Azərbaycan torpağında doğulmuş qəhrəmanların hünəri haqqında "Müharibənin əks-sədası" kitabı Moskvada çapdan çıxmışdır

 

Moskvada Azərbaycan torpağında doğulmuş qəhrəmanların hünəri haqqında "Müharibənin əks-sədası" kitabı çapdan çıxmışdır. Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr olunmuş kitabın müəllifi, həmvətənimiz, müharibə veteranı, şərqşünas-alim, yazıçı, publisist, 30-dan çox tarixi povest romanın, 7 monoqrafiyanın, bədii filmlərə ssenarilərin sosial-iqtisadi problemlərə mədəniyyətə dair 500 məqalənin müəllifi orden medallarla təltif olunmuş, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əbdül Hüseynovdur.

Kitabda müəllifin xatirələri, qəhrəman azərbaycanlılar, o cümlədən Həzi Aslanov, Yusif Məmmədəliyev, Mircəfər Miramanoğlu haqqında tarixi materiallar toplanmışdır.

Kitab Ümumdünya Azərbaycanlıları Konqresinin Rusiya nümayəndəliyinin sədri Mirəşrəf Fətiyevin "Azərbaycan torpağında doğulmuş qəhrəmanların hünəri" məqaləsi ilə başlanır. M.Fətiyev qeyd edir ki, kitabda Azərbaycanda doğulmuş müxtəlif millətlərdən olan qəhrəmanların rəşadətindən söz açılır. Məqalə müəllifi yazır: "Atam Mircəfər Miramanoğlu müharibə yolları ilə Şimali Qafqazdan Almaniya sərhədinə qədər addımlamışdır. 1945-ci ilin yanvarında yaralandıqdan sonra ordudan tərxis edilmişdir. O, iki orden, çoxsaylı medallarla təltif edilmişdir. Atam Qələbə bayramı günü - 2001-ci il mayın 9-da vəfat etmişdir".

Müharibənin dəhşətli məngənəsinə düşmüş müxtəlif millətlərdən olan bir məhəlləli 9 əsgərin xidmət etdiyi bir taqımın cəbhə həyatı barədə hekayət olan "Biz əslən Bakıdanıq" povesti xüsusi maraq doğurur.

Əbdül Hüseynovun "Müharibənin əks-sədası" kitabı heç şübhəsiz oxucular tərəfindən maraqla qarşılanacaqdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 9 may.- S.  15.