Heydər Əliyev Fondu ilə
tanışlıq
Serbiya Respublikasının Prezidenti Boris Tadiç mayın 13-də Heydər Əliyev Fondunda olmuşdur.
Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədləri və fəaliyyəti barədə məlumat verildi.
Serbiya Prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar və fotoşəkillərlə tanış oldu.
Fondla tanışlıq zamanı Serbiya Prezidentinə məlumat verildi ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın ümummilli lideri adını qazanmışdır. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Serbiya Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.
Prezident Boris Tadiç fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. Serbiya Prezidentinə fondun nəşri olan "Muğam aləmi" musiqi albomu hədiyyə edildi.
Ali qonaq
fonddan zəngin təəssüratla ayrıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 14
may.- S. 3.