Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ilə görüşmüşdür

 

Mayın 13-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva hörmətli qonağı böyük səmimiyyətlə qarşıladı, xanım Sandra Elizabet Rulofsu yenidən Bakıda görməkdən məmnunluğunu bildirdi.

Mehriban xanım Əliyeva xanım Sandra Rulofsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə qonaqları Heydər Əliyev Fondunda salamlayaraq bu görüşlərin artıq ənənəvi xarakter aldığını, əməkdaşlığın getdikcə daha da genişləndiyini söylədi. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu ilə Gürcüstanın birinci xanımının rəhbərlik etdiyi "Soko" Fondu arasında səhiyyə, təhsil sahələrində bir çox birgə layihələr həyata keçirildiyini bildirdi.

Mehriban xanım Əliyeva Gürcüstanın birinci xanımı ilə hər görüşdən sonra yeni birgə layihələrin həyata keçirilməsinə başlanılmasını məmnunluqla qeyd etdi.

Xanım Sandra Elizabet Rulofs xoş sözlərə, hər görüşdə hiss etdiyi səmimi münasibətə görə Mehriban xanıma təşəkkür etdi.

Gürcüstanın nümayəndə heyətini təqdim edən Sandra Elizabet Rulofs "Soko" Fondunun filialı olan nadir xəstəliklər üçün alyans barədə məlumat verdi. Bildirdi ki, bu qurum qan xərçəngindən əziyyət çəkən uşaqlara yardım etməklə məşğuldur. Azərbaycana səfəri çərçivəsində alyansın əməkdaşları bu sahəyə dair təcrübə mübadiləsi aparacaqlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 may.- S.  4.