Vaşinqtonda Heydər Əliyevin ABŞ səfərlərinə həsr olunmuş fotosərgi açılmışdır

 

Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Palatasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilən fotosərginin açılış mərasimi keçirilmişdir.

ABŞ-Azərbaycan Ticarət Palatası və ölkəmizin ABŞ-dakı səfirliyinin birgə təşkil etdiyi sərgidə Heydər Əliyevin Birləşmiş Ştatlara çoxsaylı rəsmi və işgüzar səfərlərindən məqamları əks etdirən fotolar nümayiş etdirilir.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev vurğulamışdır ki, nümayiş etdirilən fotolar bu səfərlər zamanı ümummilli lider tərəfindən həyata keçirilən işlərin yalnız bir neçə məqamından xəbər verir. Prezident Heydər Əliyevin bu səfərlər vasitəsilə ABŞ-Azərbaycan münasibətləri üçün etdiklərinin tam təsviri qat-qat geniş və dolğun sərgidə mümkündür. Diplomat bildirmişdir ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan XXI əsrdə inamla addımlayan dövlətlərdən biridir.

Açılış mərasimində, həmçinin Amerika Konqresinin sabiq üzvü, hüquqşünas Qreq Laflin də ürək sözlərini çatdırmışdır. Vaxtilə Heydər Əliyevi "Mərkəzi Asiyanın Corc Vaşinqtonu" adlandıran Q.Laflin türk dünyasının böyük oğlu ilə ilk tanışlığı, Azərbaycana səfərləri zamanı onun işini heyrətlə müşahidə etdiyi barədə xatirələrini bölüşmüşdür. Onun sözlərinə görə, Konqres üzvü qismində Azərbaycana 90-cı illərin əvvəllərində səfərləri zamanı böyük imperiyanın süqutunun nəticələri ilə çarpışan Azərbaycanda vəziyyətin nə qədər çətin olduğunu öz gözləri ilə görmüşdür. 1994-cü ildə Nyu-Yorkda Azərbaycan Prezidentinin Konqres təmsilçiləri ilə görüşünə dəvət alan Qreq Laflin Heydər Əliyevin qısa zamanda ölkədə etdiyi dəyişikliklər barədə öz heyətinin topladığı məlumatdan öyrənmişdir. Uzaqgörən və mahir siyasət xadimi olan Heydər Əliyevin Azərbaycanı təhlükəli bölgədə bu qədər problemlərdən çıxarması onu o qədər təəssüratlandırmışdır ki, Laflin çıxışında Heydər Əliyevi "Mərkəzi Asiyanın Corc Vaşinqtonu" adlandırmışdı. Sonrakı illərin təcrübəsi Qreq Laflini bu sözlərin həqiqiliyinə bir daha inandırmışdır. Prezident Heydər Əliyevin Azərbaycan dövlətini xarici nüfuzların təsirindən çıxararaq, əsl mənada azad etdiyini deyən Q.Laflin ümummilli liderlə səmimi dostluq münasibətlərini də xoş xatirə kimi yada salmışdır.

Mayın 7-də açılan fotosərgini ABŞ paytaxtının sənətsevərləri və bölgəmizlə maraqlananlar bir həftə ərzində izləyə biləcəklər.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2010.- 9 may.- S.  10.