Naxçıvan Muxtar Respublikası Ali Məclisində türkiyəli
qonaqlarla görüş
keçirilmişdir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan Türkiyə Respublikasının Qars, Ərdəhan və İqdır valiləri Əhməd Kara, Mustafa Tekmen və Sayim Saffet Karahisarlı ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri onları Naxçıvanda - ikinci vətənlərində görməkdən məmnunluğunu ifadə etmiş, Naxçıvan Muxtar Respublikasının statusu, ərazisi, əhalisi, iqtisadiyyatı, elm və təhsil müəssisələri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında işbirliyi bütövlükdə Türkiyə-Azərbaycan qarşılıqlı əlaqələrində mühüm rol oynayır. Biz hər iki ölkə liderlərinin müəyyənləşdirdiyi yolla gedirik. Bu yol hazırda ölkəmizin rəhbərləri tərəfindən davam etdirilir və qarşılıqlı əlaqələrə çox böyük əhəmiyyət verilir.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin qonşu vilayətləri arasında gediş-gəlişin, ticarət, mədəni əlaqələrin olduğunu, regionda bir sıra mühüm iqtisadi layihələrin həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikanın əsas strateji magistrallarından sayılan 87 kilometrlik Naxçıvan-Sədərək magistral yolunda yenidənqurma işləri başa çatdırılaraq bu ilin sonuna kimi Türkiyəyə birləşdiriləcəkdir. Bölgədə digər iri layihələr də həyata keçiriləcəkdir.
İqdır valisi Sayim Saffet Karahisarlı, Qars valisi Əhməd Kara və Ərdəhan valisi Mustafa Tekmen səmimi görüşə görə minnətdarlıqlarını bildirmiş, tarixi kökə malik Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və əbədi olacağını vurğulamışlar.
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Ayhan Enginar görüşdə iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 12
may.- S. 7.