"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin dördüncü cildi çapdan çıxmışdır

 

"Neft və qaz kəmərlərinin inşası, Xəzərin neft və qaz ehtiyatlarının, dənizin Azərbaycan sektorundakı ehtiyatların işlənilməsi bu gün dünyada həyata keçirilən ən böyük enerji layihələridir. Bu layihələr çox uğurla həyata keçirilir. Bunun bir neçə səbəbi vardır. Birincisi, qeyd etdiyim kimi, yaxşı sərmayə mühitidir, sərmayəçilərin arxayınlığıdır. Sonra yerli və xarici işçi heyətinin peşəkarlığıdır. Xarici sərmayəçilərlə yerli rəsmilər arasındakı işgüzar əməkdaşlığın yaranmasıdır. Layihələrin həyata keçirilməsinin əsas elementi olan şəffaflıqdır. Azərbaycanın neft və qaz sahələrindəki bütün fəaliyyəti olduqca açıq və şəffaf tərzdə həyata keçirilir. Biz hasilat sənayelərində şəffaflıq təşəbbüsünün fəal iştirakçısıyıq. Azərbaycanda neft sənayesindən alınan bütün gəlirlərin Neft Fonduna yığılması bu şəffaflığın göstəricisidir. Nəhayət, ölkədəki ictimai-siyasi sabitlikdir. Çünki sərmayəçilər şəraitin sabitliyinə əmin olmadan, iqtisadiyyatın artımını görmədən, ölkənin demokratik istiqamətdə hərəkətini hiss etmədən milyardlarla dollarını heç zaman risk altına qoymazlar".

Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenicə çapdan çıxmış "İnkişaf - məqsədimizdir" adlı çoxcildliyinin 4-cü cildindən, 2004-cü il aprelin 28-də Varşavada Avropa İqtisadi Sammitindəki nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Dövlətimizin başçısı İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov və Rusiya Olimpiya Komitəsinin baş katibi Leonid Miroşniçenko ilə görüşündən hesabatla açılan bu cilddə müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilib inkişaf etdirilməsinə, respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması üçün aparılan islahatlara, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsinə dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar əksini tapmışdır. Bu materiallar 2004-cü ilin aprelindən iyununadək olan dövrü əhatə edir.

Kitabda dövlətimizin başçısı İlham Əliyevin Polşa Respublikasına, Belçika Krallığına rəsmi səfərləri zamanı tanınmış dövlət xadimləri ilə keçirdiyi görüşlər, çıxışları, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasındakı nitqi, Azərbaycanın milli mənafeyini əks etdirən danışıqları yer almışdır. Yeni cilddə Azərbaycanla Ukrayna, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair imzalanmış sənədlər, Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici dövlət və hökumət rəhbərləri, siyasi xadimlər, nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı dərin məzmunlu söhbətləri əksini tapmışdır.

Bu nəşrdə dövlətimizin başçısının nitq və çıxışları ilə yanaşı, dünyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələri və bəyanatları da toplanmışdır.

Kitaba "Qeydlər", "Şəxsi adlar göstəricisi", "Coğrafi adlar göstəricisi" də daxil edilmişdir.

"Azərnəşr" tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 may.- S.  3.