Azərbaycan Prezidenti hər zaman ölkəmizin vətəndaşlarının yanındadır

 

Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü sosial siyasətimiz vardır. Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdır. Yəni, burada hər bir vəzifəli şəxs, məmur, bu işlərlə məşğul olan insan bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq və onlara dəstək verək.

 

İlham ƏLİYEV

 

Məlum olduğu kimi, son günlərdə yağan intensiv yağışlar nəticəsində respublikamızın müxtəlif regionlarında təbii fəlakətlər - çayların öz məcrasından çıxaraq daşması, torpaq sürüşmələri baş verib. Xüsusən, Kür çayında suyun miqdarının normadan xeyli artması nəticəsində ciddi problemlər yaranıb. 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri, bir çox sosial strukturların binaları su altında qalıb. Ümumilikdə, qırx rayonun ərazisində subasma halları müşahidə olunub.

Şirvan şəhərində və Sabirabad rayonunda vəziyyət daha ağırdır. Mayın 7-də səhər Kür çayı Şirvan şəhəri ərazisində ikinci mühafizə bəndini də yarıb keçib. Nəticədə şəhərin Bayramlı qəsəbəsini su basıb. Sabirabad rayonu ərazisində isə Minbaşı, Dadaşbəyli, Qaragüney, Zalqarağac, Moranlı kəndləri su altında qalıb. Yayılan məlumatlara görə, daşqının məsafəsi geniş olduğundan suyun qarşısını almaq üçün bəndləri bağlamaq mümkün olmayıb. Baş nazirin müavini Abid Şərifov Xudafərindən əlavə olaraq saniyədə 900 kub suyun buraxılması nəticəsində belə bir çətin vəziyyət yarandığını bildirib.

Prezident İlham Əliyevin göstərişi ilə nazirlik və idarələrin rəhbərləri dərhal təbii fəlakət zonalarına ezam olunublar. Şirvan və Sabirabaddakı vəziyyətlə bağlı operativ qərargah yaradılıb. Fövqəladə Hallar Nazirliyinin 1500 nəfərdən artıq şəxsi heyəti, 3 vertolyotu hadisə yerinə cəlb olunub. FHN-in Sularda Xilasetmə Xidmətinin 46 xilasedicisi 12 rezin qayıq ilə su basmış ərazilərdə polislə birgə xilasetmə işləri aparır. Görülən təcili tədbirlər təbii fəlakətin miqyasının böyüməsinə imkan verməyib. Əhali təhlükəli ərazilərdən köçürülüb. Təhlükənin qarşısını almaq üçün Şirvan-Sabirabad magistral yolu da bağlanılıb. Yerli əhali də təhlükəni sovuşdurmaq üçün köməyə qoşulub.

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri ilə bağlı müşavirə keçirilib. Dövlətimizin başçısı fəlakətin nəticələri aradan qaldırıldıqdan sonra vətəndaşlara yeni evlərin tikintisi üçün kömək göstəriləcəyini bəyan edib: "Mən bu günlər ərzində hər yerdə vəziyyətlə maraqlanmışam, müvafiq göstərişlər vermişəm. Azərbaycanın bütün müvafiq qurumları əlindən gələni edirlər ki, dəymiş bu ziyanı aradan qaldıraq, insanlara kömək edək. Müxtəlif rayonlarda bu vəziyyətdən əziyyət çəkən insanlar öz evlərindən müvafiq məskunlaşma yerlərinə köçürüldü. Əlbəttə ki, bu təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra biz dəymiş bütün ziyanı hesablayacağıq, insanlara kömək göstərəcəyik, onlar üçün yeni evlər tikəcəyik".

Bu müşavirənin keçirilməsi göstərir ki, Prezident İlham Əliyevin idarəçilik fəaliyyətində əsas məqamlardan biri dövlət başçısının ölkədə baş vermiş ekstremal situasiyalarda çevik və düzgün qərarlar qəbul etməsi, bu zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir. Bu, bir daha təsdiq edir ki, cənab İlham Əliyev üçün insan amili bütün məqsədlərin fövqündə dayanır. Xatırladaq ki, dövlət başçısı hələ 2004-cü ilin yanvarında Lənkəran şəhərində yaşayış binasının uçmasına dərhal reaksiya göstərmiş, hadisə yerinə getmiş, zərərçəkənlərə maddi yardım göstərilməsi üçün tapşırıqlar vermişdi. Cənab İlham Əliyev 2005-ci ilin iyun ayında metronun "İçərişəhər" stansiyasının eskalatorundakı nasazlıq üzündən ciddi xəsarətlər almış vətəndaşlara, eləcə də həmin ilin dekabrında təyyarə qəzasında həlak olanların yaxınlarına və yaralananlara zəruri yardımlar edilməsi barədə tapşırıqlar vermişdi. 2007-ci ilin avqustunda Bakının Yasamal rayonu ərazisində Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində çoxsaylı insan tələfatı ilə nəticələnən hündürmərtəbəli binanın uçması ilə bağlı həlak olanların yaxınlarına və yaralananlara ən böyük mənəvi dəstək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəldi. Avqustun 29-da Prezident İlham Əliyevin şəxsən hadisə yerinə gəlməsi, xilasetmə işlərinin sürətləndirilməsi, həlak olanların və yaralıların ailələrinə kömək göstərilməsi barədə yerindəcə tapşırıqlar verməsi dövlət başçısının hər bir vətəndaşın, hər bir insanın taleyinə həssaslıqla yanaşmasının, diqqət və qayğısının təcəssümü idi. Qəzanın səbəblərinin araşdırılması ilə bağlı göstərişlərini verən Azərbaycan Prezidenti elə həmin gün hadisə ilə əlaqədar hökumət komissiyasının yaradılması haqqında sərəncam imzaladı.

Prezidentin müşavirədəki çıxışında diqqəti çəkən məqamlardan biri yerli icra orqanlarının tənqidi oldu. Çünki məhz bəzi yerli icra orqanları vətəndaşlara harda gəldi, torpaq sahələri verirlər. Bu ilin fevralında şaxtalı havalarda baş verən enerji problemi zamanı torpaq sahələrinin qanunsuz şəkildə ev tikmək üçün vətəndaşlara verilməsinin şahidi olduq. Prezident İlham Əliyevin bununla bağlı göstərişi olduqca təqdirəlayiqdir: "Yerli icra orqanları harada gəldi, kimə gəldi torpaq sahələri ayırırlar və vətəndaşlar orada evlər tikirlər. O evlər orada yaşayanlar üçün təhlükə mənbəyidir. Çünki yüksək gərginlikli xətlərin altında tikilmiş evlər insanların sağlamlığına çox böyük ziyandır. Eyni zamanda, operativ təmir-tikinti işlərinin aparılması üçün bizə problem yaradır. Sahilboyu ərazilərdə tikilmiş bu evlər indi imkan vermir ki, orada sahilbərkitmə işləri lazımi səviyyədə aparılsın. Ona görə bu vaxta qədər buraxılmış bütün nöqsanlar, bəzi hallarda cinayətlər ciddi araşdırılmalıdır. Qanunsuz sərəncamları verən şəxslər müəyyən edilməlidir, onlara qarşı tədbirlər görülməlidir. Baxmayaraq ki, indi onlar vəzifədədir, yoxsa vəzifədən uzaqlaşdırılıblar və mənə tezliklə məlumat verilməlidir".

Prezident İlham Əliyevin müşavirədəki əhatəli nitqi həm də gələcəkdə baş verə biləcək təbii fəlakətlərin qarşısının vaxtında alınması üçün aidiyyəti orqanlar üçün bir proqramdır. Bu məsələlərə hərtərəfli yanaşan dövlət başçısı kompleks tədbirlər planının tezliklə hazırlanmasının və qəbul edilməsinin vacibliyini bildirib. Bütün bunlar bir daha ondan xəbər verir ki, Azərbaycan Prezidenti hər zaman ölkəmizin vətəndaşlarının yanındadır və dövlətimiz baş verən istənilən ekstremal hadisədə onların üzərindən diqqət və qayğısını əsirgəmir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.-  9 may.- S. 1. 14.