Qəhrəman kimi
döyüşdü, qəhrəman kimi
yaşadı
Jurnalist sənətinin mənə yaxından tanıtdığı maraqlı simalardan, adlı-sanlı insanlardan biri də görkəmli elm xadimi, akademik Ziya Bünyadovdur. Sovet İttifaqı Qəhrəmanı, böyük alim Z.Bünyadov hərtərəfli istedada malik, bənzərsiz, nadir bir şəxsiyyət idi.
Ötən əsrin 90-cı illərində bu nəhəng insanın repressiya qurbanları haqqında araşdırmalarının qəzet variantlarının hazırlanması mənə tapşırılmışdı. O zaman "Azərbaycan müəllimi" qəzetində işləyirdim. Bir gün qəzetin baş redaktoru Şahin Səfərov mənə məsuliyyətli bir işin veriləcəyini bildirdi. İki-üç gündən sonra redaktorun qəbuluna çağırıldım.
Kabinetdə Şahin müəllimlə XX əsrin görkəmli alimlərindən sayılan Z.Bünyadov üz-üzə oturmuşdular. Ziya müəllimi dərhal tanıdım. Başında yenə də araxçına bənzər papaq, qarşısında isə üç iri qovluq vardı. Otağa daxil olanda Ziya müəllim dərhal ayağa qalxdı və biz salamlaşdıq. Bu, təbii ki, onun yüksək mədəniyyətindən, daxili ziyalılığından irəli gəlirdi. Sonrakı əməkdaşlığımız dövründə akademikin bu xüsusiyyəti özünü bir az da aydın göstərdi. Redaktorumuz məni təqdim edəndə ailəmiz haqqında da məlumat verdi. Aydın oldu ki, 1941-1945-ci illər müharibəsində Z.Bünyadov atamla eyni cəbhədə vuruşmuşdular. Sonralar da dostluq münasibətlərini qoruyub saxlamışdılar. Ona görə də biz Bünyadovu uşaqlıqdan tanıyırdıq. Qısa söhbətdən sonra o, atamı xoş sözlərlə xatırladı. Bu isə mənə məmnun duyğular bəxş etdi. Sonra Şahin müəllim akademikin redaksiyaya gəlişinin səbəbini açıqladı. Söylədi ki, bu qovluqlarda Ziya Bünyadovun Stalin repressiyası qurbanları haqqında tədqiqatının nəticəsi olan 30-dan çox ziyalı barədə yazdığı məqalələr toplanıb. O zaman gizli arxivlərin qapıları alimlərin, tədqiqatçıların üzünə təzəcə açılmışdı. Azərbaycan tarixinin bütün dövrlərinin həqiqətlərini incəliyinə qədər üzə çıxarmağa çalışan Ziya müəllim həmin illərdə də bu faciəni xalqa çatdırmaq üçün var qüvvəsi ilə işə girişmişdi. Lakin onun repressiya qurbanları haqqında yazılarını dərc etməyə o zaman bir çox qəzetlər cürət etməmişdi. Şahin müəllim isə onları dərc etməyi qərara almış və həmin yazıların çapa hazırlanmasını mənə həvalə etmişdi.
Qeyd edim ki, məqalələr rus dilində təqdim olunmuşdu. Onlar tərcümə edilir, qəzet üçün hazırlanıb çapa imzalanmazdan əvvəl müəllif tərəfindən diqqətlə oxunurdu. Böyük alim hər bir söz, ad, fakt üzərində, necə deyərlər, əsirdi. O zaman Ziya Bünyadovun, deyəsən, heç səhhəti də bir o qədər yaxşı deyildi. Amma buna baxmayaraq, məqalələrin son variantını oxumağa həvəslə gəlirdi. Bu məsuliyyət, bu incəlik məni az qala təəccübləndirirdi. O, sinəsi "Qızıl Ulduz"lu qəhrəman, tanınmış alim və ictimai xadim olmaqla bərabər, həm də sanballı bir insan idi. Xalqına böyük sevgi və sədaqət bəsləyən, Şərq mentalitetinə dərindən bələd olan bu insanın üstəlik də, rusca mükəmməl təhsil alması, yüksək Avropa mədəniyyətinə yiyələnməsi xarakterində tam bir vəhdət yaratmışdı.
Qəzetdə repressiya qurbanları haqqında yazılar dərc olunduqca, redaksiyaya saysız-hesabsız məktublar gəlir və fasiləsiz telefon zəngləri edilirdi. Ayrı-ayrılıqda Şahin müəllimə, Ziya Bünyadova, əməkdaşlara oxucular öz minnətdarlıq duyğularını bildirirdilər. İnsanlar bir tərəfdən ədalətin bərqərar olmasından, günahsız qurbanların adlarının bir daha təmizə çıxarılmasından sevinirdilər, digər tərəfdən isə əziz oğullarını xatırlayan xalqın bir növ, yarasının qaysağı qopurdu... Həmin dövrdə qəzetimiz əllərdə gəzirdi, hamı "Azərbaycan müəllimi"ni axtarırdı, onun surətini çıxarıb arxivlərində saxlayırdılar. Bu, ilk növbədə, akademik Ziya Bünyadovun və professor Şahin Səfərovun xalqı, geniş mənada isə tarix qarşısında böyük xidmətləri idi.
Sonralar mən "Azərbaycan" qəzetində işləməyə başladım. Əməkdaşlığımız yenə də davam edirdi. Yaşı artıq 70-i haqlasa da, Ziya müəllim yenə axtarışlarda, işdə-gücdə, öz əqidəsi, tapıntıları uğrunda mübarizələrdə idi.
Onun mübarizə yolu çox erkən başlamışdı. 1923-cü il dekabrın 21-də Astara şəhərində dünyaya göz açan Ziya Musa oğlu Bünyadov orta məktəbi bitirəndən sonra Bakı Ümumqoşun Məktəbinə daxil olmuşdu. Seçdiyi bu hərbi istiqamət onu qəhrəmanlıqlarla dolu uzun bir ömür yoluna qovuşdurmuşdu. Çox keçmir ki, İkinci dünya müharibəsi başlanır və Ziya Bünyadov cəbhəyə gedir.
Gənc zabit 1-ci Belarus cəbhəsinin tərkibində Berlinədək döyüş yolu keçir. Orduda onu cəsur və istedadlı döyüşçü kimi tanıyırdılar. Şücaətindən bəhs edən döyüş epizodlarından birində deyilir ki, kapitan Bünyadovun əlahiddə rotası Pilitsa çayını birincilər sırasında keçib. Həmişə düşmənin müdafiə xətlərini bir-birinin ardınca adlayan rota döyüşçüləri bu dəfə də hünər göstərirlər. Çayın o biri sahilinə çatan kimi qəfləti zərbə ilə mühüm əhəmiyyət daşıyan körpünü tuturlar.
Hitlerçilər üç piyada diviziya ilə çaya yaxınlaşırlar, lakin burada güclü müqavimətə rast gəlirlər. Düşmən əlavə qüvvə - dörd tank və yüzlərlə əsgər göndərir. Faşist təyyarələri göydən od ələməyə başlayır. Döyüşçülər hər tərəfdən hücuma məruz qalsalar da, nəinki dözüm gətirməyə, hətta üstünlük əldə etməyə nail olurlar. İki saat yarım körpünü nəzarətdə saxlayır və sovet tərəfinin tank və mexanikləşdirilmiş hissələrinin körpünü keçməsinə imkan yaradırlar. Bu zaman kapitan Bünyadovun cəsur hərəkətləri düşmənin dörd piyada diviziyasına zərbə endirməyə şərait yaradır. Əməliyyatlar maneəsiz davam edir.
Təkcə bu döyüşdə Ziya Bünyadovun rotası 160 faşist əsgərini və zabitini məhv edir, 45-ni isə əsir götürür, xeyli döyüş texnikasını ələ keçirir.
Müharibənin dörd ağır ili boyu Bünyadov çox odlardan keçir, şücaətlər göstərir. Hər an da Tanrı özü onu qoruyur, bəlalardan hifz edir ki, sağ-salamat vətəninə qayıtsın, hələ uzun illər öz istedad və zəkasından xalqının yoluna ziya saçsın.
İkinci dünya müharibəsinin gedişi boyu Ziya Bünyadov "Döyüş Qırmızı Bayrağı", "Qırmızı Ulduz", "Aleksandr Nevski" ordenləri, "Qafqazın müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin alınmasına görə" medalları, bir çox digər orden və medallarla təltif olunur, fəxri fərmanlar, təşəkkürlər alır. SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 fevral 1945-ci il tarixli qərarı ilə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək və şərəfli ada layiq görülür. Ziya Bünyadov sinəsindəki "Qızıl Ulduz"u qəhrəmanlığın rəmzi kimi həmişə iftixarla və hörmətlə gəzdirirdi. Hətta Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi ilk vaxtlarda bəzi qüvvələrin tarixi hadisələri düzgün qiymətləndirməyərək Azərbaycan xalqının İkinci dünya müharibəsində göstərdiyi hünərin üstünə kölgə salmağa cəhd etdiyi vaxtlarda, ölkədə Qələbə bayramı qeyd olunmayanda, müharibə qəhrəmanlarının gözdən salınmasına cəhd göstəriləndə belə, Z.Bünyadov sinəsindəki nişanı çıxarmamış, bundan, əksinə, qürur hissi keçirmişdir. Ümummilli lider Heydər Əliyev vaxtilə buna münasibətini belə bildirmişdi: "Azərbaycanlılardan İkinci dünya müharibəsində iştirak edib, alman faşizminin qarşısını almaqda rəşadət göstərərək yüksək adlar alanları, həmvətənlərimizi, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən insanları həmişə yüksək qiymətləndirmişik... Ziya Bünyadov azərbaycanlıların içərisindən çıxmış az - yüz nəfərdən bəlkə bir az çox olan Sovet İttifaqı Qəhrəmanından biri idi və bu adı həmişə şərəflə, böyük iftixar hissi ilə daşıyırdı. Son illər, Sovet İttifaqı dağıldıqdan sonra dünyada, keçmiş Sovet İttifaqında, Azərbaycanda gedən cürbəcür ictimai proseslər zamanı, hətta burada, Azərbaycanda tarixinə, millətinin qəhrəmanlıq səhifələrinə ləkə yaxmaq istəyən bəzi adamlar Vətən müharibəsi qəhrəmanlarının adlarını tarixdən silməyə cəhd göstərən zaman, Qələbə gününü Azərbaycanda ləğv edən adamlar belə şəxslərə mənfi münasibət göstərən zaman da Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduzu"nu döşündə həmişə iftixarla gəzdirirdi".
Bu gün mübaliğəsiz demək olar ki, akademik Ziya Bünyadov elmdə də əsil döyüş, qəhrəmanlıq dolu yarım əsrlik bir yol keçib.
1946-cı
ildə ordudan tərxis edildikdən sonra Z.Bünyadov Moskva
Şərqşünaslıq İnstitutuna daxil olur. Sonra həmin
institutun aspiranturasını da bitirir və namizədlik
dissertasiyası müdafiə edir.
Elmi
axtarışlarını Azərbaycan Elmlər
Akademiyasının A.Bakıxanov adına
Tarix İnstitutunda davam etdirir. 1964-cü ildə
isə artıq "Azərbaycan VII-IX əsrlərdə"
mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və
bundan sonra Yaxın və Orta Şərq Xalqları
İnstitutunun Orta əsrlər şöbəsinə rəhbərliyi
ona tapşırırlar. Professor Ziya
Bünyadov 1967-ci ildə Azərbaycan EA-nın müxbir
üzvü, 1973-cü ildə isə həqiqi üzvü
seçilir. 1981-ci ildən Şərqşünaslıq
İnstitutunun direktoru vəzifəsində
çalışır. 1990-cı ildə
Azərbaycan EA-nın vitse-prezidenti olur və
ömrünün sonunadək bu vəzifənin öhdəsindən
layiqincə gəlir.
Akademik Ziya
Bünyadovun qələmindən çıxan 300-dən
çox elmi əsərin hər biri onun geniş
erudisiyasını, hədsiz
işgüzarlığını və böyük tədqiqatçılıq
qabiliyyətini nümayiş etdirir. Görkəmli alimin orta əsr
yaşayış məntəqələrinin müəyyənləşdirilməsinə,
şəcərə cədvəllərinin dəqiqləşdirilməsinə,
Azərbaycanın qonşu ölkələrlə tarixi əlaqələrinə
dair mühüm faktların sistemləşdirilməsinə həsr
olunmuş yazıları, habelə tibb, seysmologiya və
astronomiyaya dair orta əsr ərəb mənbələrindəki
məlumatların aşkara çıxarılıb elmə gətirilməsi
sahəsindəki səyi gərgin əməyin və ciddi tədqiqatçılıq
məharətinin məhsuludur.
Ziya Bünyadov
orta əsrlər Azərbaycan və Yaxın Şərq
tarixinin məhsuldar tədqiqatçılarından idi. Onun "Azərbaycan
VII-IX əsrlərdə", "Xarəzmşahlar dövləti",
"Atabəylər dövləti" və digər əsərləri
tarixşünaslığın klassik nümunələridir.
Tədqiqatçı-alim türk, ərəb, fars,
rus, gürcü, alban və Qərbi Avropa mənbələrindən
geniş istifadə edir, haqqında az məlumat olan
yazılı abidələri öyrənirdi.
Ziya Bünyadov, eyni zamanda,
orta əsr müəlliflərinin əsərlərini
Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm
və mədəniyyətinə dair qədim yazıları tədqiq,
tərcümə və şərh edib. Onların
nəşri ilə məşğul olub. Bu
da elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Tədqiqatları təkcə Azərbaycanda
deyil, Rusiyada, İraqda, Misirdə, Fransada, Türkiyədə,
Orta Asiya respublikalarında da nəşr olunub. O, alban
tarixçisi Mxitar Qoşun "Alban salnaməsi"ni ingilis, Əbdürrəşid Bakuvinin
"Abidələrin xülasəsi və qüdrətli
hökmdarın möcüzələri", Nəsəvinin
"Sultan Cəlaləddin Mənqburninin həyatının təsviri"
və İbn əl-Əsirin "Kamil ət-Təvarix" əsərlərini
isə ərəb dilindən tərcümə edib.
Ziya
Bünyadovun xidmətlərindən biri də "Qurani-Kərim"in
şərhli tərcüməçilərindən biri
olmasıdır.
1960-cı illərin ikinci
yarısında Azərbaycanın 150 il əvvəl
Rusiyanın tərkibinə necə daxil olması haqqında
elmi mübahisələr gedirdi. Bununla belə,
1964-cü ildə qərar qəbul edilmişdi ki, bir əsr
yarım öncə Azərbaycan könüllü surətdə
Rusiyanın tərkibinə daxil olub. Hətta
bu, bir bayram kimi qeyd edilmişdi. Həmin
münasibətlə Azərbaycan Lenin ordeni ilə təltif
olunmuşdu.
Amma
Z.Bünyadov bir alim kimi heç nədən qorxmayaraq,
heç kəsdən çəkinməyərək öz
elmi fikirlərini söyləyirdi. 1967-1968-ci illərdə
Ziya Bünyadov artıq bir neçə dəfə
açıq bildirmişdi ki, doğrudur, Azərbaycan
Rusiyanın tərkibinə daxil olub, amma bu addım
könüllü atılmayıb. Odur ki,
tarixi həqiqəti demək lazımdır.
O vaxtlar siyasi mühit, siyasi
konyuktura bunu qəbul etmirdi. Ziya Bünyadov buna
görə günahlandırılırdı, hətta onu cəzalandırmaq
istəyirdilər. Onun məsələsini
Elmlər Akademiyasının Partiya Komitəsinin müzakirəsinə
də çıxarmışdılar. Lakin
Ziya Bünyadov dediyinin üstündə durmuşdu. İndi bunlar adi bir məsələ kimi
görünür. O zamanlar isə belə fikirlər
söyləmək açıq-açığına
hökumətin, partiyanın əleyhinə getmək idi. Ziya Bünyadov isə çəkinmirdi, öz elmi
fikirlərini cəsarətlə irəli sürürdü.
Amma dedikləri doğru olsa da, ovaxtkı rejimdə
bunları sübut etmək çətin idi. Lakin sonrakı tarixi araşdırmalar onun fikirlərinin
düzgün olduğunu göstərdi.
Bunlar günəşin
özü kimi aydın həqiqətlər idi və Ziya
Bünyadov qanından-iliyindən gələn cəsarətlə
yeri düşdükcə içindəkiləri uca səslə,
qorxub-çəkinmədən açıb söyləyir,
yazır, elan edirdi. Və indi biz onu da açıq deyə
bilərik ki, həmin çətin illərdə sovet alimlərinin
yazdıqlarının əksinə fikirlər söyləyən
insanı həbslərdən, cəzalardan qoruyan mühüm
bir amil də məhz onun daşıdığı Sovet
İttifaqı Qəhrəmanı adı idi. Görünür, həyatda təsadüfi heç
nə yoxdur. Bu xoşbəxtlik də Ziya
müəllimə taleyi tərəfindən verilmişdi.
Nəhayət,
Ziya Bünyadov bolşevizm terroru və siyasi repressiyaların
qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat
əsərini ortaya qoyub. Böyük alim elə tarixi həqiqətləri
üzə çıxarıb ki, onların həmin dövrdə
- sovet rejimi illərində aşkar söylənilməsi
azı cinayət hesab olunurdu. Başqa sözlə, o, bolşevizm
terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda
aparılmış repressiyalar haqqında həqiqətləri
aşkara çıxararkən, 37-nin qurbanlarını xalqa
tanıtdırarkən, onlara bəraət qazandırarkən,
adlarını tarixdə bərpa etdirərkən və beləliklə,
o dövrü doğru-düzgün işıqlandırarkən
də əsl hünər göstərib.
Ümummilli lider Heydər Əliyev
Z.Bünyadovun fəaliyyətinin bu dövrünü də
yüksək dəyərləndirib: "Ziya Bünyadovun xidmətləri
çoxdur və onun ən böyük xidmətlərindən
biri də ondan ibarətdir ki, 80-ci illərin axırlarında
- 90-cı illərin əvvəllərində o, bir daha
böyük alim kimi, tədqiqatçı kimi Azərbaycanın
açılmamış arxivlərinə bir daha getdi, o arxivlərdən
Azərbaycan tarixinin XX əsrə aid səhifələrini
açdı, tədqiq etdi, öz kitablarında, dövri mətbuatda
yazılar verdi və beləliklə də, əgər əvvəllər
Azərbaycan tarixinin orta əsrlərə aid çox
mühüm dövrlərini elmi əsərlərində
işıqlandırdısa, açdısa, göstərdisə,
son illərdə özünü buna həsr etdi. O cümlədən,
ilk Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində
gedən prosesləri də, o dövrü də
doğru-düzgün tədqiq edənlərdən biri də
Ziya Bünyadovdur".
Cəmiyyətdə
ədalətsizliklər davam etdikcə Ziya Bünyadovun
mübarizəsi də davam edirdi. Bir vaxtlar sovet, Ermənistan
mətbuatında, onların kitablarında və "elmi əsər"lərində
Azərbaycan tarixi təhrif olunurdu. Hər
tərəfdən dəstə-dəstə alimlər, yaxud
alim adı daşıyan cürbəcür adamlar Azərbaycan
tarixinə təcavüz edirdilər. Lakin
bu tərəfdə Ziya Bünyadov dayanmışdı.
O, öz iradəsi, biliyi, elmi əsərləri ilə onlara
tutarlı cavablar verirdi. Azərbaycan tarixini
qoruyurdu, onun dünyaya doğru-düzgün
çatdırılmasına xidmət edirdi.
Azərbaycanda
milli azadlıq hərəkatı başlayarkən Ziya
Bünyadovun elmi, ictimai-siyasi fəaliyyəti yeni bir istiqamət
və vüsət aldı. Gənclərimizdə
milli dirçəliş və milli oyanış hisslərinin
gündən-günə inkişaf etməsi Z. Bünyadov kimi
alimlərin əsərlərinin təsiri ilə bağlı
idi. Bunlar alimlərimizin,
yazıçılarımızın, şairlərimizin milli
ruhu qaldırmağa, milli əhval-ruhiyyəni inkişaf etdirməyə
yönəldilmiş səyinin nəticəsi idi. Odur ki, həmin illərdə milli azadlıq hərəkatının
cücərib boy atmasında akademik Ziya Bünyadovun da
böyük xidməti vardı. Həm də
görkəmli alim milli dirçəliş hisslərinin
inkişaf etməsinə bir tərəfdən öz əsərləri,
digər tərəfdən məhz ictimai-siyasi fəaliyyəti
ilə xidmət edirdi.
O illərdə Z. Bünyadov
meydanlarda nitq söyləyən, Ermənistanın Azərbaycana
təcavüzünə qarşı səsini qaldıran və
erməni qəsbkarlarının haqsız iddialarına etiraz
edən, bu sahədə ən qabaqda gedən insanlardan biri idi.
Məhz Ziya Bünyadov kimi güclü və
mötəbər insanların əməli, hərəkəti
ilə Azərbaycanın on minlərlə vətəndaşı,
gənclər bu hərəkata qoşuldular. Onlar Azərbaycanın milli azadlığına,
müstəqilliyinə, Vətənimizin ərazi
bütövlüyünə qarşı edilən təcavüz
əleyhinə öz etirazlarını bildirir, mübarizəyə
qoşulurdular.
Yeni Azərbaycan
Partiyasının yaranmasında yaxından iştirak edənlərdən
biri də məhz Ziya Bünyadov idi. Azərbaycanda hadisələr son dərəcə
qarışıq olan zaman - bir tərəfdən bədxah
qonşularımız torpağımızda qan tökəndə,
digər tərəfdən isə "sapı
özümüzdən olan baltalar" xalqın arasına
çaxnaşma salıb ölkəni parçalamağa cəhd
edəndə Ziya müəllimin bütün
varlığı vulkan kimi püskürürdü. Bir dəstə ziyalı ilə birlikdə neçə
dəfə Naxçıvana getdi, ulu öndər Heydər Əliyevlə
görüşüb söhbət etdi. Bu
gün biz rahatlıqla deyə bilərik ki, nə
yaxşı, həmin mübarizələr nəticəsiz, bəhrəsiz
qalmadı. 1992-ci ilin soyuq . sazaqlı bir payız günündə
Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis
konfransı keçirildi. Ziya Bünyadovu yeni yaranan
partiyanın sədr müavini seçdilər...
Beləcə,
bundan sonra da Azərbaycanın azadlığı, dövlət
müstəqilliyi uğrunda fədakarcasına mübarizə
apara-apara şəhid oldu Ziya Bünyadov. O, hərb illərində
Sovet İttifaqı Qəhrəmanı adını
almışdı, sonra elmdə qəhrəmanlıqlarla dolu
uzun bir yol keçmişdi. Nəhayət,
müstəqil Azərbaycan Respublikasında əsl qəhrəman
kimi həlak olmuşdu. "Ziya Bünyadov
haqqında çox danışmaq olar və güman edirəm,
bundan sonra daha da çox danışılacaq, haqqında
kitablar, xatirələr yazılacaqdır. Çünki
o, öz varlığı ilə elə bir insan idi ki,
böyük, şərəfli həyat yolu ilə elə bir
yüksək səviyyəli şəxsiyyət adı
almışdı ki, onun haqqında nə qədər
çox desək də, yenə də tam qiymətini verə
bilməyəcəyik". Ümummilli
lider Heydər Əliyev xalqımızın görkəmli
oğullarından olan Ziya Bünyadov haqqında belə deyib.
Ulu öndər onun fitri istedada malik olduğunu həmişə
yüksək qiymətləndirib, cəsurluğunu, cəsarətini,
zəkasını, fədakarlığını, zəhmətsevərliyini,
işgüzarlığını, əzmini layiqincə dəyərləndirib.
Akademik Ziya
Bünyadov hələ çox xatırlanacaq. Bir də ki,
Ziya Bünyadov haqqında əsl sözü elə Ziya
Bünyadovun özü deyib. Keçdiyi həyat
yolu ilə sanki özünə əbədi,
uçulmaz-sökülməz bir heykəl ucaldıb. Qəhrəman kimi döyüşüb, qəhrəman
kimi də yaşayıb.
İradə ƏLİYEVA
Azərbaycan.- 2010.- 9 may.- S.
12.