Möhtəşəm, əzəmətli
və şərəfli ünvan
Bu, Heydər Əliyev
Sarayıdır
Ümummilli lider Heydər Əliyev respublikamızın bütün sahələri kimi, mədəniyyətin də inkişafı üçün böyük işlər görmüşdür. Ulu öndərin bu sahədə imzaladığı qərar və sərəncamlar əsasında tikilmiş və möhtəşəmliyi, milli koloritliyi və əzəmətliyi ilə seçilən binalardan biri də indi adını yaşadan, paytaxt Bakının simasını gözəlləşdirən keçmiş Respublika sarayıdır.
Xatırladaq ki, adıçəkilən sarayın tikintisinə səbəb ilk növbədə, Bakıda o vaxtlara kimi geniş ekranlı kinoteatr binasının olmaması idi. 1960-cı ildə sarayın tikintisinə başlansa da, nədənsə, iki il işlər dayandırılıb. Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk günlərdən bir çox tikinti işləri ilə yanaşı, bu sarayda da işlərin gedişi ilə maraqlanıb, tövsiyə və göstərişlərini verdikdən sonra tikintidə yenidən canlanma yaranıb. Sarayın tikintisinə nəzarət bu sahədə böyük təcrübəsi olan Əliş Lənbəranskiyə tapşırılıb. Nəhayət, sarayın tikintisi iki il müddətinə başa çatdırılaraq, 11 dekabr 1972-ci il tarixdə təhvil verilib. Bakı Şəhər Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilən, kino-konsert kompleksi kimi inşa edilən sarayın baş memarı V.Şulqin və E.Melxisedokovdur. 14 dekabr 1972-ci il tarixdə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Ü.Hacıbəylinin "Koroğlu" operasından üvertura ilə sarayın açılış mərasimi keçirilib. Təntənəli konsertdə dövlət rəqs ansamblı, "Qaya" vokal kvarteti, SSRİ xalq artistləri Hökumə Qurbanova, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Aşıq Pənah Pənahov və başqa incəsənət ustaları iştirak ediblər.
1972-2006-cı illərdə sarayın səhnəsində Müslüm Maqomayev, T. Sinyavskaya, Alla Puqaçova, İosif Kobzon, Arkadi Raykin, Gennadiy Xazanov, L.Zıkina, Emel Sain, Sezen Aksu, Əjda Pekkan, İbrahim Tatlısəs, Müşərrəf Akay, Məhsum Qırmızıgül, Bibi Kink, Koko York, Demis Russos, Tomas Anders, Rəşid Behbudov, Polad Bülbüloğlu, İslam Rzayev, Şövkət Ələkbərova, Afaq Bəşirqızı kimi dünya şöhrətli sənət korifeylərinin çıxışları yaddaqalan olub.
Əlbəttə, saray təkcə mədəni-kütləvi tədbirlər üçün nəzərdə tutulmayıb və onun geniş tamaşaçı salonunda bir sıra mühüm dövlət tədbirləri keçirilib. Müxtəlif qurultaylar, mədəniyyət bayramları, Milli Dram Teatrının 100 illiyi, Ukrayna Respublikasının Ədəbiyyat və İncəsənət Günləri, beynəlxalq "Şərq-Qərb" kino festivalları və digər ümumrespublika və beynəlxalq miqyaslı kütləvi tədbirlər bu qəbildəndir.
Ümummilli liderin adını yaşadan bu möhtəşəm sarayı yalnız dünyanın ən gözəl, milli memarlıq baxımından əvəzsiz tarixi binalarla müqayisə etmək olar. Əsaslı təmirdən sonra, simasını tamamilə dəyişən, tavandan-döşəməyə, səhnə avadanlıqlarından hava sisteminədək yeniləşən, gözəlləşən sarayın fasadı mərmərlə üzlənib, mühafizəsi üçün monitorlar quraşdırılıb. Yeniliklərdən biri də odur ki, tamaşaçı salonu və səhnə foyedən monitorlar vasitəsilə izlənir.
Saraya ilk istifadəyə veriləndən 1989-cu ilədək respublikanın xalq artisti Kərim Kərimov rəhbərlik edib. Həmin tarixdən isə sarayın direktoru əməkdar mədəniyyət işçisi Fərhad Babayevdir. İlk baş rejissoru əməkdar incəsənət xadimi Əli Usubov olsa da, hazırda həmin vəzifəni əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva daşıyır.
Son illər respublikada aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işləri Bakının da simasını dəyişməkdədir. Paytaxtın tarixi memarlıq abidələrindən sayılan Heydər Əliyev Sarayının da 35 illik fəaliyyətdən sonra təmirə ciddi ehtiyac duyulurdu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, saray 2007-ci il mart ayından təmirə dayandırıldı. 16 oktyabr 2008-ci il tarixdə yenidən öz sevimli tamaşaçılarının üzünə qapıları açılan, müasir görünüşlü, beynəlxalq standartlara cavab verən sarayda 24 aprel 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi.
Sarayın rəsmi açılışından sonra bu səhnədə dünya şöhrətli italyan ifaçısı Toto Kutunyo, rus müğənnilərindən V. Leontyev, Vitas, II Beynəlxalq Rastropoviç adına Musiqi Festivalı, Marinsk Dövlət Akademik Opera və Balet Teatrı, Gürcüstanın məşhur "Erisioni" Dövlət Mahnı və Rəqs Ansamblı, türk sənətçilərindən Ebru Gündeş, Sibel Can, Sərdar Ortac, Amerikada yaşayan həmyerlimiz Əzizə Mustafazadə və başqa sənət ulduzları solo proqramları ilə çıxış ediblər. Əlbəttə, sarayda keçirilən tədbirlər yalnız bunlardan ibarət deyil. Beynəlxalq Muğam Festivalının yekun konserti, "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin açılış və bağlanış mərasimi, "Hökmdarın taleyi" filminin premyerası məhz bu sarayın səhnəsində alqışlanıb...
Qapılarını daim tamaşaçılarının üzünə konsert və rəsmi tədbirlər üçün açıq saxlayan saray 2003-cü il dekabrın 15-də tamamilə hüznlü, kədərli bir görkəm almışdı. Həmin günü xalqımızın birliyini, bütövlüyünü bir daha nümayiş etdirən tarixi bir məqam kimi də dəyərləndirmək mümkün idi. Xalqımız və bir də dünyanın aparıcı siyasi və dövlət xadimləri Azərbaycan xalqının, bütövlükdə dünyaya səpələnmiş bütün azərbaycanlıların ümummilli lideri, həyatının 35 ilini xalqının rifahına, əbədiyaşarlığına, dövlətimizin müstəqilliyinin qorunub saxlanmasına həsr edən, zəka və düşüncəsinin izləri həyatımızın hər anında yaşayan ulu öndər Heydər Əliyevi məhz bu saraydan son mənzilə yola salırdı, təkcə son mənzilə yox, həm də sevimli xalqının döyünən qəlbinə...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 12
may.- S. 11.