Görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş "Klassik Azərbaycan filologiyası və müasir problemlər" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

 

Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində "Klassik Azərbaycan filologiyası və müasir problemlər" mövzusunda görkəmli ədəbiyyatşünas alim, tənqidçi və şair Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

Tədbirin əvvəlində universitetdə C.Xəndan adına auditoriyanın və "Azərbaycan və dünya ədəbiyyatı tarixi" kafedrasında yaradılmış Cəfər Xəndan xatirə guşəsinin açılışı olmuşdur.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov tədbiri açaraq, C.Xəndanın həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir. Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. Gəncə Pedaqoji Texnikumunu, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. M.F.Axundov adına Müəllimlər İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı, ADPİ-nin kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, "Ədəbiyyat qəzeti"nin məsul katibi vəzifələrində işləmişdir. 1939-cu ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya fakültəsinin dekanı, universitetin rektoru vəzifələrində çalışmışdır. 1950-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

C.Xəndan həm də görkəmli sabirşünas alim kimi tanınır. Onun 1940-cı ildə Mirzə Ələkbər Sabir haqqında yazdığı "Sabir" monoqrafiyasında şairin həyatı, zəmanəsi, satirasının ideya-bədii xüsusiyyətləri dolğun elmi həllini tapmışdır.

Konfransın əsas iclasında "Cəfər Xəndanın həyat və yaradıcılıq yolu", "Cəfər Xəndanın poeziyası", "Cəfər Xəndan tənqidi ədəbi proses və zaman kontekstində" mövzularında məruzələr dinlənilmişdir.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, BDU-nun professoru Qara Namazov və başqaları alimlə bağlı xatirələrini bölüşmüş, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açmışlar.

Tədbirdə filologiya fakültəsinin tələbələrinin ifasında şairin şeirlərindən parçalar səslənmişdir.

Sonda alimin oğlu akademik Akif Hacıyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Konfransda Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev iştirak etmişdir.

Konfransda 6 bölmədə 60 məruzə dinlənilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 may.- S.  5.