"Azəri inciləri" Türkiyədə

 

Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Azəri inciləri" rəqs kollektivi üçün Türkiyədə keçirilən "23 Nisan" Beynəlxalq Uşaq Festivalında iştirak etmək artıq ənənəyə çevrilib.

Bu il aprelin 20-30-da "Azəri inciləri" rəqs qrupu Türkiyənin Fəthiyə şəhərində oldu. Aprelin 23-də "23 Nisan" Uşaq bayramının açılış mərasimi keçirildi. Minlərlə tamaşaçının toplaşdığı stadionda 20 ölkənin uşaq rəqs kollektivi iştirak edirdi. Azərbaycanı orada təmsil edən məhz bu kollektiv idi.

Hamının səbirsizliklə gözlədiyi gün gəldi. "Qızıl günəş" adı altında rəqs yarışması keçirildi. Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan, İndoneziya, Rusiya, Gürcüstan, Litva başqa ölkələrdən gələn rəqs qrupları milli geyimlərdə çox güclü proqramla ən gözəl rəqslərini nümayiş etdirdilər. "Azəri inciləri" rəqs qrupu 3 rəqsi ("Nəlbəki", "Naz eləmə", "Qaytağı") özündə birləşdirən kompozisiya ilə çıxış etdi. Hər il olduğu kimi, bu dəfə onlar sənətə yüksək dəyər verən tamaşaçıların alqışları ilə qarşılandılar. "Azəri inciləri"nin rəqsinə çox böyük maraq hissi ilə baxan münsiflər heyəti qrupun çıxışını yüksək qiymətləndirdi. 20 kollektivin içərisində bizim rəqqaslar üçlüyə daxil olaraq yüksək pillələrdən birini - III yeri fəth etdilər, ödül medallar qazandılar. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Axı sevinməyə haqları da vardı - Azərbaycanı bu yarışmada layiqincə təmsil etmişdilər.

Fəthiyə şəhərində böyük qala-konsert keçirildi. Konsertin əvvəlində Yaradıcılıq Mərkəzinin "Dram" dərnəyinin üzvü Elnur Əliyev Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirini ifa etdi. Tamaşaçılar Elnurun çıxışını sürəkli alqışlarla qarşıladılar. Sonra rəqs qrupumuz konserti öz şux rəqsləri ilə açdı. Çıxışdan sonra şəhər bələdiyyə başkanı səhnəyə qalxaraq kollektivi təbrik etdi, mükafat medalları təqdim etdi.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.- 9 may.- S.  16.