin modernləşdirilməsi və müasir tələblərə çatdırılması yolu ilə nail olunur. Həmin sahədə əldə olunmuş nailiyyətlər göstərir ki, bu siyasət tam şəkildə özünü doğruldur.

Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycanın iqtisadi inkişafı üçün güclü baza formalaşıb. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

Qeyri-neft sektorunun inkişafı eyni zamanda sahibkarlığın inkişafını stimullaşdıran tədbirlərin artırılmasını tələb edir. Bu məqsədlə dövlət tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi prosesinin intensivləşdirilməsi ölkədə həm özəl biznesin, həm də müvəkkil bankların inkişafına şərait yaradacaqdır. Hüquqi şəxlərin qeydiyyatı üçün "vahid pəncərə" prinsipinin tətbiqi, sadələşdirilmiş vergitutma, o cümlədən elektron vergiödəmə sisteminin tətbiqi biznes mühitini daha da yaxşılaşdıracaqdır.

Əlverişli biznes mühitinin inkişafı mükəmməl təhsil almış və xarici təcrübəni ölkədə tətbiq etməyə qadir olan ixtisaslı kadrların hazırlanmasını tələb edir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş və Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası "qara qızılın insan kapitalına çevrilməsi" ideyasının reallaşmasına və ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının formalaşmasına şərait yaradacaqdır. Bu proqram çərçivəsində Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı hazırda 500 nəfərə çatıb və bu say ildən-ilə artacaqdır. Xaricdə təhsil almış Azərbaycan gənclərinin təcrübəsindən təkcə dövlət sektorunda deyil, eləcə də özəl sektorda istifadə edilməsi ölkədə müasir biznes mühitinin formalaşmasına və müasir idarəetmə üsullarının geniş tətbiqinə şərait yaradacaqdır.

Dövlətin maliyyə imkanlarının artması Azərbaycanda ekoloji problemlərin həlli üçün də geniş imkanlar açmışdır. Bu baxımdan Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planının və "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi, eyni zamanda 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ölkədə uzun illər ərzində həllini gözləyən ekoloji problemlərin aradan qaldırılmasına və eyni zamanda ətraf mühitin yaxılaşdırılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və bununla da ölkədə yüksək standartların tətbiqinə şərait yaradan strateji addımlar sayılır.

Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.

 

 

Şahmar MÖVSÜMOV,

Dövlət Neft Fondunun prezidenti

 

Azərbaycan.- 2010.-  9 may.- S.  8.