İsrailin Hadera şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan xiyabanın açılışı olmuşdur

 

Açılış mərasimində çıxış edən Hadera şəhərinin meri Xaim Avinat demişdir ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dünya tarixində ədalətli və insanpərvər dövlət başçısı kimi yaddaşlarda yaşayır. Heydər Əliyev Azərbaycanda olan millətlər arasında heç bir fərq qoymamışdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən tolerant ölkəsi kimi tanınır. Haderada bu parkın yerləşdiyi küçəyə yəhudi dövlətinin əsasını qoymuş dahi insan Hertselin adı verilmişdir. Bu küçədə yəhudi xalqının yaxın dostu Heydər Əliyevin adını daşıyan parkın açılması bizim ürəyimizcədir. Biz dünya miqyaslı bir siyasi xadimin - Heydər Əliyevin adının Haderada əbədiləşdirilməsindən qürur duyuruq.

Xaim Avinat bildirmişdir ki, məhz bu küçədə Heydər Əliyev parkının yanında musiqi məktəbi açılacaq, kompleks yaradılacaqdır. Bu, həm də Azərbaycan ilə Hadera arasında dostluq körpüsünün təməlidir. Mer ulu öndər Heydər Əlieyev siyasi kursunu layiqincə davam etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq etmiş, dostluq əlaqələrimizin bundan sonra da inkişaf edəcəyini bildirmişdir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mərasimdə çıxış etmişdir. N.İbrahimov ilk növbədə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı qərara görə Azərbaycan hökuməti adından xarici işlər naziri Aviqdor Libermana, Hadera şəhərinin meri Xaim Avinata və bütün şəhər ictimaiyyətinə dərin minnətdarlığını ifadə etmiş və xiyabanın açılışının xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, həyatımızın bütün sahələrindəki əməkdaşlığın genişlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.

O demişdir ki, ulu öndər Heydər Əliyev ölkəmizdə tolerantlığın möhkəmlənməsində müstəsna xidmətlər göstərmişdir. Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi dövlət tərəfindən daim qorunmuşdur. Məhz bu diqqət və qayğının təzahürü olaraq, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ibrani bölməsi açılmış, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın Yəhudi Mədəniyyətinin Qorunması və İnkişafı Fondu ilə birgə "Yəhudilər Azərbaycanda" kitabını hazırlamışdır.

Bu gün respublikada 7 yəhudi dini icması qeydiyyatdan keçmişdir. Bakıda nəzəriyyəçi-fizik, Nobel mükafatı laureatı Lev Landau, respublikanın əməkdar həkimi Solomon Qusman, müharibə qəhrəmanı Albert Aqarunov və digər tanınmış yəhudi şəxsiyyətlərinin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanılır.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən sonra dövlət tərəfindən daha iki sinaqoq yəhudilərə qaytarılmışdır. Hazırda Bakıda 3, Oğuz və Quba rayonlarının hərəsində isə 1 yəhudi sinaqoqu mövcuddur. 2003-cü ildə Bakı şəhərində açılmış sinaqoq hazırda Avropada yerləşən ən böyük sinaqoqdur.

Azərbaycanda yəhudi mədəniyyət mərkəzləri, dini icmalar, məktəblər fəaliyyət göstərir. 2003-cü ilin sentyabrında Bakıda ilk ümumtəhsil yəhudi məktəbi açılmışdır.

Ümummilli lider Heydər Əliyev yəhudi icmasının Azərbaycanın iqtisadi və sosial-mədəni inkişafındakı rolunu həmişə çox yüksək qiymətləndirmişdir.

Hadera şəhərinin mərkəzində Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan xiyabanın açılış mərasiminin keçirilməsi yəhudi xalqının böyük dövlət xadimi Heydər Əliyevin xatirəsinə dərin ehtiramının və Azərbaycana olan sevgisinin parlaq təzahürlərindən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş tarixi ənənələri uğurla davam etdirməkdədir. Azərbaycan Prezidenti ölkəmizdə tolerantlığın qorunub saxlanılması, qarşılıqlı etimada əsaslanan vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənmiş siyasət yürüdür. Əminəm ki, bizim birgə, qarşılıqlı fəaliyyətimiz Azərbaycan və İsrail xalqları arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

İsrail Knessetinin deputatı xanım Faina Kirşenbaum çıxışında demişdir ki, beynəlxalq aləmdə siyasi proseslərin gərgin olduğu bir vaxtda Azərbaycan-İsrail əlaqələrinin yaxınlaşması hamıya yaxşı nümunə olmalıdır. Bu gün Hadera şəhərində İsrail xalqının yaxın dostu, öz ədalətliliyi, prinsipiallığı və insanpərvərliyi ilə seçilmiş Heydər Əliyevin adının əbədiləşdirilməsi bizi daha da yaxınlaşdırır, dostluğumuzu daha da möhkəmləndirir. Biz Heydər Əliyev kimi tarixi şəxsiyyətin adının əbədiləşdirilməsindən qürur duyuruq.

Sonra xatirə lövhəsinin təməlqoyma mərasimi olmuşdur.

Tədbir Azərbaycan və İsrail mədəniyyət ustalarının konsert proqramı ilə başa çatmışdır.

İsraildə fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) müraciəti əsasında Hadera şəhər bələdiyyəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul etmişdir. Qərara əsasən, Hadera şəhərinin mərkəzində yerləşən Ahad ha-Am küçəsindəki xiyabanda ulu öndər Heydər Əliyevin xatirə lövhəsinin təməl daşı qoyulacaq və xiyaban Azərbaycanın milli liderinin adını daşıyacaqdır. Xiyabanda əsaslı yenidənqurma və abadlaşdırma işləri də aparılacaqdır.

Qeyd edək ki, Haderada əslən Azərbaycandan olan böyük icma yaşayır. Bu şəhər Təl-Əvivin yaxınlığında yerləşir, yaşıllıqla zəngin ərazidir, ulu öndər Heydər Əliyevin adı verilən xiyaban isə şəhərin mərkəzindədir. Xiyabanın açılışında Milli Məclisin üzvü Yevda Abramov, İsrailin 7 şəhərinin vitse-meri, Azərbaycandan gəlmiş jurnalistlər, yəhudi icmalarının rəhbərləri, bir neçə ölkənin İsraildə akkreditə olunmuş səfirliklərinin əməkdaşları, Azərbaycan incəsənət ustaları və şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də digər şəhərlərdə yaşayan Azərbaycan əsilli yəhudilər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 may.- S.  15.