Neft sənayesində nanotexnologiyanın tətbiqi

 

Azərbaycan Respublikası Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatına təqdim edilmiş "Neft sənayesində nanotexnologiya" (fundamental elmi araşdırmalar, ixtira və tətbiq) adlı iş diqqətimi çəlb etdi. Bu iş müasir dövrdə dünya elminin prioritet istiqamətlərindən olan nanotexnologiyanın neft sənayesi sahəsində tətbiqinə həsr edilib və elmin son nailiyyətlərindən hesab edilən nanotexnologiya üzrə mükəmməl tədqiqatdır.

Son illər dünyanın inkişaf etmiş ölkələrində nanoölçülü materialların sintezi sahəsindəki uğurlar bu materialların genişmiqyaslı sənaye sınaqlarına və tətbiqinə gətirib çıxarmışdır. Artıq nanoelmin inkişafı nəticəsində müəyyən edilmişdir ki, maddəni təşkil edən hissəciklərin ölçüləri nanoölçü tərtibində olduqda onların fiziki, kimyəvi və digər xassələri kəskin olaraq dəyişir və nəticədə maddə yeni xassələrə malik olur. Lakin hissəciklərin ölçüləri kiçildikcə onların xassələrinin stabilliyi azalır və bu da nanomaterialların stabilləşdirilmə texnologiyasının yaradılması zərurətini yaradır. Eyni zamanda, fiziki və kimyəvi xassələrin nanoölçülü sistemlərdə kəskin olaraq dəyişməsi bu cür materialların geniş tətbiqinə də imkan yaradır. Nanotexnologiyanın sürətli inkişafı kimya sənayesinə daha çox yeniliklər gətirir. Son zamanlar, yüksək effektivliyə malik katalitik nanohissəciklərin alınmasında böyük uğurlar əldə edilmişdir və bu materiallar müxtəlif mühitlərdə katalizator kimi müvəffəqiyyətlə istifadə edilməyə başlanılmışdır. Nanomateriallar adsorbsiya, desorbsiya proseslərində və yeni katalitik sistemlərin istifadəsində öz tətbiqini uğurla tapır. Neft sənayesinin ən mühüm problemlərindən biri neftayırma və neftçıxarma sistemlərində yeni texnoloji üsulların elmi əsaslarının işlənib hazırlanmasıdır.

Dünya bazarında neftin qiymətinin sürətlə dəyişməsi, ona artan tələbat yeni texnologiyaların tətbiqini aktual bir problem kimi önə çəkir. Bu tələbatı yalnız yeni neft yataqlarının axtarışı, mövcud yataqların istismarı hesabına ödəmək olmaz və buna həm də uzun müddət istismar edilmiş neft quyularında qalıq neftin çıxarılması hesabına da ödəmək olar. Mütəxəssislərin verdiyi məlumata görə, neftçıxarma ilə məşğul olan ölkələrin istismar etdiyi neft yataqlarının 50-65 faizi çətin istismar edilə bilən yataqlardır ki, bunların da əksəriyyəti istismar nəticəsində sulaşmış və parafinləşmiş yataqlardır. Ona görə də bu cür yataqların istismarı iqtisadi cəhətdən rentabelli deyil və onların istismarı dayandırılmışdır. Lakin bu yataqlarda hələ də kifayət qədər neft var və bu neftin istismarı üçün yeni texnologiyaların tətbiqi zəruridir.

Azərbaycanda istismar nəticəsində çoxlu sayda sulaşmış, qeyri-rentabelli neft quyuları var və həmin quyulardan yeni elmi tutumlu texnologiyaları tətbiq etməklə qalıq neftin çıxarılması tarixi zərurətə çevrilmişdir. Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin alim və mütəxəssisləri tərəfindən neftçıxarmada istifadə etmək üçün nanoölçülü metal hissəciklərin alınması texnologiyası işlənib hazırlanmış, əvvəlçə laboratoriya şəraitində və sonra isə neft quyularında sınaqdan keçirilmişdir. Sınaq işləri nəticəsində müəyyən edilmişdir ki, lay sularının metal nanohissəcikləri ilə işlənməsi zamanı sistemdə təzyiqin artmasına səbəb olan karbon qazının ayrılması müşahidə olunmaqla mühitin turşuluğu artır. Metal nanohissəciklərinin neft quyularına daşıyıcılar vasitəsi ilə suspenziya halında daxil edilməsi nəticəsində aşkar edilmişdir ki, nanohissəciklər sulaşmış laylarda mövcud olan karbonatlarla reaksiyaya girərək karbon qazı yaradır və nəticədə sistemdə təzyiq artır. Bu prosesdə eyni zamanda, daşıyıcı və stabilləşdirici rolunu oynayan səthi aktiv maddələr də mühitdə əlavə karbon qazı yaradır. Nəticədə turşuluğun və təzyiqin artması hesabına təbəqələşmə baş verir və neft sistemin səthinə toplaşır. Bu təbəqələşmə zamanı proses güclü axına səbəb olur, lay süxurlarının yuyulması baş verir və neft axını lay quyu sisteminin keçiricilik qabiliyyətini yaxşılaşdırır, kollektora əlavə maye axınına şərait yaradır. Nəticədə layların neftvermə əmsalı yüksəlir, çıxan mayedə suyun miqdarı azalır və neftçıxarma üçün enerji sərfi xeyli aşağı düşür. Nanotexnologiyanın tətbiqi nəticəsində neft hasilatı 2,0-2,5 dəfə artır, neftin çıxarılmasna sərf olunan enerjiyə 15 faizə qədər qənaət edilir, quyulardan çıxarılan mayedə suyun miqdarı 18-24 faizə qədər azalir. Alınmış bu nəticələr dünyanın neftlə zəngin ölkələrində kiçik hasilatlı və sulaşmış quyularda uğurla tətbiq edilə bilər, onun böyük elmi və praktik əhəmiyyəti var. Hesab edirəm ki, A.X.Mirzəcanzadənin, A.M.Məhərrəmovun, R.İ.Abdullayevun, X.B.Yusifzadənin, E.Q.Şahbazovun, R.Ə.Qurbanovun, S.F.Əhmədovun, M.Ə.Ramazanovun, Ş.Ş.Şəfiyevin , E.A.Kazımovun həmmüəllif olduqları "Neft sənayesində nanotexnologiya" işinin yüksək elmi və praktik əhəmiyyəti var və Azərbaycan Respublikasının Elm üzrə Dövlət mükafatını almağa layiqdir.

 

 

Siyavuş QARAYEV,

Azərbaycan Dövlət Neft

Akademiyasının rektoru,

akademik, əməkdar elm xadimi

 

Azərbaycan.- 2010.-  13 may.- S.  5.