Türkmənistanda ümummilli
lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı
keçirilmişdir
Mayın 10-da Aşqabaddakı "Prezident" mehmanxanasında Milli Məclisin deputatı Hüseynbala Mirələmovun Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən türkmən dilinə tərcümə edilmiş "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Qeydar Aliev" kitabının təqdimatı keçirilmişdir.
Səfirliyin təşkilatçılığı ilə keçirilmiş mərasimdə Türkmənistan hökumətinin üzvləri, o cümlədən bu ölkənin Xarici İşlər, Mədəniyyət və Teleradioyayım nazirliklərinin, Elmlər Akademiyasının, Türkmənistan Demokratik Partiyasının, Prezident yanında İnsan Hüquqları və Demokratiya İnstitutunun nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları, azərbaycanlı alimlər, ölkəmizin xarici siyasət idarəsinin əməkdaşları, Aşqabadda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak etmişlər.
Mərasimdə səfir Vəhdət Sultanzadə, Milli Məclisin komitə sədri Hadi Rəcəbli və Türkmənistanda yaşayan azərbaycanlı iş adamı Həşim Səftərov çıxış edərək türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevə həsr olunmuş bu kitabın türkmən dilində işıq üzü görməsinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında yüksək səviyyəli dialoqun, eləcə də ümumi tarixi, mədəni və mənəvi köklərə malik Azərbaycan və türkmən xalqlarının dostluğunun bariz nümunəsi olduğunu vurğulamışlar. Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film göstərilmişdir.
Mərasimdə
milli rəqslər ifa olunmuş, Türkmənistanın xalq
artisti Gülşad Qurdovanın ifasında Azərbaycan və
türkmən mahnıları səslənmişdir. Mərasim
iştirakçılarına "Qeydar Aliev" kitabı hədiyyə
edilmişdir. Azərbaycanın Aşqabaddakı səfirliyinin
sifarişi ilə Türkmənistanın Dövlət Nəşriyyat
Xidməti tərəfindən 1200 tirajla çap edilmiş bu
kitab Türkmənistanın bütün kitabxanalarına
paylanılmışdır.
Azərbaycan.- 2010.- 13 may.- S.
7.