Nazirlər Kabinetində
xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 87-ci
ildönümü münasibətilə təntənəli mərasim
keçirilmişdir
Mayın 7-də Nazirlər Kabineti Aparatının Yeni Azərbaycan Partiyası (YAP) ilk partiya təşkilatı xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təntənəli mərasim keçirmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, aparatın kollektivi əvvəlcə Fəxri xiyabana gələrək, ulu öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üstünə tər gül dəstələri düzülmüşdür.
Mərasimi giriş sözü ilə açan Nazirlər Kabineti Aparatı YAP ilk partiya təşkilatının sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov ümummilli liderin həyat və fəaliyyətindən danışaraq, Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərini diqqətə çatdırmışdır. Ümummilli liderin xalqın və müstəqil dövlətimizin maraqlarına xidmət edən siyasi kursunun bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır.
Tədbirdə "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" mövzusunda məruzə dinlənilmiş, müzakirələr aparılmışdır. Çıxışlarda ulu öndər Heydər Əliyevlə bağlı maraqlı xatirələr söylənilmiş, ümummilli liderin misilsiz xidmətlərindən danışılmışdır.
Sonra YAP-a ərizə ilə müraciət etmiş gənc əməkdaşlar üzvlüyə qəbul olunmuşlar.
Təntənəli mərasim ulu öndərin həyat və fəaliyyətindən bəhs edən bədii-sənədli filmə baxışla sona çatmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 9 may.- S.
10.