Mətbuatın dostu və
böyük qayğıkeşi
"Mən ümid edirəm ki, gələcəkdə
milli mətbuatımız daha da inkişaf edəcək,
dövlət, hökumət tərəfindən lazımi tədbirlər
görüləcəkdir. Siz bilirsiniz ki, ulu öndərimiz
Heydər Əliyev mətbuata daim böyük diqqətlə
yanaşırdı. Mətbuatın maddi-texniki bazasının
möhkəmlənməsinə, ümumiyyətlə, mətbuata
qayğısı həmişə hiss olunurdu. Mən
çalışıram ki, öz tərəfimdən bunu
davam etdirim. Amma istəyirəm biləsiniz ki,
heç bir fərq qoymadan, mənim mətbuata münasibətim
çox müsbətdir. İstər iqtidar mətbuatı
olsun, istər müxalifət mətbuatı olsun, istərsə
də müstəqil mətbuat olsun - bu, bizim mətbuatımızdır.
Bu, Azərbaycanın demokratik inkişafına çox
böyük töhfədir".
İlham ƏLİYEV
Orta əsrlər dövründə Avropa feodalizm bataqlığında çapalayır, cəngəllik qanunları ilə idarə edilirdi. Söylədiyin həqiqət olsa da belə, xristian kilsəsinin dediyi ilə üst-üstə düşməsəydi, cinayət sayılırdı. Buna görə insanları fiziki işgəncələrə məruz qoyur, şaqqalayır, tonqalda yandırırdılar. Hər tərəfdə gerilik, ətalət və cəhalət duyulurdu. Hələ bəşəriyyəti irəli aparacaq bir çox kəşflər edilmədiyindən, sivilizasiyanın üfüqləri görünmürdü. Elm inkişaf yoluna qədəm qoysa da, kilsə geriyə çəkilmək, öz yerini ona vermək niyyətində deyildi.
Belə bir vaxtda Yerin kürə şəklində olduğu və öz oxu ətrafında fırlandığı kəşf edildi. Bunu söyləməyə cürət edən Qaliley kilsəyə, inkivizisiya məhkəməsinə dəvət olundu. Dəhşətli işgəncələr qorxusu qarşısında dahi alim bildiyindən imtina etdi, kilsənin mövqeyini təsdiqlədi. Bayıra çıxanda isə həqiqətin qarşısında acizliyini dərk etdiyindən ayağını yerə vuraraq: "Hər halda o fırlanır!" - dedi. Bu deyimi ilə fikir tarixinə də düşdü. Bu gün də insanlar həqiqəti deyə bilməyəndə, yaxud demək istəməyəndə ürəklərində də olsa, "Hər halda Yer kürəsi fırlanır!" - söyləyirlər.
Azərbaycanda mətbuat
azadlığı var
Bu fikrin əksini iddia etmək, ancaq istehzalı təbəssüm doğura bilər və insanlar onu söyləyənin dünyadan xəbərsiz olduğunu zənn edərlər. Əvvəla, Azərbaycanda söz və mətbuat azadlığının mövcudluğunu sübuta yetirmək üçün iki sadə eksperiment keçirmək mümkündür. Birincisi, sovet dövrü mətbuatı ilə indikini müqayisə etmək. 20-25 il öncə kimin həddi nə idi ki, qəzetə düşündüyü kimi yaza, Sov.İKP-nin "məsləhət bildiyindən" fərqli fikir söyləyə! Dərhal səsi başqa yerdən gələrdi!
İkincisi, hər hansı qəzet köşkünə yaxınlaşıb həftə ərzində buraxılan qəzetlərin hərəsindən bir nüsxə alaraq nəzərdən keçirmək kifayətdir. Hansı tip qəzet desən var! Kim də nədən, necə istəyirsə, eləcə də yazır! Həqiqətdən tutmuş yalana, şərə, böhtana, təhqirə, söyüşə qədər hər şey var! Özü də buna görə dövlət kiməsə "gözün üstə qaşın var" - demir (Ayrı-ayrı vətəndaşlar boğaza yığılanda hansı qəzeti isə məhkəməyə verirlər. Bu isə hüquqi dövlətdə normal sayılır). Əvvəla, Azərbaycan demokratik cəmiyyət quruculuğu yolu ilə getdiyindən mətbuat və söz azadlığının qarantı olduğunu bəyan edib və vədinə sadiqdir. Digər tərəfdən, iqtidarın əlində mətbuata təsir və təzyiq mexanizmi yoxdur! Hələ 6 avqust 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən KİV-ə senzura nəzarətini həyata keçirən Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilib. Bu tarixi fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi isə bütövlükdə mətbuatı dövlət nəzarətindən çıxardı. İndi kim harada, necə qəzet çıxarır, nə yazırsa, öz işidir. Dövlətin buna hər hansı şəkildə müdaxiləsinə imkanı çatmır. İqtidar qəzetləri dövlətin gördüyü işləri təbliğ edir, müxalifət qəzetləri mənsub olduqları partiyaların başçılarından para və sifariş alır, müstəqil qəzetlərin isə hərəsi bir üsulla mətbuat bazarında duruş gətirməyə çalışır.
Azərbaycanda mətbuat və söz azadlığının mövcudluğuna dəlalət edən ən mühüm amil isə bu sahədə beynəlxalq tələblərə cavab verən qanunçuluq bazasının mövcudluğudur. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyanın 50-ci maddəsində yazılır:
"I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır".
KİV haqqında iki dəfə ayrıca qanun qəbul edilib, müəyyən müddətdən sonra ona dövrün tələbindən irəli gələn əlavə və dəyişikliklər olunub. Bu gün indiki iqtidar tərəfindən qəbul edilərək dolğunlaşdırılmış qanun dünyada mövcud olan ən liberal qanunlardandır. Bircə məqama diqqət yetirək. Qəzet təsis etmək üçün ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etmək kifayətdir. Bir həftədən sonra hətta cavabı almadan belə işə başlamaq mümkündür. Məlumat toplamaq azadlığı haqqında qanun da jurnalistin fəaliyyətinin hüquqi əsaslarını təmin edir. Bu gün Azərbaycanda dövlət sirləri istisna olmaqla, jurnalist üçün qapalı sahə və qadağan olunmuş mövzu yoxdur! Əksinə, ölkə vətəndaşlarının bir qismi bəzən mətbuat və söz azadlığının bolluğundan əziyyət çəkir. Belə ki, mövcud qanunların yaratdığı boşluqlardan gen-bol bəhrələnən "reket qəzetlər" və "reket jurnalistlər" şəxsi maraqlarını ödəməkdən ötrü utanıb-çəkinmədən insanlara şər və böhtan atır, şərəf və ləyaqətlərini təhqir edirlər. Belələrinə qarşı mübarizə isə bədxahlarımız və qərəzli insanlar tərəfindən "mətbuat və söz azadlığına təpki" kimi qiymətləndirilir. Halbuki mətbuat və məlumat azadlığının qarantı sayılan dövlət vətəndaşlarının şərəf və ləyaqətini əsassız hücumlardan və təhqirlərdən də qorumalıdır. Birinə verilən hüquqlar digərlərinin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır.
"Sən öz yolunla get, qoy kim
nə deyirsə desin"
Almanların məşhur xalq məsəlidir. Əgər tutduğun yolun doğruluğuna, düzgünlüyünə əminsənsə, istiqamətini dəyişmə. Bir də hər deyilən sözə baş qoşsan, düz yolunu da itirərsən. Azərbaycanın müstəqillik tarixi iyirmi ildir. Müstəqil mətbuatın yaranması isə ondan bir qədər də azdır. Bu qısa dövrün özü isə dörd mərhələdən ibarətdir. 1988-1998-ci illəri əhatə edən birinci mərhələ müstəqil mətbuatın meydana gəlmə dövrü kimi səciyyələnir. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəli qırmızı imperiyanın dağılması, ölkədə mitinq və tətillərin, anarxiya və qanunsuzluqlar dövrünün başlanması kimi yadda qalıb. Sov.İKP nüfuzdan düşdüyünə, mənfur Qorbaçovun "yenidənqurma" adlı oyunu başladığına görə mətbuata nəzarət zəifləmiş, dövlət idarəolunmasının ipi boşalmışdı. Odur ki, bir sıra qəzetlər yazılarında sərbəstliyə (məsələn, "Molodyoj Azerbaydjana") yol verirdi. Meydan hərəkatı başlanandan sonra müxtəlif vərəqələr, "gizli" qəzetlər nəşr olunmağa başladı. Amma yeni nəşrlər qanunsuz sayılırdı. Çünki sovet dövrü qanunlarında belə qəzetlərin buraxılışı nəzərdə tutulmurdu. Mətbuat və söz azadlığını təmin edəcək yeni qanunlar isə hələ yox idi. Hətta bəzən qəzetlər "Molla Nəsrəddin" jurnalı ənənəsindən istifadə edərək senzuranın nömrədən çıxardığı materialın əvəzinə yenisini qoymur, ağ çıxırdı.
Ulu öndər Heydər Əliyevin böyük cəsarət göstərərək 6 avqust 1998-ci ildə mətbuata senzura nəzarətini ləğv etməsi ilə müstəqil mətbuatın yaranması və inkişafının yeni - ikinci dövrü başlayır. Bu dövrdə mətbuat və söz azadlığını, jurnalistin peşə fəaliyyəti ilə sərbəst məşğul olmasını təmin edən bütün qanunlar hazırlanaraq Milli Məclis tərəfindən qəbul olundu.
2003-cü ilin 15 martında Azərbaycan jurnalistlərinin I qurultayında Mətbuat Şurasının yaradılması müstəqil mətbuatın üçüncü inkişaf dövrünün başlanğıcı oldu. Artıq dövlətin nəzarətindən çıxarılmış olan mətbuat özünütənzimləmə qurumu tərəfindən idarə olunur. Mətbuat Şurası respublika jurnalistlərinin qurultayında qəbul olunmuş Nizamnamə və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları əsasında mətbuatın problemləri ilə ardıcıl surətdə məşğul olur, jurnalistlərin peşəkarlığının və sosial durumunun yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayır.
Azərbaycan müstəqil mətbuatının inkişafının dördüncü mərhələsi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyev mətbuata daim dost münasibəti bəsləyir, böyük qayğı və diqqət göstərir. Bu qayğı öz təzahürünü dövlət başçısı tərəfindən atılan müxtəlif addımlarda tapır. Ümummilli lider ölkədə fəaliyyət göstərən gündəlik qəzetlərin baş redaktorlarını qəbul etdikdən sonra mətbuat ƏDV və gəlir vergisindən azad edilmiş, ona güzəştli kreditlər verilmiş, bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları dondurulmuşdu. Cənab İlham Əliyev isə 8 fevral 2006-cı ildə qəzetlərin "Azərbaycan" nəşriyyatına 31 dekabr 2001-ci ilədək olan borcunun dövlət büdcəsi hesabına ödənilməsi barədə sərəncam imzaladı. 20 iyun 2005-ci ildə Prezident İlham Əliyevin verdiyi "Azərbaycan milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamda isə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulurdu. Belə ki, adıçəkilən sənəddə qeyd olunduğu kimi, milli mətbuatın 130 illiyi ölkə miqyasında təntənəli şəkildə qeyd edildi, "Gülüstan" sarayında dövlət başçısının iştirakı ilə xüsusi tədbir keçirildi. Əməkdar jurnalist fəxri adı bərpa olundu, ölkə KİV-lərində çalışan 140-dək insana dövlətin orden və medalları, fəxri adları verildi. Bir sıra qəzet redaksiyalarına, informasiya agentliklərinə və jurnalist təşkilatlarına isə böyük məbləğdə birdəfəlik yardım ödənildi. Mətbuat Şurasının maddi-texniki bazasının əsaslı şəkildə möhkəmləndirilməsi sahəsində də təsirli tədbirlər görüldü.
Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlığını ictimai nəzarət funksiyası kimi dəyərləndirir: "...Əgər güclü ictimai nəzarət olmasa, əgər Azərbaycanda azad cəmiyyət formalaşmasa, bizim iqtisadi uğurlarımızın gələcəyi olmayacaq, ancaq müvəqqəti xarakter daşıyacaqdır. Ona görə də son illər ərzində Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur... Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur".
Niyə və nəyi görmək
istəmirlər
Dünyada baş verən bir sıra proseslər çap mediasının durumuna mənfi təsir göstərməkdədir. Belə ki, qəzetlərin tirajı aşağı düşür, onlara verilən reklam materialları azalır, bütün bunlar isə jurnalistlərin sosial vəziyyətinin çətinləşməsilə nəticələnir. Dünya birliyinə inteqrasiya olunmuş Azərbaycanda da bu sarıdan müəyyən problemlər özünü göstərməkdədir. Bütün bunların qarşısının alınması üçün müəyyən tədbirlər görülmüşdür. "KİV-lərin inkişafına Dövlət dəstəyi Konsepsiyası" adlanan mükəmməl sənəd hazırlanaraq 31 iyul 2008-ci ildə dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanıb. 3 aprel 2009-cu ildə isə həmin Konsepsiya əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond bu gün uğurlu fəaliyyət göstərir. Azərbaycan iqtidarı mətbuatın daxili işinə müdaxilə etmədən qrantlı layihələr, jurnalist müsabiqələri vasitəsilə qəzet redaksiyalarına, informasiya agentliklərinə, jurnalist təşkilatlarına maliyyə dəstəyi verir. İndiyədək bir neçə dəfə KİV-lərə birbaşa yardım göstərilib, qrantlı layihələr və fərdi müsabiqələr əsasında onlarla qalib jurnalist mükafatlandırılıb. Bir daha vurğulayırıq: Azərbaycan iqtidarı bu işləri görərkən kiminsə "tapşırığını" yerinə yetirmir, planlı, məqsədyönlü şəkildə, mətbuat və söz azadlığını genişləndirmək niyyətilə edir.
"Freedom House" və "Sərhədsiz reportyorlar" kimi təşkilatların bunları görməməsi mümkün deyil. Amma möhtərəm Prezidentimiz İlham Əliyevin müstəqil, balanslaşdırılmış və yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edən xarici siyasət yeritməsi çoxlarını rəncidə salır. Odur ki, ikili standartlardan bərk-bərk yapışaraq əl çəkmək niyyətində deyillər.
Azərbaycanda hökumətin guya azad mətbuatın fəaliyyətinə maneələr yaratması ilə bağlı iftiradan uzağa getməyən iddiaların hansı məqsədlərə xidmət etdiyi yaxşı məlumdur. Açıq deməliyik ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda Azərbaycanın tam müstəqil siyasət yeritməsi, iqtisadi cəhətdən qüdrətlənməsi, demokratikləşmə yolunda ciddi uğurlar qazanması, problemlərini daxili imkanlar hesabına həll etməsi müəyyən dövlətlərin və təşkilatların maraqlarına cavab vermir. Regionun bir çox dövlətlərini asanlıqla təsiri altına alan, onlara maraqlarını kobud şəkildə diktə edən fövqəldövlətlər Azərbaycana təzyiq rıçaqlarının olmaması ilə qətiyyən barışa bilmirlər. Təəssüf ki, rəsmi Bakıya zaman-zaman təsir göstərmək üçün "demokratik seçki", "siyasi məhbus", "demokratiya" və nəhayət, "azad mətbuat" kimi məsələlərdən vasitə kimi istifadə olunur. Xüsusən də respublikada mətbuatla bağlı məsələlər daim süni şəkildə şişirdilir, müxtəlif cinayətlərə yol verdiklərinə görə azadlığı məhdudlaşdırılan cızmaqaraçıların adı süni şəkildə qondarma "siyasi məhbuslar" sihayısına salınır. Belə cəfəng iddiaların növbəti parlament seçkiləri ərəfəsində daha da çoxalacağı gözlənilir və yalnız bir məkrli məqsədə hesablanıb: mühüm bir siyasi kampaniya ərəfəsində Azərbaycandakı sağlam demokratik mühitə xələl gətirmək, mətbuatın müstəqilliyinə mane olan guya hansısa problemlərin mövcudluğu barədə saxta rəy formalaşdırmaq!
Təəssüf doğuran həm də odur ki, Azərbaycanın uğurlarını gözü götürməyən məlum xarici qüvvələr "sapı özümüzdən olan baltalar"ın köməyindən yararlanmağa, onların "donos"larından gen-bol bəhrələnməyə çalışırlar. Xaricdəki müəyyən təşkilatlara Azərbaycan barədə qərəzli məlumatlar ötürən bəzi siyasiləşmiş qeyri-hökumət təşkilatları isə bununla özlərinin qrant maraqlarını güdürlər. Ölkənin və xalqın mənafe və maraqları isə onları qətiyyən düşündürmür. Onlar bəzən hətta xarici KİV-lərdə belə Azərbaycan dövləti və iqtidarı haqqında tamamilə cəfəng kampaniya təşkil edir, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar.
Bu gün müəyyən qəzetlərin Azərbaycanın dövlətçilik maraqları əleyhinə işləyən xarici qüvvələr tərəfindən maliyyələşdirilməsi ilə bağlı cəmiyyətdə əsaslı şübhələr və narahatlıqlar mövcuddur. Qeyri-şəffaf maliyyə mənbələri olan həmin qəzetlər xaricdən aldıqları diktələr əsasında neqativ hərəkət edir, süni problemlər yaratmağa və çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Dövlət başçısı İlham Əliyev hələ 5 il əvvəl Azərbaycan milli mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimində çıxış edərkən belə halların yolverilməz olduğunu narahatlıqla qeyd etmiş, ölkə KİV-lərini müstəqil və obyektiv olmağa çağırmışdır: "Bu gün Azərbaycanda, sözün əsl mənasında, müstəqil mətbuata böyük ehtiyac var. Azərbaycanda mətbuatın müstəqilliyi cəmiyyətin sifarişidir. Mən hesab edirəm ki, mətbu orqanlar bəzi siyasi dairələrin təsirindən çıxmalıdır və sözün əsl mənasında müstəqil olmalıdır. Biz çox şeyi Avropadan öyrənirik, Avropaya inteqrasiya edirik və bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Hesab edirəm ki, bu sahədə də öyrənməyə ehtiyac var".
Təbii ki, belə olan halda, yəni hər bir inkişaf və irəliləyişə göz yummaqla həmişə "eyni havanı çalmaq", "köhnə arayışların üzünü köçürməklə" yenisi adı ilə cəmiyyətə sırımağa çalışmaq kimsəyə təəccüblü görünmür. Təəccüblüsü odur ki, bir paraları Azərbaycanın öz maraqlarını buraxaraq onun mənafeyini güdəcəyini zənn edir. Heydər Əliyev siyasi kursunda belə hal mövcud və mümkün deyil!
Ötən il dünyada vəzifə borcunu yerinə yetirən 77 jurnalist öldürülüb. İraqda isə foto və telereportyorların amerikalı əsgərlər tərəfindən hədəfə alınaraq güllələnməsi adi hala çevrilib. Hətta yaralı jurnalist xəstəxanaya çatdırılmaqdan ötrü maşına mindiriləndə belə ondan əl çəkmir, bu dəfə maşını atəşə tuturlar. "Rəyçi" təşkilatlar bunu niyə görmürlər? Mart hadisələri dövründə Ermənistanda jurnalistlərə odlu silahlardan birbaşa atəş açıldı, bir qismi həbs olundu, qəzetlər, hətta internet saytları belə qapadıldı. Bunu ya görməzliyə vururlar, ya da tez "unudurlar". Odur ki, mətbuat azadlığı ilə bağlı "hesabat"larda Ermənistan daha "öncül mövqe"də göstərilir.
Azərbaycanda müxtəlif cinayət əməli törədərək məhkəmənin qərarı ilə həbs olunan bəzi insanlar var ki, tutulana qədər hansısa qəzetdə jurnalist, yaxud redaktor kimi fəaliyyət göstəriblər. "İkili standart təşkilatları" bunları azad sözə və mətbuata təpki kimi qiymətləndirirlər. Dünyanın heç yerində cinayət törədən jurnalisti qanun məsuliyyətindən azad etmirlər. Azərbaycanda niyə cinayət törədən jurnalist cəzasız qalmalıdır? Həm də onları "siyasi məhbus" kimi qələmə verərək "hesabat"larına salırlar. Maraqlıdır ki, ölkə iqtidarı belələrini (məsələn, Sakit və Qənimət Zahidovları) əfv edərək vaxtından qabaq azadlığa buraxanda səslərini çıxarmırlar, həmin "hesabat"larda "nəzərə almırlar". Niyə?
Başqa bir anlaşılmaz məqam "dünyanın mətbuat problemləri" ilə məşğul olan qurumların Azərbaycanla bağlı "fakt"ları haradan almalarını gizli saxlamalarıdır. Təbii ki, şəffaflıq olmayan yerdə "çirk" görünər! Əgər göstərilən hallar doğrudursa, niyə mənbə cidd-cəhdlə gizlədilməlidir? Bəlkə heç ümumiyyətlə mənbə yoxdur, özləri yazıb "mötəbər mənbə"dən gələn informasiya "möhürünü" vururlar? Bu, daha məntiqli görünür. Azərbaycanda legitim bir qurum - ölkə jurnalistləri tərəfindən formalaşdırılan Mətbuat Şurası var. İndiyə qədər açıqlama verməzdən öncə beynəlxalq "hesabat" qurumlarının buraya gələrək iqtidar, müxalifət və müstəqil mətbuatın təmsilçiləri ilə görüşərək vəziyyəti ətraflı araşdırmalarını, mübahisəli məsələlər barədə fikir mübadiləsi aparmalarını, müxtəlif mövqelərlə tanış olmalarını görməmişəm! Söhbət həqiqət axtarışından, fikir plüralizmindən gedirsə, bu, xüsusilə vacibdir! Düzlükdən, təmizlikdən və obyektivlikdən uzaq işin faydası da olmur! Azərbaycan doğru yol tutub və həmin yolla uğurla irəliləyir. Heç bir qərəzli "hesabat", yaxud "açıqlama" onu haqq yolundan döndərə bilməz! Onsuz da ABŞ Prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton tərəfindən bu günlərdə mətbuatla bağlı verilən açıqlamada bu sahədə geridə qalan ölkələr cərgəsində Azərbaycanın adının çəkilməməsi "Freedom House" və "Sərhədsiz reportyorlar" təşkilatlarının qərəzli mövqelərinə tutarlı cavab oldu.
Yer kürəsi dayanmadan fırlanır. Azərbaycan demokratiya yolu ilə sürətlə addımlayır. Bu il Milli mətbuatın yaranmasının 135 ili tamam olur. Mətbuatın budəfəki yubileyi də təntənəli şəkildə qeyd ediləcək. Jurnalistlər isə mətbuatın dostu və böyük qayğıkeşindən yeni töhfələr və növbəti dəstək gözləyirlər.
Belə dostu və qayğıkeşi olmaq necə də xoşdur!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2010.- 13 may.- S.
4.