...Mikrofon önündə Valid Sənanidir
Tanınmış televiziya və radio jurnalisti Valid Sənani haqqında yazmaq barədə redaksiya rəhbərliyinin verdiyi tapşırıq həyatda, yaradıcılıq fəaliyyətimdə həmişə özümə bir ustad, müəllim sandığım insanla bağlı düşüncələrimi ifadə etmək, oxucularla, onu yaxından-uzaqdan tanıyanlarla bölüşmək şansı verdi.
...1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirdikdən sonra Mərkəzi Komitənin təyinatı ilə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərildiyim dövrü xatırladım. Payız təzəcə gəlsə də, havalar soyuq keçirdi. Kadrlar şöbəsinin rəisi məni radionun "Xəbərlər" redaksiyasına göndərdi. Dedi ki, bir müddət orada işləyərsən, sonra özünü doğrultsan, televiziyanın müvafiq redaksiyasına keçirərik. Sevincimdən dördüncü mərtəbəyə necə qalxmışdımsa, xəbərim olmamışdı. Ortaboylu, qarayanız, saçları çallaşmış kişinin ürəkdən gələn "xoş gəlmisən, işin avand olsun" sözü və tez-tələsik qolumun üstündən tələbəlikdən qalma köhnə plaşımı alıb asılqandan asması bayırdakı soyuğu tamam unutdurdu. Özümdə bir yüngüllük hiss etdim, canım qızdı.
- Mən Valid Sənaniyəm, inşaallah, bizimlə işləyəcəksən. Qabında nə var, göstər. Efirin sizin kimi cavan jurnalistlərə böyük ehtiyacı var, - dedi.
Uzun illər
futbol reportajlarını böyük maraqla dinlədiyim,
radio-oçerklərinə heyran qaldığım Valid müəllimin
bu dərəcədə sadəliyi, mehribanlığı,
sözün açığı, məni valeh etmişdi.
Hansısa kollektivdə əmək fəaliyyətinə
başlamağın çətinlikləri, problemləri adətən,
hər kəsin gözü qarşısında dağ kimi
dayanır. Amma yaxşıların, xeyirxahların köməyi
ilə səmimi, ürəyiaçıq insanların
işığında belə maneələri asanlıqla
keçirsən. Valid müəllim də bütün
ömrü boyu məhz yaxşılıqları, insanlara, ətrafındakılara
göstərdiyi ülfəti, mehriban münasibəti ilə
seçilib. O, baş redaktor kimi olduqca ciddi, tələbkar,
öz işini bilən rəhbər idi. Təbii ki,
tapşırıqlarını sözsüz, səviyyəli
yerinə yetirənləri yüksək qiymətləndirirdi.
İşi yarıtmayanlarla özünəməxsus
davranış metodu vardı. Heç kimə acı söz
deməz, xətrinə dəyməzdi. Sərbəst
buraxırdı, bəzən cavanların da işini
özü görürdi. Uşaq yerinə də
qaçırdı, böyük yerinə də! Hər səhər
işə gələndə onu redaksiyada görərdik. Bəzən qızları da heç gözləməzdi,
özü makina arxasına keçib mətnləri
yazardı. Xəbər bülletenlərini Moskva radiosundan
etdiyi sinxron tərcümələrlə zənginləşdirər,
üst-üstə qalaqlayardı. Özü obyektlərə zəng
edər, yeniliklərlə maraqlanardı. Redaksiyada
oturmağımızı istəmirdi. Tələb edirdi
ki, müəssisələrə, tədris ocaqlarına,
kitabxanalara, klublara gedək, canlı reportajlar hazırlayaq. Deyirdi ki, isti
otaqda əyləşməklə professional jurnalist kimi
yetişmək olmaz. Həyatın içində olmasan, adamlara
qaynayıb-qarışmasan, püxtələşə bilməzsən!
Azərbaycan səhnəsinin
və kinosunun məşhur simalarından olan Möhsün Sənaninin
ailəsində dünyaya göz açan Valid müəllim
Azərbaycan Dövlət Universitetinin (BDU) geologiya fakültəsinin
üçüncü kursunda oxuyarkən müsabiqə yolu ilə
Azərbaycan radiosunda diktor kimi fəaliyyətə
başlayıb. İki il həm tələbə
olub, həm də işləyib.
- 1955-ci ilin söhbətidir.
Rəhmətlik Aydın Qaradağlı ilə
birgə studiyada idik. Cəmi bir neçə
sözlük elanı necə səsləndirəcəyim gələcək
taleyimi həll etməli idi. Saat on birə
ikicə dəqiqə qalırdı. Həyəcanımı
köhnə paltar kimi bir kənara atıb mikrofonun düyməsini
basdım və elanı səsləndirdim:
"Danışır Bakı! Saat on birdir.
Azmaraynaşvili. "
Görünür, işin
öhdəsindən rahat gəldiyimdən elə həmin
gün əmrimi verdilər və mən Azərbaycan Radiosunda
diktor kimi fəaliyyətə başladım. İndi o illəri
xatırlayanda gözlərim önündən kimlər gəlib
keçmir - Teymur Əliyev, Ənvər Əlibəyli,
Aydın Qaradağlı, Soltan Nəcəfov, Sabutay Quliyev,
Ramiz Mustafayev, Gültəkin Cabbarlı, Züleyxa Hacıyeva,
Fatma Cabbarova, daha kimlər, kimlər.
Valid müəllim o illərdə
diktorluğun çətinliyindən, məsuliyyətli bir
iş olduğundan danışır:
- Gərək yazmağı
da bacaraydın, yazdığın mətnləri yüksək
səviyyədə oxumağı da! Lazım gələndə
aktyorluq da etməli idin, redaktorluq da! İnformativ
materialları, bədii mətnləri dərindən duymalı,
dinləyici zövqünü mütləq nəzərə
almalıydın. Bu tələblərə əməl etmək
üçün isə çoxlu mütaliə, ustad sənətkarlardan
nəsə öyrənmək,
dünygörüşünü genişləndirmək
lazım idi. Yoxsa yerində sayardın, seçilməzdin və
qəbul edilməzdin.
1958-ci ildə komitə rəhbərliyi
Valid Sənanini "Xəbərlər" redaksiyasına məsul
işə keçirir. Böyük redaktor, baş redaktor
müavini, sonra isə düz 24 il baş redaktor vəzifəsində
çalışır.
Valid Sənaninin adı Azərbaycan
idman jurnalistikasının tarixində televiziya ilə ilk futbol
reportajının aparıcısı kimi yadda qalır.
- 1957-ci il aprelin 12-də
Suraxanının "Kompressor" komandası ilə Ordu
İdman Klubu (OİK) görüşürdülər.
Sınaq məqsədilə məni yoxlamaq niyyətinə
düşmüşdülər. Birinci hissə qurtarandan sonra
dedilər ki, pis alınmayıb. Heç demə, özümə
də bildirmədən birbaşa efirə veriblərmiş.
İkinci hissəni də yola verdim və beləliklə, Azərbaycanda
idman telejurnalistikasının əsası qoyuldu. Son
reportajım isə 30 il sonra - 1987-ci ilin iyul ayında olub.
Valid Sənani idman jurnalisti
kimi məşhurlaşsa da, televiziya və radioda səslənən
digər mövzulu reportaj və oçerkləri də həmişə
örnək sayılıb. Hazırda BDU-nun jurnalistika
fakültəsinin dekanı vəzifəsində
çalışan Yalçın Əlizadə ilə akademik
Mustafa bəy Topçubaşov haqqında
hazırladıqları radio-oçerk "Qızıl qələm"
mükafatına layiq görülmüşdü. Ölkənin
ictimai-siyasi həyatından bəhs edən silsilə
verilişlərin hazırlanmasında, Moskvada, Sankt-Peterburqda,
Kiyevdə, Daşkənddə və digər şəhərlərdə
Azərbaycan klassiklərinin yubiley mərasimlərindən, digər
hökumət tədbirlərindən canlı yayımların
təşkilində də Valid Sənaninin böyük xidmətləri
olub. Hacı Hacıyev, Nuhbala Quliyev, Rauf İsmayılov, Fəridə
Aslanbəyova və digər tanınmış teleradio
jurnalistləri ilə çiyin-çiyinə
çalışan Valid müəllimin istər Dövlət
Televiziyası və Radiosunda, istərsə də sonralar
çalışdığı "Lider" və
"Space" telekanallarında, bir sıra gənc jurnalistlərin
yetişməsində müstəsna rolu danılmazdır. O,
son 6-7 ildə BDU-da, Qərb Universitetində, Diplomatiya kollecində
Azərbaycanda televiziya və radio jurnalistikasının yaranma
tarixi və nitq mədəniyyəti mövzularında silsilə
mühazirələr söyləmişdir. Valid müəllimin
ayrı-ayrı aparıcı və jurnalistlərlə fərdi
məşğələləri də yaxşı bəhrələr
verir. Bu gün geniş tamaşaçı
auditoriyasının dərin hörmətini qazanan televiziya
aparıcıları - Səyyarə Səyyaf, Rövşanə
Bektaşi və digərləri özlərini məhz
respublikanın əməkdar jurnalisti Valid Sənaninin yetirmələri
hesab edirlər.
Valid Sənani bu günlər
xəstə olsa da, ürəyi yenə də telekanallarda,
radiolarda, universitet auditoriyalarındadır.
- İşim-gücüm
tökülüb qalıb! Jurnalistlər Birliyi sədrinin
müaviniyəm axı, həm də. Oraya da çoxdandır
gedə bilmirəm! Özün yaxşı bilirsən, bir yerdə
oturub-qalan adam deyiləm. Həmişə ayaq üstə
olmuşam, qaçmışam. İdman jurnalisti, reportyor
olandan bu xasiyyətdəyəm. Elə baş redaktor işləyəndə
də nə vaxt məni kabinetdə oturan
görmüşdünüz? Neçə aydır, evdən
çıxa bilmirəm! Sağ olsun sadiq dostlar, qohumlar,
darıxmağa qoymurlar. İndi gəlib-gedən lap
çoxalıb! Mayın 12-si yetmiş beşim tamam olur,
axı... Elə bu gün sənə yoldaşlıq edən
kürəkənim Rəhim, onun dostu Əlisa hər gün
yanımdadırlar. Heç vaxt tərifləməmişəm,
belə şeyləri sevmirəm, amma Ofelyaya halal olsun, əsl
kişi qızıdır! İşini-gücünü
atıb mənə qulluq göstərir. Nə qədər
çəkilişlərdən, verilişlərdən
qalıb. Həyat yoldaşı həm də vəfalı dost
olmalıdır...
Respublikanın xalq artisti,
Prezident təqaüdçüsü, Valid müəllimin
ömür-gün yoldaşı və çiyindaşı
Ofelya xanım Sənaninin nurani sifətindəki həmişəki
xoş cizgilər yenə də yerindədir. Amma qayğılı
olduğunu da gizlətmir:
- Doğrudur, Validin
yubileyqabağı xəstələnməsi
hamımızı üzür. Nə qədər işi
yarımçıq qalıb, tədbirlər gözləyir!
Az.TV-dən zəng etmişdilər, Həmkarlar
İttifaqı Komitəsi yubiley tədbirini keçirmək
istəyir. "Səhər" proqramına da dəvət
ediblər. Ağrıları imkan vermir! İnşaallah,
sağalsın, hər şey yoluna düşər.
Valid müəllimi həmişə
nikbin adam kimi tanımışam. Bu yaşda da xarakterini dəyişməyib.
Yenə zarafatından qalmır, birgə işlədiyimiz illərin
lətifələrini danışır, ayrı-ayrı əməkdaşların
başına gələn əhvalatları yada salır, xəfifcə
gülümsəyir. Deyir ki, övladları Lalənin,
İlkinin, nəvələri Nəzrinin, Nigarın, Validin, nəticəsi
Nurayın onu ürəkdən sevən dostların, qələm
yoldaşlarının xətrinə mütləq sağalacaq,
ayağa qalxacaq! Axı, hələ beş yaşlı Valid Sənaninin
əlindən tutub teatra, kinoya getməlidir, radioya baş
çəkməlidirE
Kim bilir, bəlkə yaxın illərdə hansısa televiziya verilişində, radio proqramında yenə belə bir elan eşidəcəyik: "Mikrofon önündə Valid Sənanidir".
Çox istərdik ki, belə də olsun!
Akif CABBARLI
Azərbaycan.- 2010.- 12
may.- S. 11.