Dövlət təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün operativ tədbirlər görür

 

Mayın 11-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası giriş sözü ilə açdıqdan sonra deputatlar gündəliyə təqdim olunan məsələləri təsdiq etdilər.

Bundan sonra cari məsələlərin müzakirəsinə başlanıldı. Deputat Qüdrət Həsənquliyev Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət və onun fəsadları barədə danışdı. O bildirdi ki, baş verən daşqınlar hər bir Azərbaycan vətəndaşının narahatlığına səbəb olub: "Bu yaxınlarda analoji təbii fəlakətlər ABŞ-da da yaşandı və 36 nəfər həlak oldu. Ölkəmizdə isə daşqınlar maddi zərərə səbəb olsa da, sevindirici haldır ki, insan itkisi yoxdur".

Bu məsələ ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə müşavirə keçirildiyini və müvafiq dövlət strukturlarının problemin həlli üçün lazımi tədbirlər gördüyünü xatırladan Qüdrət Həsənquliyev təklif etdi ki, təbii fəlakətdən zərər çəkənlərə yardım üçün ümumi hesab açılsın.

Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, yaranmış problemin həlli üçün gecə-gündüz iş gedir: "Bu, təbii fəlakətdir. Onun fəsadlarının daha tez aradan qaldırılması üçün hamımız bir olmalıyıq. Dövlət başçısı artıq fəlakət zonasına gedib".

Deputat Əli Məsimli diqqəti aztəminatlı ailələr üçün ayrılan ünvanlı sosial yardıma yönəltdi. Onun sözlərinə görə, bir müddət öncəyə qədər bu yardımların verilməsinin davam etdirilib-etdirilməyəcəyi ilə bağlı cəmiyyətdə narahatlıq var idi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin cari ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında açıq şəkildə bildirildi ki, bu yardımlar davam etdiriləcək. Bunu yüksək qiymətləndirmək lazımdır". Deputat Zahid Oruc Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakətə toxunaraq bildirdi ki, bununla bağlı cənab Prezidentin rəhbərliyi ilə müşavirə keçirilib və dövlətin addımları yaranan problemlərin mümkün qədər tez həllinə yönəlib. Zahid Oruc daha sonra bildirdi ki, Azərbaycan və Türkiyə Dağlıq Qarabağ məsələsi ilə bağlı saziş imzalamalıdırlar: "Belə sənədin zəruriliyi onunla diqtə olunur ki, Türkiyə, əslində, Dağlıq Qarabağ məsələsində fəal rol oynayır. Əgər Ermənistan və Rusiya öz aralarında müxtəlif cür, o cümlədən hərbi əməkdaşlıq haqqında sazişlər imzalayırlarsa, onda Azərbaycan Türkiyə ilə müvafiq münasibətlərin qurulmasında tam hüquqa malikdir".

Deputat Əli Əhmədov təbii fəlakətin üzərinə qayıdaraq bildirdi ki, son vaxtlar təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində belə təbii fəlakətlər baş verib: "Bir sıra yerlərdə isə bu fəlakətlər insan faciələri ilə nəticələnib. Təəssüf ki, təbii fəlakətlərin qarşısının alınması üçün elm tərəfindən müvafiq proqnozların verilməsi mexanizmləri hələ hazırlanmayıb. İnsanlar, cəmiyyətlər də, dövlətlər də bir sıra hallarda çox ciddi təbii fəlaktələrin qarşısını almaqda aciz olurlar. Bəlkə də elə bir zaman çatacaq ki, bunun qarşısını almaq mümkün olacaq. Lakin qeyd etdiyim kimi, bu, hələ mümkün deyil. Bununla belə, Azərbaycanda yaranan sel daşqınları və onun yaratdığı problemlərin həlli üçün ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi altında hökumətin gördüyü tədbirləri dəyərləndirmək lazımdır. Prezident İlham Əliyev baş verənlərlə əlaqədar operativ şəkildə müşavirə keçirdi, təbii fəlakətlə bağlı məsələ ciddi şəkildə müzakirəyə çıxarıldı, müvafiq tapşırıqlar verildi. Bu tapşırıqlar yerlərdə yüksək səviyyədə icra olunur. İnsanların fədakarlığı nəticəsində baş verən təbii fəlakətlərin çox ciddi və ağır nəticələrə səbəb olmasının qarşısı alındı". Əli Əhmədov qeyd etdi ki, fəlakət zonasında insanların təhlükəsizliyinin, məişət şəraitinin təmin edilməsi, digər ehtiyaclarının ödənilməsi üçün hökumət tərəfindən lazımi işlər görülür: "Bunu görməmək, qiymətləndirməmək mümkün deyil".

Deputat Mübariz Qurbanlı təbii fəlakət nəticəsində baş verənlərdən müxalifətin siyasi qazanc məqsədilə istifadə etməyə çalışmasının qəbuledilməz olduğunu bildirdi: "Kür və Araz çaylarında əvvəllər də daşqınlar olub və gələcəkdə də baş verə bilər. Bu, təbiətin şıltaqlığıdır. Belə problemlərin qarşısını almaq üçün zamanında müvafiq tədbirlər görülüb, bəndlər salınıb, sahilbərkitmə işləri aparılıb. Lakin builki daşqınlar əvvəlki illərdən daha genişmiqyaslı olub. Bu səbəbdən bəzi bəndlər suyun təzyiqinə dözməyərək dağılıb. İndi yaranan problemlərin həlli üçün zəruri tədbirlər görülür. Hökumət fəlakət zonalarında vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə lazımi addımlar atır. Maddi zərərlər olsa da, insan itkisi yoxdur".

Daha sonra iclasın gündəliyində olan məsələlərin müzakirəsi başlandı. Üçüncü oxunuşa təqdim olunan "Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası Qanununun layihəsi" barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verdi. Onun sözlərinə görə, fərdi məlumatların qorunması insan hüquqlarının əsas tərkib hissələrindən biridir: "Bu səbəbdən qanun layihəsində konfedensiallığın qorunması ilə bağlı balans təmin edilib. Qanun layihəsində nizamlanan əsas məsələlər eyni zamanda dövlət idarəçiliyinin təkmilləşdirilməsinə də xidmət edir". Birinci və ikinci oxunuşda deputatlar tərəfindən irəli sürülən irad və təkliflərin bir daha nəzərdən keçirildiyini bildirən Əli Hüseynov müvafiq hesab olunan hüquqi və üslubi dəyişikliklərin aparıldığını qeyd etdi. Bunun ardınca qanun layihəsi səsə qoyularaq qəbul olundu.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun layihəsi" də üçüncü oxunuş üçün deputatların müzakirəsinə təqdim olundu. Layihə barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Onun sözlərinə görə, layihənin əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülən təkliflərin layihədə nəzərə alınması üçün onlara Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq strukturlarının təmsil olunduğu işçi qrupu tərəfindən ayrı-ayrılıqda baxılıbdır. Daha sonra İqtisadi siyasət komitəsində müzakirə olunubdur. Deputatlara müvafiq məlumatlar verildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olundu.

Müzakirəyə çıxarılan digər məsələ isə "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikası Qanununun layihəsi" oldu. Bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov məlumat verdi.

Deputat İsa Həbibbəyli xatırlatdı ki, Azərbaycanda sülhməramlı əməliyyatların müəyyən aspektləri artıq tətbiq olunur: "Eyni zamanda Azərbaycan özü də sülhməramlı əməliyyatlarda iştirak edir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət bizi böyük sülh sazişinin yaxınlaşmasına hazırlayır. Bu zaman ölkəmizin sülhməramlı qüvvələri xüsusi aktuallıq kəsb edəcək. Bütün bunlar bu qanun layihəsinin böyük əhəmiyyətə malik olduğunu göstərir".

Müzakirələrdən sonra layihə 104 səs lehinə olmaqla qəbul edildi. Qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycanın iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir.

"İnsan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikası Qanununun layihəsi" də üçüncü oxunuşda qəbul edildi. "Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi", "Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadınlar - Ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına qoşulmaq barəsində Azərbaycan Respublikası Qanununun layihəsi", "Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyasına qoşulmaq barəsində Azərbaycan Respublikası Qanununun layihəsi" də qəbul edilən sənədlər sırasında yer aldı.

Bunlardan sonra "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi Xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi", "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi" də deputatlar tərəfindən qəbul olundu.

"Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi" də deputatalar tərəfindən qəbul edildi.

"Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında Azərbaycan Respublikası Qanununun layihəsi" barədə deputatlara Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. O, rayon və onun tarixən dəyişmiş adları barədə məlumatları diqqətə çatdırdı. Bunun ardınca deputalar Əzizbəyov rayonunun Xəzər adlandırılması barədə layihəni qəbul etdilər.

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə əlavə edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi", "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununda və "Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi"nin qəbulundan sonra "Pambıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun layihəsi" ikinci oxunuşda deputataların müzakirəsinə təqdim olundu. Layihə ətrafında müzakirələrdən sonra o da qəbul olundu və bununla Milli Məclis dünənki işini yekunlaşdırdı.

 

 

Azərbaycan.- 2010.- 12 may.- S.  7.