Azərbaycan ordusunun yüksək döyüş
hazırlığı işğalçı ölkəni təşvişə
salır
Son bir neçə ildə
iqtisadi inkişaf göstəricilərinə görə
dünyada lider mövqeyə çıxan Azərbaycan bir
çox sahələrdə əldə etdiyi uğurlarla
seçilən dövlətlər cərgəsində
mövqelərini daha da möhkəmləndirməkdədir.
Ölkəmiz ordu quruculuğu prosesində də kifayət qədər
mühüm göstəricilərə nail olub. Bu sahədə
görülən işlərin məntiqi nəticəsidir ki,
indi Azərbaycan təkcə Cənubi Qafqazda yox, postsovet məkanında
da ən güclü, hazırlıqlı, qarşıya
qoyulan tapşırığı müvəffəqiyyətlə
yerinə yetirməyə qadir olan orduya malik ölkələrdən
biridir. Araşdırmalar da təsdiq edir ki, Silahlı Qüvvələrimizin
döyüş hazırlığı, maddi-texniki təminatı
çox yüksəkdir.
Silahlı Qüvvələrimizin texniki təchizatı durmadan
yüksəlir
Regionun ən güclü
ordusuna malik ölkə kimi də xarakterizə olunan Azərbaycan
Silahlı Qüvvələrini gündən-günə daha da
modernləşdirməkdə, onu istər şəxsi heyət,
istərsə də hərbi texnika və digər maddi resurslar
baxımından yüksək səviyyədə təchiz etməkdədir.
Mənəvi-psixoloji hazırlıq cəhətdən də
yüksək səviyyədə olan Azərbaycan ordusu
işğal edilmiş əraziləri qısa zaman ərzində
tam azad etmək gücündədir və bu, beynəlxalq dairələrdə,
o cümlədən işğalçı Ermənistanın
özündə də açıq etiraf olunmaqdadır. Təsadüfi
deyil ki, indi işğalçı dövlətdə Azərbaycan
və Ermənistan orduları arasında fərqin böyük
sürətlə ölkəmizin lehinə dəyişməsinə
dair etiraflar çoxalmaqda və Dağlıq Qarabağ
münaqişəsinin həllinin hərbi müstəviyə
keçəcəyi təqdirdə, bunun Ermənistan
üçün əsl fəlakət olacağını qəbul
edənlərin sayı sürətlə artmaqdadır.
Lakin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin hələ
sülh yolu ilə həllinə ümidlər tükənmədiyindən
Azərbaycan məsələnin hərbi müstəvidə
çözümünə hələlik lüzum
görmür. Bununla belə Ermənistana və dünya
ictimaiyyətinə yaxşı məlumdur ki, zəbt
olunmuş ərazilərinin azad edilməsi üçün Azərbaycan
beynəlxalq hüquq çərçivəsində hər
an hərbi əməliyyatlara başlamaq və ərazilərini
az vaxtda düşməndən tam təmizləmək
iqtidarındadır.
Mövcud reallığa
uyğun olaraq Azərbaycan həm işğala məruz
qaldığından, həm də müharibə şəraitində
yaşadığından bu gün də ordusunu gücləndirməkdə,
onu müasir hərbi texnika ilə təchiz etməkdədir.
Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə
həsr olunmuş müşavirədə bununla bağlı
bildirmişdir: "Ordu quruculuğu məsələləri həmişə
diqqət mərkəzindədir. Bu, bizim üçün əsas
məsələdir. Çünki uzun illərdir ki, Azərbaycan
torpaqları işğal altındadır. İşğal bu
gün də davam edir. Biz elə etməliyik ki, hərbi
imkanlarımızı maksimum dərəcədə gücləndirək.
Bunu etmək üçün çox böyük işlər,
praktiki tədbirlər görülür. Son illərdə Azərbaycanda
ordu quruculuğu məsələləri uğurla həll
olunur. Biz gündəlik həyatda elə etməliyik ki, hərbi
potensialımızı daha da gücləndirək və Azərbaycan
Ordusu ən yüksək standartlara cavab versin".
Ölkəmizin iqtisadi
qüdrəti və malik olduğu potensial isə ordunun bundan
sonra da insan resursundan tutmuş bütün maddi təminatına
qədər yüksək olacağını deməyə əsas
verir. Bir mühüm cəhəti də xüsusi qeyd etmək
lazımdır ki, ölkəmizdə ordunun maddi-texniki təchizatı
Azərbaycanın iqtisadi inkişaf dinamikasına uyğun
olaraq daim yüksələn xətt üzrə inkişaf edib.
Lakin ordu quruculuğu prosesində görülən işlər
təkcə bununla məhdudlaşmayaraq daha geniş xarakter
daşıyıb. Belə ki, ordunun NATO standartlarına
keçidi, döyüş qabiliyyətinin qabaqcıl təcrübəyə
müvafiq olaraq yüksəldilməsi sahəsində də
mühüm işlər görülüb. Kursant və zabit
heyətinin ölkəmizlə yanaşı, dünyanın ən
qabaqcıl müvafiq təhsil müəssisələrində
də hərb sənətinin sirlərinə dərindən
yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin
yüksəlməsinə vacib töhfələr verməkdədir.
Yerli istehsal və xaricdən alınan hərbi texnika
hesabına isə bu gün Azərbaycan ordusunun arsenalında
müasir standartlara cavab verən silahların, döyüş
vasitələrinin sayı durmadan artır və bu proses indi də
sürətlə davam etdirilir. Prezident İlham Əliyev
bununla bağlı bildirmişdir: "Bizim hərbi xərclərimiz
son 5-6 il ərzində 10 dəfədən çox artıb.
Orduya ayrılan vəsait 10 dəfədən çox
artıb. Hərbi hazırlıq yüksək səviyyədədir.
Orduda və bütün Silahlı Qüvvələrdə ruh
yüksəkliyi vardır. Son illər ərzində çoxlu
texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və
bu, bizim təbii haqqımızdır".
Bütün bunların
fonunda Azərbaycan əsgərinin yüksək mənəvi
hazırlığı, döyüş ruhu, zəbt
olunmuş ərazilərdən düşməni hər an
qovmaq üçün qisas hissi ilə alışıb
yanması işğalçı Ermənistanı qorxuya
salıb. Artıq ermənilər yaxşı bilirlər ki, bu
gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi,
həm iqtisadi, həm bütün başqa sahələrdə
fərq çox böyükdür. Azərbaycanın
Silahlı Qüvvələri durmadan inkişaf etdiyi halda Ermənistanda
bunun tam əksi müşahidə olunur. Məsələn, Ermənistanda
demoqrafik vəziyyətin pisləşməsi ordunun şəxsi
heyətlə təminatı baxımından artıq ciddi
problemə çevrilib. Vəziyyətin getdikcə
acınacaqlı xarakter aldığını etiraf edən Ermənistan
silahlı qüvvələrinin baş qərargah rəisi,
general-polkovnik Yuri Xaçaturov bildirib ki, təcili olaraq orduya
çağırış üçün müəyyən
olunan yaş həddi 27-dən 32-35 yaşa
qaldırılmalıdır. Yaş
çağırış həddi qaldırılmalı, hərbi
xidmətdən yayınanların sayı
azaldılmalıdır. İndiki vəziyyət isə bu il də
daxil olmaqla, ən azı 2016-cı ilə qədər orduda
çağırışçılarla bağlı ciddi
problemlərin yaşanacağını göstərir.
Çağırışçıların sayının
azlığı ordunun şəxsi heyətlə təminatında
böyük çətinliklər yaradacaq.
Azərbaycanda isə əksinə,
ordunun şəxsi heyətlə komlektləşdirilməsində
heç bir problem yoxdur. Ölkəmizdə demoqrafik durumun və
əhalinin təbii artımının yüksək səviyyədə
olması ümumiyyətlə, qarşıdakı illər ərzində
də Azərbaycan ordusunun
çağırışçı problemi
yaşamayacağını göstərir. Bununla
yanaşı, ordunun texniki təchizatı baxımından da
bu gün Azərbaycanı Ermənistanla müqayisə etmək
mümkün deyil. Təkcə bir faktı qeyd etmək kifayətdir
ki, 2009-cu ildə Silahlı Qüvvələrimizin istifadəsinə
1 milyard ABŞ dollarından artıq dəyərdə silah və
texnika verilmişdir. Bu isə Ermənistanın ümumi hərbi
xərclərindən üç dəfə çoxdur. Ermənistan
ordusu isə son illərdə hər hansı müasir hərbi
texnika ilə təmin edilməyib. Əksinə, istifadədə
olan köhnə texnikaların əksər hissələri
onlara nəzarət edən zabit və gizir heyəti tərəfindən
sökülərək satılıb. Araşdırmalar
göstərir ki, Ermənistan silahlı qüvvələrinə
tabe olan motoatıcı, əlahiddə rabitə, əlahiddə
mühəndis-istehkam, əlahiddə radio-texniki alaylarında,
artilleriya və təlim motoatıcı briqadalarında,
artilleriya və əlahiddə özüyeriyən divizyonlarda,
çoxsaylı hərbi hissələrdə xidmət rəisləri
və hərbi hissə komandirləri tərəfindən ərzaq,
əşya, yanacaq-sürtgü materialları, avtomobil və
döyüş texnikalarının ehtiyat hissələrinin
satılması halları indi də davam edir.
Azərbaycan ordusu isə bu
gün ən müasir standartlara cavab verən texnika ilə təmin
edilməkdədir. Məsələn, artıq məlumdur ki,
ötən il ordumuz üçün pilotsuz uçuş
aparatları, radio-kəşfiyyat və radio-elektron mübarizə,
gecə-gündüz uzaqməsafəli müşahidə, o
cümlədən qoşun və xüsusi təyinatlı
bölmələrdə kəşfiyyatçıların fərdi
gecəgörmə vasitələri, əlahiddə kəşfiyyat
taburları üçün yeni texnika alınıb. Həmçinin,
Silahlı Qüvvələrimizin artilleriya hissə və
bölmələrinin peşəkar şəxsi heyəti
müasir silah və texnika, avtomatlaşdırılmış
idarəetmə sistemləri, o cümlədən müasir yaylım
atəşli reaktiv sistemləri ilə komplektləşdirilib.
Bu isə yaxın və uzaq məsafələrdə yerləşən
düşmən hədəflərini böyük bir ərazidə
məhv etməyə imkan verir. Bundan başqa, keçən il
istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə
nişangahları, müşahidə cihazları ilə
kompleksləşdirilib. Hərbi birləşmələrin
zirehli texnikası üzərində modernləşdirmə
işlərinin başa çatdırılması nəticəsində
ordumuz maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini
hava şəraitindən asılı olmayaraq, gecə və
gündüz məhv etmək imkanı əldə edib.
Ümumiyyətlə, artıq heç kimə sirr deyil ki,
Silahlı Qüvvələrimiz Ermənistanın bütün
ərazisində yerləşən hədəfləri məhv
etməyə qadirdir.
Ölkə daxilində hərbi təyinatlı məhsulların
istehsalı genişlənir
Hazırda Azərbaycan
ordusunda bir sıra hərbi texnikanın mövcudluğu Ermənistanın
isə belə texnikaya yaxın bir neçə ildə malik
olmasının mümkünsüzlüyü
işğalçı dövlətin özündə də
açıq etiraf olunur. Məsələn, Azərbaycan
ordusunun istifadəsində daha müasir tipli təyyarələr
- Miq-29 qırıcıları vardır. Belə təyyarələri
almaq üçün Ermənistanın iqtisadi imkanları
yoxdur. Bundan başqa, Azərbaycanın müasir pilotsuz
uçuş aparatı olduğu halda Ermənistanda belə
cihazlar yalnız hərbi dərsliklərdə mövcuddur.
1989-cu ildə Sovet ordusunun istifadəsinə verilən və
kifayət qədər güclü artilleriya silahı
sayılan "Smerç" tipli raket qurğuları barəsində
də eyni sözləri söyləmək
mümkündür. Daha bir vacib cəhət odur ki, Azərbaycan
həm də hərbi dəniz qüvvələrinə
malikdir. Bu da ölkəmizin Silahlı Qüvvələrinin
Ermənistan ordusundan üstünlüyünü bir daha
artırır.
O da sevindirici haldır ki, bir
çox xarici dövlətlərdən fərqli olaraq Azərbaycan
Silahlı Qüvvələrin maddi-texniki təminatının
xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir.
Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin
buraxdığı məhsulların çeşidinin daha da
çoxalacağı gözlənir. Yeri gəlmişkən
qeyd edək ki, ötən il Silahlı Qüvvələrimizi
müasir tələblərə cavab verən müdafiə təyinatlı
məmulatlarla və xalq təsərrüfatını
maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində
istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə
təmin etmək üçün Müdafiə Sənayesi
Nazirliyinin tabeliyində olan müəssisələrdə yeni
istehsal sahələri yaradılıb. 2008-ci illə müqayisədə
ötən il nazirlik üzrə istehsal olunmuş müdafiə
təyinatlı məmulatların həcmi 3 dəfə,
mülki məhsulların həcmi isə 20 faiz artıb.
Ümumilikdə Müdafiə Sənayesi Nazirliyi tərəfindən
ötən il 586 adda məmulat istehsal edilib ki, bunun da 350-si
müdafiə təyinatlıdır.
Bu il nazirliyin bir sıra yeni
istehsal müəssisələri də istifadəyə verilib.
Məsələn, martın 5-də Müdafiə Sənayesi
Nazirliyinin "Üfüq" İstehsalat Birliyinin
"Dalğa" Elmi-İstehsalat Müəssisəsinin əsaslı
yenidənqurmadan sonra açılışı olub.
Açılışda Prezident İlham Əliyev də
iştirak edib. Müəssisədə dünyanın ən
inkişaf etmiş ölkələrinin dəzgah və
avadanlıqları quraşdırılıb. Mexaniki emal sahəsində
proqramla idarə olunan dəzgahlarda mürəkkəb
konstruksiyaya malik məhsulların istehsalına başlanıb.
Yeni sınaq sahəsində quraşdırılan
avadanlıqlar isə bütün hazır məhsulların
yoxlanmasına imkan yaradır. Müəssisədə
silahların təmiri və yığımı sahəsində
də iş yerləri müvafiq texnoloji tərtibatlarla təmin
olunub və il ərzində böyük miqdarda müasir məmulatların
istismara verilməsinə imkan yaradılıb. Rabitə sistemlərinin
təmiri və yığımı sahəsində mövcud
rabitə sistemlərinin və onların antenalarının təmirinə
başlanılıb, antenaların Avropa standartları səviyyəsində
kütləvi istehsalı və yığımı
qaydasına salınıb.
Yenə də martn 5-də
Prezident İlham Əliyevin iştirakı ilə Müdafiə
Sənayesi Nazirliyinin "Şərq" İstehsalat
Birliyinin "İqlim" Elmi-İstehsalat Müəssisəsində
yeni istehsal sahələrinin açılışı olub. Bu
müəssisədə "Zəfər", "Zəfər-K",
"İnam" tapançaları, "İstiqlal-1"
snayper tüfəngləri və digər məhsullar istehsal edilir.
Bu il aprelin 1-də Prezident
İlham Əliyev daha iki müəssisənin yeni istehsal sahələrinin
açılışında iştirak edib. Bunlar
"Aqreqat" İstehsalat Birliyinin "Telemexanika" və
Şirvan "Araz" zavodlarıdır. Həmin zavodlarda
mürəkkəb konstruksiyaya malik məmulatlar, xüsusi təyinatlı
məhsullar istehsal edilir. O da xüsusi olaraq
vurğulanmalıdır ki, Azərbaycan ölkədə hərbi
təyinatlı məhsulların istehsalını təmin etmək
məqsədilə bu sahədə məşhur şirkətlərlə,
eləcə də dünyada müdafiə texnikasının ən
yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə
sıx əməkdaşlıq edir. Məsələn, ölkəmizdə
zirehli avtomobil istehsalını təşkil etmək
üçün Cənubi Afrika Respublikasının
"Paramount Group" şirkəti ilə razılaşmalar əldə
olunub və artıq ölkəmizdə belə maşınlar
istehsal edilir. "Matador" və "Maradeur" adlanan
zirehli maşının göstəriciləri olduqca yüksəkdir.
"Matador" maşınları texniki göstəricilərinə
görə dünya standartlarına cavab verir və Azərbaycan
MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə
ölkədir.
Ölkəmizdə PDM
(piyadaların döyüş maşını) və ZTR -lərin
(zirehli transportyor) modernizasiyası da həyata keçirilir. Həmçinin
müxtəlif qoşun növlərində istismar müddəti
başa çatan hərbi maşınların modernizasiya edilməsi
və müasir standartlara uyğunlaşdırılması
istiqamətində də mühüm addımlar atılır.
Bunlar da Azərbaycan ordusunun maddi-texniki təminatının nə
dərəcədə yüksək səviyyəyə
çatdırıldığını göstərir.
Beləliklə,
Azərbaycan öz ordusunu durmadan gücləndirdiyi halda, Ermənistanda
bu proses tamamilə əks istiqamətdə cərəyan edir.
Bu səbəbdən də Ermənistanda işğal
edilmiş Azərbaycan ərazilərini müharibə olmadan
azad etməyin zəruriliyni bəyan edənlərin sayı
artmaqdadır. Onlar artıq başa düşüblər ki,
istər Dağlıq Qarabağ, istərsə də onun ətrafında
yerləşən və işğal altında saxlanan əraziləri
Azərbaycan ordusu qısa zaman ərzində azad etmək
iqtidarındadır.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 14 may.- S.
6.