Erməni məkri baş
tutmadı
Azərbaycan nümayəndə
heyəti onun qarşısını vaxtında aldı
Müsahibimiz Milli Məclisin Beynəlxalq
Münasibətlər və Parlamentlərarası Əlaqələr
Komitəsinin sədri, ölkəmizin AŞ PA-da nümayəndə
heyətinin rəhbəri Səməd Seyidovdur
- Səməd müəllim, AŞ PA-nın yaz sessiyasında Azərbaycan üçün əhəmiyyətli olan məsələlər müzakirə olundumu?
- Bəli, keçən sessiya bizim üçün əhəmiyyətli olmuşdur. Bilirsiniz ki, Azərbaycanla bağlı məruzənin hazırlanması və Monitorinq komitəsində onun müzakirəsi keçirildi. Monitorinq komitəsində müəyyən tənqidi məqamlar səslənməsinə baxmayaraq, Azərbaycan üzrə məruzəçilər Andres Herkel və D.Qrekx öz çıxışlarında ölkəmizdə gedən prosesləri kifayət qədər obyektiv işıqlandırdılar. Bu yalnız onların mövqelərinin dəyişməsi deyil. Biz Andres Herkelin Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Belə bir dəyişikliyi - obyektivliyə meylliliyi təsadüf kimi qiymətləndirmək olmaz. Bunun səbəbi var. Əvvəllər Azərbaycan AŞ PA-da, ümumiyyətlə, dünyada nə qədər qərəzli təqdim olunsa da, reallığı gizlətmək mümkün deyil. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan regionun ən sürətli inkişaf edən dövlətidir və onun xarici siyasəti regionda xüsusi reytinqə malikdir. Ona görə də bunlarla hesablaşmamaq, bunları nəzərə almamaq və beynəlxalq təşkilatlara təqdim etməmək sonda həmin şəxslərin özlərinə qarşı yönələ bilər. Onları qeyri-obyektivlikdə, qərəzli mövqe tutmaqda və subyektiv yanaşmada ittiham edə bilərlər. Çünki Azərbaycanın inkişafı, Azərbaycan Prezidentinin apardığı siyasətin nəticələri göz qabağındadır.
Monitorinq komitəsində Azərbaycandakı vəziyyətlə bağlı yalnız məruzəçilər çıxış etmədilər. Onlarla yanaşı, ölkəmizdə olmuş, Azərbaycan həqiqətlərini öz gözləri ilə görmüş komitənin digər üzvləri də danışdılar. Onlar Azərbaycanda dəfələrlə olublar və ölkəmiz haqqında kifayət qədər məlumata malikdirlər. Bunun özü də Azərbaycan haqqında qərəzli danışmağın qeyri-mümkün olmasının ikinci səbəbidir. Artıq iki-üç nəfərin təqdimatı ilə Azərbaycan haqqında rəy formalaşdırmaq mümkün deyil. Azərbaycan dünyaya açıqdır. Hər kəs Azərbaycana gəlib vəziyyətlə yaxından tanış ola bilər. Təbii ki, bu insanların arasında iki-üç nəfər bizə qarşı qərəzli mövqe tutan adam ola bilər, amma qalanları reallığı təqdim edəcək.
- Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ PA-da müzakirələrin aparıldığını duyduq.
- Bilirsiniz ki, AŞ PA prezidenti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə bəyanat verib. Xüsusən də Alt komitənin fəaliyyəti, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü ilə bağlı. Qeyd edək ki, Ermənistan tərəfi bu istiqamətdə həddindən artıq qeyri-konstruktiv mövqe tutur. Onlar, ümumiyyətlə, görüşlərdən imtina edirlər. Görüşlərdən imtina etmələrini də onunla əsaslandırırlar ki, "biz danışıqlar prosesinə müdaxilə etmək istəmirik. Biz Minsk formatını dəyişmək istəmirik. Ona görə də biz AŞ PA çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə görüşlər keçirməyəcəyik."
Bu fikir kökündən yanlışdır. Ona görə ki, AŞ PA heç vaxt danışıqlar prosesinə müdaxilə etmir. AŞ PA-da Dağlıq Qarabağ məsələsinə dair danışıqlar başlayan ilk gündən bəyan etmişik ki, biz Minsk qrupunun fəaliyyətinə müdaxilə etmək fikrində deyilik, müdaxilə edə də bilmərik, çünki mandatımız tamamilə başqadır. Bizim mandatımız, sözün əsl mənasında, 2005-ci ildə Azərbaycan Respublikasının bugünkü Prezidenti, o vaxt nümayəndə heyətinin rəhbəri İlham Əliyev tərəfindən formalaşdırılmış mövqedir. Bu mövqe isə məhz o vaxt AŞ PA-da nümayəndə heyətinin rəhbərliyi altında formalaşmış və qəbul olunmuş Dağlıq Qarabağla bağlı qətnamədir. AŞ-nın Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə bizim üçün AŞ-da və başqa beynəlxalq təşkilatlarda iş aparmaq üçün tövsiyə xarakterli yox - əsas sənəddir. Bu sənəddəki bəndlərin implementasiyası ilə biz məşğul olmağa hazırıq. Bu, Minsk qrupunun işinə müdaxilə etmək söhbəti deyil, əksinə, məqsəd Dağlıq Qarabağ haqqında məlumatı Avropa ictimaiyyətinə, deputatlarına, rəsmilərinə çatdırmaq və Dağlıq Qarabağ haqqında düzgün məlumatı bu insanların şüurunda formalaşdırmaqdır. Belə məsələlərdən əgər ermənilər imtina edirlərsə, demək, onlar düzgün məlumatın yayılmasının əksinə çıxırlar, bu haqda düzgün məlumatı gizlədirlər. Bununla da öz iç üzlərini açmış olurlar. Ona görə biz bu tezisləri, bu məntiqi ortaya qoyanda Ermənistan nümayəndə heyəti geri çəkilə bilmədi. Ona görə görüşə də gəldi, iştirak da etdi. Hətta Azərbaycan nümayəndə heyətinin fəaliyyəti sayəsində növbəti sessiyada görüş baş tutacaq. Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri, hər iki tərəfin müxalifət nümayəndələrinin iştirakı ilə AŞ PA prezidentinin rəhbərliyi altında növbəti görüşü keçirəcək. Bu o deməkdir ki, kim nə qədər çalışsa da, Dağlıq Qarabağ məsələsini beynəlxalq təşkilatların, söhbət təkcə AŞ PA-dan getmir, gündəmindən çıxartsın, alınmayacaq. Bu, mümkün olan bir iş deyil. Biz Dağlıq Qarabağ problemini beynəlxalq qaydalara uyğun olaraq dünyaya təqdim edirik. Biz beynəlxalq qanunlardan kənara çıxmırıq. Kənara çıxmırıqsa, güc bizim tərəfimizdədir, güc bizim tərəfimizdədirsə, erməni bu baxımdan daim bizdən qaçacaq. Amma nə edəsən ki, erməninin arxasında bu boyda güc var, dəstək var.
Milli Məclisin iclaslarının birində çox gözəl bir ifadə işlədildi ki, təəssüflər olsun, bu gün beynəlxalq təşkilatlarda qanunun aliliyi yox, gücün aliliyi var. Bu da beynəlxalq təşkilatlarda böhran vəziyyətinə gətirib çıxarır. Avropa Birliyi, Avropa Şurası özü və yaxud başqa beynəlxalq təşkilatlar bu gün böhran içərisindədirlər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Avropa Şurasının yaz sessiyasında Dağlıq Qarabağla bağlı çox vacib bir məsələ öz həllini tapdı. Və bu istiqamətdə, əlbəttə, işlər davam etdiriləcək. Bu, bir-iki günlük iş deyil, bu, bir sessiyada yekunlaşan məsələ deyil. Misal üçün deyək ki, hətta bu Alt komitəni bağladılar, lakin Dağlıq Qarabağ problemini qapatmaq mümkün deyil ki. Biz Komitənin, hansısa başqa bir qurumun mübarizəsini aparmırıq. Biz Dağlıq Qarabağ haqqında həqiqətlərin mübarizəsini aparırıq. Ona görə bu bağlansa, başqası açılacaq. Ancaq AŞ PA-da nə qədər ki, Azərbaycan öz nümayəndə heyəti ilə təmsil olunub və nə qədər ki, Dağlıq Qarabağ problemi öz həllini tapmayıb, parlamentarilərimiz daim bu məsələni qaldıracaq.
- Deyilənə görə, AŞ PA-nın yaz sessiyasında Türkiyə nümayəndə heyətindən yalnız bir nəfərin iştirak etməsindən ermənilər "ermənisayaq" yararlanmaq istəyiblər?
- Bu sessiyada ən əsas məsələlərdən biri bu oldu ki, ermənilər bir məruzəyə xüsusi əlavələr etmək niyyətində oldular. Bu məruzə Ukraynada "qolodomor" deyilən "böyük aclıq" məsələsi ilə bağlı idi. Məruzəçi Mövlud Çavuşoğlu idi. Rusiya bu məsələyə həddindən artıq maraq göstərirdi. Belə desək, söhbət Avropa Şurasında iki qrup arasında mübarizədən gedirdi. Bir qrup təkid edirdi ki, bu "qolodomor" yalnız Ukraynada olub və Ukrayna xalqına qarşı törədilən bir faciədir. O birisi qrup isə iddia edirdi ki, bu Sovet İttifaqının rəhbərliyi, Stalin tərəfindən törədilmiş bir cinayətdir və yalnız Ukrayna xalqına yox, ruslara, qazax xalqına və digər xalqlara qarşı da bu cür cinayətlər törədilib. Bu ikinci mövqe daha məntiqli idi. Sözün açığı, Prezident Yanukoviç Avropa Şurasına gələrkən bu sualı ona da verdilər. Ukraynanın Prezidenti cənab Yanukoviç birmənalı bildirdi ki, bu, bütün Sovet İttifaqına daxil olan xalqların faciəsidir. Bu, işin mahiyyəti idi. Ancaq bu məsələyə kim müdaxilə etdi - ermənilər. Onlar dörd əlavə ilə müdaxilə etdilər ki, bu soyqırımdır və bu soyqırımdırsa və onu tanımaq məsələsi varsa, onda Türkiyənin Ermənistana qarşı törətdiyi "soyqırım" da tanınmalıdır və bu məsələyə hüquqi qiymət verilməlidir. Ermənilər gözlənilməyən, lakin əvvəlcədən düşünülmüş əlavələr etdilər. Bu, Azərbaycan və Türkiyə üçün xüsusi ilə qəbul olunmazdır. Ancaq bu sessiyada çox maraqlı bir hadisə baş verdi. Budəfəki sessiyada obyektiv səbəblərə görə Türkiyə nümayəndə heyəti iştirak etmirdi. Sessiyada Türkiyədən yalnız bir millət vəkili iştirak edirdi. Təsəvvür edin, Türkiyə nümayəndə heyəti yox, Ermənistan isə bu dörd əlavəni edirsə, bütün mahiyyət dəyişir, AŞ-nın sənədlərində bu artıq öz əksini tapır. Soyqırımla bağlı sənədlərdə göstərilir ki, "ermənilərin soyqırım" məsələsi öz əksini tapmalıdır. Bu, həm Türkiyəni, həm Azərbaycanı pis vəziyyətdə qoyur, Ermənistan isə udur. Ermənilər belə gözəl fürsəti əldən vermək niyyətində deyildi. Ancaq bizim birliyimiz, Türkiyə ilə əlaqələrimiz, mənəvi öhdəliklərimiz Azərbaycan nümayəndə heyətini bu işdə çox aktiv fəaliyyət göstərməyə vadar etdi. Biz bu dörd əlavənin rədd edilməsi ilə bağlı çox məntiqli fəaliyyət göstərdik. Nəticədə Assambleyada bu məsələ müzakirə olunanda keçmədi. Bununla bağlı ölkəmizdəki Türkiyə səfirindən Azərbaycan nümayəndə heyətinin gördüyü işlər barədə Türkiyədə böyük əks-səda yaratması haqqında xüsusi təşəkkür məktubu almışam. Məktubda qondarma "soyqırım məsələsi"nin Ermənistan tərəfindən sənədlərə daxil olunmasının qarşısını alan Azərbaycan nümayəndə heyətinə dərin minnətdarlıq bildirilir.
- Azərbaycanda qarşıdan gələn parlament seçkilərini müşahidə edəcək AŞ-nın müşahidəçi missiyası nə vaxt formalaşacaq?
- Bizim üçün ən önəmli məsələlərdən biri də qarşıdan gələn parlament seçkiləridir. İyun ayında qurumun ölkəmiz üzrə növbəti məruzəçisi təyin olunacaq. Seçkilərlə bağlı AŞ-nin nümayəndə heyəti formalaşmaq üzrədir. Nümayəndə heyətinə müxtəlif partiyaların üzvləri daxil olacaq. Təbii ki, biz istərdik Azərbaycana obyektiv insanlar gəlsinlər və seçkiləri düzgün qiymətləndirsinlər. Biz bilirik ki, seçkilər çox yüksək səviyyədə keçəcək, artıq Azərbaycanda demokratik ənənələr formalaşıb. Yenə də Azərbaycanın "dostları" çalışacaqlar ki, müxtəlif tərzdə ölkəmizi sağa-sola çəksinlər. Amma bunun qarşısını almaq üçün bizə kömək, dəstək lazım deyil, sadəcə, məsələləri obyektiv əks etdirmək və münasibət bildirmək lazımdır. Bu məsələləri həll etmək üçün biz iş aparırıq. Müşahidə heyəti iyun və sentyabr sessiyalarında formalaşacaq. İyun ayında ölkəmizin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzə olacaq. Bundan sonra cənab Herkel öz səlahiyyətlərini başa çatdıracaq. Hansı məruzəçinin gələcəyini deyə bilmərəm, bu AŞ-nın məsuliyyətidir. Ancaq biz istərdik ki, AŞ Azərbaycanla münasibətləri konstruktiv inkişaf etdirmək istəyirsə, obyektiv, qərəzsiz, öz vəzifəsinə məsuliyyətlə yanaşan bir insanı seçsin.
Azərbaycan.- 2010.- 13 may.- S.
5.