80 yaşlı aqrar elm ocağı

 

Azərbaycan Kənd Təsərrüfatı Akademiyası respublikada kənd təsərrüfatı mütəxəssisləri hazırlayan yeganə ali təhsil müəssisəsidir. Böyük maddi-texniki bazaya malik və yüksək ixtisaslı professor-müəllim kollektivini özündə birləşdirən akademiyanın maraqlı və zəngin inkişaf tarixi var.

Bu gün illər ötüb keçsə də məzunlarının yaddaşına yazılan xatirələr vaxtaşırı vərəqlənir, hekayətlərə çevrilir. Şərəfli müəllim adını uca tutanların adı həmişə anılır. Bu elm və təhsil ocağına vətəndaşlıq pasportu verən alimləri - tələbə-müəllim münasibətlərində örnək sayılan akademik Validə Tutayuku, professor Məmmədyusif Axundzadəni, Raul Qədimovu, Məmməd Balayevi, Ağa Əliyevi, Nurəddin Şirinovu, Cabbar və Firuzə müəllimləri, Nizami Kərimovu, Qələndər Nəbiyevi, Akif Axundovu, Məzahir müəllimi, Sona Həşimovanı, İsa müəllimi, Siyavuş müəllimi, Çingiz müəllimi, İbrahim müəllimi, Kamil müəllimi xatırlamamaq mümkün deyil. Kənd Təsərrüfatı Akademiyasının baş inzibati korpusu Gəncə şəhərində 1918-ci ilin 28 mayında elan olunmuş ilk Azərbaycan Cümhuriyyətinin yarandığı binada yerləşir. Dövlətin protokollarına uyğun olaraq şəhərə gələn qonaqlar bu binanı mütləq ziyarət edirlər.

İnstitutun əsası bir fakültə kimi Azərbaycan Politexnik İnstitutunda qoyulub. Bu təşəbbüsün müəllifi görkəmli dövlət xadimi Nəriman Nərimanov olub. 1929-cu ildə hökumətin qərarı ilə ayrıca Kənd Təsərrüfatı İnstitutu yaradılıb. 1920-29-cu illərdə kənd təsərrüfatı fakültəsinin cəmi 66 nəfər məzunu olub. Ali məktəb olandan sonra ictimai sifarişə uyğun olaraq fakültələr, ixtisaslar yaranmağa başlayıb. Sovetlər dönəmində Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasından sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun adı çəkilirdi. Geniş profilli mütəxəssislər hazırlanmasına görə, 1970-80-ci illər institutun fəaliyyətində intibah dövrü adlanır deyənlərin fikrində böyük həqiqət var. Həmin illərdə institutda aqronomluq, meyvə-tərəvəzçilik, baytarlıq, kənd təsərrüfatının mexanikləşdirilməsi, kənd təsərrüfatının elektrikləşdirilməsi, iqtisadiyyat, zoomühəndislik, bitki mühafizəsi, üzümçülük, şərabın ilkin emalı, yer quruluşu, meşəçilik və s. ixtisaslar üzrə mütəxəssislər hazırlanırdı. Uzun müddət institutun tabeçiliyi SSRİ Kənd Təsərrüfatı Nazirliyinə məxsus idi. Bunun nəticəsində tələbələr keçmiş ittifaqın ayrı-ayrı şəhərlərində təcrübə keçirdilər. Məzunların təyinatı məsələlərində bu amil başlıca rol oynayırdı.

16 may 1979-cu ildə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında və aqrar elmin inkişafında xidmətlərinə görə, institut o dövrün ali dövlət mükafatı ilə "Şərəf nişanı" ordeni ilə təltif edilib. Elə həmin illərdə institut üçün tələbə şəhərciyi tikilib, baytarlıq klinikası yaradılıb. Gəncə şəhərində ən böyük kitabxana Kənd Təsərrüfatı İnstitutunun kitabxanasıdır. Ötən əsrin 80-ci illərində kitabxananın 500 min cild elmi ədəbiyyatı vardı. 7400 hektar torpaq sahəsi olan Qovlar tədris-təcrübə təsərrüfatı institutun elmi-tədris fəaliyyətinə geniş imkanlar yaradırdı. İlk baxışda adi bir rəqəm kimi görünən faktlar indi də kollektivə üzağlığı gətirir. Akademiyada çalışan müəllim heyətinin 40 faizini qadınlar təşkil edir.

İnstitutun ömürlüyündə maraqlı, bu gün də təbliğ olunası bir səhifə var. 1968-ci ilin mart ayında institutda yeni bir fakültə-ictimai peşə fakültəsi fəaliyyətə başladı. Fakültənin əsas vəzifəsi tələbələrin fərdi yaradıcılıq istedadlarını aşkara çıxarmaq, inkişaf etdirmək, onlara ikinci peşə öyrətməkdən ibarətdir. Sonrakı illərdə bu fakültənin məzunları həyatın, xüsusilə, mədəniyyətin müxtəlif sahələrində özlərini təsdiq etdilər. Məzunlar çalğı alətləri, xoreoqrafiya, foto, kino, rejissorluq, jurnalistika, teatr, rəssamlıq, musiqişünaslıq sahələrinə aid əsas bilik və vərdişlərə yiyələndilər.

Ötən əsrin 90-cı illərində institutun həyatında sınağa çəkilən anlar oldu. Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonra bir müddət burada müəyyən gərginlik yaşandı. 1993-cü ildən başlayaraq kənd təsərrüfatında mülkiyyət formasının dəyişdirilməsi, özəl təsisatların yaradılması istər-istəməz Kənd Təsərrüfatı Akademiyasının təhsil mühitində də təsirsiz qalmadı.

Artıq sınağa çəkilən anlar, kollektivin taleyinin necə olacağı düşüncələri arxada qalıb. Mübaliğəsiz demək olar ki, 80 yaşlı Azərbaycan Kənd Təsərrüfatı Akademiyası zamanın sınaqlarından üzüağ çıxdı.

 

 

Vüqar TAPDIQLI

 

Azərbaycan.- 2010.-13  may.- S.  7.