Azərbaycan şəffaf və ədalətli parlament seçkilərinə hazırdır

 

Bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Bu mənada xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Bununla yanaşı, istənilən dövlətdə seçkilərin ədalətli və şəffaf həyata keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır.

 

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin prezident seçilməsi ölkəmizdə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoydu.

Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə 4 prezident, 3 parlament və 3 bələdiyyə seçkisi keçirilib. Bütün bu seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru, seçki mədəniyyəti daha da yüksəlib. Bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır. Respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi ötən illərdə uğurla həyata keçirilmişdir. Hələ 2003-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən parlamentə təqdim olunmuş Seçki Məcəlləsi Azərbaycanın seçki sisteminə verilmiş ən mühüm töhfələrdən biri oldu. Seçki Məcəlləsinin qəbulu ölkəmizdə möhkəm və səmərəli fəaliyyət göstərə bilən seçki sisteminin yaradılmasına gətirib çıxardı. O zaman Seçki Məcəlləsi beynəlxalq qurumlar tərəfindən müasir standartlara cavab verən qanun kimi dəyərləndirilmiş, bu sənədin azad və ədalətli seçkilərin keçirilməsindən ötrü mükəmməl hüquqi baza olduğu bildirilmişdi.

Azərbaycanda seçki qanunvericiliyi daim təkmilləşdirilir. Seçki Məcəlləsi qəbul ediləndən sonra məcəlləyə müəyyən əlavələrin və dəyişikliklərin edilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin bərqərar olmasına işarədir. Təbii ki, bu zaman keçirilən seçkilərin təcrübəsi nəzərə alınır. Bir sözlə, Azərbaycanda ümumi prinsiplər baxımından dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi daim diqqət mərkəzindədir.

Azərbaycanda seçkilərin normal keçirilməsi üçün seçki komissiyalarının hərtərəfli fəaliyyət göstərmələrinə də əlverişli şərait yaradılmışdır. Mövcud olan bütün dairə və məntəqə seçki komissiyalarının ən müasir tələblər səviyyəsində inzibati bina və yüksək texniki avadanlıqlarla təchiz edilməsi bu istiqamətdə görülən işlərə əyani misaldır.

Respublikamızın inkişaf edən seçki sistemində də demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiqi hər zaman diqqət mərkəzindədir. Azərbaycan hakimiyyətinin seçkilərdə aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi bütün dünyada təqdir olunur. Regionda və dünyada ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır.

2010-cu il Azərbaycanda seçki ilidir. Bu il üçüncü çağırış Azərbaycan Milli Məclisi səlahiyyət müddətini başa vurur və payızda növbəti parlament seçkiləri keçiriləcək. Azərbaycan Konstitusiyasının 84-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Konstitusiyaya əsaslansaq bu il parlament seçkiləri günü noyabr ayının 7-nə təsadüf edir. Seçki Məcəlləsinin 8-ci maddəsinə əsasən isə seçkilər səsvermə gününə azı 75 gün qalmış elan edilir.

Bu seçkinin də ədalətli və şəffaf keçiriləcəyi şübhəsizdir. Bu yaxınlarda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Fransanın "Avrasiya - Yeni Üfüqlər" qeyri-hökumət təşkilatının təşəbbüsü ilə Bakıda keçirilən "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda beynəlxalq konfransda da bəyan olundu ki, Azərbaycan cəmiyyəti parlament seçkisini dünya standartlarına uyğun keçirməyə tam hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçilərinin, Milli Məclis deputatlarının, Avropa Parlamentinin, Avropa Şurasının və ATƏT-in Parlament Assambleyasının üzvlərinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilər üzrə ekspertlərinin, habelə siyasi partiya rəhbərlərinin, QHT və KİV-lərin nümayəndələrinin də qatıldıqları konfransda cari ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkilərinin təşkili, bu zaman beynəlxalq təcrübənin və beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alınması istiqamətində müzakirələr aparılmışdır. Konfrans iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib: "Seçkilər bir prosesdir. Əminəm ki, onlar şəffaf və açıq proses formasında keçəcək və Azərbaycan xalqı bütün namizədlər üçün bərabər imkanları təmin edəcək azad mühitdə öz iradəsini ifadə edəcəkdir. Ən azı Azərbaycan hökuməti bunu təmin etmək üçün əlindən gələni edəcəkdir".

Reallıq da ondan xəbər verir ki, Azərbaycan demokratik və şəffaf seçki keçirməyə qadirdir. Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verir. Azərbaycanda hər bir insan özünün seçib seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir. Son prezident, parlament və bələdiyyə seçkilərində tətbiq olunan bir sıra yeniliklər - müxtəlif təşkilatlar tərəfindən "exit-poll"un keçirilməsi, səsvermə məntəqələrində veb-kameraların quraşdırılması, barmaqların mürəkkəblə işarələnməsi təsdiq edir ki, Azərbaycan Respublikası seçkilərin şəffaflığının təmin olunması üçün istənilən mütərəqqi və ən yeni üsulları tətbiq etməyə hazırdır.

Beynəlxalq təşkilatlar xüsusən seçkilər öncəsi seçki ilə bağlı müxtəlif məsələlərə dair fikirlər səsləndirir, təkliflərini verirlər. Bununla bağlı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun beynəlxalq təşkilatların seçki komissiyalarının formalaşması barədə tövsiyələrinə münasibəti olduqca əhəmiyyətlidir. "O tövsiyələr ki, həqiqi mənada Azərbaycanda seçki praktikasının yaxşılaşdırılmasına, həm qanunverici, həm digər hakimiyyət qollarının formalaşmasına yardım edir, eləcə də Azərbaycanın imicinə müsbət təsir göstərir, biz məmnuniyyətlə onları qəbul edirik. O təkliflər ki, seçkilərin taleyini ayrı-ayrı insanların, təşkilatların iradəsindən asılı vəziyyətə salır və bəzən seçkilərin pozulmasına şərait yaradır, təbii ki, biz bu təklifləri qəbul edə bilmərik" -deyən Əli Həsənov onu da əlavə edib ki, biz müstəqil dövlətik, nəyi necə etdiyimizi də özümüz müəyyən edirik, eyni zamanda, transmilli dünyanın bir hissəsi kimi dünya təşkilatlarının rəylərinə də diqqətlə yanaşırıq.

Bəli, Azərbaycan demokratik inkişaf yolunu seçən və bu yolda inamla irəliləyən bir dövlətdir. Biz sivil dünyanın mütərəqqi, cəmiyyətin yüksəlişinə xidmət edən, demokratik prinsiplərə söykənən inkişaf modellərini rəhbər tuturuq.

Hazırda parlament seçkilərinə hazırlıq prosesi uğurla davam edir. Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov mətbuata açıqlamasında bildirib ki, seçkinin hazırlanması üçün bir neçə istiqamət üzrə iş aparılır. Bu istiqamətlər normativ-hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi, komissiya üzvlərinin, seçicilərin, maraqlı subyektlərin maarifləndirilməsi, eləcə də, seçkilərin keçirilməsi üçün lazım olan sənədlərin hazırlanması, maraqlı və hüququ olan subyektlərə çatdırılmasıdır.

Demokratik seçkilərin keçirilməsi vətəndaşın öz seçiminə inamının, seçdiyi şəxsə etimadının ifadəsi olmaqla, həm də vətən, xalq qarşısında məsuliyyətinin göstəricisidir. Bu gün Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. Eyni zamanda seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi üçün hər bir şərait mövcuddur. Bütün bunlar 2010-cu ilin parlament seçkilərinin yüksək səviyyədə təşkil olunacağını və keçiriləcəyini qətiyyətlə söyləməyə tam əsas verir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 14 may.- S.  6.