Daim xalqla birlikdə

 

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi siyasətində vətəndaşın sosial rifah amili daim öndə dayanır

 

 Tarix boyu hər bir ölkədə hakimiyyətin xalqa xidmət səviyyəsi, ilk növbədə, onun ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi əsasında müəyyənləşib. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa çalışıb. Hər bir vətəndaşın mənafeyinə hesablanmış sosial-iqtisadi islahatları uğurla gerçəkləşdirməyi qarşıya məqsəd qoyub. Vətəndaş mənafeyinə cavab verən bu qayğıkeş siyasət həm də ictimaiyyətin hakimiyyətə olan etimadını artırıb. Məmur təbəqəsini ümumi məqsədlər naminə vahid komanda kimi işləməyə, qarşıya qoyduğu vəzifələri işlək mexanizmlər əsasında gerçəkləşdirməyə sövq edib. Bu yanaşma səlahiyyətinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi kimi dəyərləndirən möhtərəm Prezidentimiz İlham Əliyevin idarəçilik konsepsiyasında da özünü qabarıq göstərir. Ötən 7 ildə xalq qarşısında verdiyi vədlərin hər birini əməli işi ilə doğruldan dövlət başçısı hər bir addımında vətəndaşların sosial mənafeyi, şəxsiyyət və insan amilini əsas tutur.

 

Vətəndaşa layiqli xidmət örnəyi

 

 Dövlət idarəçiliyi sisteminə yeni ruh və müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin başlıca təminatı hesab edir. Eyni zamanda mövcud nöqsanlar, çatışmazlıqlar ətrafında obyektiv müzakirələrin açılması yolu ilə onların tez bir zamanda aradan qaldırılmasına çalışır. Hələ hökumətin 2003-ci il 17 noyabr tarixdə keçirilmiş ilk iclasındakı çıxışında "Biz xalqın xidmətçisiyik. Hər bir məmurun vəzifəsi xalq üçün çalışmaq, ona göstərilmiş etimadı doğrultmaqdır", - deyən dövlət başçısı ötən 7 ildə məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirir. Vətəndaşların görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri sayır. Bu cür hesabatlar həm də konkret zaman kəsiyində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin uğurlarının ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilib.

Hökumətin hər rüb üzrə hesabatlarının açıqlanması Azərbaycanda dövlət idarəçiliyinin səmərəliliyi ilə yanaşı, şəffaflığına dəlalət edir. İctimaiyyətin də böyük maraqla qarşıladığı bu toplantılar, eyni zamanda ölkəmizin qısa müddətdə qazandığı böyük uğurlara, möhtəşəm nailiyyətlərə işıq salır. İqtisadi sahədə qazanılan uğurlar özünü quru və çansıxıcı rəqəmlərdə deyil, həm də vətəndaşların gündəlik həyatında, məişətində, yaşayış tərzində əksini tapır. Bir daha təsdiqlənir ki, möhtərəm Prezidentimiz İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə xalqın xoş gününün təminatçısıdır, sevincli günlərinin, firavanlığının səbəbkarıdır.

"Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən cənab İlham Əliyev son 7 illik fəaliyyətində bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirib. Xalqın xoş gününə, rahat yaşayışına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə də insanların yanında olub. Onlara diqqət və qayğısını, köməyini, sevgisini əsirgəməyib. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşüb, səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edib. Cənab İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxıb. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə də nail olub. Bütün bunlar isə dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırıb, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaradıb. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlib.

Cənab İlham Əliyevin dövlət idarəçiliyində qazandığı uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirir. Bu günlərdə Kür çayının daşması ilə bağlı Azərbaycanın bəzi rayonlarında yaranmış çətin vəziyyətlə əlaqədar operativ müşavirələr keçirməsi, daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan vətəndaşlarla yerindəcə görüşməsi, onların qayğı və problemlərinin həlli üçün aidiyyəti qurumlara lazımi göstərişlər verməsi bir daha təsdiqləyir ki, cənab İlham Əliyev üçün insan amili bütün məqsədlərin fövqündə dayanır!

 

Ekstremal vəziyyətlərə çevik reaksiya

 

 Siyasi liderliyi şərtləndirən mühüm meyarlardan biri də ən çətin, ekstremal situasiyalara hazır olmaq və yaranmış çətinliklərdən optimal çıxış yolları tapmaqdır. Əsl siyasi lider dövlət və cəmiyyət həyatı üçün istənilən təhlükə meyillərinə qarşı qətiyyətli mövqe tutur. Mövcud şəraitə adekvat tədbirlər həyata keçirməklə yanaşı, ən çətin anlarda xalqının önündə olur. Yalnız ictimai mənafelərə əsaslanaraq qərar qəbul edir. Milli maraqlardan bir addım belə geri çəkilmir. Bütün bunlar da hər bir dövlət rəhbərindən siyasi peşəkarlıq, erudisiya, uzaqgörənlik, praqmatizm, qətiyyətlilik, ən başlıcası, xalqına bağlılıq kimi mühüm keyfiyyətlər tələb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin respublikaya rəhbərlik illərini diqqətlə nəzərdən keçirdikdə, onun bu tələblərə cavab verən, xalqının maraqlarını hər şeydən uca tutan lider olduğu bir daha aydın görünür. Dövlət başçısı ötən müddətdə mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirməklə cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edib, respublikanın bütün problemlərinə həssaslıqla yanaşıb. Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri də onun ölkədə baş vermiş istənilən ekstremal vəziyyətdə operativ və düzgün qərarlar qəbul etməsi, bu zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir. "Bizi xalq seçib, bizim də vəzifəmiz odur ki, xalqın etimadını öz fəaliyyətimizlə doğruldaq" - deyən cənab İlham Əliyev hər hansı fövqəladə vəziyyət zamanı hökumət üzvlərini dərhal monolit komanda kimi səfərbərliyə alır, lazımi tapşırıqlar, göstərişlər verir. Eyni zamanda perspektivdə həyata keçiriləsi işlərlə bağlı dəyərli təklif və tövsiyələrini açıqlayır.

Dövlət rəhbəri komandasında təmsil olunan şəxslərlə sadə, səmimi və qarşılıqlı hörmətə, məsuliyyətə əsaslanan rəftarın tərəfdarıdır. Amma bütün bunlar yeri gəldikcə cənab İlham Əliyevin yetərincə prinsipial qərarlarını, qəti addımlarını da istisna etmir. Dövlət başçısı hökumətin fəaliyyətini son 7 ildə özünəməxsus tələbkarlıqla saat mexanizmi kimi təkmilləşdirib, "cilalayıb". İdarəçilik sistemində özünü göstərən cüzi qüsurların belə aradan qaldırılması üçün ardıcıl kadr və struktur islahatları həyata keçirib. Xalqa layiqli xidmət məramını vəzifədə irəli çəkdiyi kadrlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırıb. "Xalqa doğru - haqqa doğru" prinsipinə əsaslanan bu siyasət vətəndaşların dövlət rəhbərinə olan sevgisini, rəğbətini, inamını daha da artırıb.

Ölkə vətəndaşları çətin anlarda ilk dəstəyi həmişə inanıb etimad göstərdikləri liderdən - dövlət rəhbərindən alıblar. Möhtərəm Prezidentimiz hələ səlahiyyətlərinin icrasına başladığı ilk aylarda - 2004-cü ilin yanvarında Lənkəran şəhərində yaşayış binasının uçmasına çevik reaksiya göstərdi. Dərhal hadisə yerinə getdi, zərərçəkənlərə maddi yardım göstərilməsi üçün tapşırıqlar verdi. Eyni zamanda qayğıkeş və insanpərvər addımları ilə dövlət məmurlarına əsl nümunə, örnək göstərdi.

Bu cür faktlar yetərincədir: məsələn, cənab İlham Əliyev 2005-ci ilin iyun ayında "Bakı Soveti" metrostansiyasının eskalatorundakı nasazlıq üzündən ciddi xəsarətlər almış vətəndaşlara, eləcə də həmin ilin dekabrında təyyarə qəzasında həlak olanların yaxınlarına zəruri yardımlar edilməsi barədə tapşırıqlar vermişdi.

2007-ci il avqustun 29-da Bakının Yasamal rayonu ərazisində - Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində hündürmərtəbəli binanın uçmasına göstərilən çevik reaksiyanı da xüsusi xatırlatmaq istərdik. Prezident İlham Əliyev dərhal hadisə yerində olaraq uçqunun altında qalmış insanların xilas edilməsi, hadisənin səbəblərinin tam araşdırılaraq lazımi ölçülərin götürülməsi barədə göstərişlər verdi. Dövlət başçısının hadisədən dərhal sonra imzaladığı xüsusi sərəncamla xüsusi hökumət komissiyası yaradıldı. Komissiyaya hadisənin başvermə səbəblərini araşdırmaq, nəticələrini aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görmək, qəza nəticəsində həlak olanların və zərərçəkənlərin ailə üzvlərinə lazımi yardımlar göstərmək, qəza nəticəsində evakuasiya olunmuş şəxslərin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirmək, görülmüş işlər barədə ictimaiyyəti mütəmadi məlumatlandırmaq tapşırığı verildi.

Baş vermiş qəzadan dərhal sonra Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" fərman isə bu sahəyə dövlət nəzarətinin gücləndirilməsini təmin etməklə, gələcəkdə baş verə biləcək analoji bədbəxt hadisələrin qarşısının alınmasına yönəlmişdi. Fərmanla Azərbaycan Respublikasında tikinti fəaliyyətinin bütün mərhələlərində dövlət nəzarətini gücləndirmək məqsədi ilə bir sıra sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Xatırlatmaq lazımdır ki, binanın uçması xəbəri yayılan ilk saatlarda Heydər Əliyev Fondunun əməkdaşları da Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın tapşırığı ilə hadisə yerinə gəlmiş, qəza nəticəsində yaralananların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzə, Travmatologiya və Ortopediya İnstitutuna gedərək xəsarət alanlara ilkin tibbi yardımın təşkili ilə yaxından maraqlanmış, müvafiq kömək göstərmişdilər. Azərbaycanın birinci xanımı xüsusi müayinə və müalicəyə ehtiyacı olanlara operativ kömək göstərilməsi, bu işə ən yaxşı, təcrübəli mütəxəssislərin cəlb olunması, xəsarət alanların qısa müddətdə reabilitasiyalarına yardım edilməsi üçün tövsiyələrini də vermişdi.

Nəhayət, son vaxtlar Kürətrafı ərazilərin su altında qalması zəminində yaranmış fövqəladə vəziyyətlə bağlı bir neçə gün əvvəl - 2010-cu il mayın 7-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə hökumətin ölkə vətəndaşlarının problemlərinə böyük həssaslıqla yanaşdığını göstərdi!E

 

Vətəndaş maraqlarının təminatçısı

 

Təbii fəlakətdən heç bir ölkə sığortalanmayıb. Yazın nisbətən gecikməsi, havaların yağıntılı keçməsi bir çox dövlətlər kimi, Azərbaycanı da gözlənilməz "təbiət sürprizləri" ilə üzləşdirib. Kür çayının daşması nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətə düşüb. 50 min hektar əkin və örüş sahələri su altında qalıb. Belə miqyasda təbii fəlakətlə ilk dəfə üzləşən Azərbaycan qayğıkeş və insanpərvər Prezidentinin rəhbərliyi altında təbiətin sınağından inamla çıxır!

Dövlət başçısı İlham Əliyevin müşavirədəki dərin məzmunlu nitqində vurğuladığı kimi, vəziyyət nəzarət altına alınıb. Daşqınlar nəticəsində ev-eşiyini tərk etməyə məcbur olmuş vətəndaşlar isə müvəqqəti çadırlarda məskunlaşdırılıb. Təbii fəlakət yerlərindən insanların köçürülməsi və məskunlaşdırılması işinin operativ və düzgün həyata keçirilməsi isə gələcəkdə baş verə biləcək daha böyük faciələrin qarşısını alıb.

Cənab İlham Əliyevin baş vermiş təbii fəlakətə çevik və operativ münasibət bildirməsi, vətəndaşların mənafeyinə xidmət edən qərarlar qəbul etməsi Kürətrafı ərazilərin sakinlərində böyük razılıq və minnətdarlıq hissləri ilə qarşılanır. Doğma evlərindən müvəqqəti uzaq düşən yerli sakinlər görülən tədbirlər nəticəsində qısa zamanda geriyə dönəcəklərinə əmindirlər. Bu əminlik isə, ilk növbədə, aidiyyəti dövlət strukturlarının təbii fəlakətin vurduğu ziyanın nəticələrinin aradan qaldırılması istiqamətindəki əzmkar fəaliyyətindən qaynaqlanır.

Evləri uçmuş, təsərrüfatına böyük ziyan dəymiş ailələr də nikbinliklərini itirməyiblər. Çünki onlar dövlətin hərtərəfli diqqət və qayğısını hiss edirlər. Dövlət başçısı İlham Əliyev həmin insanlar üçün yeni müasir evlərin tikiləcəyini, lazım gələrsə, Kürətrafı kəndlərin daha münasib yerlərə köçürüləcəyini bəyan edib. Bəli, dövlət məhz vətəndaşlarının mənafeyini əsas tutaraq, olduqca böyük maliyyə vəsaiti tələb edən bu sosial layihələri gerçəkləşdirmək niyyətindədir. Cənab İlham Əliyev sözügedən müşavirədə yaranmış problemin tamamilə aradan qaldırılması üçün xüsusi dövlət proqramının imzalanması ilə bağlı aidiyyəti orqanlara göstərişlərini də verib: "İlk növbədə kompleks tədbirlər hazırlanmalıdır. Bu barədə əlbəttə ki, biz bu gün də danışacağıq. Gələcəkdə, yaxın zamanlarda təqdim olunacaq bütün təkliflər də kompleks tədbirlərdə əksini tapmalıdır. Hesab edirəm ki, ilk növbədə daha ciddi və daha da böyük həcmdə sahilbərkitmə işləri aparılmalıdır. Hər il dövlət büdcəsindən sahilbərkitmə işlərinə vəsait ayrılır və o, az vəsait deyildir. Ancaq hər il, yaxud da ki, iki ildən bir bu sahilbərkitmə işlərinin nəticələrini su yuyub aparır. Yəni, hər il demək olar ki, biz bu işləri yenidən görməli oluruq. Ona görə bu tədbirlər birdəfəlik və kompleks şəkildə görülməlidir. Harada lazımdırsa beton işləri aparılmalıdır ki, sahillər bərkidilsin. Sahilboyu yerlərdə tikilmiş qanunsuz evlər oradan köçürülməlidir. O qanunsuz sərəncamları vermiş məmurlar cəzalandırılmalıdır".

Müşavirədə vurğulandığı kimi, təbii fəlakətdən daha çox çiy kərpicdən inşa olunmuş evlərin sakinləri ziyan çəkiblər. Bir çox hallarda tikilən evlər mövcud inşaat normativlərinə cavab vermir. Eyni zamanda bəzən yerli icra strukturları səlahiyyət həddini aşaraq yaşayış üçün tamamilə əlverişsiz və təhlükəli yerlərdə fərdi evlərin tikintisinə "icazələr" verirlər. Bəzən yüksək gərginlikli elektrik xətlərinin, su, kanalizasiya, habelə neft borularının mühafizə zolağında qanunsuz evlər inşa olunur. Müşavirədə dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev belə halların yolverilməzliyini qətiyyətlə vurğulamaqla yanaşı, qanunsuzluğa şərait yaradan icra strukturlarının cəzalandırılacağını bəyan etdi. Vətəndaşların təhlükəsizliyini əsas tutaraq bundan sonra keyfiyyətsiz ev və yaşayış evlərinin tikintisinə imkan verilməməsi üçün müvafiq dövlət qurumlarına ciddi tapşırıqlar verdi.

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədəki çıxışında eyni zamanda hökumət üzvlərinə daşqından ziyan çəkmiş vətəndaşların problemlərinə diqqətlə yanaşmağı tapşırdı: "Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü sosial siyasətimiz vardır. Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdır. Yəni, burada hər bir vəzifəli şəxs, məmur, bu işlərlə məşğul olan insan bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq və onlara dəstək verək".

 

Xalqın gözü tərəzidir

 

Dövlət başçısı ənənəvi idarəçilik üslubuna sadiq qalaraq daşqınlardan zərər çəkərək Şirvan şəhərində çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşdü. Onlarla səmimi söhbət etdi, qarşılaşdıqları çətinliklərlə maraqlandı, problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verdi. Rayon sakinləri isə bu ağır gündə onlarla görüşə gəldiyinə, qarşılaşdıqları ağır problemlərin aradan qaldırılmasında göstərdiyi köməyə, diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını, təşəkkürlərini bildirdilər.

Vəziyyətlə tanışlıq zamanı bu da məlum oldu ki, əhalinin ərzaq, içməli su və digər zəruri məhsullarla tam təmini üçün bütün lazımi tədbirlər görülüb. Ayrı-ayrı nazirliklərin rəhbər şəxsləri dövlət başçısının xüsusi tapşırığı əsasında hadisə yerində bütün lazımi tədbirləri həyata keçirirlər. Onların vahid komanda kimi işləməsi, fəaliyyətlərini əlaqələndirməsi son nəticədə daşqının fəsadlarının aradan qaldırılması sahəsində görülən işlərin intensivliyini və səmərəsini daha da artırıb. Evlərini məcburiyyət qarşısında tərk etmiş vətəndaşlara məxsus mülkiyyətin mühafizəsi təmin edilib. Müvəqqəti düşərgədə səhiyyə xidməti normal fəaliyyət göstərir. Eyni zamanda şagirdlərin müvafiq orta məktəblərdə təhsil almasına şərait yaradılıb.

Təbii fəlakətlə bağlı keçirilən səyyar müşavirədə isə perspektivdə görüləcək tədbirlər bir daha geniş müzakirə olunub. Prezident İlham Əliyev müşavirədə vətəndaşlara dəyən ziyanın dövlət hesabına ödəniləcəyini bir daha bəyan edib: "Hesab edirəm ki, yaxın zamanlarda biz bu planı təsdiqləyəcəyik. Eyni zamanda, vəziyyət sabitləşəndən sonra dəymiş bütün ziyan hesablanmalıdır, çünki biz təkcə uçan evlərin bərpası ilə öz işimizi bitmiş hesab edə bilmərik. Çünki orada təkcə evlər batmayıb, bütün həyət təsərrüfatı, bütün mülkiyyət, şəxsi mülkiyyət dağılıbdır. İnsanların, necə deyərlər, dolanışıq mənbəyi artıq məhv olubdur. Biz onları köçürdük, qaytardıq, evləri bərpa etdik, bəs onlar necə yaşayacaqlar? Yəni bütün bu məsələlər kompleks şəkildə həllini tapmalıdır. Bu gün tərk edilmiş o evlər lazımi səviyyədə qorunur".

Dar və çətin gündə həmişə birləşən, həmrəylik nümayiş etdirən Azərbaycan vətəndaşları təbii fəlakətin nəticələrinin aradan qaldırılması məsələsində də eyni nöqtəyə vurdular. Bölgələrdə yaşayan sadə vətəndaşlar əl-qollarını çırmayıb əsl vətəndaş məsuliyyəti ilə dövlət strukturlarına kömək göstərdilər. Nə yazıqlar ki, faciədən bəhrələnmək yolu tutanlar da oldu. Ənənəvi "ampluası"na sadiq qalan bəzi destruktiv müxalifət partiyaları, o cümlədən onların təsir dairəsində olan böhtançı qəzetlər vəziyyəti süni şəkildə şişirtməyə, əhali arasında süni ajiotaj yaratmağa çalışdılar. Onların təbliğatı sanki elə təəssürat yaradır ki, təbii fəlakətin baş verməsinə görə də guya hakimiyyət "günahkardır". Fəqət, bu təbii fəlakət Azərbaycanda bütün qüvvələrin əsl mahiyyətini bir daha aydın nümayiş etdirdi: iqtidar üzərinə düşən vəzifələrin icrası üçün çevik və təxirəsalınmaz tədbirlər həyata keçirdi, xalq hakimiyyətin bu istiqamətdəki fəaliyyətini təqdir etdi, müxalifət isə təəssüf ki, ənənəsinə uyğun olaraq yenə də özünü dövlət maraqlarından və xalqın mənafeyindən uzaq tutdu, həqiqəti dandı...

 

Fəxrlə deyə bilərik ki, dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip daim öz qüvvəsindədir. "Xalq Prezidenti seçir, Prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır" - deyən cənab İlham Əliyevin şəxsiyyətinə olan kütləvi inam da məhz onun idarəetmə prinsiplərinə belə insanpərvər yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara layiqli xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir.

Belə bir dövlətdə isə hər bir vətəndaş güvənli, təhlükəsiz və inamlı şəraitdə yaşayır, meydana çıxan bütün problemlərin qısa zamanda aradan qalxacağına ürəkdən inanırlar!

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2010.- 14 may.- S.  5.