Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev
Fondunun fəaliyyətə başlamasının 6 illiyi
münasibətilə təntənəli mərasim
keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli
xanımlar və cənablar!
Əziz dostlar!
Bu gün biz Azərbaycan
xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin
anadan olmasının 87-ci ildönümünü qeyd edirik. Heydər
Əliyev bütün dövrlərdə Azərbaycan
xalqına sədaqətlə və ləyaqətlə xidmət
etmişdir. Bütün dövrlərdə onun bir amalı var
idi - Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının
rifah halını qaldırmaq, ölkəmizi irəliyə
aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında xidmətləri əvəzolunmazdır.
1969-cu ildə Azərbaycan sovet respublikaları arasında ən
geridə qalmış yerdə idi. Ölkənin bütün
sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyədə
idi və ümumiyyətlə, Azərbaycanın bir müttəfiq
respublika kimi inkişafı çox böyük çətinliklərlə
üzləşirdi.
Məhz Heydər Əliyevin
müdrikliyi və fəaliyyəti nəticəsində Azərbaycan
1982-ci ildə sovet respublikaları arasında ən qabaqcıl
yerlərə çıxmışdır. Əgər o vaxt
müttəfiq respublikalar arasında cəmi iki respublika
özü-özünü təmin edə bilirdisə, onlardan
biri Azərbaycan idi. Bu gün də ölkəmizin
inkişafına xidmət edən çox güclü infrastruktur,
yeni sənaye sahələri məhz o illərdə - 1970-ci illərdə
yaradılmışdır. O illərdə kənd təsərrüfatı
inkişaf etmişdir və Azərbaycan vətəndaşları
daha da yaxşı yaşamağa başlamışlar. O illərdə
bütün səylər qoyulmuşdur ki, Azərbaycanda yeni
müəssisələr, fabriklər, zavodlar yaradılsın,
yeni yollar, dəmir yolları salınsın. Məhz
bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevə
daim çox böyük məhəbbətlə və inamla
yanaşırdı. Bu məhəbbət və inam daim Azərbaycan
xalqının qəlbində yaşayır.
1982-ci ilin sonlarında
Heydər Əliyev Moskvaya dəvət olundu. Sovet
İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin olundu, Siyasi Büroya üzv seçildi və onun həyatında
yeni dövr başladı. Ancaq mən o günləri çox
yaxşı xatırlayıram və bilirəm ki, o, Azərbaycandan
getmək istəmirdi. Baxmayaraq ki, ona böyük etimad göstərilmişdi,
tarixdə ilk dəfə olaraq azərbaycanlı Sovet
İttifaqının ən məsul, ən vacib vəzifələrindən
birinə təyin edilirdi. Ancaq buna baxmayaraq, onun ürəyi Azərbaycanda
qalmışdır. Ulu öndər o vaxt deyirdi ki, mən Azərbaycanda
hələ çox iş görməliyəm. Ancaq, eyni
zamanda, onu da yaxşı dərk edirdi ki, Moskvada yüksək
vəzifədə Azərbaycana daha da çox kömək
göstərə bilər. Beş il ərzində - 1982-1987-ci
illərdə Azərbaycanın inkişafı
üçün ölkə miqyaslı çoxsaylı qərarlar,
qətnamələr qəbul edilmişdir. O vaxt
respublikamızın müxtəlif sahələrini inkişaf
etdirmək üçün praktiki addımlar
atılmışdır. O, bütün o illər ərzində
çalışırdı ki, Azərbaycana kömək etsin
ki, Azərbaycanda işlər daha da yaxşı getsin.
Ancaq buna baxmayaraq, Heydər
Əliyevin o vaxt Azərbaycanda olmaması tədricən
respublikanı tənəzzülə uğratdı. 1982-1987-ci
illərdə hələ ki, inersiya davam edirdi və respublikada
proseslər, ümumiyyətlə, müsbət istiqamətdə
gedirdi. Ancaq buna baxmayaraq, artıq o qətiyyət, o iradə
yox idi. Həlledici anlarda Heydər Əliyevin yoxluğu, əlbəttə
ki, respublikanı çox böyük problemlərlə
üzləşdirdi.
1987-ci ildə
bütün vəzifələrdən istefa verəndən
sonra Azərbaycana təzyiqlər daha da çoxaldı. Onun vəzifədən
getməsindən iki həftə keçməmiş erməni
millətçiləri Dağlıq Qarabağı Azərbaycan
Respublikasından ayırmaq və Ermənistana birləşdirmək
planlarını açıq şəkildə büruzə
verdilər. O vaxta qədər onların fəaliyyəti məxfi
xarakter daşıyırdı. Müxtəlif lobbiçilik fəaliyyəti
nəticəsində həm xaricdə, həm Sovet
İttifaqında müxtəlif yollarla ictimai rəy
yaratmağa çalışırdılar ki, Dağlıq
Qarabağ Ermənistana birləşməlidir, Azərbaycan
Respublikasında Dağlıq Qarabağın problemlərinə
fikir verilmir və buna görə Dağlıq Qarabağ Azərbaycandan
ayrılmalıdır.
Heydər Əliyev vəzifədən
uzaqlaşdırılandan sonra bu meyillər daha da gücləndi
və Azərbaycana qarşı açıq ərazi
iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə
başçılıq edən o vaxtkı sovet rəhbərliyi
idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli
olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə
yaranmazdı.
Beləliklə, Azərbaycana
qarşı müxtəlif yerlərdən təzyiqlər
başladı və tədricən Azərbaycanda vəziyyət
çox gərginləşdi. Azərbaycanı daha da çətin
vəziyyətə salmaq üçün respublikanın rəhbərliyinə
Azərbaycan xalqına yad olan antimilli qüvvələr gətirilmişdi.
Onların əli ilə xalqımıza qarşı cinayətlər
törədildi. Azərbaycan xalqına qarşı cinayətlər,
eyni zamanda, daxili milli xainlər tərəfindən törədilmişdir.
Əlbəttə ki, Ermənistan tərəfi bu vəziyyətdən
istifadə etdi və Azərbaycana qarşı açıq
müharibəyə başladı. O illər, demək olar ki,
bizim üçün həlledici illər idi. Əgər Heydər
Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın
rəhbəri kimi fəaliyyət göstərsəydi,
Dağlıq Qarabağda heç vaxt separatçılar
baş qaldıra bilməzdilər. Heç vaxt bizim
torpaqlarımız işğal altına düşə bilməzdi.
O illərdə -
1987-1993-cü illər ərzində Azərbaycanın, demək
olar ki, bütün yerlərində qeyri-sabit vəziyyət,
özbaşınalıq, anarxiya, kütləvi itaətsizlik
hökm sürürdü. O vaxt Azərbaycanda sabitliklə fərqlənən
yeganə yer Naxçıvan Muxtar Respublikası idi. O da ona
görə idi ki, xalqın tələbi ilə Heydər Əliyev
Naxçıvan Muxtar Respublikasının rəhbəri
seçildi. Bir tərəfdən, erməni qəsbkarlarına
qarşı onun rəhbərliyi altında müqavimət
göstərilirdi və Naxçıvana edilən ərazi
iddialarına qarşı naxçıvanlılar Heydər Əliyevin
rəhbərliyi altında çox qətiyyətli cavab verdilər
və işğalçıları yerinə oturtdular. Digər
tərəfdən, o vaxt Azərbaycandakı rəhbərlik
bütün yollarla çalışırdı ki,
Naxçıvanda Heydər Əliyevin mövqelərini
sarsıtsın və onu orada rəhbərlikdən
uzaqlaşdırsın.
Ancaq xalq həm
Naxçıvanda, həm bütövlükdə Azərbaycanda
həlledici sözünü dedi. Azərbaycanda vətəndaş
müharibəsi başlanandan sonra artıq Naxçıvana,
Heydər Əliyevə kütləvi qaydada müraciətlər
gəlməyə başlamışdır ki, təkcə ona
ümid bəslənilir və təkcə o, Azərbaycanı
bu ağır vəziyyətdən xilas edə bilər.
O vaxt
xalqımızın, müstəqilliyimizin taleyi həll
olunurdu. Azərbaycan XX əsrdə bir dəfə müstəqilliyini
qazandı. Ancaq o müstəqillik çox çəkmədi.
İki ildən sonra müstəqillik xarici qüvvələrin,
o cümlədən daxili antimilli qüvvələrin səyləri
və antimilli hərəkətləri nəticəsində əlimizdən
alındı.
1993-cü ildə də
oxşar vəziyyət yaranmışdı. Müstəqilliyimizin
cəmi iki yaşı var idi. Ancaq artıq Azərbaycanın
müstəqilliyi şübhə altına qoyulurdu. Ölkəmizə
qarşı ərazi iddiaları artıq
torpaqlarımızın işğalına gətirib
çıxardı. Şuşanın, Laçının, Kəlbəcərin
işğalı nəticəsində, demək olar ki, Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi əlaqə
yarandı.
Belə ağır vəziyyətdə
Azərbaycanın, ümumiyyətlə, gələcək
inkişafı şübhə altında idi. Biz müstəqil
ölkə kimi yaşaya biləcəyik, yoxsa yox?! Azərbaycan
xalqı müstəqil xalq kimi öz müqəddəratını
özü müəyyən edə biləcək, yoxsa yox?! Bu
suallar o vaxt havada idi, o suallar verilirdi.
Azərbaycan xalqı o
vaxt ölkəmizin taleyi üçün həlledici anda
düzgün seçim etmişdir. Öz liderinə üz
tutub Heydər Əliyevi siyasi hakimiyyətə dəvət
etmişdir və 1993-cü ildən Azərbaycanda inkişaf,
sabitlik və tərəqqi dövrü başladı. İlk
növbədə, vətəndaş müharibəsi
dayandırıldı, bütün qanunsuz birləşmələr
tərki-silah edildi, ölkədə sabitlik yaradıldı və
Azərbaycan bu sabitlik əsasında inkişaf etməyə
başlamışdır.
O vaxt Azərbaycan xarici
investorlar üçün çox riskli bir yer kimi
tanınırdı. O vaxt - 1994-cü ildə dünyanın
aparıcı enerji şirkətlərini Azərbaycana cəlb
etmək və onları inandırmaq ki, sərmayələri
burada qorunacaq və bu sərmayələr onlara xeyir gətirəcək,-
çox böyük siyasi təcrübə, bilik və məharət
tələb edirdi. O, buna nail oldu və Azərbaycan tarixində
ən önəmli hadisələrdən biri - "Əsrin
müqaviləsi"nin imzalanması 1994-cü ildə baş
verdi. Ondan sonra Azərbaycana dünya birliyi tərəfindən
inam artdı. Azərbaycana böyük sərmayələr
qoyulmağa, ölkədə məhz Heydər Əliyevin rəhbərliyi
və təşəbbüsü ilə siyasi və iqtisadi
islahatlar icra edilməyə başlanmışdır. Bütün
sahələrdə inkişaf meyilləri güclənmişdir,
tənəzzülün qarşısı
alınmışdır və Azərbaycan uğurla inkişaf
etməyə başlamışdır.
Biz o günləri, o illəri
yaxşı xatırlayırıq. O yolda hələ
1996-cı ilə qədər Azərbaycanı sevməyən,
Azərbaycan dövlətçiliyinə düşmənçilik
mövqeyində dayanan dairələri yaxşı
xatırlayırıq. Azərbaycanda vəziyyəti
qarışdırmaq, sabitliyi pozmaq, hətta dövlət
çevrilişlərinə cəhd etmək prosesləri də
bizim yadımızdadır.
Ancaq Azərbaycan
xalqı öz lideri ətrafında birləşərək,
bütün bu xoşagəlməz hadisələrin
qarşısını aldı və bu gün Azərbaycan ən
sürətli inkişaf edən ölkədir.
1993-2003-cü illər
ölkəmizin gələcəyi üçün həlledici
illər olmuşdur. On il ərzində görülmüş
işlər bir əsr ərzində görülmüş
işlərə bərabərdir. Çünki Azərbaycanın
gələcəyi həll olunurdu. Xalqımız, nəhayət,
uzun onilliklər, əsrlərdən sonra müstəqillik
şansını əldə etmişdir. Əsrlər boyu Azərbaycan
xalqı başqa ölkələrin, imperiyaların tərkibində
yaşamışdır, bəzi dövrlərdə müstəmləkə
kimi yaşamışdır. Ancaq öz milli mənliyini, milli
ruhunu, ana dilini qoruya və saxlaya bilmişdir. Dövlətimiz
bu möhkəm əsas üzərində quruldu.
Bütün başqa sahələrdə
gördüyü işlərlə bərabər, dövlət
quruculuğu Heydər Əliyev tərəfindən
görülən işlərin arasında ən
yaddaqalandır. Məhz onun fəaliyyəti nəticəsində
Azərbaycan dövləti quruldu. Müstəqil Azərbaycan
dövləti quruldu və bu gün də uğurla
yaşayır, inkişaf edir, müstəqil siyasət
aparır, Azərbaycan xalqı üçün yeni imkanlar
açır.
Məhz həmin 10 il ərzində
Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi,
Azərbaycan dünya birliyinə çox uğurla inteqrasiya edə
bildi və dünyada etibarlı tərəfdaş, dost ölkə
kimi tanındı. O illərdə bütün sahələrdə
inkişaf, canlanma və tərəqqi müşahidə
olunurdu.
Bir də demək istəyirəm
ki, o illər ərzində Azərbaycanın bugünkü
inkişaf strategiyası müəyyən edilmişdir. Ən
önəmlisi ondan ibarətdir ki, Heydər Əliyev siyasəti
bu gün də yaşayır və bundan sonra da
yaşayacaqdır. Mən yaxşı xatırlayıram ki,
2003-cü ildə prezident seçkiləri ərəfəsində
Azərbaycan xalqına söz vermişdim ki, əgər
Prezident vəzifəsinə seçilsəm, Heydər Əliyev
siyasətini davam etdirəcəyəm. Mən böyük
qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan
Heydər Əliyev yolu ilə gedir. Bu gün Azərbaycanda
görülən işlər ölkəmizi gücləndirir.
Azərbaycan bölgədə öz mövqelərini tam şəkildə
möhkəmləndirə bilibdir, dünyadakı mövqelərimiz
daha da güclüdür. Ölkəmizdə aparılan
islahatlar və siyasət Azərbaycanın milli
maraqlarını tam şəkildə müdafiə edir.
Heydər Əliyevin ideoloji əsasları
Azərbaycanda tam şəkildə bərqərar olunubdur.
Güclü dövlət, güclü iqtisadiyyat,
xalqımızın milli ideya ətrafında birləşməsi,
Azərbaycançılıq fəlsəfəsi, Azərbaycançılıq
ideologiyası, güclü milli mənəvi dəyərlər
əsasında müasir dövlətin qurulması -
bütün bu proseslər Azərbaycanda çox uğurla
davam edir. Artıq Azərbaycan keçid dövrünü
başa vurubdur.
Biz irəliyə gedirik. Biz
inkişaf etmiş ölkələrin sırasında
olmalıyıq. Bizim siyasətimiz buna yönəldilibdir. Son
6-7 il ərzində bütün göstəricilər onu
çox gözəl şəkildə, əyani şəkildə
göstərir. Bizim büdcə gəlirlərimiz 10 dəfədən
çox artıbdır. İqtisadiyyat 2004-2009-cu illərdə
- 6 il ərzində, təxminən 3 dəfə
artıbdır ki, bu, heç bir ölkədə heç vaxt
olmayıbdır. Yoxsulluq şəraitində
yaşayanların sayı 49 faizdən 11 faizə
düşübdür və əminəm ki, bu sosial bəla
yaxın zamanlarda, ümumiyyətlə, Azərbaycanda aradan
qaldırılacaqdır. Son 6-7 il ərzində 900 minə qədər
yeni iş yeri açılmışdır. Bütün
ölkədə abadlıq-quruculuq işləri
aparılır, infrastruktur layihələri icra edilir.
Heydər Əliyevin neft
strategiyası uğurla davam etdirilir. Onun təməlini
qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildən
istismardadır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci
ildən istismardadır. Azərbaycan yeni bazarlara
çıxır. Bizim enerji siyasətimiz həm ölkədaxili
tələbatı tam şəkildə ödəyir, eyni
zamanda, Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinə
öz töhfəsini verir və gələcəkdə bu
töhfə daha da böyüyəcəkdir. Çünki biz
bütün lazımi tədbirləri gördük və Heydər
Əliyevin neft strategiyasını neft-qaz sənayesində
uğurla icra etməklə öz maraqlarımızı
maksimum şəkildə müdafiə edə bilmişik.
Ölkədə
bütün sahələrdə inkişaf, tərəqqi
vardır və bu gün biz öz siyasətimizi uğurla davam
etdiririk. Qarşıda duran bütün vəzifələr,
bütün proqramlar vaxtında icra edilir. Mən heç
şübhə etmirəm ki, növbəti illərdə Azərbaycan
öz uğurlu inkişaf dinamikasını saxlayacaqdır.
Ölkəmizdə
aparılan islahatlar təkcə Azərbaycan xalqı tərəfindən
deyil, dünya birliyi tərəfindən də yüksək
qiymətləndirilir. Azərbaycan bu gün rəqabət
qabiliyyətliliyinə görə və informasiya-kommunikasiya
texnologiyalarının inkişafı sahəsində MDB məkanında
birinci yerdədir, paytaxtımız Bakı dünyanın ən
gözəl şəhərlərinin sırasındadır.
Bizim başqa şəhərlər də abadlaşır. Hara
getsən, hansı tərəfə getsən, inkişaf, tərəqqi,
abadlıq, gözəllik görürsən. Budur,
bugünkü Azərbaycan reallıqları. Bütün bu
işlərin təməlində Heydər Əliyev amili, Heydər
Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik.
Öz milli liderimizin vəsiyyətinə sadiqik. Azərbaycanı
etibarlı şəkildə idarə edirik. Azərbaycanı
uğurla inkişaf etdiririk və heç şübhə
etmirəm ki, Azərbaycanın uğurlu və hərtərəfli
inkişafı bundan sonra əbədi olacaqdır.
Biz müstəqilliyimizi
möhkəmləndirəcəyik, müstəqil siyasətimizi
gücləndirəcəyik. Azərbaycan xalqı öz
taleyinin sahibidir. Azərbaycan dövləti Azərbaycan
xalqının iradəsi ilə idarə olunur. Bütün gələcək
planlarımızın həyata keçirilməsi
üçün Heydər Əliyev siyasəti davam etməlidir.
Bu gün Heydər Əliyev siyasəti yaşayır və əbədi
yaşayacaqdır.
* * *
Mərasimdə Heydər Əliyev
Fondunun fəaliyyətindən bəhs edən filmin
nümayişi olmuşdur.
Daha sonra Heydər Əliyev
Fondunun təsis etdiyi "Qızıl çinar" Beynəlxalq
mükafatının müxtəlif nominasiyalar üzrə
2010-cu ilin qalibləri elan edilmişdir.
"Qızıl
çinar" Beynəlxalq mükafatını nominantlara Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təqdim
etdi.
Milli musiqimizin şah əsəri
olan muğamın inkişafına verdiyi töhfəyə və
Heydər Əliyev Fondunun mədəniyyət sahəsində
həyata keçirdiyi layihələrdə fəal iştirakına
görə xalq artisti Arif Babayevə "Qızıl
çinar" Beynəlxalq mükafatı təqdim olundu.
Arif Babayev təşəkkür
edərək dedi:
- Çox hörmətli,
möhtərəm cənab Prezident!
Çox hörmətli
Mehriban xanım!
Bu gün Azərbaycanın
böyük oğlu Heydər Əliyevin doğum
günüdür. Ulu öndərimiz bizim sənət
adamlarına həmişə öz qiymətini vermiş,
öz hörmətini bildirmiş, mədəniyyətimizə
olan xüsusi töhfələri aşılamışdır.
İndi isə bu işi bizim çox hörmətli, Azərbaycanın
sevimlisi, Heydər Əliyev siyasətinin layiqli
davamçısı cənab İlham Əliyev davam etdirir. Mən
çox danışmayacağam, vaxtımız azdır. Amma
bircə onu qeyd edim ki, biz həmişə xəyalda deyirdik:
"Kaş bir muğam mərkəzimiz olaydı". Sağ
olsun cənab Prezidentimiz. Şəhərimizin,
Bakımızın görkəmli bir yerində, dənizkənarı
Milli Parkda Muğam Mərkəzinin tikilib sənət
adamlarına təhvil verilməsi böyük bir hadisədir.
Çox sağ olun.
Mehriban xanım, siz bizim milli
musiqimizin tacı olan muğamımızı dünya səviyyəsinə
qaldırmısınız. Çox sağ olun. Başqa tərəfini
saysam, burada vaxt qalmaz. Bu gün bu mükafat ulu öndərimizin
ad günündə mənə təqdim olunur. Bu, mənim həyatımda
unudulmaz bir gün oldu. Çox sağ olun, var olun.
* * *
Digər nominasiyada mükafat uşaq
hüquqlarının qorunması və onların humanist ruhda
böyüməsi işinə verdiyi dəstəyə görə
YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi
xanım Hana Singerə təqdim edildi.
Hana Singer təşəkkürünü
bildirərək dedi:
- Cənab Prezident!
Hörmətli Mehriban
xanım!
Hörmətli xanımlar və
cənablar!
YUNİSEF-in adından bu
cür gözəl mükafatı almaqdan şərəf hissi
duyuram. YUNİSEF üçün işləmək təşkilat
üçün işləmək demək deyildir, bu, məramdır.
Bu məram uşaqların hüquqlarının
qorunmasından, onların hər zaman müdafiə edilməsindən,
problemlərinin həllindən ibarətdir. Bu təşkilat
üçün işləmək mənim üçün
böyük şərəfdir. Bu təşkilat
üçün işləyərək bu ölkəyə gəlib
uşaqların problemləri ilə məşğul olmaq,
onları tanımaq mənim üçün çox
böyük sevinc və iftixar hissidir. Hətta hər bir halda
biz istənilən sözləri söyləmirik və bəzi
hallarda biz problemlər haqqında da danışırıq. Mən
məmnuniyyət və şərəf hissi ilə onu qeyd etmək
istəyirəm ki, Azərbaycanda işləyərkən, bu
problemləri qaldırarkən burada hər hansı bir qərəzli
maraqların şahidi olmadım. Bu işdə Azərbaycan
hökumətinin bizimlə sıx əməkdaşlığının
şahidi oluruq. Xüsusən də biz vətəndaş cəmiyyətinə
Fondun vacib töhfəsini görürük.
Mən qeyd etmək istəyirəm
ki, Mehriban xanım Əliyeva bu sahədə mühüm rol
oynayır. Biz xeyriyyə üçün işləmirik,
bizim üçün ən vacib, ən ülvi məqsəd
uşaqların hüquqlarının müdafiəsi və
qorunmasıdır. O ki qaldı mənim Azərbaycanla olan əlaqələrimə,
yalnız bunu deyə bilərəm ki, bu, xüsusi bir əlaqələrdir.
Mən demək istəyirəm ki:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül
candan?
Azərbaycan, Azərbaycan!
* * *
Azərbaycan rəssamlıq
məktəbinin görkəmli nümayəndəsi, xalq rəssamı
Tahir Salahova da müasir boyakarlıq sənətinin
inkişafında göstərdiyi xidmətlərə görə
"Qızıl çinar" Beynəlxalq mükafatı təqdim
edildi.
Tahir Salahov dedi:
- Çox hörmətli və
əziz İlham Heydər oğlu!
Çox hörmətli
Mehriban xanım!
Bu gün mənim
üçün çox həyəcanlı gündür.
Çünki gözlənilmədən belə yüksək
mükafat alıram. Mən bu mükafatda Heydər Əliyevin
ruhunu, onun incəsənətə, mədəniyyətə məhəbbətini
görürəm, özü də təkcə Azərbaycan
miqyasında yox. O, bütün Sovet İttifaqının mədəniyyətinə
rəhbərlik edirdi. O, 19 sahəyə, o cümlədən mədəniyyətə
cavabdeh idi. Bu baxımdan demək istəyirəm ki, bu gün
o, yenə bizimlədir, bizi təltif edir, onun hərarətini,
diqqətini və səmimiyyətini həmişə hiss etməyimizə
imkan verir.
Ruhu şad olsun Heydər Əliyevin,
yaşasın onun adını daşıyan Fond, sağ olsun
birinci xanım!
Mənim fikrimcə o,
alternativi olmayan birinci xanımdır, planetar miqyaslı birinci
xanımdır.
Sağ olun.
* * *
Mükafatlandırma mərasimindən
sonra xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət simfonik
orkestrinin konserti olmuşdur. Bakının qonağı olan
dünya şöhrətli opera müğənnisi Plasido
Dominqo, habelə xanım Aylin Peres və beynəlxalq
müsabiqələrin laureatları Dinara Əliyeva konsertdə
Azərbaycan və xarici bəstəkarların əsərlərini
ifa etmişlər.
Heydər Əliyev Fondunun 6
illiyi münasibətilə təşkil olunan xüsusi mərasimdə
iştirak etməkdən böyük şərəf hissi
duyduğunu bildirən Plasido Dominqo Tofiq Quliyevin "Sənə
də qalmaz" mahnısını ifa etmişdir. O, bu
ifasını Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevə ithaf etdiyini demişdir.
Konsertdən sonra Plasido
Dominqo Azərbaycan Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva ilə
görüşmüşdür.
AzərTAc
Azərbaycan.- 2010.- 13 may.- S.
1, 2.