Teatr cəzaçəkmə müəssisəsində...

 

Ölkəmizdə son illər cəzaçəkmə müəssisələri və onların fəaliyyətində müasir tələblər səviyyəsinə cavab verən islahatlar aparılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanist prinsiplərə və Azərbaycan Respublikası Konstitusiyasının müvafiq tələblərinə uyğun olaraq məhkum edilmiş şəxslərin müntəzəm olaraq əfv olunması haqqında sərəncamları, ədəbiyyat və incəsənət nümayəndələrinin məhkumlar qarşısında çıxışları və başqa tədbirlər məmnuniyyətlə qarşılanmaqdadır.

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə işləyib təsdiq etdiyi tədbirlər planına uyğun olaraq respublikanın aparıcı teatr və konsert müəssisələri ayrı-ayrı cəzaçəkmə müəssisələrində görüşlər keçirir, maraqlı tamaşalar göstərir. Həmin plan çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tərbiyə işinin təşkili idarəsi ilə birgə növbəti tədbirini ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə 6 saylı cəzaçəkmə müəssisəsində keçirdi.

Tədbiri giriş sözü ilə 6 saylı cəzaçəkmə müəssisənin rəisi, ədliyyə polkovniki Elman Əlişarov açaraq qonaqları salamladı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, respublikanın əməkdar artisti Mübariz Həmidov, teatrın baş rejissoru, xalq artisti, professor Cənnət Səlimova və ədliyyə mayoru İntiqam Əliyev tədbirin Heydər Əliyevin doğum günü münasibətilə keçirilməsinin əhəmiyyətindən, məhkumların mənəvi tərbiyəsi və əhval-ruhiyyəsinə xoş təsir bağışlayacağından danışdılar.

Sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları məhkumlara Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun "Hekayəti-vəziri-xani-Lənkəran" tamaşasını göstərdilər. Rollarda əməkdar artistlər - Nofəl Vəliyev, Şövqi Hüseynov, Seyidşah Məmmədov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Lətifə Əliyeva, aktyorlardan İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev böyük uğurla çıxış etdilər, məhkumlar tərəfindən gurultulu alqışlarla qarşılandılar.

Tədbirin sonunda teatrın direktoru Mübariz Həmidovun təşəbbüsü ilə 6 saylı cəzaçəkmə müəssisəsinin kitabxanasına kollektiv adından müasir Azərbaycan yazıçı və şairlərinin kitabları hədiyyə olundu.

 

 

Azərbaycan.- 2010.- 12 may.- S.  11.