Serbiya Prezidenti Boris Tadiç Milli Məclisdə
olmuşdur
Azərbaycanda rəsmi səfərdə
olan Serbiya Respublikasının Prezidenti Boris Tadiç mayın
13-də Milli Məclisə gəlmişdir.
Parlamentin binası
önündə ali qonağı Milli Məclisin Sədri Oqtay
Əsədov və digər rəsmi şəxslər
qarşılamışlar.
Serbiya Prezidenti Milli Məclisin
iclas salonuna baxmış, parlamentin binasındakı Heydər Əliyev
Xatirə zalında olmuşdur. Burada qonağa ümummilli
liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin,
dövlət və hökumət üzvlərinin müxtəlif
illərdə Azərbaycana səfərləri zamanı Heydər
Əliyevlə görüşlərini əks etdirən
fotoşəkillər, tarixi sənədlər, eləcə də
Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkə
parlamentləri ilə əlaqələrin qurulmasında ulu
öndərin xidmətləri barədə məlumat
verilmişdir.
Sonra Milli Məclisin Sədri
Oqtay Əsədov ilə Serbiya Prezidenti Boris Tadiçin
görüşü olmuşdur.
Oqtay Əsədov ölkələrimiz
arasında əlaqələrin qədim tarixindən
danışmış, müstəqilliyimizi bərpa etdikdən
sonra münasibətlərimizin yeni müstəvidə
inkişaf etdiyini bildirmiş və bunu müsbət dəyərləndirmişdir.
Milli Məclisin Sədri bildirmişdir ki, münasibətlərimizin
belə yüksək səviyyəyə çatmasında
dövlətlərimizin başçılarının
müstəsna xidmətləri vardır. Dövlətlərimizin
başçılarının siyasi iradəsi bütün sahələrdə
əməkdaşlığımızın genişlənməsinə
təkan verəcəkdir. Hesab edirik ki, parlament sədrlərinin,
eləcə də digər dövlət və hökumət
üzvlərinin qarşılıqlı səfərləri hər
iki tərəfə fayda gətirəcəkdir. Sizin bu səfəriniz
zamanı imzalanmış sənədlər də əməkdaşlığımızın
hərtərəfli inkişafı üçün möhkəm
hüquqi baza yaratmışdır.
Milli Məclisin Sədri dövlətlərimiz arasındakı münasibətlərin möhkəmlənməsində parlamentlərin rolunu qeyd etmiş, hər iki ölkənin parlamentində dostluq qruplarının yaradıldığını bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Oqtay Əsədov bu məsələdə Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Serbiyanın dövlət başçısına minnətdarlıq etmiş, həmin siyasətin dəyişməyəcəyinə ümidvar olduğunu bildirmişdir.
Prezident Boris Tadiç Azərbaycanda olmaqdan məmnun qaldığını vurğulamış və demişdir: "Bu, mənim Serbiya Prezidenti kimi Azərbaycana ilk səfərimdir. Bu, həm də o deməkdir ki, biz tarix yazırıq. Səfərimizin əsas məqsədi sadəcə, xalqlarımızın üzləşdiyi problemləri müzakirə etmək deyil, həm də əməkdaşlığımızın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır".
Ali qonaq bildirmişdir ki, Serbiyada və Azərbaycanda çoxlu sayda millətlər, xalqlar, dinlər və təriqətlər vardır. Biz slavyan dil qrupuna daxil olsaq da, dilimizdə çoxlu türk sözləri vardır. Bu bizi daha da yaxınlaşdırır. Serbiya Prezidenti dost ölkələrimiz arasında əlaqələrin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq demişdir ki, Serbiya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyəcəkdir. Bu bizim üçün prinsip məsələsidir.
Prezident Boris
Tadiç parlamentlərin rolundan danışaraq qanunverici
orqanlar arasında əməkdaşlığı yüksək
dəyərləndirmiş, Azərbaycan parlamentinə gələcək
fəaliyyətində uğurlar arzulamışdır.
AzərTAc
Azərbaycan.-
2010.- 14 may.- S. 3.