Azərbaycan dövləti uşaq hüquqlarının təmin olunmasına daha həssas münasibət bəsləyir

 

Mayın 12-də Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru Stiven Allenlə görüşdü.

Qonağı salamlayan Valeh Ələsgərov Azərbaycanla YUNİSEF arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsinə "Qızıl çinar" beynəlxalq mükafatının təqdim olunması ölkəmizlə bu nüfuzlu təşkilat arasındakı səmərəli əməkdaşlığın bariz təcəssümüdür.

Görüş üçün təşəkkürünü bildirən Stiven Allen Azərbaycanla YUNİSEF arasındakı əməkdaşlıqdan razılığını ifadə etdi. Qonaq daha sonra bildirdi ki, beynəlxalq maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxladı. Bu, ölkənizdə həyata keçirilən düzgün siyasətin nəticəsidir. Belə imkandan və mövcud resurslardan istifadə etməklə uşaqların sosial müdafiəsi sahəsində ehtiyac duyulan müəyyən işləri reallaşdırmaq mümkündür. Stiven Allen Azərbaycanda uşaqlarla bağlı qanunvericiliyi, o cümlədən Yuvenal Ədliyyə ilə bağlı görülən işləri yüksək qiymətləndirdi. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə uşaqların sosial müdafiəsi ilə bağlı görülən işləri xüsusilə təqdir edən Stiven Allenin sözlərinə görə, bu, təşkilatı Azərbaycanla daha güclü əməkdaşlığa həvəsləndirir. YUNİSEF Azərbaycan hökuməti ilə bundan sonra da sıx əməkdaşlıq etmək arzusundadır və bunun üçün bütün lazımi addımları atmağa hazırdır.

Görüşdə iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Azərbaycanda uşaq hüquqlarının təmin olunması ilə bağlı dövlətin qətiyyətli siyasi iradəsinin olduğunu bildirdi. Hüquq-mühafizə orqanları uşaqlara münasibətdə humanist davranış nümayiş etdirir. Ölkəmizdə təhsilə diqqətin artması erkən nikahların qarşısının alınmasına böyük töhfə verir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan cəmiyyətində uşaq hüquqlarının qorunması ilə bağlı konsensusun olduğunu dedi. Səməd Seyidov əlavə etdi ki, digər beynəlxalq təşkilatlar da Azərbaycan-YUNİSEF münasibətlərindən örnək götürməlidirlər.

Azərbaycan-YUNİSEF əməkdaşlığının hər zaman yüksələn xətlə inkişaf edəcəyindən əminliyini ifadə edən Valeh Ələsgərov da Azərbaycan cəmiyyətində uşaq hüquqları ilə bağlı həmrəyliyin olduğunu bildirdi. Qeyd edək ki, bu sahədə Heydər Əliyev Fondunun böyük dəstəyi var. Bütün işlər isə Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğu şəraitdə reallaşır. Əgər Azərbaycanın bu problemi olmasaydı, səhiyyə, təhsil, sosial müdafiə sahəsinə ayrılan dövlət vəsaitinin həcmi daha çox olardı. Ölkənin imkanları artdıqca bu istiqamətdə ayrılan maliyyə vəsaitlərinin həcmi də çoxalacaq.

 

 

Azərbaycan.- 2010.-  13 may.- S.  3.