Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Moskvada böyük Qələbənin
65 illiyinə həsr olunmuş şənliklərdə
iştirak etmişdir
Prezident Dmitri Medvedevin dəvəti ilə Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən bayram tədbirlərində iştirak etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevi Kremlin yanında Rusiya Prezidenti Dmitri Medvedev səmimiyyətlə qarşıladı.
Dövlətimizin başçısı Böyük Vətən müharibəsinin veteranları ilə görüşdü.
Yubiley şənliklərinin başlıca hadisəsi Qızıl meydanda keçirilən hərbi parad olmuşdur. Tribunalardakı fəxri qonaqlar arasında öz misilsiz şücaətləri ilə böyük Qələbəni qazanmış, dünyanı nasizm bəlasından qurtarmış İkinci dünya müharibəsinin veteranları əyləşmişdilər.
Paradın
başlanmasından əvvəl çıxış edən
Prezident Dmitri Medvedev Böyük Vətən müharibəsi
veteranlarını təbrik etdi. Rusiya Prezidenti dedi ki, 65 il bundan əvvəl nasizm
darmadağın olundu. Bizim ölkədə və
bütün Avropada sülh bərqərar edildi.
Sivilizasiyaların əsaslarını dağıdan ideologiyaya
son qoyuldu. Sovet İttifaqı faşistlərin əsas zərbəsini
öz üzərinə götürmüşdü.
Faşistlər öz qoşunlarının dörddə
üç hissəsini Şərq cəbhəsinə yönəltmişdilər.
Bizim ölkəni külə döndərmək istəyirdilər,
amma misli görünməmiş müqavimət, qüvvə
və rəşadətlə
qarşılaşmışdılar.
Dmitri Medvedev bildirmişdir
ki, veteranlar bizə həyat bəxş etdilər, onlar
azadlığımızı qazandılar. Biz cəbhələrdə
döyüşən əsgərləri, zavodlarda kişiləri
əvəz etmiş qadınları, ağlasığmaz
sınaqlardan keçmiş uşaqları heç vaxt
unutmayacağıq. Onlar hamısı müharibə qəhrəmanlarıdır.
1945-ci ildə təkcə hərbi yox, həm də
böyük mənəvi qələbə qazanıldı. Bu
Qələbə uğrunda keçmiş SSRİ-nin
bütün xalqları mübarizə aparmışlar.
İkinci dünya müharibəsinin
dərsləri bizi həmrəyliyə
çağırır, - deyən Rusiya Prezidenti bildirdi ki, biz
müasir təhlükələrə birlikdə müqavimət
göstərə bilərik. Gələcək nəsillərin
azad və xoşbəxt olması, ədalət və dostluq
ideallarının dünyada zəfər çalması
üçün qlobal təhlükəsizliyə təhdid
olan problemləri yalnız mehriban qonşuluq siyasəti şəraitində
həll etmək olar.
Sonra hərbi parad
başlandı.
Möhtəşəm
paradı tribunalardan 20-dən artıq ölkədən gəlmiş
dövlət və hökumət başçıları,
habelə beynəlxalq təşkilatların rəhbərləri,
çoxsaylı müharibə veteranları izləyirdilər.
Qızıl meydandan 11 mindən
çox hərbi qulluqçu keçdi. Meydana MDB və
antihitler koalisiyası ölkələrinin hərbçiləri
daxil oldu. Dəstənin önündə Azərbaycan hərbçiləri
addımlayırdı. Mayor Elşad Rüstəmovun
başçılığı ilə Azərbaycan sülhməramlı
qüvvələrinin batalyonu Qızıl meydandan keçdi.
Tarixin ən qanlı
müharibəsində Azərbaycan xalqının 600 mindən
çox oğul və qızı iştirak etmişdir.
Onların təxminən yarısı döyüşlərdə
həlak olmuşdur. Qanlı-qadalı döyüşlərdə
göstərdikləri igidliyə görə ölkəmizin
130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüş, 170 mindən çox əsgər
və zabitimiz müxtəlif orden və medallarla təltif
edilmişdir.
Xalqımız arxa cəbhədə
də misilsiz əmək hünərləri göstərmiş,
ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz
fədakarlıqla çalışmışdır.
Böyük Qələbəyə neft Bakısının
töhfəsi əvəzsiz olmuşdur. Müharibə illərində
Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan
verirdi.
İkinci dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.
Hərbi paradda Böyük Vətən müharibəsinin əfsanəvi T-34 tankı, ən müasir hücum və kəşfiyyat texnikası, zenit-raket kompleksləri, zirehli hərbi maşınlar, qırıcı, bombardmançı təyyarələr, vertolyotlar nümayiş olundu.
Yüksək pilotaj qrupları müharibədə iştirak etmiş dövlətlərin bayraqlarını və təyyarələrdən ibarət rəmzi "65" rəqəmini Moskva səmasında nümayiş etdirdilər.
Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında Naməlum əsgərin məzarı önünə əklil və güllər qoyuldu.
Əsgərlər hərbi marş sədaları altında dövlət və hökumət başçılarının qarşısından keçdilər.
Ali qonaqlar Kremlin önündə xatirə şəkli çəkdirdilər.
Həmin gün böyük Kreml sarayında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin adından Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə təntənəli qəbul təşkil olundu.
Azərbaycan
Prezidenti İlham Əliyev qəbulda iştirak etdi.
AzərTAc
Azərbaycan.- 2010.-
12may.- S. 1, 2.