Heydər Əliyev Mərkəzi fəaliyyətdədir
Müstəqil Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyev xalqımızın tarixinə unudulmaz dövlət xadimi, görkəmli siyasətçi kimi daxil olmuşdur. Onun müdrik daxili və xarici siyasəti sayəsində bu gün ölkəmiz dünyanın demokratik dövlətləri arasında özünəməxsus yer tutur. Ulu öndərin irsini təbliğ etmək məqsədilə ölkənin bölgələrində və paytaxtda qısa müddətdə neçə-neçə Heydər Əliyev mərkəz yaradılıb. Bu mərkəzləri yaratmaqda məqsəd Heydər Əliyev irsini gənc nəslə öyrətməkdir. Belə mərkəzlərdən biri Suraxanı rayonunda fəaliyyət göstərir. Bu mərkəz Heydər Əliyev parkının ən gözəl güşəsində, rayon icra hakimiyyətinin yeni inzibati binasının yanında xüsusi layihə əsasında inşa edilmişdir.
Binanın açılışı 2009-cu il may ayının 4-də olmuşdur. Açılışda ölkə Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Bina üçmərtəbəlidir. Ətrafında tikilmiş tağbəndlərdən ibarət dekorativ divar binanın görünüşünü daha da əzəmətli edir. Mərkəzin önündəki meydanda ümummilli lider Heydər Əliyevin bürüncdən hazırlanmış möhtəşəm abidəsi ucalır.
Mərkəzə gələnlər Heydər Əliyevin zəngin irsi ilə, həmçinin onun fəaliyyətinə həsr olunmuş "Ulu öndər" əsəri ilə tanış olur və əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Birinci mərtəbədə ulu öndərin Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotostend, multimedia və rəsm studiyası, texniki otaqlar yerləşir, elektron-kitabxana fəaliyyət göstərir. Mərkəzin nəzdində 14 nəfərdən ibarət tədqiqat qrupu çalışır. Qrup mərkəzdəki eksponatların zənginləşdirilməsi istiqamətində işləyir. Studiyada eyni zamanda, foto-video işi öyrədilir. Artıq iki nəfər bu işin incəliklərinə yiyələnmişdir. Digər üç nəfərlə məşğələlər aparılır. Rəsm studiyasında istedadlı uşaqlardan ibarət (hər birində 5 nəfər olmaqla) 3 qrup məşğələlər keçir. Elektron-kitabxananın xidmətindən 3500 nəfərə yaxın şagird istifadə etmişdir. Burada, eyni zamanda, rayon icra hakimiyyətinin işçiləri və rayonda çalışan digər dövlət qulluqçuları üçün kompüter məşğələləri təşkil olunur.
İkinci mərtəbədəki geniş sərgi salonunda ulu öndərin həyatının müxtəlif anlarını, fəaliyyətini əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada qonaqlara, məktəblilərə, tələbələrə ulu öndərin zəngin irsi, həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumat verilir. Bu məqsədlə onlar üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriya yaradılmışdır.
Üçüncü mərtəbədə foto- slaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda elektron-sərgi nümayiş etdirilir. Burada müasir texnoloji avadanlıqlarla təchiz edilmiş, audio, video sistemlə müşayiət olunan konfrans zalı - lektoriya fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti ilə daha geniş tanış olmaq üçün girişdə elektron informasiya köşkü quraşdırılmışdır.
Mərkəz bütün günü fəaliyyət göstərir. Müəyyən olunmuş cədvələ uyğun olaraq bura rayon ərazisindəki məktəblərin şagirdləri də gəlirlər. Sakinlərin ulu öndərin zəngin irsi ilə tanış olmaq istəyini nəzərə alaraq mərkəzdə "açıq qapı" günləri keçirilir. Onun fəaliyyəti ilə rayona gələn qonaqlar da tanış olurlar. Mərkəzi bu günə qədər ümumilikdə 17 min nəfərə yaxın insan ziyarət etmişdir. Burada ölkəmizin tarixində mühüm rol oynayan bir sıra əlamətdar hadisələrin ildönümünə, habelə görkəmli sənətkarların həyat və yaradıcılığına həsr olunmuş tədbirlər də keçirilir. Fevral ayının 15-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 90 illiyinə və martın 31-də "Azərbaycanlıların soyqırımı" gününə həsr olunmuş tədbirləri göstərmək olar.
May ayının 6-da isə ulu öndər Heydər Əliyevin anadan olmasının 87 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə "Heydər Əliyevin dövlətçilik və idarəçilik irsi Azərbaycanın proqressiv inkişaf modelidir" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda akademiyanın rektoru, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Seyfəddin Qəndilov "Heydər Əliyevin dövlətçilik və idarəçilik irsi Azərbaycan xalqının milli sərvətidir" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Akademiyanın professor-müəllimlərinin çıxışlarını da dinləyicilər maraqla qarşılamışlar.
Eldar NƏSİBLİ
Azərbaycan.- 2010.- 12
may.- S. 8.