Avstriyada faşizm üzərində Qələbənin 65-ci ildönümü geniş qeyd edilir

 

Avstriyanın alman faşizmindən azad edilməsində iştirak etmiş müttəfiq ölkələrin nümayəndələri mayın 7-də Vyana mərkəzi qəbiristanlığında İkinci dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoymuş, onların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Avstriyanın dövlət hökumət təmsilçilərinin, ictimai qurumların, Vyanada akkreditə olunmuş diplomatik korpusun ölkə ictimaiyyətinin qatıldığı mərasimdə ölkəmizi Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir. Mərasimdə Avstriyada işçi səfərdə olan Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Azərbaycan Dövlət Neft Şirkətinin Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov bu ölkədə yaşayan soydaşlarımız iştirak etmişlər.

Tədbir iştirakçıları daha sonra Vyananın mərkəzində yerləşən Şvartsenberq meydanında şəhərin faşistlərdən azad olunmasında qəhrəmanlıq göstərmiş sovet əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksinin önünə əklil qoymuşlar.

Qeyd edək ki, ATƏT-in Vyanada yerləşən katibliyində Avropa ölkələri paytaxtlarının faşizmdən azad edilməsinə həsr olunmuş fotosərgi təşkil edilmişdir. MDB ölkələrinin ATƏT yanında daimi nümayəndəliklərinin birgə təşkil etdiyi fotosərgidə Azərbaycana aid stenddə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) tərəfindən təqdim edilmiş fotolar nümayiş etdirilir. Həmin fotoşəkillərdə faşizm üzərində qələbənin əldə edilməsinə böyük töhfə vermiş həmvətənlərimizin həm ön, həm arxa cəbhədəki fədakarlığı dolğun şəkildə əksini tapmışdır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2010.- 9 may.- S.  15.