Heydər Əliyev ideyalarının reallaşdığı daha bir ünvan - Sumqayıt

 

Cəmiyyətin formalaşmasında və inkişafında şəxsiyyətlərin rolu böyükdür. Tarix sübut edir ki, ümumilikdə hər bir xalqın, ölkənin tarixində güclü şəxsiyyətlər olub. Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında, dünya dövlətləri arasında layiqli yer tutmasında əvəzedilməz xidmətləri və rolu olan Heydər Əliyev məhz bu cür şəxsiyyətlərdəndir.

Ulu öndər Heydər Əliyev zəngin idarəetmə təcrübəsi, yüksək siyasi intellekti, mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olduğu üçün milli inkişaf konsepsiyasını işləyib hazırlamış və onu dönmədən həyata keçirmişdir. Məhz onun respublikaya rəhbər seçilməsi ilə ötən əsrin 70-ci illərinin əvvəllərindən Azərbaycanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni dövr başlanmışdır. Həmin illərdə Azərbaycan tarixinin öyrənilməsinə, milli təfəkkürün oyadılmasına xüsusi əhəmiyyət verilmişdir.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev siyasəti neçə illər əvvəl əsasını qoyduğu milli dövlətçilik konsepsiyasının inkişafına yeni təkan verdi. Heydər Əliyev zəkası nəticəsində az bir zaman kəsiyində ölkə qarşıdurmalar məngənəsindən xilas edildi, sabitlik bərpa olundu, bütün sahələrdə tənəzzülə son qoyuldu və sosial-iqtisadi inkişafın bazası yaradıldı. Bəli, ölkəmizin bugünkü inkişafının təməli məhz Heydər Əliyevin rəhbərliyi ilə həmin illərdə qoyulmuşdur.

Ümummilli lider Heydər Əliyevin "Kiçik Azərbaycan" adlandırdığı Sumqayıt da ulu öndərin ideyalarının nümunəsidir. Sumqayıt yaşının azlığına baxmayaraq zəngin tarixə, böyük iqtisadi potensiala malikdir. Amma 1949-cu ilin noyabr ayının 22-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılmış Sumqayıtın bir şəhər kimi inkişafı, respublikanın aparıcı sənaye mərkəzlərindən birinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyev sumqayıtlılarla görüşlərinin birində demişdir: "SSRİ nazirlər sovetinin sədri Tixonov mənə bir neçə dəfə danışmışdı ki, o, 1960-cı illərdə SSRİ Dövlət Plan Komitəsi sədrinin müavini olubdur, o özü metallurq idi - gəlib bir neçə ay burada yaşayıb işləyibdir. Deyirdi ki, burada milçəkdən, ağcaqanaddan, həşəratlardan canımızı qurtara bilmirdik. Burada belə bir vəziyyət var idi. Amma indi Sumqayıta baxın, 300 minə qədər insan yaşayır və bu şəhər həmişə bizim fəxrimizdir. Biz vaxtilə buna "Gənclik şəhəri" deyirdik".

Mən ulu öndərdən bu sitatı təsadüfən gətirmədim. Həqiqətən, bir vaxtlar ilan mələşən Xəzər sahilində indi ölkənin üçüncü böyük şəhəri yerləşir və bu işdə Heydər Əliyevin danılmaz xidmətləri var. Sumqayıtın iqtisadi potensialı məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində yaradılmışdır, bir vaxtlar şəhərin vizit kartı olmuş Boru Prokat və Alüminium zavodları inkişaflarının yüksək səviyyəsinə gəlib çatmışdır. Həmin dövrdə Sintez-Kauçuk Zavodunda illik istehlak gücü 15 min ton olan butilkauçuk sexi yaradılmışdır. Bu isə öz növbəsində Bakı Şin Zavodunu yerli xammalla təmin etməyə və respublikada yüksək keyfiyyətli şin istehsalına şərait yaratmışdır. Həmçinin qısa vaxt ərzində Üzvi Sintez Zavodunda 17 yeni istehsal sahəsi işə salınmış, Superfosfat Zavodunda kənd təsərrüfatı üçün vacib olan superfosfat gübrələrinin istehsalına başlanmışdır. Bunlardan əlavə SSRİ rəhbərliyinin müxtəlif maneələr yaratmaq cəhdinə baxmayaraq Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində EP-300 qurğusu tikilib istifadəyə verilmişdir. Hazırda bu qurğu daxili və xarici bazarlarda böyük ehtiyac olan yüksək keyfiyyətli məhsul istehsal edir.

Beynəlxalq əlaqələrin inkişafına önəmli qiymət verən ümummilli lider Heydər Əliyev Sumqayıta xarici investisiyanın cəlb edilməsinə hələ ötən əsrin 70-ci illərində başlamışdır. Ulu öndərin böyük zəhməti nəticəsində cəlb olunmuş xarici sərmayə hesabına 1970-ci ildə müasir maşınqayırma müəssisəsinin - Kompressor Zavodunun tikintisinə start verildi. Yaponiyanın "Nippon Elektrik İndastri" şirkətinin lisenziyası və avadanlıqları bazasında tikilən zavod qısa müddətdə - 1972-ci ildə stifadəyə verildi. Müəssisənin açılışında iştirak edən ümummilli lider Heydər Əliyev vaxt tapıb sumqayıtlı qadınların əmək şəraiti ilə də maraqlandı. Məlum oldu ki, həmin illər sumqayıtlı qadınların əksəriyyəti kimya müəssisələrində çalışır. Söz yox ki, belə vəziyyət ulu öndəri narahat etməyə bilməzdi. Çox çəkmir Sumqayıtda iki fabrik - Xovlu iplik və üst trikotaj fabrikləri tikilib istifadəyə verilir ki, bu da sumqayıtlı qadınların iş şəraitinə ümummilli liderin qayğı və diqqətinin nəticəsi idi.

Ümumiyyətlə, Heydər Əliyev Sumqayıta hər gəlişində fəhlələrlə şəxsən görüşər, yerindəcə lazımi tapşırıqlar verərdi. Şəhərin mədəni iknişafına xüsusi diqqət yetirən Heydər Əliyev şəhər rəhbərliyinə ziyalılara qayğı göstərməyi, gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmağı tapşırar və buna şəxsən özü nəzarət edərdi. O illəri ümummilli lider belə xatırlayırdı: "1969-cu ildə biz Ərəblinski adına teatr yaratdıq. Yaxşı teatrdı. Yəqin çoxlarınızın yadındadır. O teatrdan bir çox gənc artistlər Azərbaycan Milli Dram Teatrına, başqa teatrlara gəldilər. Çox yaxşı kadrlar yetişdirdi". Həmin dövr Sumqayıtda həmçinin Ü.Hacıbəyov adına "Kimyaçılar" mədəniyyət sarayı, yüzlərlə yaşayış binaları inşa edildi, onlarca məktəb, tibb müəssisəsi, uşaq bağçaları, istirahət parkları və başqa sosial obyektlər istifadəyə verildi.

Ümummilli lider dəfələrlə Sumqayıtda olmuşdur. Bu səfərlərin hər biri Sumqayıtın ictimai-mədəni, sosial-iqtisadi həyatında mühüm rol oynamış, şəhərin inkişafının sürətləndirilməsi üçün şərait yaratmışdır. Ulu öndərin 2003-cü il aprelin 3-də Sumqayıta səfəri və keçirdiyi müşavirə bütün sumqayıtlıların yaxşı yadındadır. Müşavirədə yığılıb qalmış, həlli müxtəlif səbəblərdən düyünə düşmüş məsələlərə aydınlıq gətirildi. Eyni zamanda keçid dövrünün sosial-iqtisadi problemlərini yaşayan şəhərin həyatından geniş söhbət açıldı və problemlərin köklü həlli yolları göstərildi. Sonda isə "Sumqayıta qayğı lazımdır. Mən həmişə bu qayğını göstərmişəm. Bu gün də buraya gəlməyim, sizinlə açıq, səmimi söhbət etməyim mənim, Azərbaycan dövlətinin Sumqayıta qayğısının təzahürüdür. Mən bu qayğını bundan sonra da göstərəcəyəm" - deyə ulu öndər bəyan etdi.

Ölkədə nailiyyətlərlə müşayiət olunan ötən il Sumqayıt şəhərinin 60 illik yubileyi ilə əlamətdar olmuşdur. Bir çox şəhərlərin əsrlər boyu keçdiyi inkişaf yolunu Sumqayıt 60 il ərzində qət etmişdir. Qısa vaxt ərzində çöllük, quraqlıq bir ərazidə müasir, yaraşıqlı, yaşıl bir şəhər salınmışdır. İri müəssisələr inşa edilmiş, geniş parklar, xiyabanlar, istirahət guşələri yaradılmışdır. Bir sözlə 2009-cu il Azərbaycanın tarixinə, azərbaycanlıların yaddaşına həm də "Sumqayıt ili" kimi həkk olunmuşdur.

Dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar Sumqayıtın yubiley ilinin bir növ süjet xəttini müəyyən etmişdir. Ölkə rəhbəri ilin əvvəlində Sumqayıt şəhərinin yubileyinin ölkəmizdə geniş keçirilməsi haqqında imzaladığı sərəncamla bizə öz xeyir-duasını vermişdir. Silsilə tədbirlərin davam etdiyi, iri layihələrin icra olunduğu bir vaxtda dövlət başçısı tərəfindən imzalanmış sərəncamla şəhərimizə ayrılan vəsait nəzərdə tutulan abadlıq işlərinin daha sürətlə görülməsinə və qısa müddət ərzində yekunlaşdırılmasına şərait yaratmışdır. Yubiley tədbirlərinin mütləq əksəriyyətinin həyata keçirildiyi və bayram şənliklərinə qədəm qoyduğumuz ərəfədə sumqayıtlılar daha bir xoş xəbəri sevinclə qarşıladılar. Ölkə başçısı tərəfindən imzalanmış sərəncamla 65 nəfər sumqayıtlı fəxri adlar, orden və medallarla təltif edildi. Bu, Sumqayıtın salınmasında və inkişafında zəhməti olan insanlara, şəhərin əmək adamlarına verilən yüksək qiymət idi.

Ulu öndərin "...Mən Sumqayıtı demək olar ki, yaranışdan tanıyıram. Sumqayıt gözəl bir şəhərdir" kəlmələri şəhər əhalisinin hər birinin yaddaşına əbədi həkk olunub. Çünki sumqayıtlılar həmişə Heydər Əliyev şəxsiyyətinə güvəniblər. Bugün isə inanırlar ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirəcək, xalqımızı daha firavan həyata qovuşduracaq.

 

 

Vaqif ƏLİYEV,

Sumqayıt Şəhər İcra

Hakimiyyətinin başçısı

 

Azərbaycan.- 2010.-  9 may.- S.  9.