Şəmkir və Yenikənd SES-ləri ellərə nur paylayır

 

Ulu öndər Heydər Əliyev ölkənin hər yerində olduğu kimi, qərb bölgəsində də neçə-neçə əvəzsiz yadigar yaratdı. Zavodlar, fabriklər, mədəniyyət evləri, məktəblər, xəstəxanalar, yollar, körpülər, parklar, bağlarE Bu yadigarlar arasında Şəmkir və Yenikənd SES-in xüsusi yeri vardır.

Yetmişinci ilin əvvəllərində Bozdağın qoynunda yeni həyat başlandı. Kəşfiyyatçılar, mühəndislər, memarlar dönə-dönə hər şeyi ölçüb-biçirdilər. Nəhayət, günlərin birində Kürün qarşısında nəhəng bəndin təməli qoyuldu. O zaman Xuluf kəndinin ətrafındakı dərə-təpələri mən də çox gəzmişəm. Deyirdilər, bomboz yerlərdə nə tikmək olar? Bu, çoxuna xəyal kimi görünürdü. Aylar, illər keçdi. Nəhəng bənd ucaldıldı. Kür çayı cilovlandı. Aqreqatlar quruldu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qayğısı və köməyi ilə istək reallığa çevrildi.

1982-ci il dekabrın 22-də ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Şəmkir SES-in ilk bloku işə salındı. 1983-cü ilin avqust ayında isə ikinci blok da işə düşdü. Beləliklə, ölkənin enerji sisteminə 380 meqavatlıq təzə bir obyekt qoşuldu. Şəmkir SES bu yerlərə yeni həyat gətirdi. Enerjinin ötürülməsi üçün yarımstansiyalar yaradıldı. Maşınlı su kanalının çəkilişinə başlandı. Səfalı yerlərdən birində energetiklər üçün neçə min ailəlik Kür qəsəbəsi salındı. Bu, energetika sahəsində ulu öndər Heydər Əliyevin ölkəmizə ən dəyərli töhfələrindən biri oldu.

Aradan bir qədər keçəndən sonra cənab Heydər Əliyevin təşəbbüsü ilə Şəmkir SES-in "ayağında" daha bir enerji obyektinin - Yenikənd stansiyasının təməli qoyuldu. Hər şey çox uğurla gedirdi. Qısa bir vaxtda xeyli iş görüldü. Lakin arada vəziyyət dəyişdi. Cənab Heydər Əliyev Moskvaya getdi və aradan xeyli keçəndən sonra o, hakimiyyətdən uzaqlaşdırıldı. Üstəlik də, doxsanıncı illərin burulğanları... AXC-Müsavat cütlüyü zor gücünə vəzifə başına gələn kimi şəxsi ambisiyalara, daxili çəkişmələrə baş qarışdı. Quruculuq, abadlıq işləri yaddan çıxdı. Bir sıra mühüm yerlərdə, eləcə də ölkə üçün çox gərəkli olan bu strateji obyektdə də inşaat işləri dayandırıldı. Bu, hələ bir yana, mövcud tikililər sökülüb-dağıdıldı. Yenikənd tamamilə unuduldu.

Bir müddət keçdi. Bu mühüm obyekt bir də cənab Heydər Əliyev xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdandan sonra yada düşdü. Cənab Heydər Əliyev Yenikənd obyektinin bərpası üçün tədbirlər görməyə başladı. Xaricdən sərmayə əldə edildi. Gərgin quruculuq işi başlandı. Qısa müddət ərzində energetika obyekti tamamlandı. Yenikənd SES-i dirçəlib ayağa qalxdı.

2000-ci il may ayının 23-də ölkə başçısı cənab Heydər Əliyevin iştirakı ilə bu yeni nur çeşməsi işə salındı. O coşqun günlərin sevincini, fərəhini indi də unutmaq olmur. İnşaatçılarla görüş zamanı ulu öndər Heydər Əliyev dedi: "Yenikənd Su Elektrik Stansiyası Azərbaycan xalqının milli sərvətidir. Bütün layihəçilərə, inşaatçılara, quraşdırıcılara, energetiklərə, tikintinin təmin olunmasında bütün əmək sərf edənlərə təşəkkür edirəm. Bu abidə xalqımızın gələcək nəsillərinə dəyərli hədiyyəsidir".

Həmin günlərdə stansiyanın hələ üç bloku işləyirdi. Dördüncünün yeri hazır olsa da, müvafiq avadanlıq yox idi. Cənab Heydər Əliyev qətiyyətlə tapşırdı ki, təcili surətdə dördüncü hidroaqreqatın gətirilib quraşdırılmasını təmin etmək lazımdır. Bu isə heç də asan məsələ deyildi. Nəhəng generator və yüzlərlə adda müxtəlif avadanlıq bir yana qalsın, təkcə turbin üç milyon ABŞ dolları qiymətində idi.

Ölkənin o çətin günlərində ulu öndərin tapşırığı ilə vəsait ayrıldı. Xarkov şəhərindən turbin komplekti gətirildi. Sankt-Peterburqdan generator alındı, MDB ölkələrinin müxtəlif şəhərlərindən lazımi avadanlıq əldə edildi. Qaldı quraşdırma işlərinə, həmin məsul işi Xarkov və Sankt-Peterburq zavodlarının nümayəndələri ilə birlikdə Yenikənd SES Quraşdırma İdarəsinin səriştəli mütəxəssisləri həyata keçirdilər. Beləcə, Yenikənd SES də öz gücü ilə işləməyə başladı. Üst-üstə götürüləndə Şəmkir və Yenikənd stansiyalarının gücü 530 meqavata çatdırıldı. Bu isə ölkənin qərb bölgəsinin tamamilə təmin edilməsi üçün kifayət idi.

Ümummilli lider Heydər Əliyevin yaratdığı bu qoşa yadigarda 175 nəfər təcrübəli energetik çalışır. Şəmkir SES silsiləsinin direktoru Misir Yusifov deyir ki, indi bizdə güclü-qüvvətli kollektiv yetişib. Namiq Məmmədov, Ziyəddin Cəlilov, Cəlal Məmmədov və başqaları hər işin öhdəsindən bacarıqla gəlirlər. Baş mühəndis Müzəffər Sadıqov otuz ilə yaxındır ki, bu yerlərdə çalışır. İnişil "Tərəqqi" medalına layiq görülüb. Əvvəllər müəyyən bir problem yaranan kimi yaxın-uzaq ölkələrə müraciət eləməli olurduq. Amma indi ən mürəkkəb məsələləri kollektivin özü həll edə bilir. Şəmkir SES-də uzun müddətli təmirə dayanmış 190 meqavatlıq birinci hidroaqreqat uğurla işə salındı. 330 kilovatlıq hava açarları qısa müddətdə dəyişdirildi. İndi daha üç açar kompleksinin təzələnməsinə hazırlıq görülür. Hünərvər kollektiv keçən il 1,4 milyard kilovat saat elektrik enerjisi istehsal edərək tapşırığı 105,6 faiz yerinə yetirmişdir. Bu günlərdə ulu öndərin xatirə guşəsində veteranlarla görüş zamanı yekdilliklə qeyd edildi ki, Azərbaycanda yüksək keyfiyyətli enerji təchizatı sisteminin yaradılması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

Ənənə davam edir. Ulu öndərin yolunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev də şəmkirlilərə dəyərli töhfə hazırlayır. Dağların başında Şəmkirçay dəryaçası yaradılır. Ümumi həcmi 160 milyon kubmetr olacaq bu nəhəng dəryaça işə salınanda Şəmkir, Göygöl və Samux rayonlarında on minlərlə hektar torpaq sahəsinin su ilə təminatı yaxşılaşacaqdır. Burada həmçinin hər biri dörd meqavatlıq altı aqreqat quraşdırılacaq və il ərzində 56 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir.

Şəmkirlilər iftixarla deyirlər: Ulu öndər Heydər Əliyev Şəmkir və Yenikənd su elektrik stansiyalarını tikdi. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə dağların qoynunda işıq və bərəkət dəryaçası yaradır. Bütün bunlar doğma xalqına tükənməz qayğı və məhəbbətin nəticəsidir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.- 12 may.- S.  8.