Bakıda Azərbaycan-Serbiya biznes-forumu
keçirilmişdir
Mayın 13-də Bakı
Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı ilə
ilk Azərbaycan-Serbiya biznes-forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan və
Serbiya tərəfdən hökumət rəsmiləri ilə
yanaşı, kənd təsərrüfatı, qida sənayesi,
enerji, əczaçılıq, neft və kimya, tikinti, nəqliyyat
və digər sahələrdə fəaliyyət göstərən
40-a yaxın iş adamı iştirak etmişdir.
Biznes-forumda iqtisadi inkişaf
nazirinin müavini Niyazi Səfərov Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
uğurla həyata keçirilən layihələr,
sahibkarlığın inkişafı istiqamətində
görülən tədbirlər, son illər
qazanılmış nailiyyətlər barədə ətraflı
danışmışdır. Bildirmişdir ki, dünyanı
bürümüş iqtisadi və maliyyə böhranına
baxmayaraq, ötən ilin yekunlarına görə, ölkədə
ümumi daxili məhsul (ÜDM) 9,3 faiz, sənaye istehsalı
12,8 faiz artmışdır. İqtisadi inkişaf templəri
cari ilin ilk rübündə də saxlanılmış, bu
dövrdə ÜDM 5,4 faiz, pərakəndə əmtəə
dövriyyəsi 8,3 faiz, əhalinin nominal gəlirləri 6,5
faiz yüksəlmişdir.
1995-ci ildən indiyədək
Azərbaycan iqtisadiyyatına 70 milyard ABŞ dollarından
artıq investisiya qoyulduğunu, bu sərmayələrin
yarısının xarici şirkətlərin payına
düşdüyünü qeyd edən N.Səfərov Azərbaycanın
investisiyalar üçün çox əlverişli ölkə
olduğunu söyləmişdir. Həmçinin Azərbaycanın
mühüm beynəlxalq və regional layihələrin həyata
keçirilməsində qabaqcıl mövqeyi nəzərə
çarpdırılmış, bu sırada
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin
mühüm rolu vurğulanmışdır. Azərbaycanın
regionda lider mövqeyi faktlarla qonaqların diqqətinə
çatdırılmışdır.
Biznes-forumunun məqsədindən
danışan nazir müavini bildirmişdir ki, ölkələrimiz
arasında ticarət-iqtisadi əməkdaşlıq arzuolunan səviyyədə
deyildir. Ötən il Azərbaycan ilə Serbiya arasında
ticarət dövriyyəsi 1 milyon dollardan bir qədər
çox olmuşdur. Lakin əlaqələrin daha da genişləndirilməsi
üçün böyük imkanlar vardır və onlardan
mütləq istifadə etmək lazımdır.
Sonda N.Səfərov Serbiya
şirkətlərinin Azərbaycanda fəaliyyətlərini
qurmaq üçün münbit şəraitin olduğunu,
işgüzar görüşlərin əhəmiyyətini
vurğulamışdır.
Serbiyanın İqtisadiyyat və Regional İnkişaf Nazirliyinin nümayəndəsi, dövlət katibi Ciric Neboyja ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, hazırda isə iqtisadi əməkdaşlığın artırılmasının vacibliyini nəzərə çarpdırmışdır. İlk biznes forumunun daha çox tanışlıq xarakteri daşıdığını qeyd edən qonaq iş adamları arasında ikinci görüşün cari ilin sentyabr-oktyabrında Belqradda keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat vermiş və iş adamlarını investisiya layihələrində birgə iştiraka dəvət etmişdir.
AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes imkanları və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, Serbiyanın Biznes Assosiasiyasının prezidenti Branislav Qrujiç ölkəsinin iqtisadi imkanları barədə təqdimatlar etmişlər.
Forum çərçivəsində
keçirilmiş ikitərəfli görüşlərdə
Azərbaycan və Serbiya iş əlaqələrinin genişləndirilməsi
imkanları müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 14 may.- S. 3.