Ulu öndərin ali hakimiyyətə
qayıdışından sonra faşizm üzərində Qələbə
yenidən dövlət səviyyəsində qeyd olunmuşdur
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, mayın 8-də nazirlikdə faşizm üzərində Qələbənin 65-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Əvvəlcə ulu öndər Heydər Əliyevin, tarixi qələbə naminə canlarından keçmiş soydaşlarımızın, həmçinin müharibədən sonra vəfat etmiş veteranların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə geniş məruzə ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bütün tərəqqipərvər bəşəriyyətin faşizm üzərində Qələbənin 65-ci ildönümünü böyük təntənə ilə qeyd etdiyini bildirmişdir. Yaxın keçmişimizə nəzər salan nazir məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra faşizm üzərində Qələbənin yenidən təntənəli şəkildə keçirildiyini, cəmiyyətin ən hörmətli üzvləri kimi veteranlarımıza diqqət və qayğının artdığını, 9 May - Qələbə bayramının müstəqil Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyini vurğulamışdır.
Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin də İkinci dünya müharibəsinin iştirakçılarına qayğı ilə yanaşdığını nəzərə çatdıran Ramil Usubov DİN rəhbərliyinin bu kateqoriyadan olan insanların ehtiyacları ilə daim maraqlandığını, problemlərinin həllinə yardımçı olmağa çalışdığını, ulu öndərin əsasını qoyduğu bu siyasətin davamlı olacağını bildirmişdir.
İstefada olan milis polkovniki Müseyib İlyasov Böyük Vətən müharibəsinin veteranları adından belə bir görüşün təşkilinə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eləcə də DİN rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.
Təntənəli mərasimə yekun vuran daxili işlər naziri Ramil Usubov əlamətdar bayram münasibətilə müharibə veteranlarını və onların ailə üzvlərini bir daha ürəkdən təbrik etmiş, onlara cansağlığı diləmiş, ən xoş arzularını çatdırmışdır.
Nazir ulu öndər Heydər Əliyevin "1941-1945-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifəsidir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq. Bu dövrün insanlarını - həm həmin dövrdə döyüşən, həlak olanları, cəbhədə yaralananları, həm də rəşadət göstərib bu gün yaşayanları həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik" fikrinə diqqəti çəkərək, müharibə veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına hər zaman örnək olacağını, onların Vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlıqlarının, əzmkarlıqlarının heç zaman unudulmayacağını söyləmişdir.
Son illər
Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət
həyatının bütün sahələrində, o
cümlədən ordu quruculuğu, daxili işlər
orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi,
şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi,
əməkdaşlar və hərbi qulluqçular
üçün normal iş şəraitinin
yaradılması, xidməti fəaliyyətin ən müasir tələblər
səviyyəsində qurulması istiqamətində
böyük işlərin görüldüyünü,
hüquqi-demokratik islahatların həyata keçirildiyini, Azərbaycanın
dünya birliyində öz layiqli yerini tutduğu və
bölgədə lider dövlətə çevrildiyini məmnunluqla
xatırladan nazir Ramil Usubov daxili işlər
orqanlarının qarşıya qoyulmuş bütün məsul
vəzifələrin öhdəsindən bundan sonra da layiqincə
gələcəyinə, dövlətə və xalqa sədaqətlə
xidmət edəcəyinə əminliyini
vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 9 may.- S.
13.