Heydər Əliyev dövlət-vətəndaş
cəmiyyəti institutlarının müasir modelini
yaratmışdır
Dünya siyasət tarixində fenomenal şəxsiyyətlərdən olan Heydər Əliyevin xalqımızın inkişafı, Azərbaycanın tərəqqisi və qabaqcıl dünya ölkələri sırasına çıxması üçün əvəzedilməz xidmətləri olmuşdur. Heydər Əliyev müasir dövrdə müstəqil Azərbaycanın yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir.
Azərbaycana uzun illər rəhbərlik etmiş Heydər Əliyevin ümummilli lider adlandırılması xalqın qəlbinin səsidir. Ölkənin, dövlətin inkişafını ilk növbədə vətəndaşa xidmətdə görən Heydər Əliyev tarix yaratmış şəxsiyyətdir. Azərbaycanın ən önəmli, ən əhəmiyyətli tarixləri məhz onun adı və fəaliyyəti ilə bağlıdır.
Ulu öndərin dövlətçilik fəlsəfəsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilmişdir. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olmuşdur. Vətəndaş cəmiyyətinin formalaşması isə hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması deməkdir. Ümummilli lider böyük dövlətçi, siyası xadim və dahi şəxsiyyət olaraq dağılmış, talan edilmiş, viran qoyulmuş, yalnız adı müstəqil respublika olan Azərbaycanı ayağa qaldırdı. Heydər Əliyev nəinki ölkənin müstəqilliyini qoruyub saxlaya bildi, həm də ona dönməz xarakter verdi, Azərbaycanı dünyaya açdı. Böyük öndərin hakimiyyətə qayıdışı ilə həyatın bütün sahələrində köklü dəyişikliklərə, islahatlara start verildi. Ümummilli lider müharibəni səngərlərdən diplomatiya müstəvisinə keçirməklə həm də ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində çox ciddi tədbirlər həyata keçirdi.
Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifliyi ilə vətəndaşlara birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən, həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən ölkə Konstitusiyası qəbul olundu. Bundan sonra dövlət strukturları Konstitusiya ilə üzərlərinə qoyulan vəzifələri həyata keçirməyə başladı. Azərbaycan dövləti və cəmiyyətinin idarə olunması beynəlxalq, bəşəri, sivil prinsiplərə istiqamətləndirildi, ölkəmiz hüquqi-demokratik dövlət quruculuğu yolunda inamla addımlamağa başladı. Eyni zamanda, Konstitusiyanın qəbulu ilə ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının dövlət strukturu deyil, məhz aşağıdan gələn təşəbbüskarlığın ümumi ifadəçisi olması, müstəqil qurum kimi formalaşması, Azərbaycanın milli maraqlarının qorunması sahəsində də əlavə imkanlar açıldı.
Dövlət müstəqilliyinin ilk illərində yaranmış müxtəlif səpkili ictimai birliklər, assosiasiyalar, cəmiyyətlər müstəqillik ideyasının güclənməsinə, qaçqın və məcburi köçkün probleminin həllinə, ölkəmizin informasiya blokadasından çıxmasına, demokratik proseslərin dərinləşməsinə, vətəndaş cəmiyyəti quruculuğuna kömək etməyə çalışırdılar. Lakin bütün bu cəhdlər ictimai sektorun formalaşması üçün kifayət deyildi və bu sahənin inkişafı üçün dövlətin ciddi müdaxiləsinə ehtiyac vardı.
Azərbaycanda qeyri-hökumət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçib. İlkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliyin olmaması və pərakəndəliklə xarakterizə edilir. Həmin dövrdə dövlət tərəfindən qeyri-hökumət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesi gedirdi. Həyatın müxtəlif sahələrini əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının yaranması və cəmiyyətimizdəki demokratik proseslərə qoşulması onların fəaliyyətinin müəyyən koordinasiyasını, dövlət orqanları və beynəlxalq qurumlarla daha səmərəli əlaqələrin qurulmasını zəruri edirdi. 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması bu boşluğu xeyli dərəcədə aradan qaldırdı. QHT-lərlə İş üzrə Resurs və Təlim Mərkəzinin təşkilati və texniki dəstəyi ilə 11 iyul 1999-cu ildə Milli QHT Forumu 95 təşkilat tərəfindən təsis edildi. Bununla, ölkə QHT-lərini öz ətrafında toplayan Milli QHT Forumunun üzərinə böyük vəzifə düşdü. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin mövcudluğu şəraitində birbaşa dövlətçilik maraqlarını müdafiə etməli olan Milli QHT Forumu həm müstəqil fəaliyyət göstərməli, həm cəmiyyətin bütün təbəqələrini əhatə etməli, həm də dövlət quruculuğunda fəal iştirak etməli idi.
İqtisadi cəhətdən güclənmə Azərbaycanda QHT sektoru, Milli QHT Forumu üçün beynəlxalq əlaqələrin yaranması, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, habelə beynəlxalq təcrübədən istifadə üçün geniş imkanlar yaratdı. Ən böyük layihələrdən biri olaraq 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinə QHT-lərin münasibəti mövzusunda keçirilən "dəyirmi masa" öz bəhrəsini verdi və bu tədbirdə QHT-lərin Beynəlxalq Koalisiyası yarandı.
Milli QHT Forumu fəaliyyətə başladığı gündən müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq edərək ictimai təşkilatların fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, onların inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində ardıcıl işlər aparmağa başladı. Həmçinin forum QHT sektorunun fəaliyyətini tənzimləyən qanun layihələrinin hazırlanmasında yaxından iştirak etdi. Bunları həyata keçirmək üçün isə ümummilli lider öz fəaliyyəti, yürütdüyü daxili və xarici siyasətlə Milli QHT Forumuna strategiyasını müəyyənləşdirməkdə sanballı yol göstərirdi. Həmin strategiyanın həyata keçirilməsinin nəticəsi idi ki, 1997-ci ildə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında "Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək" adlı birgə layihə haqqında saziş imzalandı. Layihənin icrası üçün 1998-ci ildə QHT-lərin Resurs və Təlim Mərkəzinin yaradılması QHT sektorunun sonrakı inkişafında ciddi faktora çevrildi. Ardınca 1998-ci ildə "Qrant haqqında" qanunun qəbul edilməsi qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyinin qanun çərçivəsində tənzimlənməsi baxımından müstəsna əhəmiyyətə malik oldu. Ən nəhayət, 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni qanun qəbul edildi.
Heydər Əliyev kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də xüsusi önəm verir. 2003-cü ilin sonlarında QHT hərəkatında yeni bir canlanmaya səbəb olan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında" qanunun qəbul edilməsi ilə Prezident İlham Əliyev vətəndaş cəmiyyətinin inkişafında qərarlı olduğunu nümayiş etdirdi. Məhz həmin qanunun qəbulu QHT-lərin qeydiyyatının asanlaşmasına səbəb oldu. Təkcə 2004-cü ildə QHT-lərin yaranması baxımından rekord göstərici əldə olundu - il ərzində 934 təşkilat təsis edildi.
Ötən müddət ərzində Milli QHT Forumunun həyata keçirdiyi layihələr, gördüyü işlər QHT sektorunun fəaliyyətinin cəmiyyətə təsirinin sübutudur. Bu mərhələ qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin institusional mexanizmlərinin yaradılması, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təkmilləşdirilməsi, siyasi-hüquqi, vətəndaş mədəniyyətinin formalaşdırılmasında QHT-lərin iştirakı və vətəndaş cəmiyyəti institutlarının yeni beynəlxalq əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə səciyyəvidir.
Müasir dövrdə ölkəmizin qarşısında duran vəzifələrin həll edilməsində qeyri-hökumət təşkilatlarının rolunu, dövlət orqanları ilə qeyri-hökumət sektorunun bərabərhüquqlu tərəfdaşlığı və əməkdaşlığının zəriruliyini lazımınca qiymətləndirən Azərbaycan dövləti onların potensialının artırılmasını və faəliyyətinin gücləndirilməsini, əsaslandırılmış təklif və təşəbbüslərini dəstəkləyir. "Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası" buna sübutdur. 2007-ci il iyulun 27-də Prezident İlham Əliyev "Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Həmin ilin dekabrında isə ölkə başçısının konsepsiyada nəzərdə tutulan müddəaların icrasını təmin etmək məqsədilə imzaladığı fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bununla, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin institusional mexanizminin yaradılması işi uğurla başa çatdı və QHT sektorunun tarixində yeni bir mərhələnin əsası qoyuldu. Güclü vətəndaş cəmiyyəti qurmaqda qərarlı olan Prezident İlham Əliyev qeyri-hökumət təşkilatlarının dövlət quruculuğundakı rolunu belə qiymətləndirir: "Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir". Bununla da, ölkə başçısı qeyri-hökumət təşkilatlarının müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesində vacib institutlarından biri olduğunu vurğulayır.
Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurası hökumətlə QHT sektoru arasında körpü rolunu oynayır. Könüllülük, demokratiya, aşkarlıq, qanunçuluq və digər prinsiplər əsasında fəaliyyət göstərən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycanda faktiki fəaliyyət göstərən QHT-lərin böyük bir hissəsini öz ətrafında birləşdirir. QHT-lərə Dövlət Dəstəyi Şurası yarandığı gündən Azərbaycanın ən ağrılı yeri olan ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin dünyaya fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində fəal iş aparır. QHT-lərdə Azərbaycan ictimaiyyətinin ən müxtəlif zümrələrini təmsil edən sanballı alimlər, tarixçilər, etnoqraflar, politoloqlar, dinşünas alimlər təmsil olunduqlarını nəzərə alan şura düşmənlə ideoloji, elmi və tarixi mənbələrə əsaslanan faklarla mübarizə aparmağa üstünlük verir. Şura həmin potensialın qüvvəsindən səmərəli istifadə edərək təcavüzkar Ermənistan dövlətinin və erməni diasporunun iç üzünü açıb göstərir.
Bu istiqamətdə cari ilin aprelində - ermənilərin qondarma soyqırımı günü ərəfəsində böyük işlər görüldü. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ermənistanın təcavüzkar siyasətini ifşa edən iki filmin təqdimatı oldu. Bunlardan biri Xocalı faciəsi zamanı erməni vəhşiliyi və vandalizmini real faktlarla əks etdirən "Soyqırım" filmidir. Digər "İrəvan: Danışır canlı şahidlər" sənədli filmində isə Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın ermənilər tərəfindən ata-baba yurdlarından qovulmalarından, başlarına gətirilən bəlalardan danışılır. Hər iki filmin bir neçə dilə tərcümə olunaraq xarici ölkələrdə yayımlanması nəzərdə tutulur.
Azərbaycanın imzasını imzalar içində tanıdan Heydər Əliyevin zamanında atdığı addımların mahiyyətini indi daha dərindən dərk edir, əhəmiyyətini gündəlik həyatımızda görürük. Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin müasir modelinin formalaşdırılması baxımından mükəmməl mexanizm hesab olunan QHT-lərə Dövlət Dəstəyi Şurası da Heydər Əliyevin demokratikləşmə prosesi istiqamətində başladığı yolun davamıdır.
Jalə TOFİQQIZI
Azərbaycan.- 2010.- 12 may.- S.
8.