Oman Diplomatik İnstitutunun baş direktoru Azərbaycan Diplomatik Akademiyasında olmuşdur

 

Oman Diplomatik İnstitutunun baş direktoru Əhməd bin Səlim Baomar birinci katibi İsa Saleh Əl Şeyba Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşlar. Xarici işlər nazirinin müavini rektor Hafiz Paşayev ilə görüşdə iki qurum arasında tədris sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

ADA-dan bildirmişlər ki, qonaqlar xarici işlər nazirinin müavini Xələf Xələfov, akademiyanın xarici siyasət proqramının direktoru Fariz İsmayılzadə, tələbə qəbulu departamentinin direktoru Janis Ostin, akademik peşəkar ingilis dili proqramının direktoru Vəfa Kazdal akademik işlər üzrə dekan müavini Anar Vəliyev ilə görüşmüşlər.

Azərbaycana səfərinin nəticələrini yüksək qiymətləndirən Əhməd bin Səlim Baomar bildirmişdir ki, görüşlər hər iki tərəf üçün maraqlı olmuşdur. O demişdir: "Sizin xarici siyasət proqramının 6 aya qədər müddətə təşkil olunması yüksək səviyyədə aparılması, həmçinin ADA-da ayrıca magistratura təhsilinin olması bizdə maraq oyatmışdır. Çünki Oman Diplomatik İnstitutunda kurslar daha qısadır və 3 ay davam edir. Azərbaycan tərəfi də bizim 19 illik təcrübəmizdən bəhrələnmişdir. Omanda biz xarici ölkəyə göndərilən diplomatların xanımları üçün ayrıca təlimlər keçiririk. Onlara Omanın tarixi, mədəniyyəti haqqında məlumat veririk ki, diplomatların yoldaşları ölkəni daha yaxşı təbliğ etsinlər. Bu işlərdə Azərbaycan Omanın təcrübəsindən nə isə öyrənə bilər".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 may.- S.  15.