Azərbaycan-İsveçrə əlaqələrinin
inkişafı üçün böyük potensial var
Mayın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsveçrə parlamentinin İsveçrə-Azərbaycan dostluq qrupunun sədri xanım Kristin Egerzegi-Obristin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Milli Məclisin Sədri Azərbaycanla İsveçrə arasındakı dostluq münasibətlərinin daim inkişaf etdiyini bildirdi, əlaqələrin genişlənməsində dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etdi. Azərbaycan və İsveçrənin dövlət başçılarının, eləcə də parlament sədrlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar öz bəhrəsini verir. Sədr ümid etdiyini bildirdi ki, bu səfər də münasibətlərimizin inkişafına təkan verəcək.
Milli Məclisin Sədri İsveçrə parlamentində İsveçrə-Azərbaycan dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirərək bunun təkcə parlamentlər deyil, hər iki xalq arasında əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd etdi.
Görüşdə ölkəmizin dinamik inkişafı, bölgədəki lider mövqeyi, regionda həyata keçirilən layihələrdəki iştirakı barədə məlumat verən Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara məlumat verdi. Qeyd olundu ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ölkəmizin inkişafına ciddi maneə törədir. Eyni zamanda Ermənistanın işğalçı siyasəti həm regionun, həm də Avropanın təhlüksizliyinə ciddi təhdiddir. Almaniya Bundestaqının və İtaliya Parlamentinin Cənubi Qafqazdakı vəziyyətə dair xüsusi sənədlər qəbul etdiyini, İngiltərə parlamentində də bir sənədin hazırlandığını diqqətə çatdıran Milli Məclisin Sədri dedi ki, İsveçrə parlamentinin də belə bir sənəd qəbul etməsini istərdik. Oqtay Əsədov İsveçrənin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqenin və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmizdə razılıqla qarşılandığını bildirdi.
Kristin Egerzegi-Obrist onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi. Onun sözlərinə görə, Azərbaycana üçüncü dəfədir ki, gəlir və hər gəlişində yüksək inkişafın şahidi olur. Bu cür inkişaf edən Azərbaycanla əməkdaşlıq etmək özünə güclü dost axtaran İsveçrə üçün çox vacibdir.
Xanım Kristin Egerzegi-Obrist isveçrəli iş adamlarının Azərbaycan iqtisadiyyatının dinamik inkişafını, təbii ehtiyatlarını yüksək qiymətləndirdiklərini və ölkəmizə sərmayə qoymaqda maraqlı olduqlarını da bildirdi. İsveçrənin Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahat olduğunu deyən qonaq problemin tezliklə öz ədalətli həllini tapmasının vacibliyini qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.
Azərbaycan.- 2010.- 12 may.- S.
7.