Ağsuda elmi konfrans keçirilib

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Ağsu rayonunda "Mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi" mövzusunda elmi konfrans keçirilib. Konfransdan əvvəl AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, Arxeologiya Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü İlyas Babayev digər qonaqlar Ağsu Rayon Tarix-Diyarşünaslıq Muzeyində arxeoloji qazıntılar zamanı rayon ərazisindən tapılmış maddi-mədəniyyət nümunələrindən ibarət sərgiyə, şəhərdən 3 kilometr məsafədə arxeoloji qazıntı işləri aparılan əraziyə baxmışlar.

Tarixi mənbələrə görə, 1734-cü ilin yayında Nadir şah öz qoşunu ilə Şamaxıya hücum edəndə Şirvan hakimi Surxay xan qaçsa da, şəhər əhalisi 2 ay müqavimət göstərir. Bundan qəzəblənən Nadir şah Şamaxını ələ keçirəndən sonra onu yandırır əhalini 4 ağaclıq (37 km) məsafəyə köçürür. Ağsu adlanan bu ərazi 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhərinə çevrilir.

XX əsrin 80-ci illərində "Xaraba şəhər" adlanan tarixi Ağsu ərazisində ilkin arxeoloji tədqiqatlar aparılıb. Şəhəri bütünlüklə öyrənmək məqsədilə 2010-cu ilin mart-aprel aylarında Azərbaycan MEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun əməkdaşları qazıntı aparıb. Bu iş indi də davam etdirilir. Qazıntı aparan elmi heyət genişmiqyaslı tədqiqat işləri görməklə yanaşı, abidənin planının işlənilməsi, onun bərpa eskizlərinin hazırlanması, qala divarlarının öyrənilməsi, tapıntıların elmi cəhətdən təhlili və araşdırılması, zəruri laborator - kameral işlərin görülməsi, nəhayət, materialların nəşrə və sərgiyə hazırlanması ilə bağlı nəzərdə tutulan işləri yerinə yetiriblər.

Baxış başa çatdıqdan sonra rayon Mədəniyyət sarayında keçirilən konfransı RİH başçısı Ənvər Seyidəliyev açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin araşdırılmasına, xalqımızın mili-mənəvi dəyərlərinin təbliğinə diqqət və qayğısından danışıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən, həmçinin arxeoloji qazıntıların davam etdirilməsi üçün nəzərdə tutulan planlardan söz açıb.

Sonda Fariz Xəlillinin "Ağsu şəhəri orta əsrlərdə" kitab-albomu tədbir iştirakçılarına təqdim olunub.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.-  12 may.- S.  12.